Xalq qəzeti. - 2019.- 5 fevral. - ¹ 28. - S. 1.

 

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

Qafqaz Xalqları Ali Dini Şurasının və bölgə dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə – Azərbaycan xalqının ləyaqətli oğluna və dünyanın tanınmış siyasi xadiminə salamlarımızı və təşəkkürlərimizi ünvanlamaqdan qürur duyuruq. Bu təşəkkür borcumuz Zati-alinizin şəxsi yardımı sayəsində yenidən bərpa olunmuş Vladiqafqaz Cümə məscidi dindarları, bütün Osetiya-Alaniya xalqının son günlərdə yaşadığı böyük sevinc və minnətdarlığın təzahürüdür. Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin müraciətinə olan yüksək diqqəti, Sizin milli-mədəni dəyərlərə verdiyiniz önəmi, yalnız Azərbaycanda deyil, dünyanın bir çox nöqtələrində ümumbəşəri, dini-mənəvi irsə qayğı və himayənizi yüksək qiymətləndirir, bununla bağlı bölgə dindarlarının ümumi minnətdarlıqlarını Zati-alinizə yetirmək məsuliyyətindən şərəf hissi ­keçiririk.

Zati-aliləri, Sizin multikulturalizm ideyasının fəal təbliğinə xidmət edən, qlobal miqyasda dəyər kəsb edən humanitar təşəbbüsləriniz bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə Azərbaycan Prezidenti bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir, Beynəlxalq humanitar forumlar, Mədəniyyətlərarası dialoq forumları keçirərək Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir. Uca Allahın bəyəndiyi multikultural həyat tərzini yaşayan və təbliğ edən cəmiyyətin o bir olan Yaradanımızın nəzərində dəyəri yüksəkdir.

Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsi, multikultural, milli, dini tolerantlıq ənənələri müdrik siyasət nümunəsi kimi təkcə Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə örnək olaraq dəyərləndirilir. Bu siyasətin təməli Qafqaz xalqlarının mənəvi lideri, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-alinizin səyləri ilə uğurla davam etdirilir.

Zati-aliləri, Sizin maddi-mənəvi yardımınız sayəsində yenidən bərpa edilən 110 illik tarixə malik Vladiqafqaz məscidi təkcə Şimali Osetiya-Alaniya Respublikasının deyil, bütün Qafqazda İslam mədəni irsinin əsas simvollarından biri hesab edilir. Maddi sərvətləri ilə yanaşı, mənən zəngin insan – Azərbaycan xalqının oğlu Murtuza Muxtarovun sayəsində ucalan bu məscid bölgədəki müsəlman icmasının cümə məscidi olmaqla yanaşı, Şimali Osetiyanın mədəni-mənəvi mərkəzi olaraq tanınıb. Zati-alinizin mənəvi irsimizə sahib çıxaraq, 1996-cı ildə terrorçular tərəfindən törədilən partlayış zamanı xeyli zərər görmüş Muxtarov məscidini bərpa etdirməsi İslam həmrəyliyinin bariz nümunəsi olaraq, müqəddəs dinimizə olan dərin ehtiramın təzahürü və Allah nəzərində savab əməldir. Qurani-Kərimdə buyurulduğu kimi, “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən... və Allahdan başqa heç kəsdən qorxmayanlar inşa edə bilərlər. Məhz onlar doğru yola yetişənlərdəndir!” (Tövbə, 18).

Bu gün sayənizdə yeni həyat qazanmış Muxtarov məscidi Vladiqafqaz şəhərinin gözəl rəmzi, Şərq memarlığının nadir incisi, mənəvi vəhdət rəmzi, xalqlar arasında dostluq abidəsi, Şimali Osetiya müsəlmanlarının əsas ibadətgah yeri olmaqla yanaşı, həm də Azərbaycan Prezidenti İlham Əliyevin böyük humanistliyinin, mesenatlığının bariz nümunəsidir.

Zati-aliləri, biz, Qafqazın din xadimləri, Sizin hər zaman xüsusi önəm verdiyiniz və şəxsən dəstəklədiyiniz dinlərarası dialoq, multikulturalizm kimi bəşəri əhəmiyyətli ideyaları dünyada təbliğ etməkdən böyük qürur duyuruq. Zati-alinizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi sayəsində dünyanın ən müxtəlif məkanlarında tikilən, bərpa edilən mədəni-mənəvi məbədlər ümumbəşəri irsə dəyərli töhfələrdir. Sizin əməli addımlarınız və qlobal əhəmiyyətli təşəbbüsləriniz sayəsində əminik ki, bizim hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin bariz nümunəsi kimi təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini verəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək, böyük ehtiram hissi ilə Sizə və ailənizə uzun ömür, cansağlığı, şərəfli fəaliyyətinizə uğurlar arzulayırıq. Biz, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Zati-alinizin Azərbaycan xalqının daha xoşbəxt gələcəyi, Qafqaz bölgəsinin ümumi mənafeləri, habelə bəşəriyyətin sabitlik və inkişafı üçün önəm kəsb edən fəaliyyətini hər zaman bəyənir və dəstəkləyirik. Ümidvarıq ki, bütün münaqişə bölgələrinin, o cümlədən əzəli Azərbaycan torpağı olan Qarabağın problemi tezliklə sülh yolu ilə öz ədalətli həllini tapacaqdır. Əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, Zati-alinizin təkcə Azərbaycan deyil, bütün Qafqaz xalqlarının mənafeyinə xidmət edən səyləri zəfərlə davam edəcəkdir. Bu, bizim bölgə dindarları və din xadimləri olaraq Sizin üçün dualarımızdır! Uca Yaradan hər zaman yardımçınız olsun! Amin!

Dərin hörmət və ehtiramla,

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri:

Şeyxülislam Allahşükür Paşazadə,

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Qafqaz Xalqları Ali Dini Şurasının sədri,

İsmayil Berdiyev,

Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi,

Salax Mejiyev,

Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi,

Əhməd Abdullayev,

Rusiya Federasiyası Dağıstan Respublikasının müftisi,

Həzrətəli Dzasejev,

Rusiya Federasiyası Kabardino-Balkar Respublikasının müftisi,

Hacımurad Qatsalov,

Rusiya Federasiyası Şimali Osetiya (Alaniya) Respublikasının müftisi,

Soltanəhməd Karolayev,

Rusiya Federasiyası Kalmıkiya Respublikasının müftisi,

Askarbiy Kardanov,

Rusiya Federasiyası Adıgey və Krasnodar Respublikasının müftisi,

Muhammad Raximov,

Rusiya Federasiyası Stavropol

diyarının müftisi