Paralel. - 2019.- 9 yanvar. - ¹ 4. - S. 10.

 

Azərbaycan heç vaxt monoetnik dövlət olmayıb və buna can atmayıb

 

Ölkəmizdə dini və milli azlıqlara qarşı hər hansı bir formada diskriminasiya faktı qeydə alınmayıb

 

Son zamanlar dünyanın müxtəlif yerlərində baş verən bütün qarşıdurmaların, münaqişələrin kökündə multikulturalizmin və tolerantlığın çatışmamazlığı durur. Bu da dini və milli radikalizmin güclənməsində maraqlı olan bəzi Qərb dövlətlərinin həyata keçirdiyi siyasət nəticəsində ortaya çıxan problemlərdən biridir.

Bəllidir ki, multikulturalizmin və tolerantlığın mövcud olmadığı məkanlarda, radikalizm, ekstemizim, kisenofobiya, islamafobiya kimi mənfi halların genişlənməsi prosesi baş verir ki, bu da sonunda münaqişə və müharibələrlə nəticələnir.

Məlumdur ki, son zamanlar Avropada insamafobiya və kiseneofobiya meyilləri kəskinləşib. Bu da istər -istəməz sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, radikalizmə və ekstremizmə təkan verir, millətlər və dinlərarası dialoqa ciddi zərbə vuraraq bəşəriyyəti fəlakətə sürükləyir.

Bütün bu problemlərin aradan qaldırılması, eləcə də terrorizm, islamafobiya, ekstremizim və radikalizmin qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini liderlərin qarşılıqlı əməkdaşlığı və dialoqu ən vacib işlərdən biridir. Bunun üçün ilk növbədə güclü siyasi iradə lazımdır.

Müasir dünyada milli və dini zəmində baş verən münaqişələrin qarşısının alınmasında Azərbaycanda uğurla həyata keçirilən birgəyaşayış modelindən istifadə etmək daha məqsədəuyğun olardı.

Çünki bu gün Azərbaycanı dünyanın bir çox dövlətlərindən fərqləndirən əsas cəhətlərdən biri də, ölkədə mövcud olan tolerant və multikultural mühitdir və bu mühitin yaradılması üçün dövlət səviyəsində atılan addımlardır.

Bu siyasətin də əsasında Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası durur.

Müasir dünyamızda müxtəlif ölkələrdə fərqli etnik-dini mənsubiyyətə malik insanların ciddi təhdidlərlə üzləşdiyi, diskriminasiyaya məruz qaldığı, dözümsüzlük və ksenefobiya hallarının artdığı indiki dövrdə Azərbaycan dövlətinin və cəmiyyətinin dünyaya təqdim etdiyi nümunə tamam fərqli cəhətləri ilə özünü göstərir. Dövlətimizin yerləşdiyi coğrafi mövqe, Asiya ilə Avropa arasında təbii körpü rolunu oynamaqla, həm də burada bir çox mədəniyyətlərin formalaşmasına əlverişli şərait yaradıb,. eyni zamanda ölkəmizin mədəni müxtəlifliyinin formalaşmasına da, öz müsbət təsirini göstərib.

Bu gün Prezident İlham Əliyev də, Azərbaycan xalqının tarixdən gələn tolerantlıq ənənələrinə söykənən məqsədyönlü multikulturalizm siyasəti həyata keçirir, onun inkişafına dəstək verir. Bunun nəticəsidir ki, ölkəmizdə multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət başçımızın müvafiq Fərman və Sərəncamları ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin respublikamızda "Multikulturalizm İli", 2017-ci ilin "İslam Həmrəyli ili" elan olunması da, bu siyasətin tərkib hissəsidir. Çox maraqlıdır ki, bu günə qədər Azərbaycanda yaşayan milli azlıqların hüquqlarını məhdudlaşdıran hər hansı bir qərar qəbul olunmayıb. Bu səbəbdən də, ölkə ərazisində yaşayan etnik xalqların nümayəndələri Prezident İlham Əliyevə böyük rəğbət bəsləyir, Ona səs verir, Onun həyata keçirdiyi siyasi kursu dəstəkləyirlər.

Dövlətimiz ölkə daxilində əlverişli tolerantlıq mühitini təmin etməklə yanaşı,  eyni zamanda, qlobal miqyasda da mültikulturalizm dəyərlərinin möhkəmlənməsinə böyük töhfələr verir, geniş təbliğat-təşviqat işləri aparır. Bu da danılmaz həqiqətdir ki, son illərdə Azərbaycan multikultural dəyərlərin təbliğ olunduğu müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən bir məkana sevrilib. Bu da səbəbsiz deyil. Belə ki, 2010-cu ildə respublikamızın paytaxtında Dünya Dini Liderlərinin Ümumdünya Sammiti baş tutub. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alan "Bakı prosesi" mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrilib və artıq 10 ildir ki uğurla fəaliyyət göstərir. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutub. 2017-ci ilin dekabrın 21-də Bakıda "İslam Həmrəyliyi İli"nin yekunlarına həsr edilən konfrans keçirilib. Ölkəmiz həm birinci Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək, dünyada öz mövqeyini bir qədər də möhkəmlədə bilib.

Bu uğurlar çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində böyük məmnunluq yaradır, çünki ölkəmizin gücü də, məhz burada yaşayan müxtəlif xalqların həmrəyliyində, birliyindədir. Bu birlik azərbaycanlılarla yanaşı, burada məskunlaşan digər etnik və dini mənsubiyyətə malik insanların ölkəmizdə aparılan siyasəti dəstəkləmələrində də özünü göstərir. Ölkəmizdə yaşayan bütün insanlar bundan sonra da respublikamızın inkişafı naminə əllərindən gələn köməyi göstərməyə, ərazi bütövlüyümüzün təmin olunmasında fəal iştirak etməyə hazırdırlar.

Çünki ölkəmizdə yaşayan bütün insanlar Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunan demokratik, suveren, iqtisadi cəhətdən uğurla inkişaf edən dövlətdə yaşayan və çalışan tamhüquqlu vətəndaşlardır. Onlar sevinclərini, kədərini birlikdə bölüşür, dövlətimizin ərazi bütövlüyünün müdafiəsində azərbaycanlılarla çiyin-çiyinə dayanır və birlikdə ölkəmizin dinc həyat quruculuğunda iştirak edirlər.

Bu da məlumdur ki, Azərbaycanda indiyə qədər dini və milli azlıqlara qarşı hər hansı bir formada diskriminasiya faktı qeydə alınmayıb.

İnsanlar əmin-amanlıq, normal həyat şəraiti və yaxşı gün-güzəranla yaşamaq arzusundadırlar. Prezident İlham Əliyevin apardığı siyasət respublikanın bütün vətəndaşları üçün bu şəraiti təmin edib.

Bildiyiniz kimi, dünyada məscid, kilsə, sinoqoq kimi ibadət yerlərinin bir sərhəd daxilində yerləşməsinə çox nadir hallarda rast gəlinir. Bakı üçün isə bu, səciyyəvi mənzərədir. Azərbaycanın paytaxtında azan səsi eşitməklə yanaşı, pravoslav və katoliklərin, yəhudilərin dini ayinlərinin də şahidi oluruq. Şəhərin küçələrində müxtəlif dillərdə danışan insanlar görmək adi haldır.

Bu gün milli və dini tolerantlıq müasir dünyamız üçün xüsusi aktuallıq kəsb edən məsələlərdən biridir. Tolerantlığın "Azərbaycan modeli" də, bu gün çox işlədilən ifadələr sırasında yer alır. Bu mövzuya artan marağın səbəbini başa düşmək çətin deyil: XXI əsrin bəşər tarixini milli və dini ədavətin qızışdığı, milli-dini zəmində qarşıdurmaların müharibələrlə müşaiyyət olunduğu yüz illik kimi düşmək təhlükəsi var. Dini-milli nifrət, eyni zamanda terrorizmi qidalandıran amillərdən biridir və ona qarşı birgə mübarizə aparılmalıdır.

Məlumdur ki, Azərbaycan heç vaxt monoetnik dövlət olmayıb və buna can atmayıb. Bu səbəbdən də, burada milli-dini zəmində ixtilaf, qarşıdurma halları baş verməyib. Ölkəmizdə digər dinlərə, xalqlara hörmətlə yanaşmaq, onlara dost gözü ilə baxmaq babalarımızdan qalan genetik yaddaş kodudur ki, minillərdir davam edir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti də, məhz xalqımızın qədim tolerantlıq ənənələrini yaşatmağa, onu yeni çalarlarla zənginləşdirməyə və inkişaf etdirməyə yönəlib və elə bir yüksək səviyyəyə çatıb ki, dünyanın çox yerindən görünür, diqqət çəkir və dəstəklənir. Prezident İlham Əliyevin, eləcə də ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətdə tolerantlıq və multikulturalizmi həmişə ön sıralarda olub. Son illər ölkəmizdə etnik və dini tolerantlığın inkişafına xidmət edən iki yeni institutun yaradılması da, bu siyasətin həyata keçirilməsinə xidmət edir. Prezident İlham Əliyevin himayəsi ilə ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi isə artıq ənənə halını alıb. Bu Forumlarda Prezidentin çıxışı zamanı dediyi sözlər, Azərbaycanda həyata keçirilən multikulturalizim siyasətinə tam aydınlıq gətirə bilər: "Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, dinlərin nümayəndələri üçün vətən olub. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çox konfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimiz və üstünlüyümüzdür. Hesab edirəm ki, Azərbaycanın inkişafında bu amil də öz rolunu oynayır".

Forumdakı çıxışında Prezident həmçinin qeyd edib ki, tolerantlıq, multikulturalizm, dözümlülük yeni ifadələr olsa da, bunların hər biri Azərbaycanda ta qədim zamanlardan mövcud olub. Elə o vaxtdan dini mənsubiyyətinə fərq qoyulmadan bütün tarixi abidələr eyni diqqət və qayğı ilə qorunub. Buna misal olaraq Şamaxıda 1270 il əvvəl tikilən məscidi, Zərdüştlük dininin abidəsi olan Atəşgah məbədini göstərə bilərik. Bu tarixi ibadət yerləri bu gün də dövlətin himayəsindədir və dövlət tərəfindən qorunur. Qədim alban kilsələri dövlət vəsaiti hesabına bərpa olunur, ölkəmizdə pravoslav, katolik kilsələri fəaliyyət göstərir.

Azərbaycanda tolerantlığın dərin kök atmasının əsas səbəblərindən biri onun yerləşdiyi coğrafi mövqeyidirsə, digər bir səbəbi yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan xalqının tarixi qan yaddaşından gələn milli xüsusiyyətləri ilə bağlıdır. Bugünümüzün reallığı isə budur ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının da əsasında toleratlıq, qarşılıqlı anlaşma, millətlər və dinlər arasında dostluq və qardaşlıq münasibətləri əsas xətti təşkil edir. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi tolerantlıq və multikulturalizm siyasəti də, Azərbaycanda müxtəlif konfessiya üzvlərinin bir-birinə tolerant, dostluq münasibətlərini şərtləndirən əsas amillərdən biridir. Azərbaycanda tolerant və multikultural mühitin formalaşması, dövlət başçımızın, bütövlükdə Azərbaycan dövlətinin müxtəlif konfessiyalara bərabər siyasi münasibətinin, birini digərindən fərqləndirməməsinin nəticəsidir. Belə münasibət də, öz növbəsində konfessiyaların bir-birinə və hər birinin ayrılıqda dövlətə tolerant münasibətini şərtləndirir.

 

“Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub