Paralel. - 2019.- 21 fevral. - ¹ 35. - S. 10.
Azərbaycan dünyanın ən tolerant ölkələri sırasında ilk beşlikdə yer alır
Multikultural dəyərlərin pozulduğu yerdə tənəzzül, qarşıdurmalar, faciələr, insan tələfatı qaçılmazdır
Bu gün dünyanın bir çox nüfuzlu elm və din xadiminin birmənalı olaraq müsbət qiymətləndirdiyi Azərbaycan multikulturalizm modeli, heç də boş yerdə yaranmayıb. Azərbaycan ta qədim zamanlardan bir çox millətlərin və dinlərin birgə yanaşı və dözümlülük şəraitində yaşadıqları məkan olmaqla, hələ o dövrdən ölkəmizdə tolerantlıq ənənələrini formalaşdırıb.
Azərbaycan öz müstəqilliyinə qovuşduqdan və xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müstəqil respublikamızın rəhbərliyinə qayıdışından sonra həyatımızın bütün sahələrində olduğu kimi, milli- etnik və dini məsələlərin də tənzimlənməsi istiqamətində ciddi addımlar atıldı.
Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan birgəyaşayışın Azərbaycan nümunəsi, ölkəmizdə multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsində mühüm mərhələlərdən biri oldu.
Bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə dünyada nümunəvi modelə çevrilən Azərbaycan multikulturalizmi, artıq hamı tərəfindən qəbul olunan bir ideologiyaya çevrilib.
Bildiyiniz kimi, hər hansı bir ideologiyanın oturuşması, insanlar və cəmiyyətlər tərəfindən qəbul olunması üçün onun geniş miqyasda və ardıcıl təbliğinə , təşviqinə ehtiyac yaranır. Bu baxımdan, ölkəmizdə mövcud olan multikultural mühitin də istər beynəlxalq aləmdə, istərsə də ölkə daxilində təbliği və təşviqi böyük əhəmiyyət daşıyır.
Ölkəmizdə mövcud olan birgəyaşayış nümunəsini, insanlar arasındakı münasibətləri tənzimləyən, onların təşviqi və təbliği ilə məşğul olan bir çox dövlət və qeyri-dövlət qurumları var ki, dövlət onlara lazım olan bütün dəstəyi göstərir.
Bununla belə, qeyd etmək lazımdır ki, milli-etnik və dini məsələlərin həssaslığını nəzərə alaraq, bu məsələdə gənclərin və yeniyetmələrin maarifləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Buna görə də multikulturalizm, tolerantlıq, milli-etnik və dini münasibətlərin tənzimlənməsi problemlərinin ali təhsil ocaqlarında müzakirəsi, orada təhsil alan gənclərin həmin müzakirələrə cəlb edilməsi, onların maarifləndirilməsi baxımından çox vacibdir. Çünki bu gün dünyada baş verən bir çox qarşıdurmanın, terror və təcavüz kimi halların iştirakçıları əsasən gənclər olurlar. Müxtəlif ideoloji mərkəzlərin hədəfində olan və müxtəlif üsullarla öz məkrli niyyətlərini həyata keçirmək üçün vasitəyə çevirdikləri gənclər, son nəticədə heç özləri də anlamadan, müxtəlif siyasi oyunların qurbanlarına çevrilirlər. Bunun qarşısının alınması üçün də, gənclərin daha çox aktivlik göstərdiyi sahələrdə təbliğat və təşviqat işlərini gücləndirmək lazımdır.
Azərbaycan dövləti bu sahədə irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir ki, gənclərimiz hansısa radikal qrupların hədəfinə çevrilməsinlər.
Bu məqsədlə ali təhsil ocaqlarında, məktəblərdə gənclərlə görüşlər keçirilir, müxtəlif konfranslar, seminarlar, diskussiyalar, dəyirmi masalar və s. təşkil olunur.
Belə tədbirlərdən biri də bu yaxınlarda Bakı Dövlət Universitetində keçirilib. "Mədəni müxtəliflik: dünya və Azərbaycan" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda BDU-nun kafedra müdirləri, professorlar - Bəxtiyar Əliyev "Mədəni müxtəliflik-şəxsiyyətin inkişaf məkanı", Rəbiyyət Aslanova "Qloballaşma, mədəni kimlik böhranı və multikulturalizm", Ağalar Abbasbəyli "Yeni dünya nizamı şəraitində multikulturalizm", Türkiyənin Yıldız Texniki universitetinin professoru Mehmet Özervarli "İkinci Mahmudun hakimiyyəti dövründə mədəni və dini tolerantlıq" mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda qeyd etdiyi kimi, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Bu konfrans da Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Onu da qeyd etmək vacibdir ki, bu kimi konfranslar dünyada multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsində, millətlər və dinlər arasında, eləcə də sivilizasiyalararası əməkdaşlığın və dialoqun yaranmasında mühüm rol oynayır. Konfransa Azərbaycan, Türkiyə, Misir, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan ali məktəblərindən ümumilikdə 135 məruzənin təqdim edilməsi də, onun əhəmiyyətindən xəbər verir.
Bu kimi konfransların həm də gənclərin maarifləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığına heç kim şübhə etmir.
Azərbaycanda mədəni müxtəlifliyin qorunması, milli-etnik və dini birgəyaşayışın təmin olunması və təbliği də hər zaman dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Mədəniyyət və İncəsənət Əsərlərinin Müəlliflərinə Dəstək" İctimai Birliyi tərəfindən Bakı Avrasiya Universitetində "Sosial şəbəkələrdə mədəni müxtəlifliyin qorunması və təbliğinin aktual problemlərinə dair Konfrans" keçirməsi də diqqət çəkir.
Tədbirdə universitetin müəllim və tələbə heyəti iştirak edib. Konfransda "Sosial şəbəkələrdə mədəni müxtəlifliyin qorunması və təbliğinin aktual problemləri", "İnformasiya cəmiyyəti və yeni çağırışlar", "Sosial şəbəkələrdə mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması yolları", "Mədəni müxtəliflik mədəniyyətin ən mühüm amili kimi" mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb. Məruzəçilər qeyd ediblər ki, Azərbaycanda tarixən bütün xalqlara, milli azlıqlara, etnik qruplara, dini konfessiya nümayəndələrinə tolerant münasibət bəslənib. Azərbaycan dövləti bu gün də ardıcıl və düzgün milli siyasət yeridir ki, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edə bilib.
Azərbaycan dövləti ölkəmizdə yaşayan bütün millətlərin və xalqların inkişafı üçün çox böyük işlər görüb və bu gün də görür. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə milli azlıqların mədəniyyətinə diqqət və qayğı daha da artıb. Son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən azsaylı millətlərin və xalqların inkişafı ilə əlaqədar çoxsaylı fərman və sərəncam imzalanıb və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Prezident İlham Əliyev tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirir və inkişaf etdirir.
Bu gün milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər "tarix və mədəniyyət abidələri" kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətinə çevrilib.
Ümummilli Lider Heydər Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, hər bir ölkə nə qədər müxtəlif mədəniyyətləri özündə birləşdirsə, bir o qədər zəngindir. Çünki hər bir xalq dünya mədəniyyətinə öz töhfəsini verir.
Azərbaycan ərazisində yaşayan milli azlıqların həyat tərzi və adət-ənənələri də onu deməyə əsas verir ki, bu xalqların və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir.
Bu da ondan irəli gəlir ki, Azərbaycanda multikultural dəyərlərə həmişə hörmətlə yanaşılıb. Ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişafına dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir, çoxsaylı tədbirlər həyata keçirilir. Xalqımızın böyük oğlu Heydər Əliyev də ölkəmizdəki milli azlıqlara çox böyük qayğı ilə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycanın multikulturalizm siyasəti də bilavasitə onun adı ilə bağlıdır. Azərbaycan müstəqilliyinin ilk dövründə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəfləri müəyyən etdi. Bununla da Azərbaycanın əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdi, onu keyfiyyətcə yeni mərhələyə, siyasət müstəvisinə qaldırdı.
Ulu Öndər Heydər Əliyevin multikulturalizmin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasət bu gün də uğurla davam etdirilir. Bu həssas məsələyə böyük önəm verən Prezident İlham Əliyev ölkəmizdə mutlikulturalizmin qorunması və inkişaf etdirilməsini dövlətin prioritet istiqamətlərindən biri kimi qəbul edib. Son illər azsaylı xalqların yaşadığı bölgələrin sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli işlər həyata keçirilir.
Bildiyiniz kimi, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, multikulturalizmin alternativi yoxdur. Multikultural dəyərlərin pozulduğu yerlərdə tənəzzül, qarşıdurmalar, faciələr, insan tələfatı qaçılmazdır. Biz bunun fəsadlarını dünyanın bir çox ölkələrində son zamanlar daha açıq şəkildə görürük. Bundan nəticə çıxaran ölkəmizdə hər kəs, həm dövlətimiz, həm də xalqımız çalışır ki, multikultural sabitliyi qorusun, inkişaf etdirsin. Eyni zamanda dözümlülük və dəyərlərin qorunması istiqamətində həyata keçirilən siyasət davamlı olsun.
Azərbaycan dünyanın ən tolerant ölkələri sırasında ilk beşlikdə yer alır və əsrlərə söykənən tolerantlıq ənənələrimiz bu gün bütün dünyaya nümunədir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dini mədəniyyətin, tolerantlığın və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızda Bilik Fondunun təsis edilməsi haqqında Fərmanı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Sərəncamı dövlətçiliyimizin inkişafına güclü təkan olduğu kimi, həm də ölkəmizdə multikulturalizmin inkişafında mühüm rol oynayacaq.
“Paralel”in Araşdırma Qrupu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub