Paralel. - 2019.- 31 yanvar. - ¹ 20. - S. 10.

 

Azərbaycan multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi istiqamətində görülən işlərə sadiqdir

 

Rusiyanın Vladiqafqaz şəhərində Azərbaycan Prezidentinin yardımı ilə bərpa edilən Muxtarov məscidinin açılışı olub

 

Azərbaycanda mövcud olan milli və dini tolerantlıq, insanlar və dinlər arasındakı dözümlülük və birgəyaşayış nümunəsi, Azərbaycan xalqının tarixi keçmişindən süzülüb gələn milli- mənəvi dəyərlərdən qaynaqlanır. Tarixən Asiya və Avropa arasında iqtisadi, siyasi, dini və milli münasibətlərin qurulmasında körpü rolunu oynayan Azərbaycanda milli və dini münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsi, həm də Azərbaycan dövlətinin bu sahəyə diqqətinin nəticəsidir.

Bu gün bütün beynəlxalq təşkilatları, o cümlədən dünyanın bir çox sivil cəmiyyətlərini narahat edən islamafobiya, antislmitizm, təriqətlər və icmalar arası qarşıdurma hallarının Azərbaycanda mövcud olmaması bir çoxlarının təəccübünə səbəb olur. 30-dan çox milli azlıqların, eləcə də müxtəlif dini icma nümayəndələrinin qarşılıqlı anlaşma, dostluq və qardaşlıq şəraitində yaşadığı Azərbaycan sözün həqiqi mənasında, əsl multikulturalizm və tolerantlıq məkanıdır. Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də, bu dəyərləri qoruyub inkişaf etdirməklə yanaşı, bütün dünyada təbliğ etməkdir. Bu istiqamətdə dövlətimizin başçısı, Prezident İlham Əliyevin, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər bütün beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Bu da danılmaz faktdır ki, hələ çar Rusiyasının hökmranlığı zamanında belə, Azərbaycanda dini və milli tolerantlıq hökm sürüb. İnsanlar dininə və milliyyətinə görə ayrı-seçkiliyə məruz qalmayıblar. Elə bu səbəbdən də, Azərbaycanın imkanlı adamları dünyanın bir çox yerlərində, ələlxüsus da çar Rusiyasının ərazilərində kilsələrin, məktəb və məscidlərin inşası, təmiri və bərpası üçün ianələr ayırıblar. Bu da ondan irəli gəlir ki, hələ o dövrdə də Azərbaycan xalqı millətlər və dinlər arasında heç bir fərq qoymayıb və hər kəsə, hər bir inanca dözümlü münasibət bəsləyib. Bunun nəticəsidir ki, tarixin bütün dönəmlərində Azərbaycanda məscid, kilsə, sinaqoq və digər dini icmalara məxsus ibadət yerləri heç bir təhdid və təzyiqlə üzləşmədən bir arada fəaliyyət göstəriblər.

Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra da, ölkəmizdə milli və dini münasibətlər dövlət idarəçiliyinin diqqətdə saxladığı prioritet istiqamətlərdən birinə çevrildi. Müəyyən bir zaman kəsiyində bu nizam pozulsa da, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni bir müstəviyə qaldırıldı. Azərbaycançılıq ideologiyasının banisi olan Ulu Öndərimiz fəaliyyətinin ilk günündən ölkəmizdə milli və dini münasibətlərin tənzimlənməsi istiqamətində ciddi addımlar atdı. 

Bu da o dövrdə mövcud olan bir çox anlaşılmazlıqların qarşısının  alınmasında mühüm rol oynadı.

Ümummilli liderin uzaqgörən siyasətini həyatımızın bütün sahələrində uğurla davam etdirən Prezident İlham Əliyev də, bu gün istər ölkəmizdə, istərsə də respublikamızdan çox- çox uzaqlarda milli və dini münasibətlərin tənzimlənməsi, multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində çox böyük işlər görür. Bu işlərin arasında mühüm tarixi, dini və milli xarakterli abidələrin qorunması, bərpası və yenidən istifadəyə verilməsi də xüsusi yer tutur.

Son 15 ildə Prezident İlham Əliyevin sərəncamları ilə demək olar ki, ölkəmizdə yüzlərlə yeni məscid binaları tikilib, bir o qədər də yararsız halda olan məscidlər ən yüksək səviyyədə təmir olunaraq dini icmaların istifadəsinə verilib. Bu sahədə də tolerantlığın ən yüksək nümunəsini nümayiş etdirən Prezident İlham Əliyev eyni diqqət və qayğı ilə həm də   kilsələr, sinaqoqlar tikdirib, ehtiyacı olanlar ən yüksək səviyyədə təmir olunub.

Prezidentin bu sahədə gördüyü işlərə hər zaman dəstək verən Heydər Əliy       ev Fondu da, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə

İtaliyada, Fransada və digər Avropa ölkələrində qədim dini məbədlərin təmir və bərpası istiqamətində çox böyük işlər görüb ki, bu da istər ölkəmizin dünyada imicinin artması, istərsə də ölkəmizdə mövcud olan multikulturalizmin və tolerantlığın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Bütün bu işlərin müsbət nəticələrini görən bir çox ölkələrin din xadimləri də, dövlətimizin başçısına müraciət edərək, onlara yardım etmələrini xahiş ediblər. Prezident İlham Əliyev də hər zaman bu kimi müraciətlərə həssas yanaşıb.

Bildiyiniz kimi, bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti  Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfər edib. Səfərdə məqsəd Azərbaycan Prezidentinin yardımı ilə Vladiqafqazda yenidən bərpa edilən Muxtarov məscidinin açılışı mərasimində iştirak etmək olub. Onu da diqqətinizə çatdıraq ki, 1908-ci ildə azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilən, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlətimizin başçısına müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.

Məscidin açılış mərasimindən sonra Azərbaycanın nümayəndə heyəti Vladiqafqaz Milli Elmi Kitabxanasının binasında keçirilən konfransda iştirak edib.

Konfransda çıxış edən Şimali Osetiya-Alaniya müftisi Hacımurat Qatsalov Azərbaycan ilə Şimali Osetiya arasında tarixi dostluq, ənənəvi mənəvi əlaqələr barədə ətraflı məlumat verərək, məscidin bərpası üçün göstərdiyi yardıma görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Şeyxülislam A.Paşazadə bildirib ki, bu gün Vladiqafqazda dünya memarlıq incisi sayıla biləcək Muxtarov məscidinin minarələri fəxrlə ucalır. Azərbaycan xalqının ləyaqətli oğlu Murtuza Muxtarov tərəfindən inşa edilən, Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vəhdət rəmzi olan bu məscid uzun əsrlər boyu Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığı simvolizə edən mənəviyyat abidəsi olaraq qalacaq.

Şeyx həzrətləri həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Vladiqafqazdakı Muxtarov məscidinin bərpası üçün müraciətinə diqqətlə yanaşaraq yardım göstərdiyini və bunun nəticəsinin bu gün gözlərimiz önündə yenidən qurulan, öz əvvəlki gözəlliyini özünə qaytaran nəfis məscid binasında təcəssüm etdiyini vurğulayıb. Onu da qeyd etmək vacibdr ki, ölkəmizin daxilində və xaricində tarixi abidələrinə qayğı və himayəsini əsirgəməyən Prezident İlham Əliyev qlobal miqyasda multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış etməklə, həm də tarixi, dini-mənəvi, milli- mədəni və ümumbəşəri irsə yüksək diqqət nümayiş etdirir. Azərbaycan Prezidentinin bu ili ölkəmizdə dahi mütəfəkkir, Şərqin humanist filosofu İmadəddin Nəsiminin şərəfinə "Nəsimi ili" elan etməsi də, bu diqqət və qayğıdan qaynaqlanır.

Məlumdur ki, çoxmillətli və çoxkonfessiyalı dövlət olan Rusiyada da ənənəvi dinlər, o cümlədən İslam dininin ardıcılları üçün bütün lazımi şərait yaradılıb. Vladiqafqazda keçirilən tədbir də, bu baxımdan gözəl nümunədir.

Çıxışının sonunda şeyx həzrətləri qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Vladimir Putin Qafqazda millətlərarası dostluq və dinlərarası anlaşmanın təmini işində Şimali Qafqaz müftilərinin rolunu xüsusi qeyd edirlər və sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurası da bu etimadı doğrultmaq istiqamətində bundan sonra da səylərini artıracaq.

Konfransda çıxış edən Şimali Osetiya müftisi H.Gatsalov yekun çıxışında Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə edib və dövlət başçısının. Qafqaz xalqlarına ehtiramlı münasibətindən məmnun olduqlarını, bunu çox yüksək dəyərləndirdiklərini bildirib. Şimali Qafqaz Müftiləri Koordinasiya Mərkəzinin sədri İsmayıl Berdiyev də Prezident İlham Əliyevə Qafqaz müftiləri adından minnətdarlıq edib.

Tədbirin sonunda Azərbaycan nümayəndə heyətini qəbul edən

Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Vyaçeslav Bitarov görüşdə Azərbaycan və Şimali Osetiya arasında tarixi, ənənəvi münasibətlərin həyatın müxtəlif sahələrində inkişafından razılığını bildirib. Azərbaycan xalqına, onun Prezidentinə dərin ehtiramının və qardaş salamlarının çatdırılmasını xahiş edib. Şimali Osetiya Respublikasının başçısı V.Bitarov da dünyada multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsində Muxtarov məscidinin təmir edilməsi kimi tədbirin böyük önəm daşıdığını vurğulayıb.

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Prezident İlham Əliyevin yardımı ilə bərpa olunan Muxtarov məscidinin açılış mərasimində iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə elə bu məqsədlə orada səfərdə olan RF İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovla da görüşüb.

Vladiqafqazda baş tutan bu tədbirləri yüksək dəyərləndirən İnquşetiyanın rəhbəri Y. Yevkurov qardaşı saydığı Azərbaycan Prezidenti cənab İlham Əliyevə salamlarını və ən xoş arzularını yetirməyi QMİ sədri A. Paşazadədən xahiş edib. Görüş zamanı Azərbaycan-İnquşetiya dini-mənəvi əlaqələrinin daha da inkişaf etdirilməsi, xalqlarımızın ümumi mənafeləri naminə əməkdaşlıq, ümumqafqaz əhəmiyyətli məsələlər ətrafıında fikir mübadiləsi və məsləhətləşmələr aparılıb.

Bütün qeyd etdiklərimiz onu deməyə əsas verir ki, Azərbaycan hər zaman və hər yerdə multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi istiqamətində görülən işlərə sadiqdir və onun davamlı olması üçün bütün lazımi tədbirlərə dəstək verir.

 

“Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub