Paralel. - 2019.- 19 fevral. - ¹ 33. - S. 10.
Azərbaycanda formalaşan multikultural mühit özünün rəngarəngliyi ilə çoxlarının diqqətini cəlb edir
Adaptasiya insanlara ən çətin situasiyalarda belə uyğunlaşmağa kömək edə biləcək müasir institutların axtarışı problemidir
İnformasiya Kommunikasiya Texnologiyalarının yüksək səviyyədə inikişafı, qloballaşan dünyamızda baş verən bütün proseslərə həm müsbət, həm də mənfi təsir göstərir. Mənfi təsirlərin əsas səbəbi, həmin texnologiyaların hamı üçün əlçatan olmasıdır. Məsələn, bu gün dünyada mövcud olan sabitliyi, dinlər, millətlər və dövlətlərarası dialoq proseslərini pozmaq istəyən, bu sabitlikdən narahat olan bəzi qüvvələr də, İnformasiya Kommunikasiya Texnologiyalarından öz mənfur niyyətlərini həyata keçirmək üçün istifadə edə bilirlər. Bu da öz növbəsində dövlətlər, millətlər arasında münasibətlərin pozulmasına yol açır.
Bununla belə, İnformasiya Kommunikasiya Texnologiyalarının müsbət tərəfləri daha çoxdur və bütün müasir dünya bu texnologiyalardan yararlanaraq bəşəriyyətdə sülhün, ədalətin, multikulturalizmin, tolerantlığın, bərqərar olmasına çalışır. Bunun üçün də İnformasiya Kommunikasiya Texnologiyalarının verdiyi imkanlardan istifadə edərək, dövlətlərarası dialoq və əməkdaşlıq mühitinin formalaşmasını vacib edən beynəlxalq Konfransların, Forumların və digər tədbirlərin keçirilməsinə üstünlük verilir. İnformasiya Kommunikasiya Texnologiyalarının müsbət cəhətlərindən biri də olur ki, biz də öz fəaliyyətimizi bu texnalogiyalar vasitəsi ilə çox geniş insan kütlələrinə çatdıra bilirik.
Məlumdur ki, dünyada sabitliyin, qarşılıqlı anlaşmanın yaranmasının əsas yollarından biri də, insanlar, sivilizasiyalar, dinlər, millətlər və dövlətlər arasında multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsindən keçir. Bununla belə, bütün dövlətlər və millətlər üçün eyni modelin tətbiqinin mümkün olmadığı da artıq faktdır.
Azərbaycan Respublikasının paytaxtı Bakıda müxtəlif zamanlarda keçirilən Beynəlxalq Forumlarda, Konfranslarda və digər tədbirlədə də, bu mövzu dəfələrlə müzakirə olunub. Bütün dünya dövlətləri üçün aktuallıq kəsb edən belə Forumların ölkəmizin paytaxtında keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Azərbaycan multikulturalizmi modeli isə nümunəvi model olaraq bir çox dövlətlərin, beynəlxalq təşkilatların diqqətini cəlb edir.
Bununla belə, qeyd etmək lazımdır ki, ayrıca götürülmüş bir modelin eyni formada bütün dövlətlərdə tətbiq etmək mümkün deyil. Çünki dünyanın müxtəlif bölgələrində yaşayan insanların, bir-birilərinə, dini inanclarına baxışları müxtəlifdir. Bu həm də, mürəkkəb sosial-mədəni dəyişikliklər şəraitində dinc yanaşı yaşama problemləri ilə bağlıdır. Zaman və məkan anlamına, həyatın mənası anlayışına təsir edən bu dəyişikliklər insanları öz doğma mədəniyyətilərinə yenidən baxmağa və digər mədəniyyətlərlə təmas axtarışına sövq edir. Bu ünsiyyət, mədəniyyətlərarası dialoq ideyası, yaşadığımız qeyri-sabit və kifayət qədər dəyişkən dünyamızda heç də birmənalı qarşılanmır. Bununla belə dəqiq bildiyimiz, və həyata keçirilməsinin vacibliyin dək etdiyimiz bir şey var ki, bu da olduqca mürəkkəb və dinamik anlayış, lakin bu gün dünyada fərqli modellər şəklində ziddiyyət doğuran multikulturalizm kateqoriyasıdır. Bu modellərin hər hansı bir ölkəyə uyğunlaşması mümkündür, ancaq onlar digər şəraitdə heç cür tətbiq edilə bilməzlər, çünki istənilən model əsrlərlə formalaşan müəyyən dəyər-məna bazasına oturuşur və bilavasitə ona aid olur. Bu və ya digər modelin tətbiqi üçün belə əsasların axtarılması çox çətindir, belə ki, dinc yanaşı yaşamanın dünya konsepsiyasının ümumi strategiyasının konkret etnomədəni və milli-mədəni inkişaf konsepsiyası ilə uzlaşması prinsipindən irəli gəlir.
Bu baxımdan bizim bu gün multikulturalizmi inkişaf etirməklə insanların və dövlətlərin dinc yanaşı yaşama prinsiplərinə tətbiq etmək istəyimiz, - məhz dünyada mədəni siyasət strategiyasının axtarışı problemidir. Lakin hesab edirik ki, mədəni siyasət anlayışı bu gün daha genişdir, çünki öz mədəni özəlliklərinin, mədəni sərvətlərinin bu və ya digər şəkildə təzahürü ilə əlaqədar baxdığımız bütün məsələlər çox vaxt sosial konfliktlər sırasından olan problemlərdə özünü göstərir. Ola bilsin ki, multikulturalizm mövzusu - dissiplinar problemdir, müasir dünyada sosial bərabərsizlikdən qurtulma cəhdlərinin mədəni bərabərsizliklə toqquşduğu və bunun da münaqişəli situasiyalar doğurduğu sosiomədəni strategiya problemidir. Bəlkə də, bir ölkəyə uyğun modelin digər ölkələrdə tətbiq edilməsinin mümkün olmaması da, məhz buradan qaynaqlanır. Bu səbəbdən də tənqid, yaxud siyasi tənqid bizi multikulturalizmə yeni nəzərlərlə baxmağa vadar edir. Yəni hər şeydən əvvəl bir məsələni anlamaq lazımdır ki, biz multikulturalizmə mövcud mühitin demokratikləşdirilməsi, sərbəst qarşılıqlı təsirin və mədəni plüralizmin yaranması tendensiyası ilə səciyyələnən yeganə mümkün strategiya və ya çoxsaylı strategiyalardan biri kimi baxmağa çalışırıq.
Bu zaman da, heç şübhəsiz, ilk növbədə insanların mədəniliyi anlayışının özünün davamlılığı ilə bağlı problem meydanı çıxır. Yəni hər hansı bir ölkədə mədəni mühit ta qədimdən, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə açıq olan bir muhit kimi formalaşıbsa, onda bu mühitə digər mədəniyyətlərin inteqrasiyasının bütün digər prosesləri də tamamilə məqbul olur və qəbul edilir. Bu da, son nəticədə mədəni rəngarənliyin təbii genişlənməsi, vəhdətin mürəkkəbləşməsi prosesi kimi qəbul olunur. Bizə elə gəlir ki, bu gün Azərbaycanda, məhz belə bir multikultural mühit formalaşıb və özünün rəngarangliyi ilə çoxlarının diqqətini cəlb edir. Bu gün üçün multikulturalizm modellərinin mürəkkəbləşməsi də, məhz bu cür səciyyələndirilir. Buna görə də bizdən digər mədəni dəyərlər sferasında sadəcə mədəniləşdirmə prosesi deyil, həm də müəyyən mənada yaxınlaşma prosesi olan adaptasiya konsepsiyalarına yenidən baxmaq tələb olunur. Bu prosesdə nəinki eyni tipli mədəniyyətlər, həm də ümumiyyətlə, yaxın keçmişdə mədəniyyətə qabil və dialoq üçün açıq kimi baxıla bilməyəcək digər mədəniyyətlər də qəbul edilir. Ona görə də adaptasiya problemi- insanlara ən çətin situasiyalara belə uyğunlaşmağa kömək edə biləcək müasir institutların vasitələr axtarışı problemidir.
Buradan çıxış edərək deyə bilərik ki, multikulturalizmin inkişaf etdiriməsi ilə səbitliyə nail olmaq üçün ilk növbədə insanların yaşadıqları məkana adaptasiyası problemini həll etmək lazımdır. Ekspertlər hesab edirlər ki, bu problemlərin həlli yollarından biri də, təhsil sisteminin inkişaf etdirilməsidir. Bir başqaları isə bu fikirdədirlər ki, təhsil sistemilə bərabər, haqqında tez-tez danışılan vətəndaş cəmiyyəti institutlarının bu sahədə fəaliyyətlərinin gücləndirilməsi də, insanların adaptasiya problemlərinin həllinə yardım edə bilər. Vətəndaş səmiyyətləri rolunda, əlbəttə ki, ictimai təşkilatlar və birliklər və digər qurumlar da cıxış edə bilirlər.
Məsələn, Rusiyada milli-mədəni muxtariyyatlara yenidən baxılması, müasir dünyanın bütün ölkələrinin ərazisində mədəni və informasiya dəyərlərinin birləşdirilməsi imkanlarının yoxlanılması, insana öz kiçik rakursunu tapmağa və bütöv mühitindən təcrid olmadan doğma mədəniyyətinin bütün dəyərlərini öyrənməyə və ona qoşulmağa, onları inkişaf etdirməyə şərait yaradır.
Bu gün Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti də, məhz bu rəngarəngliyin birliyi modelidir ki, burada hər bir mədəniyyət öz şəxsi ləyaqətini və özəl dəyərlərini saxlayaraq digər mədəniyyətlərlə münaqişə muhitindən kənarda mutləq qarşılıqlı fəaliyyətdə və vəhdətdə mövcuddur. Lakin onu da xüsusi qeyd etmək lazımdır ki, bu gün, artıq qeyd etdiyimiz kimi, sosial problemlərin hər bir insana, onun dünyada mövcudluğu probleminə aid olduğunu nəzərə alsaq, belə bir şəraitdə tolerant və dözümlü olmaq çox çətin məsələdir.
Bu çətinliklərin ardan qaldırıması isə ancaq diskussiya, dialoq və qarşılıqlı əməkdaşlı yolu ilə mümkündür. Bu əməkdaşlığa nail olmaq üçün isə bütün dövlətlərdə, ələlxüsusda ərazisində çoxsaylı xalqların məskunlaşdığı dövlətlərin başçılarında siyasi iradə olmalıdır. Çünki bu gün müasir dünyamızın hansı yolla, haraya gedəcəyinə onlar qərar verirlər. Azərbaycan dövlətinin mövqeyi hamıya bəllidir. Dövlətimizin başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında açıq bəyan edib ki, multikulturalizm Azərbaycanin dövlət siyasətidir və Azərbaycan xalqının həyat tərzidir. Bu gün də Prezidentin bu mövqeyini əlində tezis kimi tutan Azərbaycan cəmiyyəti bütün mümkün yollardan istifadə edərək, multikulturalizmin və tolerantlığın nəinki ölkəmizdə, hətta ölkəmizdən çox-çox uzaqlarda da təbliğ və təşviq etməklə dünyada sülhə və sabitliyə töhfə verir. Bunun üçün həm də dünyada günü-gündən daha da inkişaf edən İnformasiya Kommunikasiya Texnologiyarından geniş istifadə olunur. Ekspertlər də belə qənaətdədirlər ki, müasir informasiya texnologiyalar və sosial şəbəkələr vasitəsilə də adaptasiya problemini həll etmək mümkündür.
İnformasiya Kommunikasiya Texnologiyaları müasir dünyada insanların, öz yeni reallığından ayrılmadan ailələrilə əlaqəni itirməməyə, bu əlaqəni qorumağa imkan verən ən maraqlı adaptasiya kanallarından və formalarından yararlanmağa imkan verir. Bu, hətta miqrasiya problemi anlayışını belə dəyişməyə imkan verən bir situasiyadır. Bu texnologiyalar əmək mühacirətini doğrudan da müvəqqəti miqrasiyaya çevirir - yeni ərazidə oturaq mühacirətin yaranmasına ehtiyac qalmır.
Müstəqillik dövründa azərbaycanlıların da, mühacir kimi daha çox üz tutduqları Rusiyada da, multikulturalizm və miqrasiya kimi problemlər çox geniş müzakirə mövzusuna çevrilib.
Rusiyalı ekspert Olqa Astafyeva qeyd edir ki, bu sahədə pozitiv təcrübə nöqteyi-nəzərindən mühacir axınları üçün açıq olan ərazilərdə dostluq lokuslarının və mədəniyyətlərarası dialoq lokuslarının yaradılması xüsusi önəm daşıyr. Sərhəd vilayəti olan və əhalinin sayına görə 180-dən 200-dək etnomədəni ənənənin nümayəndələrini və müxtəlif mədəniyyət daşıyıcılarını birləşdirən Orenburq vilayətini nümunə kimi göstərmək mümkündür: "Burada milli kəndin gözəl təcrübəsi yaranıb, eyni bir ərazi məkanında informasiya muzeyləri, informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlərdə digər mədəniyyətlərlə tanış olmaq və vahid ərazi çərçivəsində ümumi tədbirlər keçirmək mümkündür. Rusiyada bu yenilik vüsət almaqdadır, məhz təcridetmədən qaçmaq, ünsiyyətə canatma - dialoq formasını qurmaq məqsədilə çoxmədəniyyətlilik modelinin mürəkkəbləşdirirlməsi üçün maraqlı vasitə, maraqlı gedişdir. Rusiya təcrübəsini təhlil edərək, demək istəyirəm ki, bu, həm ərazi modelləri, həm də prosesləri qanunvericiliklə nizamlama modelləri çərçivəsində axtarışların mürəkkəb şəraitində baş tutur". Ekspert qeyd edir ki, hər il 200 minədək insan Rusiyaya gəlir. Onlar müxtəlif mədəniyyətlərin daşıyıcılarıdır.
Göründüyü kimi, multikulturalizmin və tolerantlığın qorunub inkişaf etldirilməsi, təkcə ayrıca götürülmüş bir dövlətin işi deyil. Əgər biz hamımız bir dünyanın sakinləriyiksə, bu dünyanı bütün pisliklərdən qorumaq da hər birimizin borcudur.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub