Paralel. - 2019.- 1 fevral. - ¹ 21. - S. 10.

 

Azərbaycan müasir dünyamızın multikulturalizm mərkəzidir və bütün dünyaya nümunə ola bilər

 

Rasizmin, neo-rasizmin, nifrət duyğularının, dözümsüzlüyün qarşısının alınması üçün ciddi işlər görməlidir

 

 Azərbaycan mültikulturalizminin dünyada təbliğindən danışdığımız zaman, respublikamızın müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir məkan olmaqla yanaşı, həm də ölkəmizdə təhsil, kütləvi informasiya vasitələri və digər vasitələrlə tolerantlığın daha da inkişaf etdirilməsi istiqamətində ciddi işlərin görüldüyünü xüsusi qeyd etməliyik. Çünki Azərbaycan dövləti və xalqı çox gözəl bilir ki, rasizmin və dini dözümsüzlüyün artdığı, multikulturalizmin və tolerantlığın mövcud olmadığı cəmiyyətlər son nəticədə ciddi problemlər və faciələrlə üzləşə bilərlər. Bu gün açıq bəyan edə bilərik ki, Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa formada təhdid və təzyiqlə üzləşməyiblər. Bu da ondan irəli gəlir ki, Azərbaycanda tarixin bütün dönəmlərində neonasizmə, dözümsüzlüyə, ksenofobiyaya əks qüvvə olan tolerant və multikultural mühiti mövcud olub. Dövlətimizin başçısı, Prezident İlham Əliyevin Fərmanı ilə ölkəmizdə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis edilməsi də, dövlətimizin multikultural və tolerant dəyərlərə göstərdiyi yüksək diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. Bu səbəbdən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq, mənfi meyillərin qarşısının alınması istiqamətində bütün səylər birləşdirilməlidir ki, müsbət nəticələr əldə etmək mümkün olsun. Yalnız bu halda, neonasizm və ksenofobiyanın Avropada və dünyada yayılmasının qarşısını almaq olar.

Bu, Avropanın, ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacibdir. Rasizmin, neo-rasizmin, nifrət duyğularının, dözümsüzlüyün artması bütün bəşəriyyəti ciddi narahat etməlidir və onun qarşısının alınması üçün ciddi işlər görməlidir.

Bu işlərin sırasında gənc nəsillərə kiçik yaşlarından etibarən fərqli etnik, dini, sosial qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi ən vacib məsələlərdən biridir. Burada təhsilin, mətbuatın və ümumiyyətlə medianın da üzərinə böyük məsuliyyət düşür. Rasizmin, nifrətin, dözümsüzlüyün qarşısını vaxtında ala bilməsək bu, yaxın gələcəkdə böyük faciələrə səbəb ola bilər. Bu gün qloballaşan dünyamızda baş verənlərə və XX əsrdə yaşanan faciələri diqqət edin. Təkcə regionumuzda son 25-30 ildə yaşanan faciələri yadımıza salsaq dini və milli dözümsüzlüyün nə dərəcədə təhlükəli bir tendensiya olduğunu açıq görə bilərik. Məsələn, rus-çeçen müharibəsi, Gürcüstanda Abxaziya, Osetiya münaqişələri və nəhayət, ölkəmizdə bu gün də həllini tapmayan, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi. Rasizm, nifrət duyğuları və dözümsüzlüyün nələrə səbəb olduğunu daha yaxşı anlada bilmək üçün qeyd etmək istərdik ki, məhz Ermənistanda təhsil və kütləvi informasiya vasitələri ilə siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi olaraq 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı silah gücünə, zorla öz doğma torpaqlarından çıxarıldı. Ermənistan monoetnik bir dövlətə çevrildi. Bu yetmirmiş kimi, əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsini işğal edən ermənilər bir milyondan çox insanı sadəcə azərbaycanlı olmaları səbəbindən evlərindən, yurdlarından qovdular və 25 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayırlar. Erməni millətçiliri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirib, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. İşğal olunmuş ərazilərdə 4000 azərbaycanlı itkin düşüb. Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları belə, məhv ediblər. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə qayıtmalarına imkan vermir. Butün bu faciənin səbəbi dünya dövlətlərinin münaqişəyə ikili standartlarla yanaşmasıdır.

Bütün bunlara baxmayaraq, Azərbaycanın etnik mənzərəsinə diqqət etsək, onun nə dərəcədə rəngarəng olduğunu aydın şəkildə görə bilərik. On milyona yaxın əhalisi olan ölkəmizdə 100-dən çox etnosun nümayəndələrinin dinc yanaşı yaşaması, dünyada analoqu olmayan bir dözümlülük nümunəsidir desək, yanılmarıq. Bu baxımından, Azərbaycan dünyanın bir çox ölkələrinə örnək ola bilər. Bu, həm də ölkəmizdə əsrlər boyu formalaşan birgəyaşayış  ənənəsinin və tarixi təcrübənin nəticəsidir. Çoxmillətlilik, çoxkonfessiyalıq, çoxmədəniyyətlilik Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda həm də bir yaşam tərzidir. Bu da, ölkəmizi daxilən zənginləşdirib, onun əlvan, ahəngdar mədəni palitrasını yaradıb və bu gün onu dünyanın multikulturalizm mərkəzlərindən birinə çevirib. Bunun sübutu edən bir çox misallar göstərə bilirik. Ən əsası odur ki, XXI əsrin ilk illərindən Bakı mütəmadi olaraq dinlər, dillər, mədəniyyətlərarası dialoqa həsr edilən bütün beynəlxalq forumlara, konfranslara, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bunu, ölkəmizdə səfərdə olan və yuxarıda qeyd etdiyimiz tədbirlərdə iştirak edən nüfuzlu dövlət və din xadimləri, alimlər də etiraf edirlər ki, Azərbaycan müasir dünyamızın multikulturalizm mərkəzidir və ölkəmizdə mövcud olan multikulturalizm modeli bütün dünyaya nümunə ola bilər.

Bunu da qeyd etmək vacibdir ki, Azərbaycan hələ Avropa Şurasına üzv olmazdan əvvəl qurumun "Milli azlıqların qorunması haqqında" Çərçivə Konvensiyasını imzalayıb və Azərbaycan hökuməti bu konvensiyanın monitorinq mexanizmi olan Məşvərətçi Komitə ilə konstruktiv əməkdaşlığa başlayıb. Azərbaycanın Avropa Şurasının hüquqi sənədləri sırasında xüsusi yer tutan bu konvensiyaya belə diqqəti və həssas münasibəti heç də  təsadüfi deyil. Çünki milli azlıqlarla bağlı hər hansı ölkə daxilində aparılan siyasətin nə dərəcədə uğurlu olması, ilk növbədə, həmin ölkədə mövcud olan ənənələrlə birbaşa bağlıdır. Belə ənənələr yoxdursa və milli psixologiyada bu hiss yerini tutmayıbsa, milli azlıqlarla bağlı görülən işlərdən də, arzulanan müsbət nəticəni gözləmək çox çətindir.

Burada bir tarixi faktı diqqətinizə çatdırmaq istərdik. Azərbaycanda XIX əsrdən etibarən mövcud olan alman icmasını Birinci Dünya müharibəsi dövründə Orta Asiyaya sürgün etmək barədə çar hökuməti qərar qəbul edir. Bu vaxt Azərbaycanın nüfuzlu şəxsiyyətləri, tanınmış ziyalıları məktub hazırlayaraq, xüsusi nümayəndə heyəti ilə Qafqaz canişinliyinə yollayır və Azərbaycandakı alman əhalisini sürgündən qoruya bilirlər. Hər hansı bir dövlətin daxilində milli azlıqlarla bağlı aparılan siyasət, belə doğma münasibətlər üzərində qurulanda  daha yaxşı nəticələr verir. Bu doğmalıq duyğusu cəmiyyətin içərisindən gəlməlidir, buna təkcə təbliğatla, hökmlə, inzibati üsullarla nail olmaq mümkün deyil, çünki çox həssas və incə məsələdir.

Bu sahədə də, müasir şəraitdə milli azlıqların media hüquqlarının qorunması  əsas şərtlərdən biridir. Azərbaycanda bu sahədə görülən işləri qənaətbəxş hesab etmək olar, çünki qanunlarımız onlara bu istiqamətdə tam sərbəstlik verir. Milli teleradioda bir sıra milli azlıqların dilində səslənən və nümayiş etdirilən proqramlardan əlavə, ölkə ərazisində 20-yə yaxın regional kanalda ardıcıl olaraq milli azlıqlara yer verilir, rus, gürcü, kürd, talış, avar və s. dillərdə verilişlər hazırlanır. Milli azlıqların ana dilli mətbuatının inkişafına dövlət tərəfindən yardımların ayrılması da, onların inkişafına stimul verən amillərdən biridir.

Bununla yanaşı qeyd etmək vacibdir ki, milli azlıqların çox olduğu bir sıra ölkələrdə milli və dini zəmində problemlərin yaranması təhlükəsi də çox olur. Bu təhlükəli meyilləri yaradan səbəblər həmin ölkədə mövcud olmasa belə, bəzi maraqlı xarici qüvvələrin təsiri ilə milli münasibətlərin qızışdırlıması halları baş verir ki, bunun da qarşısını almaq üçün dövlət tərəfindən ciddi tədbirlər görülməlidir. Bu gün internet, sosial şəbəkə istifadəçiləri vasitəsilə ötürülən, ölkə xaricindən yayımlanan təxribat səciyyəli müxtəlif verilişlərin də əsas məqsədi həmin ölkədə sabitliyi pozmaqla, öz maraqlarını həyata keçirməkdir. Bu baxımdan, Azərbaycan da istisna deyil və bir sıra qonşu dövlətlərin ərazisində maliyyələşdirilərək hazırlanan, saxta, milli ədavəti qızışdıran, nifrət yayan proqramların ölkəmizdə yayımlandığının da dəfələrlə şahidi olmuşuq.

Azərbaycanda azad internet şəbəkəsi var və bu şəbəkə vasitəsi ilə ölkəmizə qarşı arzuolunmaz materialların ötürülməsinin qarşısının alınması üçün də ciddi işlər görülməlidir.

Burada söhbət radikal millətçi və dini cərəyanlanın fəaliyyətinin qarşısının alınmasından gedir. Məlumdur ki, bu gün Azərbaycan dünyada multikulturalizm dəyərlərini inkişaf etdirən ölkə və müxtəlif məzhəblərə etiqad bəsləyən xalqların nümayəndələrinin dinc yanaşı yaşaması nümunəsi kimi məşhurdur. Dünyada multikulturalizmin böhran keçirdiyi iddia olunduğu bir şəraitdə Azərbaycan bu ideyanın, bu həyat modelinin daşıyıcılarından biri kimi, qlobal multikultural dünyanın formalaşmasına yardım etməyə çalışır.

Azərbaycan həm də İslam ənənələri ilə Avropa dəyərlərinin qovuşmasının gözəl nümunəsidir. Bu baxımdan, Bakı Humanitar Forumu artıq çoxdan bəri müxtəlif mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı fəaliyyət göstərdiyi bir məkana çevrilib.

 

“Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub