Paralel. - 2019.- 15 fevral. - ¹ 31. - S. 10.

 

Multikulturalizmin iflasa uğraması iddiaları, onun ksenofobiya ilə əvəzlənməsinə təkan verir

 

Azərbaycan multikulturalizm ideyalarının təbliği və təşviqi yolu ilə sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsinə çalışır

 

 Bəzi dövlətlərin multikulturalizmin iflasa uğraması barədə iddiaları, dünyada getdikcə dərinləşən sivilizasiyalararası toqquşmalar və ziddiyyətlər hər bir xalqın milli -mənəvi və dini dəyərlərinin qorunması zərurətini dövrün ən aktual problemlərindən biri kimi gündəmdə saxlayır. Bu iddia, həm də bəşər cəmiyyətinin minilliklər boyu yaşatdığı dinc -yanaşı yaşamaq kimi ali dəyərlərə kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlük kimi səciyyələnən ksenofobiya ilə əvəzlənməsinə təkan verir. Bu da son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük hallarının artmasına səbəb olur. Həyatımızın bütün sahələrində dövlətlərin, xalqların inteqrasiyasını şərtləndirən qloballaşma prosesi və onunla bağlı yaranan meyarlar, heç şübhəsiz ki, insan hüquqlarına da təsirsiz ötüşmür.

Dünyada baş verən qloballaşma prosesləri insan hüquqlarına yeni yanaşmalar tələb edir, lakin onların ümumi prinsiplərini dəyişdirmir. Əksinə, etnik-milli dözümlülüyün, habelə tolerantlıq və multikulturalizm kimi dəyərlərin bəşəriyyət üçün önəminin daha da artmasına rəvac verir. Bütün iddialara baxmayaraq, multikulturalizm bu gün fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amillərdən birinə çevirib. Məlumdur ki, multikulturalizm elmi ədəbiyyatda "çoxmədəniyyətlilik", yəni bir çox fərqli mədəniyyətləri özündə birləşdirən cəmiyyət kimi xarakterizə olunur. Bu səbəbdən də, multikulturalizm bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəlik dəyər kimi qəbul olunur. Buna görə də ekspertlər hesab edirlər ki, humanist nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm həm də tolerantlığı özündə ehtiva edir. Onlar hesab edirlər ki, multikultural cəmiyyət olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq kimi dəyərlərin inkişaf etdirilməsi müşkül məsələdir. Çünki multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun formalaşdırılmasında ən zəruri element kimi çıxış edir. Çünki digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini öyrənmədən onlara qarşı tolerant münasibət mümkün deyil. Bununla belə, multikulturalizmdən tam imtina etmədə, anlaşılmazlıqlara, ksenofobiyaya, milli və dini münaqişələrə səbəb ola bilər.

Buna görə də Azərbaycan dövləti bütün dünyada multikulturalizm ideyalarının təbliği və təşviqi yolu ilə sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsinə çalışır. Bu da məlum həqiqətdir ki, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna geniş imkan yaradıb. Tariximizin müxtəlif dönəmlərində bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, İslam və bir çox başqa dini inanclar ölkəmizdə o dərəcədə yayıla bilib ki, hətta bir-birlərinə qarşılıqlı təsir göstəriblər. Müxtəlif dinlərin və xalqların ölkəmizin ərazisində məskunlaşmalarını şərtləndirən ən əsas amillərdən biri də, Azərbaycan xalqının mentalitetindən irəli gələn tolerantlıq, dini, milli-irqi dözümlülük xüsusiyyətləridir. Məhz bunun nəticəsidir ki, yüzilliklər boyunca  Azərbaycanda bütün xalqlar vahid və mehriban bir ailə kimi yaşayıb, etnik və dini icmalar arasında dözümlülük əlaqələri formalaşıb, milli, irqi, dini ayrı-seçkiliyə yol verilməyib, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində öz inanclarını, mədəniyyətlərin və özünəməxsusluqlarını qoruya biliblər.

Dünyada multikulturalizmin iflasa uğraması iddiasına münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında deyib:"Biz sivilizasiyalararası dialoqdan söhbət açırıq. Amma eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir".

Prezident İlham Əliyevin bu ibrətamiz fikirlərindən çıxış edərək demək lazımdır ki, ümumiyyətlə, son illər sivilizasiyalararası dialoq mövzusu ilə bağlı beynəlxalq məkanda aparılan fəal diskussiyalar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslar, simpoziumlar XXI əsrdə sivilizasiyalararası dialoq ideyasının nə qədər mühüm aktuallıq kəsb etdiyini açıq şəkildə ortaya qoyur. Çünki, Prezident İlham Əliyevin də dediyi kimi, multikulturalizmin əksi sivilizasiyalar arasında savaş, bu isə dünyamızın sonu deməkdir. Buna görə də, son zamanlar bu məsələ BMT, UNESCO və digər beynəlxalq təşkilatlar, habelə bir çox dövlət başçıları tərəfindən dəfələrlə gündəmə gətirilib, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsi zərurəti xüsusi vurğulanıb, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı zənginləşməsi üçün millətlər və dövlətlərarası dialoqun vacibliyini  etiraf edilib. Onlar həmçinin xüsusi olaraq vurğulayıblar ki, bu gün bəşəriyyət qarşısında həlli vacib ən mühüm məsələ Şərq və Qərb, eləcə də İslam və xristian sivilizasiyaları arasında dialoq mühiti yaratmaq, onlara aid mütərəqqi dəyərlərin qarşılıqlı mübadiləsini təmin etməkdir. Bu baxımdan, Azərbaycan Respublikasının bu sahədəki təcrübəsi bütün dünyaya nümunə ola bilər.

Onu da diqqətinizə çatdıraq ki, 1948-ci il 10 dekabr tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamədə xüsusi qeyd olunub: "İnsan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir". Bu baxımdan BMT-nin 1981-ci il tarixli "Dözümsüzlüyün və din və ya əqidəyə əsaslanan ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Bəyannaməsi və UNESCO çərçivəsində 1995-ci ildə qəbul olunan "Dözümlülüyün prinsipləri haqqında" Bəyannaməsini xüsusi qeyd etmək yerinə düşər. Gördüyünüz kimi, dövlətlər və millətlər arasında multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi üçün hüquqi və qanuni baza, eləcə də beynəlxalq təşkilatların mövqeyi var. Lakin dünyanın güc mərkəzlərinin məsələyə ikili standartlar və multikulturalizmin iflasa uğraması mövqeyindən yanaşmaları səbəbindən problem öz həllini tapa bilmir.

Bunun tam əksinə olaraq, son 25 ildə ölkəmizdə vicdan azadlığının təminatı istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti, bununla bağlı yaradılan hüquqi təminatlar Azərbaycanı dünyada multikultural məkan kimi tanıdib. Azərbaycan Konstitusiyası özünün demokratik mahiyyəti ilə cəmiyyət həyatının bütün sahələrində multikulturalizm düşüncəsini təsbit və təşviq edir ki, bu da dünyada müsbət qəbul olunur. Çünki ictimai münasibətlər sisteminin sivil şəkildə tənzimlənməsi ilk növbədə insanların əks mədəniyyətlərə dözümlülük səviyyəsindən asılıdır. Ölkəmizdə bu səviyyə elə bir həddədir ki, bir çoxları hətta gözləri ilə gördükdə belə, ona inana bilmirlər. Son illər bir sıra iqtisadi, siyasi, humanitar və beynəlxalq tədbirlərin məhz, ölkəmizin paytaxtında keçirilməsi bir çox nüfuzlu dövlət və din xadimlərinə ölkəmizdə mövcud olan reallıqlarla tanış olmaq imkanı qazandırıb. Bu insanlar da etiraf edirlər ki, Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzinə çevirib.

Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin əsas uğuru ondadır ki, onun əsası Azərbaycan xalqının xilaskar oğlu, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu Öndərimiz hələ 1998-ci ilin dekabrında Bakı şəhərində keçirilən "İslam sivilizasiyası Qafqazda" mövzusundakı beynəlxalq simpoziumun açılış mərasimində söylədiyi nitqində din azadlığının müdafiəsi kontekstində dözümlülüyün təmin edilməsinin vacibliyinə toxunmuşdu: "...Azərbaycanda İslam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən əlavə, münaqişə, müharibə yolverilməzdir. Hər halda, XX əsrin sonunda və XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır".

Prezident İlham Əliyevin multikulturalizmin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər də, Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin davamıdır.

Müasir dünyamız da bəşəriyyətdə sülhə və əmin-amanlığa nail rolmaq istəyirsə, bu siyasəti qəbul etməlidir.

 

 “Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub