525-ci qəzet. - 2019.- 15 fevral. - ¹ 31. - S. 6.

 

Cümhuriyyət tələbələri Fransada

 

Rövşən Ağayev

 

(əvvəli ötən sayımızda)

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. Parlamentin 1919-cu il sentyabrın 1-də keçirilən iclasında 1919-1920-ci tədris ilindən başlayaraq yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında qanun qəbul olundu.

Xaricə təhsil üçün göndərilən bu gənclər 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındı. 

Vəzirov Mir Abdulla bəy Mir Baba bəyoğlu (1896, Şuşa şəhəri). Ailədə Miri çağırıldığından bu adla da məşhurlaşmışdı. Şəhər realnı məktəbini bitirmişdir. Azərbaycan Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Paris Siyası Elmlər fakültəsinin tələbəsi olmuşdur. 1925-ci ildə Miri bəy Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır.

Fransaya göndərilən tələbələrdən bir qrupu bu ölkənin digər şəhərlərində yerləşən ali təhsil müəssisələrində təhsil almışlar. Onlardan:

Cabbarov Ələkbər Məmmədəli oğlu (1898, Bakı). Təbiət elmləri sahəsində təhsilini davam etdirmək üçün Nansi Universitetinə (Fransa) göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

Cavanşir Əbdülhəmid ağa - tam adı: Cavanşir Həmid ağa oğlu Əbdülhəmid ağa. (1897, Şuşa). 1918-ci ildə Yelizavetpol kişi gimnaziyasını bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini aqronomluq sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrın vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında təhsilini başa vurmasına bir il qaldığı göstərilirdi. Universiteti bitirəndən sonra Gəncə şəhərində Zaqafqaziya Maşın sınaqdan çıxarma Stansiyasında direktor vəzifəsində çalışmışdır. Sonra sürgünə göndərilmiş, 1947-ci ildə sürgündən qayıtsa da, 5 il Bakıya buraxılmamışdır. 1957-ci ildə Cavanşir Əbdülhəmid ağa Sumqayıta gəldi, elmi işçi oldu, müəllimlik etdi.

Muxarski Süleyman Bikir oğlu (1900). Milliyyətcə tatar olan Süleyman hüquq sahəsində təhsil almaq üçün Liona (Fransa) göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

Mustafayev Mustafa Hacı Rəhim oğlu (1895, Qazax). 1914-cü ildə Bakı realnı məktəbini bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Fransaya göndərilmişdir. Tuluza İnstitutunda təhsilini başa vurduqdan sonra ona "Reno" şirkətində mühəndis yerini tutmaq təklif edilmişdi.

Fransada ailə həyatı quran Mustafayev 1927-ci ildə Azərbaycana qayıtmış, sənayeləşmə illərində mühəndis-energetik kimi 15 il bir sıra elektrik stansiyalarının və Bakı tramvay xəttinin tikintisində çalışmışdır. İkinci dünya müharibəsi başlayanda fransız həyat yoldaşı Özbəkistana, Səmərqənd şəhərinə, Mustafayev özü isə Şimali Qazaxıstana sürgün edilmişdir. O, 1943-cü ilin noyabrında azad edilərək, Səmərqəndə gəlmiş, 1961-ci ilədək burada ixtisası üzrə işləmişdir. Bakıya qayıtdıqdan sonra Bakı Dövlət Universitetində və Sənaye İnstitutunda riyaziyyat və fransız dili fənlərindən dərs demişdir.

Nərimanbəyli Fərman bəy (1898, Şuşa şəhəri). Orta təhsil aldıqdan sonra 1920-ci ilin yanvarında AXC hökuməti onu Fransaya ali təhsil almağa göndərmişdir. Tuluza Universitetinin Energetika fakültəsini bitirdikdən sonra Azərbaycana dönmüşdür. İxtisasca energetik idi. Azərbaycan Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi işləmişdir. 1937-ci ildə həbs olunmuş və sürgünə göndərilmişdir. Sürgündən qayıtdıqdan sonra Mingəçevirdə yaşamış və işləmiş, 1977-ci ildə orada vəfat etmişdir

Fərman bəy Fransada oxuyarkən fransız qızı İrma Lyarude ilə ailə həyatı qurmuşdur. Azərbaycanın xalq rəssamları Toğrul və Vidadi Nərimanbəyovlar onun övladlarıdır.

Rzayev (Rzazadə) İskəndər Cabbarxan oğlu (1897, Tehran). 1907-ci ilin sentyabrında Bakı Realnı Məktəbinə qəbul edilmiş və 1914-cü ildə həmin məktəbi bitirmişdir. 1919-cu ilin sentyabr ayında İskəndər Rizayev rəsmi olaraq Azərbaycan vətəndaşlığı adını Parlament tərəfindən almışdır.

Bundan sonra 1920-ci ildə Fransaya yola düşmüşdür. Parisə gəlmiş Rzayev ali məktəbə qəbul olunmamışdan əvvəl Sobron Universitetində fransız dili məktəbini bitirmişdir.

1920-21-ci illərdə Nansi Ali Elektrotexnika İnstitunda oxumuş, sonra isə təhsilini Almaniyanın Damştadt Ali Texniki Məktəbində davam etdirmiş və bu ali məktəbi 1924-cü ildə mühəndis-elektrik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Almaniyada kamil mühəndis kimi tanınan Cümhuriyyət tələbəsi 1925-ci ilin sentyabr ayında vətənə qayıdır. İlk iş yeri "Azərneft" olmuşdu. Burada mühəndis-elektrik işlərinə rəhbərlik edir.

1927-ci ilin sentyabrından 1929-cu ilin avqustuna kimi Ümumittifaq Xalq Təsərrüfatı Şurasının Bakıdakı Elektrotikinti şöbəsinin müdir müavini vəzifəsində çalışır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın dəmir yollarının elektrikləşməsində bu Cümhuriyyət tələbəsinin böyük rolu olmuşdu.

İ.Rizayev elm aləmində bir sıra yeni kəşflər və axtarışların müəllifi kimi tanınır. Bu sahədə şöhrət qazanmış alim və pedaqoq, geniş dünyagörüşlü, bir neçə əcnəbi dili, o cümlədən, farscanı mükəmməl bilən ensiklopedik insan 1934-cü ilin fevralından 1937-ci ilədək SSRİ Elmlər Akademiyası Azərbaycan Filialında Energetika bölməsi rəhbərinin müavini olmuşdur.

1937-ci ildə isə ... 39 yaşlı Cümhuriyyət tələbəsi həbs olunur. Yeni il gecəsi - 1937-ci il dekabrın 31-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası onun barəsində güllələnmə qərarı çıxarır.

Şahnəzərov Əhməd Hacı oğlu (1899, Dağıstan). Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-22-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndə heyətinin məlumatında Əhməd Şahnəzərovun Nansi Universitetində 2-ci kursa keçdiyi göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Yusifzadə Ağəli Cəlal oğlu (1900, Şuşa şəhəri). 1916-cı il avqustun 17-də Şuşa Realnı Məktəbinə daxil olmuş, 1917-ci il aprelin 20-də oranı bitirmişdir. A.Yusifzadənin 1919-cu il avqustun 2-də yazdığı ərizədə göstərilir ki, o, həmin vaxt Azərbaycan Hökuməti İşlər İdarəsində kargüzar vəzifəsində işləmişdir. Əli Yusif kimi tanınan Yusifzadə Ağəli Cəlal oğlu həm də dövrü mətbuatda müntəzəm çap olunurdu. Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə A.Yusifzadə Fransaya ali təhsil almağa göndərilir və Paris Siyasi Elmlər Məktəbinin diplomatiya fakültəsinə daxil olur.

1922-ci ildə Fransada təhsilini əla qiymətlərlə başa vuran Əli Yusif artıq sadəcə bir yazar deyildi. O, Avropa təhsili görmüş diplomatik təhsil alan ilk azərbaycanlı gənc idi. Təbii ki, onun yüksək intellektual səviyyəsi, dünyagörüşü, biliyi təhsildən çox uzaq olan bəzi bolşeviklərin xoşuna gəlmirdi. Ona görə də ilk gündən adı qara siyahıya düşdü. 1927-ci ildə güllələnmə cəzasına məhkum edilmişdir. Amma nədənsə onu güllələməyib Solovkiyə sürgünə göndərirlər. Dəhşətli sürgün həyatı başa çatanda Əli Yusifi yenidən Daşkəndə sürgün edirlər. Burada 1937-ci ilin 18 avqustunda Əli Yusif güllələnməyə məhkum edilir və həmin gecə saat 3-də əmr yerinə yetirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin əvvəlində Qərbi Avropaya, xüsusən də Fransaya ali təhsil almağa göndərdiyi azərbaycanlıların həyatının sonrakı epizodlarının bir hissəsi belədir. Şübhəsiz, həmin tələbələrin siyahısı və onlar haqqında məlumatlar əlavə təhlil və dəqiqləşdirmə tələb edir. Ancaq bir şey mübahisəsizdir: XX əsrin əvvəllərində azərbaycanlı emiqrantların, o cümlədən, 1920-ci ildə Azərbaycanın işğalından sonra vətənə qayıtmaq istəməyən gənclərin xeyli hissəsi Fransada məskunlaşmışdır. 

Etiraf etmək lazımdır ki, Fransaya təhsil almağa göndərilən tələbələrin həyatının yalnız müəyyən mərhələsindən bəhs edən bu material gənc Azərbaycan Xalq Cümhuriyyətinin həyatında baş verən tarixi hadisələr haqqında tam həcmdə təsəvvür yaratmaq məqsədində deyil. Həmin dövrün keşməkeşləri barədə kifayət qədər yazılmışdır. Bizim məqsədimiz Azərbaycan Parlamentinin gənclərin xarici ali məktəblərə təhsil almağa göndərilməsi haqqında qəbul etdiyi qərarın 100 illiyi ərəfəsində onların xatirəsinə dərin hörmətimizi bir daha izhar etmək. Eləcə də savadlı mütəxəssislər kimi yetişmək, öz vətəninə xidmət etmək, onun çiçəklənməsi üçün çalışmaq kimi müqəddəs niyyətlə Avropanın ən yaxşı universitetlərinə yola çıxmış Azərbaycan gənclərini xatırlamaqdır.

Bununla əlaqədar yəqin ki, müvafiq orqanların bu mövzuda müvafiq tədbirlər görməsi məqsədəuyğun olardı. Belə tədbirlərin hazırlanmasında ictimai-siyasi tədbirlərlə yanaşı, müvafiq nazirliklərin və təhsil müəssisələrinin nümayəndələri və müəllim və tələbələr sırasından seçilmiş nümayəndə heyətinin həmvətənlərimizin vaxtilə təhsil aldıqları ali təhsil ocaqlarına səfərlərin təşkil olunması çox faydalı olardı. Əlamətdar tarix nəzərə alınmaqla, belə səfərləri Azərbaycan Xalq Cümhuriyyətinin azərbaycanlı gəncləri xaricə təhsil almağa göndərilməsi barədə qərarı əsasında onların Parisə gəlməsi şərəfinə 2020-ci ilin yanvar və fevral aylarında təşkil etmək olardı.

Şübhəsiz, belə səfərlər qarşıya qoyulan vəzifələrlə yanaşı, həmin dövrdə Avropaya təhsil almağa göndərilmiş gənclərin axtarılması, onlar haqqında daha dolğun məlumatlar əldə edilməsi işinə yeni impuls vermiş olardı. Üstəlik, birmənalı şəkildə demək lazımdır ki, onların həyatı və bu həyatın bir hhissəsi olan təhsil illəri Azərbaycan tarixinin ayrılmaz hissəsidir, eləcə də onların ali təhsil aldıqları ölkələrin tarixinin bir parçasıdır.

Nəzərdə tutulan tədbirlər sırasında AXC tarixində vacib və şərəfli səhifə olan bu əlamətdar tarixin şərəfinə onların xatirələrini əbədiləşdirmək üçün Bakıda abidə ucaltmaq, memorial lövhə qoymaq, xatirə nişanları buraxmaq barədə də düşünmək olardı. Azərbaycan Cümhuriyyəti tərəfindən ilk ali təhsil müəssisəsi kimi Bakı Dövlət Universitetinin təsis olmasını, azərbaycanlı gənclərin xarici dövlətlərin ali məktəblərinə təhsil almaq üçün göndərilməsi haqqında qanunların Parlamentin 1919-cu il sentyabrın 1-də keçirilən iclasında qəbul olunmasını nəzərə alaraq həmin abidəni BDU-nun ərazisində ucaltmaq yerinə düşərdi.   

Ölkəmizin və xarici ölkələrin müvafiq qurumları ilə razılaşdırmaqla AXC-nin xaricə göndərdiyi tələbələrin təhsil aldıqları ali təhsil ocaqlarında xatirə nişanlarının qoyulması barədə də düşünməyə dəyər.

Yekun olaraq yaxın keçmişimizin əlamətdar bir hadisəsini qeyd etmək istərdik. 1969-cu ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev respublikamızda hakimiyyətə gəldi. Tarixin sonrakı gedişi göstərdi ki, Heydər Əliyev hələ o dövrdə bugünkü müstəqil Azərbaycanı qurmaq barədə düşünürdü. Bunun üçün o, birinci növbədə Azərbaycan üçün güclü kadr potensialı hazırlamağa vacib hesab edirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə və birbaşa himayəsi altında 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdi ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

2007-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təhsil sistemində reallaşdırılan ən uğurlu proqramlardan biri olmuşdur. Bu Proqramın həyata keçirilməsi prosesində 350-dən artıq Azərbaycan vətəndaşı dünyanın ən nüfuzlu təhsil ocaqlarında, o cümlədən, Fransanın universitetlərində təhsillərini davam etdirmək imkanı əldə etdilər.