Xalq qəzeti. - 2019.- 4 yanvar. - ¹ 1. - S. 5.
Görkəmli dövlət xadimi, istedadlı alim, səhiyyə təşkilatçısı
İsa Abdullayev,
tibb elmləri doktoru
Əziz Əliyev Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O, lap əvvəldən qeyri-adi insan idi. O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı.
Heydər ƏLİYEV
Ümummilli lider
Görkəmli alim və ictimai-siyasi xadim Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağında – İrəvan quberniyasında Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində anadan olmuşdur. Atası kənd ağsaqqalı, anası Zəhra xanım isə İrəvan mahalının ən nüfuzlu şəxslərindən biri olan İbrahimbəy Süleymanbəyovun qızı idi. 8 yaşında rus-tatar məktəbinə daxil olub və orada ibtidai təhsil alan Əziz Əliyev erkən yaşlarından elmə, təhsilə olan hədsiz həvəsi ilə öz yaşıdlarından fərqlənir.
1914-1917-ci illərdə İrəvandakı kişi gimnaziyasında təhsil alan bu istedadlı gənc burada ancaq “əla” qiymətlər aldığından təhsil haqqından azad edilir. 1917-ci ildə o, Bakının neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Sankt-Peterburqda Rusiyanın ən nüfuzlu ali tibb təhsili müəssisəsi sayılan Hərbi Tibb Akademiyasına daxil olur. Birinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra Əziz Əliyev 1918-ci ilin yay tətili günlərində doğma yurdu İrəvana qayıdır. Bütün Qərbi Azərbaycanda olduğu kimi, İrəvan mahalında da təpədən dırnağa qədər silahlanmış erməni quldurları qocalara, qadınlara, uşaqlara belə rəhm etmədən, dinc azərbaycanlı əhalini kütləvi surətdə qılıncdan keçirir, onların əmlaklarını talan edir, evlərini yandırır, əsrlər boyu yaradılmış maddi mədəniyyət abidələrini, hətta əcdadlarının qəbirlərini belə yerlə-yeksan edərək, qədim və zəngin keçmişə malik olan bir xalqı tarixin səhifələrindən silməyə çalışırdılar. Erməni daşnaklarının yerli əhaliyə qarşı amansız rəftarı ilə rastlaşan Əziz Əliyev çətinliklə ailəsini Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndinə aparır. 1918-ci ildə onun atası vəfat edir. Yaranmış vəziyyətlə əlaqədar Əziz Əliyev Sankt-Peterburqa qayıdıb təhsilini davam etdirə bilmir. Lakin o, təbabətdən ayrılmayaraq, əldə etdiyi tibbi kitabları mütaliə edə-edə müalicəxanalarda, əczaxanalarda həkim köməkçisi vəzifəsində işləyir. 1920-ci ilin may ayında daşnak qoşunları bolşevik havadarlarının köməyi ilə Şərur rayonuna silahlı hücuma keçərək, qırğınlar törədirlər. Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsi Araz çayını keçir və Cənubi Azərbaycanın Ərəblər (indiki Poldəşt) kəndində yaşamalı olurlar. Ə.Əliyev burada da həkim köməkçisi kimi çalışaraq əhaliyə lazımi tibbi yardımlar göstərir. Anası Zəhra xanım 1920-ci ildə Ərəblər kəndində dünyasını dəyişir. Əziz Əliyev həmin il irəvanlı Hacı Cabbar Abbasovun qızı Leyli xanımla ailə həyatı qurur. 1921-ci ilin iyun ayında onlar Şahtaxtı kəndinə qayıdırlar. 1921-ci ilin oktyabr ayının 3-də oğlu Tamerlan, 1923-cü il aprel ayının 28-də isə qızı Zərifə Şahtaxtı kəndində anadan olurlar. Əziz Əliyev 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışır və sonra ailəsi ilə bərabər Bakıya köçür.
O, Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarları Şurasının katibi vəzifəsində çalışır. Əziz Əliyev bu çətin və məsuliyyətli vəzifələrlə yanaşı, yarımçıq qalmış ali tibb təhsilini 1923-cü ildən indiki Bakı Dövlət Universitetinin tibb fakültəsində davam etdirir. 1927-ci ildə ali təhsilini müvəffəqiyyətlə bitirdiyinə görə diaqnostika kafedrasında saxlanılır. O, həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir. Əziz Əliyev 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru, sonrakı illərdə Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarının müavini vəzifəsinə təyin olunur.
1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. İnstitutun yaradılmasında rol oynayan Əziz Əliyev 1932-ci ildə həmin ali məktəbin rektoru təyin olunur. Artıq bır sıra məsul vəzifələrdə özünü doğruldan Əziz Əliyev 1934-cü il mart ayının 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədi ilə Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri təyin edilir. Lakin 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrları hazırlığını gücləndirmək məqsədilə o, yenidən ADTİ-nin rektoru vəzifəsinə qaytarılır. Burada Əziz müəllimin rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanır. Ölkədə milli tibbi kadrların yetişdirilməsi üçün, ilk növbədə, tələbələrə təlim-tərbiyə verməyi bacaran yerli mütəxəssislərin və ana dilində dəyərli tibb ədəbiyyatının zəruriliyini uzaqgörənliklə dərk edən Əziz Əliyev bu sahədə səriştəsi olan azərbaycanlı alimləri qısa müddətdə səfərbər edərək, onların fəaliyyət dairəsini genişləndirir, ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiyaların yazılmasına nail olur.
1930-1945-ci illər ərzində institutun əməkdaşları tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 80 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Onun rəhbərlik etdiyi dövrdə bu ali təhsil ocağında Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Cəlil Hüseynov, Kamil Balakişiyev, Əbülfəz Qarayev kimi dünya şöhrətli, görkəmli alimlər çalışırdılar.
Əziz Əliyevin təşəbbüsü və institut kollektivinin köməyi ilə 1934-cü ildə “Tibb nəşriyyatı” yaradılır. Onun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə “Praktiki və nəzəri tibb jurnalı”nın nəşrinə başlanılır. 1935-ci ildə “Azərbaycan tibb jurnalı”nın baş redaktoru təyin edilir. 1933-cü ildə yenə də Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda “Tibb kadrları uğrunda” adlı çoxtirajlı qəzetin nəşrinə başlanılır. Hazırda bu həmin qəzet “Təbib” adı ilə Azərbaycan Tibb Universitetinin mətbu orqanı kimi fəaliyyətini davam etdirir Onun səyi nəticəsində professor P.Rostovtsevin sədrliyi altında ADTİ-də “Kitabxana komissiyası” yaradılır və komissiya səmərəli fəaliyyət göstərərək, 1936-cı ildə oxuculara və müvafiq ünvanlara belə bir təlimat göndərir: “Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi-bioloji ədəbiyyatı alır. Bunlardan əlavə kitabxana SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır”. Bundan sonra tibbi kitabxananın əsasının möhkəmləndirilməsində, inkişafında və formalaşmasında ciddi dönüş yaranır. Görkəmli alim Azərbaycan Dövlət Tibb İnstitutunda rektor fondu yaradaraq həmin fondun hesabına ehtiyacı olan tələbələr üçün hər il pal-paltar, ayaqqabı aldırarmış ki, bu da onları daha yaxşı oxumağa sövq edər və həvəsləndirici stimula çevrilərdi. Əziz Əliyev hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Həmin tələbələrin əksəriyyəti sonralar tibbin müxtəlif sahələrində məşhur alim kimi formalaşaraq respublikaya qayıtmışlar.
Ə.Əliyev məsul vəzifədə çalışsa da, elmi axtarışlarını bir an belə dayandırmır. O, institutu bitirəndən iki il sonra 1929-cu ildə namizədlik dissertasiyasını müdafiə edir. 1934-cü ilin avqust ayında Almaniyada elmi ezamiyyətdə olur və qayıtdıqdan sonra “Eksperimental nefrit” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Doktorluq dissertasiyası və bir çox elmi məqalələrində eksperimental nefrit zamanı qanın morfoloji və biokimyəvi dəyişikliklərinin dərin elmi təhlilinə xüsusi diqqət yetirib. Bu dissertasiya Moskvada gənc alimlər müsabiqəsində, SSRİ Elmlər Akademiyasının, ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş kimi dəyərləndirilir.
Əziz Əliyevin təbabət sahəsində istedadı təkcə təşkilatçılıqla və praktik həkimliklə məhdudlaşmır. O, həmçinin gözəl nəzəriyyəçi alim idi. Görkəmli alim 87 elmi əsərin müəllifidir. Bu əsərlərin böyük bir hissəsi təbabətin ayrı-ayrı sahələrinə, bir qismi isə tarixi və siyasi problemlərə həsr olunmuşdur. Görkəmli alimin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə yazdığı “Klinik analizlər” kitabı qısa zamanda tələbə və gənc həkimlərin stolüstü kitablarından birinə çevrilir. Onun elmi fəaliyyəti çoxşaxəli idi. Təsadüfi deyil ki, akademik Mustafa bəy Topçubaşov Əziz Əliyev haqqında belə deyirdi: “Təbabət sahəsində bizdə çoxlu görkəmli və fəxri yer tutan alimlər və şəxsiyyətlər var. Mən onların çoxu ilə işləmişəm və onların bəzilərini şəxsən tanıyıram. Amma Əziz Əliyev sadəcə şəxsiyyət deyildi, onun fəaliyyəti ölkəmizin xalq səhiyyəsinin inkişaf tarixində bizim üçün şanlı bir səhifə və çox dəyərli bir mərhələdir”. Bu mərhələ böyük və məsul bir dövrü əhatə edir. Bu, elə bir dövrə təsadüf edir ki, səhiyyə sahəsində böyük və genişmiqyaslı işlər görülür, beləliklə, Azərbaycanın səhiyyəsi dirçəlir, milli kadrların böyük dəstəsi hazırlanırdı. Əziz Əliyevin sonrakı elmi araşdırmaları yaralanma və bədbəxt hadisələr zamanı ilk yardım, Böyük Vətən müharibəsi əlillərinin bərpa və müalicəsi, kənd təsərrüfatı və neft sənayesi işçiləri arasında travmatizmin müalicəsi və profilaktikası, Azərbaycan SSR-də travmatoloji və ortopedik yardımın təşkilinə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun fəaliyyətinə və digər aktual məsələlərə həsr olunmuşdur. O, bu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edir və 1937-ci ildə, eyni zamanda, həm ADTİ-nin, həm də Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışır. Görkəmli alimin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi 6 il müddətində 11 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə edilib ki, onların da əksəriyyəti milli kadrlar idi. Müstəsna elmi xidmətləri nəzərə alınaraq Əziz Əliyev 1941-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü seçilir.
1930-1940-cı illərdə Əziz Əliyev respublikada tüğyan edən malyariya və traxomaya qarşı mübarizədə fəal iştirak edir və bu dəhşətli xəstəliklərin kökünün kəsilməsində bütün səy və bacarığını əsirgəmir. Onun təşəbbüsü ilə xüsusi dispanserlər, xəstəxanalar yaradılır. Həmin bu illərdə o, fövqəladə antiepidemioloji respublika komissiyasının sədri olur. Lakin Azərbaycan elmi ictimaiyyəti, milli səhiyyəmiz üçün əlindən gələni edən Əziz Əliyevin əməyi totalitar rejim şəraitində nəinki lazımınca qiymətləndirilməmiş, əksinə, onun fəaliyyəti qarşısında müxtəlif əngəllər yaradılmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosu 1940-cı il aprelin 12-də xalq səhiyyə komissarı (1939-1941) vəzifəsində işləyən Əziz Əliyevə töhmət vermişdir. Büronun qərarında bunun səbəbi belə göstərilir: “Azərbaycan Tibb İnstitutunu şübhəli düşmən ünsürlərindən təmizləmək üçün tədbirlər görmədiyinə və institutun ayrı-ayrı işçilərinin antisovet-millətçi hərəkətlərini ifşa etmədiyinə görə”. Bu faktın özü görkəmli alimin nə qədər vətənpərvər, azərbaycançılıq ideologiyasının təbliğatçısı olmasını, milli kadr potensialı və intellektual baza formalaşmasında, təhsil sisteminin, anadilli tədris vəsaitlərinin və elmi monoqrafiyaların hazırlanmasında əvəzsiz xidmətlər göstərməsini bir daha təsdiqləyir.
Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan Muxtar Respublikası Vilayət Partiya Komitəsinin birinci katibi, 1949-1950-ci illərdə ÜİK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində özünü görkəmli dövlət xadimi, bacarıqlı və işgüzar təşkilatçı, vətənpərvər ziyalı kimi təsdiqləmiş, mühüm xidmətlər göstərmiş, xalq arasında böyük hörmət və nüfuz qazanmışdır.
SSRİ Ali Sovetinin (1-ci, 3-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (1-ci və 3-cü çağırış) Dağıstan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı kimi səmərəli fəaliyyət göstərmişdir.
Digər dəyərli vətənpərvər ziyalılarımız kimi Əziz Əliyev sonralar da müəyyən mənəvi repressiyaya məruz qalır. 1951-ci ilin sentyabrında Əziz Əliyevə Azərbaycan KP MK-nın Bürosunda valideynlərinin sosial mənşəyini və İranda qohumlarının olmasını gizlətdiyi bəhanəsilə şəxsi işinə yazılmaqla şiddətli töhmət verilir. Qərarda yazılır: “Tərcümeyi-halında və başqa sənədlərdə doğmalarının və yaxın qohumlarının əsl sosial vəziyyətini gizlətməklə partiyanı aldatdığına görə şiddətli töhmət elan olunsun”. O, həmin il iyulun 24-də Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad edilərək Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində işləməyə göndərilir. 1952-ci ilin oktyabrından 1954-cü ilin martın 3-dən Sabunçu rayonundakı Çaparidze adına 3 ¹-li Klinik Xəstəxananın baş həkiminin müavini vəzifəsində işləyir. Hər dövrdə olduğu kimi, bu dəfə də haqsızlıqlar Əziz Əliyevi ruhdan salmır.
1953-cü ildə İ.V.Stalinin ölümündən və Mircəfər Bağırovun həbsindən sonra, 1954-cü il fevralın 22-də Azərbaycan KP MK-nın Bürosu Əziz Əliyevə verilən şiddətli partiya töhmətinin ləğv edilməsi haqqında qərar qəbul edir və o, 1954-cü ilin martından 1956-cı ilədək yenidən Bərpa Cərrahlığı və Ortopediya İnstitutunun direktoru vəzifəsində işləyir. Yeni iş yerində elmi işlə məşğul olan Əziz Əliyevin qısa müddətdə 33 elmi işi çapdan çıxır. O, həmin illər rəhbərlik etdiyi Ortopediya Elmi-Tədqiqat İnstitutunun beş cildlik elmi əsərlər məcmuəsini nəşr etdirir, onlarca elmlər namizədi yetişdirir, onlarca elmi əsərlər məcmuəsini nəşr etdirir. 1956-cı ildən ömrünün sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işləyir.
Görkəmli alim, böyük şəxsiyyət Əziz Əliyev 1962-ci ilin iyul ayının 27-də vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. Əziz Əliyev şəxsiyyətinin böyüklüyü həm də görkəmli dövlət xadimi olmasında, xüsusilə də Dağıstanda birinci katib olduğu illər Dağıstan-Azərbaycan əlaqələrinin inkişafında əvəzsiz xidmətlərində, qayğıkeş ailə başçısı olmasındadır. Görkəmli alim səhiyyə təşkilatçısı vətənpərvər ziyalı Əziz Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.