Paralel. - 2019.- 2 fevral. - ¹ 22. - S. 10.

 

Azərbaycanda dinlər və millətlər arasında mövcud olan tolerant münasibətlər Avropa ölkələri üçün nümunədir

 

Azərbaycan xalqının dözümlülüyü və tolerantlığı respublikadakı dini konfessiyalar arasında münasibətləri mənfi təsirlərdən qoruya bilib

 

 Dünyada mövcud olan səmavi dinlərin heç birinin mahiyyətində ədavət, düşmənçilik, biri-digərinə qarşı dözümsüzlük kimi hallar mövcud deyil. Əksinə, bütün dinlər bu və ya digər mənada insanları dostluğa, birliyə, dözümlülüyə, vəhdətə çağırır. İslam dini isə son din olaraq bütün bəşəriyyət üçün tolerantlıq nümunəsidir. İstər qədim zamanlarda, istərsə də müasir dövrdə dini dözümsüzlüyü yaradan əsas səbəblərdən biri də, dindən siyasi məqsədlər üçün istifadə edilməsidir.

Tarixin bütün dönəmlərində bir çox güclü dövlətlərin maraq dairəsində olan Azərbaycanda da, bu və ya digər şəkildə dini qarşıdurmaların, münaqişələrin yaradılmasına cəhdlər olub. Lakin bu da danılmaz tarixi faktdır ki, ölkəmizin ərazisində heç zaman dini və milli zəmində münaqişələr baş verməyib. Bunun da başlıca səbəblərindən biri, ölkəmizin dünya sivilizasiyalarının qarşılaşdığı bir məkanda yerləşməsidirsə, digər bir səbəbi Azərbaycan xalqının genetik dözümlülük və insansevərlik xüsusiyyətləridir. Bu məkanda bütün mədəniyyətlər kimi, həmin mədəniyyətlərin daşıyıcıları olan çoxsaylı milli azlıqlar və müxtəlif dinlərə ibadət edən insanlar da, bir araya gələrək ümumazərbaycan multikultural mühitini formalaşdırıblar. Bu gün Azərbaycanda dinlər və millətlər arasında mövcud olan dözümlülük və tolerantlıq münasibətləri hamı üçün, o cümlədən Avropa ölkələri üçün nümunədir. Azərbaycanın formalaşdırdığı dövlət-din münasibətləri modelinin, artıq digər olkələrə ixrac etməsi də mümkündür, çünki bu bizim sərvətimizdir. Bu model çərçivəsində müxtəlif etnik qruplar və dini konfessiya nümayəndələri, təkcə dözümlülük və tolerant münasibətləri ilə kifayətlənmir, həmçinin bütün fəaliyyətlərini bu prinsiplər üzərində qururlar.

Dünyada dörd əsas səmavi dinlə yanaşı, bir çox başqa inancların daşıyıcıları da mövcuddurlar ki, onların da cəmiyyətdə özünəməxsus yeri var. Azərbaycan demək olar ki, bütün səmavi dinlərin təşəkkül tapdığı unikal məkanlardan biridir. Azərbaycan xalqı islam dininin daşıyıcıları olaraq bununla fəxr etsələr belə, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməyib, düşmənçilik etməyib, ədavət aparmayıb və heç bir xalqı da öz dininə itaət etməyə məcbur etməyib. Çünki, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islami dəyərlərin əsas xüsusiyyətlərindən biridir. Bu, Azərbaycanın çoxəsrlik tarixində də öz əksini tapıb. Ölkəmizdə islam dini ilə yanaşı xristian, yəhudi və digər dinlər də əsrlər boyu yaşayıb və indi də yaşayır. Azərbaycanda, ümumiyyətlə Qafqazda dinə və millətlərə belə bir yanaşma mövcuddur, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə isə dözümlü olmalıdırlar.

Uzun sürən sovet, sosialist-ateist rejimi insanları öz inanclarından ayırmaq üçün bütün ideoloji rıçaqlardan istifadə etsə belə, buna tam şəkildə nail ola  bilmədi. Çünki insanların genetik yaddaşı ateizmi qəbul etmədi, üzdə buna  loyallıq nümayiş etdirsə belə, daxilən öz inanclarına sadiq qaldılar.

XX əsrin sonunda sovet-sosialist düşərgəsinin süqutu ilə dünyanın mövcud siyasi xəritəsi bir qədər dəyişdi. İctimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlər ortaya çıxdı. Milli və dini məsələlər də, bu prosesdən kənarda qalmadı. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində dini, milli və mənəvi  problemlər də kəskinləşdi. Eyni zamanda, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan "sivilizasiyaların toqquşması" adlanan bir nəzəriyyə meydana gəldi və özünə tərəfdarlar tapdı. Bəzi separatçı qruplaşmalar isə öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə etməyə başladılar. Bunun da nəticəsində, təkcə postsovet məkanında bir sıra münaqişə ocaqları yarandı. Bu münaqişələrin aradan qaldırılması bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması, dinlər və mədəniyyətlər arasında dialoqun yaranması üçün qarşılıqlı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edirdi və buna çox böyük ehtiyac yaranmışdı. Bunun üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsindən yararlanmaq lazım idi. Bu baxımadan, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşadığı unikal nümunə idi.

Bunu təsdiq edən bir neçə faktı diqqətinizə çatdırırıq: Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan edilən İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapdılar. Tarixi mənbələrdə qeyd olunur ki, o dövrdə Babildə 40 minə qədər əsir olub.

Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları da, məhz Azərbaycana pənah gətiriblər və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoyublar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib. İslami tolerantlığın əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir. Məsələn, "Dində məcburiyyət yoxdur". Alimlər və tədqiqatçılar öz araşdırmalarında qeyd edirlər ki, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı çox böyük ehtiram və dözümlülük nümayiş etdiriblər.

Onu da qeyd etmək vacibdir ki, ölkəmizin ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amilinin də böyük rolu olub. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşüb və yaranan şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa, birliyə, vəhdətə vadar edib.

Sovet rejiminin süqutu həyatımızın müxtəlif sahələrində olduğu kimi, regionda dini dözümlülük ənənələri üçün də əsl sınağa çevrildi. Bu proseslər nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, həm də dini etiqad azadlığı əldə etdilər. Ölkəmizdə isə mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni separatizmi yaratdı. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri kimi çıxış edirdi.

Erməni separatçıları yaranmış xaotik vəziyyətdən istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan "islam təhlükəsi" gözlənilir. Bu da heç şübhəsiz ki, dinlər və millətlərarası dialoqun möhkəmlənməsinə ciddi zərbə idi. Lakin Azərbaycan xalqının əzmkarlığı, dözümlülüyü və tolerantlığı respublikadakı dini konfessiyalar arasında münasibətləri mənfi təsirlərdən qoruya bildi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə bu münasibətlər daha da yaxşılaşdı. Qeyd etmək lazımdır ki, o dövrdə ölkəmizdə dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də böyük xidmətləri olub. Müasir Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədədir. Bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdirlər. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılan digər dinlərə də qayğı və diqqətlə yanaşır.

Ölkəmizdə yəhudilərə göstərilən ehtiramdan danışarkən, Quba rayonunda yerləşən "Qırmızı qəsəbə"dən söz açmamaq mümkün deyil. Bu qəsəbə İsrail dövlətindən sonra dünyada yeganə bir yerdir ki, yəhudilər heç bir təzyiq və təhdid hiss etmədən kompakt yaşayırlar. Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb və indi də yoxdur.

 Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də hələ 1998-ci ildə yəhudi icmalarının rəhbərləri ilə görüşdə qeyd etmişdi: "Respublikada belə hadisələr baş vermir və biz onların yaranmasına da heç vaxt imkan verməyəcəyik". Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi bir çox xarici dövlətlərin din və dövlət xadimləri tərəfindən də yüksək qiymətləndirilir. Bu baxımdan, Roma-katolik Kilsəsinin sabiq başçısı II İohann Pavel respublikamıza tarixi səfəri zamanı Azərbaycanda mövcud olan tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. O bildirib ki, hətta Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar da, məhz Azərbaycanda özlərinə sığınacaq tapıblar.

Azərbaycana səfərindən əvvəl üç müsəlman ölkəsində olan Rum patriarxı I Varfolomey etiraf edib ki, respublikamızdakı dövlət- dini konfessiyalar, habelə ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı münasibətlər multikulturalizm və tolerantlıq nümunəsi kimi qəbul olunmalıdır. Bu da onun nəticəsidir ki, Azərbaycan dövlətinin rəhbərləri mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir, həlli istiqamətində ciddi addımlar atırlar. Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Bu tarixən respublikamızda formalaşan tolerantlıq və multikulturalizm mühitini səciyyələndirən gözəl bir ənənəyə çevrilib.

Azərbaycanda tolerantlığın formalaşmasında dini liderlərin konstruktiv mövqeyi də böyük rol oynayır.

 

 “Paralel”in Araşdırma Qrupu