Paralel. - 2019.- 5 fevral. - ¹ 23. - S. 10.

 

Azərbaycan bütün dünyada multikulturalizmin bərqərar olmasına töhfə verməyə çalışır

 

Ölkəmizdəki multikultural mühit bəzi dövlətləri qane etmir və bu səbəbdən də respublikamıza qarşı ikili standartlar tətbiq etməyə çalışırlar

 

 Bu gün dünyada baş verən bir çox qarşıdurmaların əsas səbəbi bəzi Qərb dövlətlərinin demokratiya, insan hüquq və azadlıqları adı altında həyata keçirdikləri ikili standartlardır. Bu standartların müəyyən olunmasında mövcud olan boşluqlar və bəzi dövlətlərin bu boşluqlardan siyasi maraqlarının təminatı üçün istifadə etməsi, heç də onların özlərinin elan etdikləri demokratik prinsiplərə uyğun gəlmir. Bununla belə, bu tendensiya son illər daha geniş vüsət almaqdadır.

Ən acınacaqlısı odur ki, ikili standartlar əsasən müsəlmanlara və ümumiyyətlə İslam dünyasına qarşı tətbiq olunur. Bəzi dövlətlərin özlərinin siyasi maraqlarının təminatı üçün İslam düynasında yaratdıqları etnik və dini darşıdurmalar və bunun nəticəsində yaranan miqrasiya problemlərinin də kökündə, dinin siyasiləşdirilməsi və ikili standartlar durur.

Əgər biz, son illər özünü demokratiyanın beşiyi sayan Amerikada, eləcə də bir çox Avropa ölkələrində, ələlxüsus da Fransada və Almaniyada baş verənlərə diqqət etsək görərik ki, demokratiya bu ölkələr üçün, boş sözdən başqa bir şey deyil. Bu dövlətlərə demokratiya ancaq ona görə lazımdır ki, digər dövlətləri bu təhdid altında özlərindən asılı vəziyyətə salaraq, siyasi və iqtisadi maraqlarını təmin etsinlər. Bu istəkləri gerçəkləşdirə bilmədikdə isə iddia edirlər ki, multikulturalizm iflasa uğrayıb. Ancaq yaddan çıxarırlar ki, onların iflasa uğradığı iddiasında olduqları multikulturalizmi və tolerantlığı qoruyaraq inkişaf etdirən Azərbaycan dövləti bu yolla dünyaya nümunə ola biləcək bir stabilliyə və harmoniyaya nail ola bilib.

Burada əsas məsələ problemi olduğu kimi qəbul etməklə ondan çıxış yolu tapmaqdır. Azərbaycan artıq bu yolu tapıb. Azərbaycan dövləti istər ölkə daxilində, istərsə də ölkə xaricində gördüyü işlərdə heç bir yanlışlıqlara və ikili standartlara yol vermir.

Nümunə üçün diqqətinizə iki məsələni çatdırmaq istərdik.

Bu günlərdə Ermənistanda siyasi məhbus Mqer Yeqizaryan 45 gün davam edən aclıq aksiyasından sonra həyatını itirdi. Ancaq nədənsə, 45 gün etiraz olaraq qida və sudan imtina edən Mqer Yeqizaryanın həyatı, etirazı beynəlxalq aləmdə heç kimi narhat etmədi. Ermənistan vətəndaşı olduğuna görə, bəlkə onun etiraz hüququ olmayıb, yaxud insan haqlarının onun etirazına heç bir aidiyyatı yoxdur? Belədirsə, nə üçün beynəlxalq təşkilatlar, demokratiya və insan haqlarının müdafiəsi uğrunda mübarizə aparan qurumlar, eləcə də demokratiyanı və insan haqların əllərində dəstəvuz edən bir çox Qərb dövlətləri susqunluq nümayiş etdirdilər?

İnsan haqlarına aid olan heç bir məsələni xırda məsələ hesab etməyən Avropa Şurasına üzv dövlətlər Mqer Yeqizaryanın uzun müddətli etirazdan sonra ölümünü insan haqları kateqoriyasına aid etməməsi, onun insan haqlarına sadiqliyinin hansı bəndinə uyğundur? Deməli, burada əsas məsələ həmin dövlətlərin hadisənin baş verdiyi dövlətə münasibətindən asılıdır, daha doğrusu ikili münasibətindən. Məsələn, həmin dövlətlər, eləcə də beynəlxalq qurumlar Azərbaycanda baş verən hər hansı bir məsələni insan haqları kateqoriyasının bütün bəndləri ilə təftiş edirlər və mütləq şəkildə nöqsan tapmağa çalışırlar. Baxaq görək, son zamanlar Mehman Hüseynov ətrafında yaradılan ajiotaj, hansı maraqlara xidmət edir və nə üçün Azərbaycanda baş verən bu olay AŞ-nı bu qədər narahat edir və məsələ hər iclasda müzakirəyə çıxarılır, amma Ermənistanda siyasi fəaliyyətlə məşğul olan partiyalardan birinin sədr müavini, həm də "Haynews.am" saytının rəhbəri olan bir şəxsin 45 gün aclıq edərək ölməsini Avropa Parlamenti, AŞPA, ATƏT "görmür"?

Bu, o deməkdir ki, problem heç də insan haqlarının müdafiəsi ilə bağlı deyil, əksinə məsələnin baş verdiyi dövlətə hansı prizmadan baxılmasındadır. Bu baxımdan açıq şəkildə demək mümkündür ki, Azərbaycandakı multikultural mühit, dini və milli-etnik tolerantlıq bəzi dövlətləri qane etmir və bu səbədən də ölkəmizə qarşı ikili standartlar tətbiq etməyə çalışırlar. Ölkəmizdə ara-sıra baş qaldıran dini ralikalizm halları da, bu standartların tətbiqi və dinin siyasiləşdirilməsindən irəli gəlir. Bu gün dini siyasiləşdirmək istəyən bütün qüvvələr, əsasən sosial şəbəkələrdən istifadə edirlər. Bu ba səbəbsiz deyil, məlumdur ki, gəncləri, yeniyetmələri təsir altına salmaq daha asan olur.

Gənclər də, əsasən sosial səbəkələrdə cəmləşdiklərindən dini radikallar da bu şəbəklər vasitəsi ilə onları öz sıralarına cəlb etməyə çalışırlar. Bəzi hallarda, hətta buna nail də ola bilirlər ki, ölkəmizdə Nərdaran, Gəncə "hadisələri" kimi xoşagəlməz olaylar baş verir. Azərbaycan dövləti, hüquq-mühafizə orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi bu cür halların qarşısının alınması üçün bütün mümkün yollardan istifadə etsələr də, sosial şəbəkələrdə onların qarşısını almaq çox çətindir.

Buna görə də bütün qurumlar maarifləndirmə işini daha da gücləndirmək zorundadırlar. Əslində, bu şəxslərin çoxunu cəmiyyət tanıyır, onların fəaliyyətlərinin təhlükəli olduğunu da bilirlər. Heç şübhəsiz ki, onlar da dövlətin gücündən xəbərdardırlar, ona görə də əməllərini hiss etdirmədən, gizli şəkildə həyata keçirirlər. Bu da təəssüfləndirici haldır ki, bəziləri belə şəxsləri "qəhrəman" kimi təqdim edir və onların əsassız həbs olunduğunu iddia edirlər. Ölkəmizə qarşı ikili standartlar tətbiq edən, buradakı inkişafı, sabitliyi gözügötürməyən, qarışıqlıq salmağa meyilli olan bir sıra dövlətlər də, həmin "qəhrəman"lara dəstək olaraq ölkəmizdə guya insan haqlarının pozuduğunu iddia edən bəyənatlar yayır, dövlətimizin nüfuzuna zərbə vurmağa çalışırlar. Baxmayaraq ki, bu insanların milli təhlükəsizliyimizə təhdid yaratdıqları üçün həbs olunduqlarını çox yaxşı bilirlər.

Məlumdur ki, Azərbaycanda zaman-zaman dini radikalizmə cəhdlər olub və Nardaran hadisələri də, xaricdə hazırlanan böyük planın bir hissəsi idi. O hadisələr zamanı bəzi radikal qruplaşmaların üzvləri ibadət evlərinə gələrək siyasi şüarlar səsləndirib, siyasi motivli çağırışlar ediblər və bu formada dinin siyasiləşdirilməsinə çalışıblar. Bu da o deməkdir ki, həmin şəxslər dini siyasiləşməni Azərbaycana yönəltməklə, ölkəmizdə də milli-mənəvi dəyərləri hədəfə alıblar.

Bu pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində görülən işlərin arasında heç şübhəsiz ki, təbliğat və təşviqat əsas yeri tutur. Gənclərə, yeniyetmələrə multikulturalizmin və tolerantlığın bəşəri dəyər olduğu və ölkəmizin bu sahədə örnək olması, geniş təbliğ olunmalı və əyani şəkildə təşviq edilməlidir. Belə bir təcrübə ölkəmizdə artıq tətbiq olunur. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və həyata keçirilən Yay və Qış məktəbləri layihəsi, artıq bir çox dünya dövlətlərini əhatə edir və müsbət nəticələri də göz qabağındadır.

Belə məktəblərə həm xarici tələbələr, həm də yerli ali təhsil müəssisələrində təhsil alan tələbələr cəlb olunurlar. Yanvar ayının sonunda Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da Şamaxı rayonunda "Din, mədəniyyət və cəmiyyət" mövzusunda "Qış məktəbi" təşkil edib.

Aİİ-dən verilən məlumata görə, 3 gün davam edən layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsi ziyarət olunub. Tələbələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bərpa edilən, yaşı əsrlərlə ölçülən Dəmirçi məscidi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan, Qafqazın ən qədim  məscidi olan Şamaxı Cümə Məscidi ilə tanış olublar.

"Qış məktəbi" çərçivəsində tələbələr üçün müxtəlif mövzularda təlimlər təşkil olunub.

Onu da qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilən ali təhsil müəssisəsidir. İnstitut tələbələrinin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirir. "Qış məktəbi"nin təşkili də tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmaları baxımından xüsusi əhəmiyyət daşıyır. Bildiyiniz kimi, ölkəmizdə belə məktəblərin təşkili, artıq bir ənənəyə çevrilib. Hər il onlarla xaraci ölkədən gələn tələbələr bu məktəblərdə respublikamızda mövcud olan multikultural və tolerant mühitlə əyani tanış olmaq imkanı qazanırlar.

Həmin gənclər daha sonra öz ölkələrində Azərbaycan həqiqətlərini yaymaqla buradakı multikultural və tolerant mühitin bəşər sivilizasiyası üçün bir örnək olduğunu təbliğ edərək, ölkəmizə yönəlik ikili standartların doğru olmadığını, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

Bununla da Yay və Qış məktəblərinin iştirakçıları olan tələbələr Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin təbliğatçıları olamaqla, həm də bu siyasətin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyinin canlı şahidləri olurlar.

Bütün bu proseslərin özu də onun təsdiqidir ki, bəzi dövlətlərin ölkəmizə qarşı ikili standartlarla yanaşmalarından asılı olmayaraq, Azərbaycan dövləti özünün multikultural dəyərlərinə saldiqdir və bu istiqamətdə işlərini davam etdirərək, bütün dünyada multikulturalizmin bərqərar olmasına töhfə verməyə çalışır.

 

 “Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub