Paralel. - 2019.- 8 yanvar. - ¹ 3. - S. 10.
Azərbaycanda dünyaya nümunə ola biləcək multikultural mühit formalaşıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə, yarana biləcək mənfi halların qarşısını almağa çalışır
Azərbaycan Respublikası çoxmillətli və çoxkonfessiyalı bir ölkədir və respublikamızda milli siyasət müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında həyata keçirilir. Bu isə dünyada mövcud olan dini və milli ziddiyyətlər fonunda heç də asan məsələ deyil. Bunun üçün elə tolerant və multikultural mühit formalaşdırmaq lazımdır ki, ölkədə siyasi və sosial sabitliyi qorumaq mümkün olsun. Siyasi və sosial sabitliyin bərqərar olduğu bir məkanda, dini və milli dözümlülüyə nail olmaq üçün ilk növbədə mütərəqqi qanunların qəbul olunması əsas şərtlərdən biridir. Azərbaycanda bu şərtlərin tam yerinə yetirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə dünyaya nümunə ola biləcək bir multikultural mühit formalaşıb.
Belə ki, Azərbaycan Respublikasının Əsas Qanunu - Konstitusiyanın 25-ci maddəsinin III bəndinə görə "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir". Eyni zamanda, "İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Bu da o deməkdir ki, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara sahibdir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 3-cü maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabərdir. "Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir".
Eyni zamanda, qanunda göstərilir ki, Azərbaycan Respublikasında heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərinə və ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik göstərmək, hətta, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə edilməsi qanunla məhdudlaşdırılır, bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qrup cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır.
Ölkəmizdə dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində müstəqillik əldə edildikdən keçən son illər ərzində dövlət çox mühüm və ciddi işlər görüb. Belə ki, 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər olunub. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir".
Bütün bu qanunların həyata keçirilməsi, qəbul olunan qanunların tətbiqi, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində islahatların həyata keçirilməsi çox vacib idi və Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu sahədə böyuk islahatlara start verildi. Belə ki, Ulu Öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranması öz təsdiqini tapdı. Ümummilli Liderin təşəbbüsü ilə yaradılan Dövlət Komitəsinin qarşısına qoyulan əsas vəzifələr Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarət oldu.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün də, ölkədə dini durumda gərginliyin yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti həyata keçirir, eyni zamanda müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə, yarana biləcək mənfi halların qarşısını almağa çalışır.
Onu da qeyd etmək lazımdır ki, Ulu Öndərin müvafiq fərmanından bir qədər sonra- 2002-ci il oktyabr ayının 10-11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə Bakıda "Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ATƏT-ə üzv olan 55 dövlət, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, Dövlət Komitəsi dini məsələlərə dair müxtəlif seminar, dəyirmi masalar təşkil edir, ölkəmizdə mövcud olan dini icmaların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir. Bu tədbir və görüşlərin müsbət nəticəsidir ki, bu gün ölkəmizdə din və milli sabitlik hökm sürür, multikultural və tolerant mühit bərqərar olub.
Ölkəmizdə yüksək tolerantlıq nümayiş etdirildiyi və burada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi ölkəmizə səfər edən müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən dəfələrlə bəyan edilib.
2006-cı il fevral ayının 28-dən mart ayının 5-dək ölkəmizdə səfərdə olan BMT-nin İnsan Hüquqları Komissiyasının Din və əqidə azadlığı üzrə Xüsusi Məruzəçisi Əsma Cahangir cəmiyyətdə mövcud olan dözümlülük səviyyəsinin xoş təəssürat yaratdığını bildirib. Xüsusi Məruzəçi ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qəbulunda olub. O həmçinin, bir sıra rəsmi şəxslərlə görüşlər keçirib. BMT nümayəndəsi 1 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib, orada məhbuslarla görüşüb. Xüsusi Məruzəçi Naxçıvan və Gəncə şəhərlərinə səfər edib, Bərdədə qaçqın və məcburi köçkün düşərgəsində olub.
Məlumdur ki, 1999-cu ildən etibarən, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda tolerantlıq günü (16 noyabr) xüsusilə qeyd olunur. 2006-cı ildə də tolerantlıq günü ilə əlaqədar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və yəhudi dini icması ilə birgə "Tolerantlıq örnəyi- Azərbaycan" mövzusunda dəyirmi masa təşkil edib. Dəyirmi masa iştirakçıları ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən, dövlətimizin bu sahədə gördüyü işlərdən geniş söz açıblar. Bu kimi tədbirlərin ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olması barədə həqiqətlərin dünyaya yayılması istiqamətində ölkəmizin müxtəlif dövlətlərdə akkreditə olunan səfirlikləri də böyük işlər görürlər. 2008-ci il iyun ayının 3-də Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin Almaniyanın Konrad Adenauer və Almaniya-Azərbaycan Forumu ilə birgə əməkdaşlığı ilə Berlində Azərbaycanda dini tolerantlığa həsr edilən tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycan multikulturalizminin təbliği, ölkəmizdə mövcud olan dini və milli tolerantlığı Almaniya ictimaiyyətinə çatdırmaq olub.
Ölkəmizdə dini tolerantlığın və multikulturalizmin qorunması və inkişaf etdirilməsi istiqamətində fəal fəaliyyət göstərən qurumlardan biri olan Qafqaz Müsəlmanları İdarəsi keçən ilin sonunda Qazılar Şurasının üzvləri və İdarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısını keçirib.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak ediblər. İl ərzində görülən işlərin hesabatı xarakteri daşıyan tədbiri giriş sözü ilə açan QMİ sədrinin birinci müavini Müfti Salman Musayev cari və gündəmdə olan məsələlərlə bağlı fikirlərini açıqlayıb.O il ərzində görülən işlər barədə məlumat verib, aparılan dini maarifçilik fəaliyyəti, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə bərabər ölkədə və xaricdə keçirilən müştərək tədbirlərin nəticələri barədə məlumat verib. Vurgulayıb ki, il ərzində çap olunan moizələr kitabı, hər iki məzhəbə aid vahid təqvimin hazırlanması və ona riayət edilməsi istiqamətində birgə tədbirlər, bölgələrdəki qazılara QMİ tərəfindən kompüterlərin paylanması, moizələrin mütəmadi şəkildə elektron poçt vasitəsilə çatdırılması və digər bu kimi işlər təqdirəlayiqdir və bu yöndə fəaliyyət davam etdirilməlidir.
Tədbirdə cəmiyyəti narahat edən bir sıra digər məsələlər də geniş müzakirə olunub.
“Paralel”in Araşdırma Qrupu