Paralel. - 2019.- 12 fevral. - ¹ 28. - S. 10.

 

Ölkəmizdə dini maarifləndirmə tədbirləri kompleks həyata keçirilir - daha həssas qrup kimi gənclərə xüsusi diqqət ayrılır

 

Din xadimlərimiz ölkəmizin ictimai həyatında fəallıq göstərir, dövlətimizin daha da qüdrətlənməsi üçün səylərini əsirgəmirlər

 

 Qloballaşan dünyamızda baş verən gərgin hadisələrin fonunda, multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsinin ən mükəmməl yolu dini və milli maarifləndirmədən keçir. Hələ qədim zamanlardan savadsız, xurafatçı insanların daha radikal və dözümsüz olduqları artıq tam təsdiqlənmiş faktdır və onu inkar etmək mümkün deyil. 

Bu gün də, bu və ya digər cəmiyyətlərdə, toplumlarda radikalizmi və separatizmi yaymaq və inkişaf etdirmək üçün məhz, belə insan qruplarından istifadə olunur. Bu baxımdan, cəmiyyəti həmin qrupların təsirindən qorumaq üçün radikal tədbirlərdən, hüquq-mühafizə orqanlarının gücündən yox, maarifləndirmə yolundan istifadə etmək daha böyük səmərə verə bilər.

Bu gün ölkəmizdə radikalizm, separatizm, dini və milli dözümsüzlük kimi hallara qarşı ciddi işlər görülür, bu cür halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir ki, onların da arasında maarifləndirmə əsas yer tutur.

Çünki bütün görülən işlərə baxmayaraq, Azərbaycanın uğurlu inkişafına qısqanclıqla yanaşan müəyyən dairələr müxtəlif vasitələrlə ölkəmizdə sabitliyi pozmağa çalışırlar. Bu prosesdə isə ilk növbədə milli- mənəvi dəyərlərimiz, dini sabitlik hədəfə alınır. Buna görə də, belə halların qarşısının alınması ücün insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsi vacibdir.

Məlumdur ki, ölkəmizdə multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi,  eyni zamanda, xurafata, radikal millətçiliyə, separatizmə və radiklizmə qarşı mübarizə işində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirləri əsas yer tutur. Onu da qeyd etmək lazımdır ki, bu maarifləndirmə tədbirləri təkcə dinlə bağlı deyil. Ölkəmizdə insanların qarşısına çıxan problemlər həyatımızın bir çox digər sahələrini də əhatə etdiyindən, maarifləndirmə işləri də kompleks həyata keçirilir və daha həssas qrup kimi gənclərə xüsusi diqqət ayrılır. Görülən maarifləndirmə işlərinin səmərəsini və effektini artırmaq məqsədilə Dövlət Komitəsi bir çox dövlət qurumları ilə əməkdaşlıq edir və həmin tədbirlərdə  müzakirə olunan mövzular çox geniş bir spektri əhatə edir.

Diqqət edirsinizsə, son dövrlərdə dini maarifləndirmə işi həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə keçib. Proses təkcə Bakı və ətraf qəsəbələri deyil, həm də digər şəhərləri, eləcə də regionları və kəndləri  əhatə edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi maarifləndirmə işinin bütün respublikanı əhatə etməsi üçün yerli icra hakimiyyətləri və digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir, prosesə ekspertləri, ziyalıları, elm xadimlərini cəlb edir, eləcə də, sosial şəbəkələrin imkanlarından istifadə etməklə tədbirlərin effektivliyini artırmağa çalışır. Maarifləndirmə tədbirləri isə seminar, treninqlər, konfranslar, dəyirmi masalar, diskussiyalar və film nümayişləri şəklində gercəkləşdirilir.

Onu da qeyd etmək vacibdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu da, maarifləndirmə tədbirlərinin keçirilməsində fəal iştirak edir. Fond vasitəsilə çəkilən bir neçə uğurlu filmi diqqətinizə çatdırmaq istəyirik. Radikalizmin mənfi cəhətlərinə qarşı çəkilən "Şəhadət" və "Fitnə" filmləri, xurafata qarşı yönələn "Oxu!" filmi, Azərbaycanda İslam məzhəblərinin tarixən bir yerdə yaşamasının bariz nümunələrini özündə əks etdirən "Vəhdət qanımızdadır" kimi filmlər, sözün həqiqi mənasında gənclərin, məktəblilərin maariflənməsi və günümüzün həqiqətlərini olduğu kimi qəbul etmələri baxımında çox mühüm işlərdir.

Əgər biz insanlar arasında maarifləndirmə, təbliğat və təşviqatın vacibliyindən danışırıqsa, heç şübhəsiz ki, burada çap materiallarının hazırlanmasının da çox vacib yer tutduğunu qeyd etməliyik. Dövlət  Komitəsinin mətbu orqanları olan "Dövlət və din" ictimai fikir toplusunun və "Cəmiyyət və din" qəzetinin pulsuz yayımlanması, bu baxımdan təqdirəlayiq haldır. Komitə bu günə kimi yüz adda, ümumi tirajı bəlkə də 100 mindən çox olan dini ədəbiyyatın nəşrinə dəstək verib.

Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də, sosial şəbəkələr vasitəsilə maarifləndirmədir. Bu yöndə könüllü şəkildə qruplar formalaşdırılıb ki, bu qrupların səhifələri vasitəsilə geniş maarifləndirmə işi aparılır. Eləcə də, sosial şəbəkələrdə Komitə rəhbərliyinin və əməkdaşlarının da səhifələri yaradılıb ki, maraqlanan hər bir şəxs oradan istədiyi suala cavab tapa bilər.

Bütün bu işlərin nəticəsidir ki, bu gün ölkəmizdə istər dövlət-din, istərsə də dini konfessiyalar və icmalar arasındakı münasibətlər ən yüksə səviyyədədir.

 Dini maarifləndirmənin nəticələrini də, ölkəmizdə dini durumun vəziyyətinə görə qiymətləndirmək olar. Əgər biz dini maarifləndirmə tədbirlərinin əvvəlki illərlə müqayisədə təhlilini aparsaq görərik ki, bu gün cəmiyyətdə dini radikalizmin, separatizmin, dözümsüzlüyün törədə biləcəyi faciələrdən xəbərsiz bir insan yoxdur. Ötən dövrlərdə cəmiyyətdə dini radikalizmlə bağlı məlumatlar, demək olar ki, yox səviyyəsində idi. Bu gün isə insanlar dini radikalizmin nə olduğunu çox yaxşı bilirlər. Yəni dini maarifləndirmə işlərinin səmərəsi göz qabağındadır. Dövlət Komitəsi bu yolla dini radikalizmə qarşı cəmiyyətdə mənəvi immuniteti formalaşdıra bilib. Bunu da nəticəsində ölkəmizdə zərərli saydığımız dini təriqətlər və cərəyanların fəaliyyəti yox dərəcəsinə düşüb.

Bu gün isə Komitənin qarşısında duran əsas hədəflərdən biri, din sahəsində milli kadrların hazırlanmasıdır. Çünki radikalizmlə mübarizədə ən effektli vasitələrdən biri də milli kadrlardır. Bunun diqqətə alan dövlətimizin başçısı, Prezident İlham Əliyevin qərarı ilə Komitənin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. İnstitutun yaradılmasının artıq bir ili tamam olub və tam fəaliyyət göstərir. Ümid edirik ki, bu institutun yaradılması ilə dini kadrların hazırlanması problemi öz həllini tapacaq və din sahəsində təhsil almaq istəyən gənclərimizin xaricə getməyə ehtiyacları qalmayacaq. Ən əsası odur ki, İlahiyyat İnstitutunda təhsil pulsuzdur və burada bütün tələbələrə təqaüd verilir, ehtiyacı olanlar isə yataqxana ilə təmin olunurlar.

Prezident İlham Əliyevin Sərəncamı ilə respublikamızda din xadimlərinə  maddi və mənəvi dəstəyin göstərilməsi də, bu instituta marağı artırıb.

Dövlətin din xadimlərinə maddi dəstək göstərməsi həm də ona görə vacibdir ki, bu sahədə mövcud olan boşluqları doldurmağa çalışan kənar qüvvələrin qarşısı alınsın. Məhz, belə halların qarşısının alınması məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə din xadimlərinə maddi dəstək göstərilir.

Bildiyiniz kimi, ölkəmizə qarşı öz məkrli planlarını gerçəkləşdirməyə çalışan antiazərbaycançı mərkəzlərin əsas məqsədlərindən biri də gənclərimizi milli-mənəvi dəyərlərimizdən uzaqlaşdırmaqdır. Prezidentin dindarlara göstərdiyi diqqət, maddi və mənəvi dəstək həm də dindarlarımızı həmin qüvvələrə qarşı mübarizə aparmağa ruhlandırır, onlara stimul verir.

Bu yolla həm də, həmin qüvvələrin Azərbaycan gənclərini özlərinin çirkin məqsədlərinə cəlb etməsinin qarşısı alınır. Eyni zamanda, gənclərimizin milli-mənəvi dəyərlərimizdən, milli maraqlarımızdan uzaqlaşdırılması cəhdlərinin qarşısına sədd çəkilir. Son bir neçə ildə Azərbaycan gənclərinin belə cəhdlərə adekvat reaksiyası göz qabağındadır, onların istər sosial şəbəkələrdə, istərsə də mənəvi dəyərlərimizlə bağlı nümayiş etdirdiyi mövqeləri onu deməyə əsas verir ki, radikallara aramızda yer yoxdur və onların bütün cəhdləri nəticəsiz qalacaq. Çünki Azərbaycan gəncliyi milli-mənəvi və dini dəyərlərimizə sadiqliyi baxımından mövcud vəziyyəti adekvat qiymətləndirməyi bacarır və buna tam hazırdır.

Ölkəmizdə aparılan dini maarifləndirmə işində fəallıq göstərən digər bir qurum isə Qafqaz Müsəlmanları İdarəsidir. Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, Şeyxülislam Allahşükür Paşazadənin tapşırığına əsasən regionlarda din xadimləri ilə görüşlər keçirir, qazı və səlahiyyətli nümayəndələrin hesabatlarını dinləyir, bölgələrdə fəaliyyət göstərən imamların problemlərini öyrənir, onların həlli istiqamətində tədbirlər görürlər.

Belə görüşlərdə bölgə dindarları Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması sahəsində gördüyü işləri, məscid və ziyarətgahlarımızın təmir-bərpa edilərək yenidən inanclı insanların ixtiyarına verilməsi ilə bağlı həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirirlər.

Eyni zamanda, bölgə dindarları da ölkənin ictimai həyatında fəal iştirak edir, rəsmi bayramları və dini baxımdan əhəmiyyətli tarixi hadisələri icmalarda geniş qeyd etməklə, ölkəmizdə mövcud olan multikultural və tolerant mühitin daha da möhkəmlənməsinə töhfə verirlər. Bölgələrdə həyata keçirilən maarifləndirmə tədbirlərində gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır, bununla bağlı müxtəlif tədbirlər, müzakirələr aparılır. Gənclər də öz növbəsində bölgədəki qədim məscidlərin, dini abidələrin təbliği və tanıdılması istiqamətində sosial şəbəkələrdə kampaniyalar aparmaqla maarifləndirmə işində QMİ-yə dəstək olurlar. Bir sıra bölgə məscidlərində Quran kurslarının açılması dini maarifləndirmə baxımından insanların diqqətini cəlb edir, onların da dinin əsasları ilə əyani tanış olmaq imkanları yaranır.

Qeyd etmək lazımdır ki, din xadimlərimiz də müstəqil dövlətimizin vətəndaşları olaraq ölkəmizin ictimai həyatında daim fəallıq göstərir, sabitlik və inkişafın davamlı olması, dövlətimizin daha da qüdrətlənməsi üçün səylərini əsirgəmirlər. Din xadimlərimiz öz moizə və xütbələrində vətəndaş həmrəyliyi, milli birlik və vəhdətlə bağlı mövzulara diqqət ayırır, gənclərimizin radikal qruplara meyllənmələrinin qarşısını almaq istiqamətində mühüm işlər görürlər.

 

“Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub