Paralel. - 2019.- 13 fevral. - ¹ 29. - S. 10.

 

Etnik mədəniyyətlərin qorunması multikulturalizmin və tolerantlığın inkişafına təkan verir

 

Azərbaycan bu gün öz milli-etnik tərkibi ilə dünyanın ən nadir özünəməxsus mədəni cəmiyyətlərindən biridir

 

 Dünyada multikulturalizmin inkişaf etdirilməsinin ən mühüm şərtlərindən biri də, etnik mədəni müxtəlifliyin inkişaf etdirilməsidir. Etnik mədəni müxtəliflik dedikdə, biz ilk növbədə hər hansı bir dövlətin ərazisində məskunlaşan azsaylı xalqların, etnik qrupların və etnosların mədəniyyətinin inkişaf etdirilməsini nəzərdə tuturuq. Bu mədəniyyətlərin qorunması və inkişaf etdirilməsi də, öz növbəsində həmin ölkədə multikulturalizmin və tolerantlığın inkişafına təkan verir. Onu da qeyd edək ki, mədəniyyətin özünü də şərtləndirən əsas amillərdən biri - mədəni müxtəliflik və açıqlıqdır. Bu açıqlıq da etnik, milli və ümumbəşəri miqyasda mədəni ünsiyyət və inteqrasiyanı təmin edir. Multikulturalizmin inkişafına mədəniyyətin təsiri və funksiyaları müxtəlif sivilizasiya tiplərində müxtəlif cür özünü göstərir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyər özünəməxsusluğunun fərqliliyindən irəli gəlir.

Dahi alman mütəfəkkiri İ.Herder özünün, "Bəşəriyyətin tarix fəlsəfəsinə dair ideyalar" əsərində bəşər cəmiyyətinin formalaşmasında mədəniyyəti ən mühüm faktor kimi qeyd edib. İ.Herderin fikrincə, məhz dində, dildə, sənətdə, elmdə təcəssümünü tapan mədəniyyət hər bir cəmiyyətin bənzərsizliyini, özünəməxsusluğunu şərtləndirir.

Bu baxımdan ölkəmizdə mövcud olan onlarla azsaylı xalqların özünəməxsus mədəniyyətləri də, ümumazərbaycan mədəniyyətini formalaşdıran əsas amillərdən biridir. Bu müxətliflik milli və ümumbəşəri səviyyələrə yüksəldikcə daha sabit, dayanıqlı və möhkəm olur.

Azərbaycanın tanınmış alimi, professor Pəbiyyət Aslanova özünün "Qloballaşma və mədəni müxtəliflik" monoqrafiyasında qeyd edir ki, mədəniyyətin strukturundakı hər bir komponent - mifologiya, elm, din, ədəbiyyat və s. - bu sistemin həlqələrini, eləcə də etnik-milli-ümumbəşəri səviyyə müstəvilərini təşkil edir.

Tanınmış filosof M.S.Kaqan isə öz araşdırmalarına əsaslanaraq qeyd edir ki, mədəniyyəti yalnız öyrənmək deyil, həm də başqa mədəniyyətlərin mövcud olması kimi təbii tarixi fakt olaraq qəbul etmək lazımdır.

Bu mənada, Ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarını bir araya gətirmək, ölkəmizdə multikulturalizmi və tolerintlığı daha da möhkəmləndirmək məqsədi ilə irəli sürdüyü azərbaycançılıq ideologiyasının da əzəməti bu müqəddəs diyarı öz Vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətində özünü göstərir. Bu güc ölkəmizdə yaşayan bütün azsaylı xalqların və etinik qrupların güvənc yeri olması səbəbindən narahatlıq keçirənlər də yox deyillər. Onların bütün səylərini puça çıxaracaq güc də ölkəmizdə məskunlaşan bütün xalqların birliyində, vəhdətindədir. Məlumdur ki, Azərbaycan ta qədim zamanlardan ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Onların Azərbaycan dövlətinə, tarixinə və coğrafiyasına sadiqliyi və bu mənsubluqdan qürür duymaları da, bünövrədən bütün dünyaya açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən qaynaqlanır.

Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, xalqımızın tarixi kökləri taleyin hökmü ilə bütün dünyaya səpələnmiş ümumtürk etnosuna gedib çıxır. Azərbaycanın yerləşdiyi coğrafi məkan Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, eləcə də, əksinə keçid etməsində mühüm rol oynayıb və bu gün də həmin missiyanı davam etdirir. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürüb və Ulu Öndərin uzaqgörəniliyin özündə təcəssüm etdirir. Bu da tarixi faktdır ki, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geopolitik və mədəni məkanda yerləşir. Bunun dünyanın bir çox görkəmli alimləri də etiraf ediblər. Məsələn görkəmli rus alimi Y.A.Jdanov özünün "Avrasiyanın günəş çələngi" əsərində yazır: "Planetdə başqa elə bir bölgə yoxdur ki, buradakı kimi onlarla xalq çox uzun müddətə və birlikdə yaşamış olsun. Bu füsunkar çoxçalarlıq bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər. Yəqin buna görədir ki, bu ölkənin ictimai elmi fikri millətlərarası münasibətlər, əməkdaşlıq və qarşılıqlı anlaşma probleminə dünyanın diqqətini bu qədər cəmləşdirməyə çalışır. Azərbaycanın tarixi təcrübəsi bu baxımından dəyərli və nümunəvidir."

Onu da qeyd etmək lazımdır ki, azərbaycançılıq ideyası etnik-milli və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxətlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə tam cavab verir.

Yüzilliklər boyu ölkəmizdə bir ailə kimi vahid tarixi tale, genetik-etnik yaddaş və münasibətlərin daşıyıcısı olan: talışlar, ləzgilər, avarlar, kürdlər, tatlar və başqaları özlərini azərbaycanlı adlandırırlarsa, bu ölkəmizdə onlara göstərilən münasibətin nəticəsidir. Bu xalqların mənəvi yaddaşı tarix boyu zərdüştlükdən başlayaraq dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə daim zənginləşib, inkişaf edib. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini özündə əks etdirir. Bu gün ölkəmizdə bu vəhdəti qoruyan dövlətimizin azsaylı xalqların öz mədəniyyətlərini, adət və ənənlərini din və dillərini qorumaq üçün yaratdığı şərait və qəbul etdiyi qanunlardır.

Bu qanunlar təminat verir ki, ölkəmizin ərazisində yaşayan milli azlıqlar hər cür təşkilat yarada bilərlər (mlli, yerli və beynəlxalq səviyyələrdə). Azsaylı xalqlar da dövlətin təminat verdiyi bu imkanlardan istifadə edərək, öz mədəniyyətlərini, məişətlərini, adət -ənənələrini yaşatmaq məqsədi ilə müxtəlif təşkilatlar, mədəniyyət mərkəzləri yaradaraq fəaliyyət göstərirlər. Bu təşkilatların fəaliyyəti cəmiyyətin demokratikləşməsinə xidmət edir.

Azərbaycanda azlıqların təşkilataları arasındakı münasibətlər qanunla tənzimlənir.

 Bir sözlə, Azərbaycan bu gün öz milli-etnik tərkibi ilə dünyanın ən nadir, özünəməxsus və mədəni cəmiyyətlərdən biridir.

Hazırda Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz dillərindən sərbəst istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradaraq fəaliyyət göstərmək imkanlarına malikdirlər. Onların arasında Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, Tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyəti, Məhsəti Türklərinin "Vətən" Cəmiyyəti və s. öz fəallıqları ilə seçilirlər.

Bu gün respubilkamızda yaşayan milli azlıq və etnik qurupların mədəniyyətinin qorunması və inkişafı ilə bağlı konkret iş aparılır. Milli azlıqların mədəniyyətini, incəsənətini qorumaq, onu daha da inkişaf etdirmək, təbliğ etdirmək, qoruyub yaşatmaq məqsədilə Mədəniyyət Nazirliyi tədbirlər planı hazırlayıb həyata keçirir. Bu proqrama uyğun olaraq xalq kollektivi bazası əsasında Qusarda Ləzgi Dövlət Dram Teatrı, Qaxda Dövlət Kukla Teatrı açılıb. Həmin teatrların maddi-texniki bazası möhkəmləndirilib.

Azsaylı xalqlara mədəni xidməti aparmaq üçün respubilkamızda fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin milli azlıqların məskunlaşdığı Balakən, Qax, Zaqatala, Lənkaran, Astara, Lerik, Cəlilabad, Qusar, Quba, Xaçmaz, rayonlarına qarşılıqlı qastrollar təşkil olunur.

Şeyx Şamilin Balakəndə keçirilən yubileyi tədbirində avar xalqının etnoqrafiyasını, incəsənətini əks etdirən sərgi nümayiş olunub.

Milli azlıqların bədii kollektivlərinə diqqət və qayğı Mədəniyyət Nazirliyinin fəaliyyətində xüsusi yer tutur. Bir çox kollektivlər zaman-zaman nazirlik tərəfindən geyim, müsiqi alətləri və texniki vasitələrlə təchiz olunublar.

Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, həmçinin tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə 2008-ci ilin oktyabrın 8-dən 9-na kimi "Azərbaycan doğma diyar" devizi altında ilk Azsaylı Xalqların 2-ci Respublika İncəsənəti Festivalı keçirilib. Festival işinə "Milli azlıqların irsinin qorunması" adlı Dəyirmi masa ilə başlayıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Azərbaycanın tolerant ölkə olduğunu, ölkəmizdə yaşayan azsaylı xalqlar və etink qruplar arasında heç bir ayrı-seçkiliyə yol verilmədiyini, onların maddi və mənəvi sərvətlərinin qorunması üçün bütün imkanların yaradıldığını, dövlətimiz azsaylı xalqlara hər zaman yüksək diqqət və qayğı göstərdiyini xüsusi qeyd edib.

Konfransda həmçinin qeyd olunub ki, ölkəmizdə məskunlaşan azsaylı xalqların etnik qrupların malik olduğu bütün irs xalqımızın mili sərvətidir. Respublikamızda keçirilən bütün mədəni tədbirlərdə azsaylı xalqların yaradıcı kollektivlərinin yaxından iştirak etməsi də, bu faktı təsdiq edir.

Tədbirdə çıxış edən azsaylı xalqların icma başçıları və nümayəndələri də Azərbaycan dövlətinin onlara göstərdiyi diqqətdən məmnunluqlarını bildirərək, qeyd ediblər ki, bu kimi festivalların keçirilməsi ümumilikdə Azərbaycan mədəniyyətinin inkişafında əhəmiyyətli dönüş yarada bilər. Dəyirmi masada azsaylı xalqların mədəniyyət nümunələri və folklorunun təbliğ olunması, həmçinin yaradıcılıqlarının araşdırılması və lüğətlərin çapı kimi məsələlər də, müzakirə mövzuları arasında vacib yer tutub.

 

 “Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub