Paralel. - 2019.- 29 yanvar. - ¹ 18. - S. 10.

 

Respublikamızda milli, dini radikalizm halları müşahidə olunmur

 

İnternetin, sosial şəbəkələrin verdiyi imkan və azadlıqlardan sui-istifadə halları da günbəgün artır

 

 Multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi dünyada bəşəri birgəyaşayışın, sabitliyin, sülhün və qarşılıqlı əməkdaşlığın əsas etementlərindən biridir. Bunun üçün də biz heç şübhəsiz ki, müasir informasiya və kommunikasiya texnologiyalarının verdiyi imkanlardan da geniş istifadə edirik. Bu gün bütün dünyada "internet" adlanan bir informasiya daşıyıcısı var ki, müasir insanların əsas məlumat mənbəyinə çevrilib. Belə ki, dünyada mobil telefon istifadəçilərinin sayının artması ilə həm də internet və sosial media istifadəçilərinin sayı yüksələn xəttlə artır. Məsələn, 2018-ci ilin statistikasına görə, dünyada 4 milyarddan çox insan internet şəbəkəsindən istifadə edib ki, bu da dünya əhalisinin təxminən 53%-i deməkdir. Həmin internet istifadəçilərinin də 3.196 milyardı müxtəlif sosial şəbəkələrdə fəallıq edirlər. Bildiyiniz kimi, bu gün "Feysbuk" ən çox istifadə olunan sosial şəbəkələrdən biri hesab olunur. Ekspertlərin hesablamalarına görə, sosial şəbəkələrdən ən çox istifadə edənlər arasında yaşı 18-34 arasında olan yeniyetmə və gənclər çoxluq təşkil edir. Araşdırmaçılar həmçinin öyrəniblər ki, sosial şəbəkə istifadəçilərinin sayının artımına təsir edən əsas amillərdən biri də, bu platformalarda xidmətlərin pulsuz təqdim edilməsidir.

Son illər ölkəmizdə də mobil telefon və internet istifadəçilərinin sayının ən  yüksək həddə çatdığını desək, yəqin ki yanılmarıq. Bu gün, Azərbaycan əhalisinin 80%-i internet istifadəçisidir və sosial şəbəkə istifadəçilərinin də sayı 3 milyonu keçib. İlk baxışda günü-gündən inkişaf edən, dünyaya inteqrasiya yolunu tutan dünyəvi dövlət olan Azərbaycan üçün bu, normal göstərici hesab oluna bilər. Bu göstəriciləri ölkəmizdə internet azadlığının təmin edilməsi kimidə qiymətləndirmək mümkündür.

Lakin yaddan çıxarmaq olmaz ki, internetin və sosial şəbəkələrin verdiyi imkan və azadlıqlardan sui-istifadə halları da günbəgün artır və bizə qarşı heç də dost kimi davranmayan bir sıra qüvvələr də, həmin şəbəkələrin verdiyi imkanlardan yararlanaraq ölkəmizə qarşı fəaliyyətlərini genişləndirməyə cəhd edirlər. Bu cəhdlər bir çox hallarda həm də kibercinayətkarlığın artmasında bir vasitəyə çevrilir, istifadəçilərin fərdi məlumatları oğurlanır və ya istifadəçilər sosial şəbəkə vasitəsilə hansısa ideoloji mərkəzin həyata keçirdiyi təbliğatın qurbanlarına çevrilirlər. Bu da o deməkdir ki, bizim hər birimizin fərdi məlumatlarımızın oğurlanması riski olduğu kimi, hər an kiber hücuma məruz qalma ehtimalımız da çox yüksəkdir. Bu da, artıq virtual dünyada təhlükəsizliyimizin təhdid altında olduğunu deməyə əsas verir. Bu mənada ideoloji təhlükəsizlik də istisna deyil.

Məsələn, Azərbaycan dövlətinin dünyada multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində internet vasitəsi ilə həyata keçirdiyi tədbirlər, gördüyü işlər, həm də bizə əks olan ideoloji düşərgə istifadəçiləri üçün məlumat mənbəyinə çevrilir. Bu da istər-istəməz müəyyən narahatlıqların yaranmasına səbəb olur. Son illər ölkəmizdə multikulturalizmi və tolerantlığı təhdidi edən bəzi dini qruplaşmaların fəaliyyətini təhlil etdikdə məlum olur ki, onların böyük əksəriyyəti həmin radikal dini qruplaşmaların internet resurslarının istifadəçiləridir.

Bu gün dünya əhalisinin yarısından çoxunun bir-biri ilə sosial şəbəkə vasitəsilə əlaqə qurduğunu nəzərə alsaq, görərik ki, insanlar bu məkanda fikirlərini sərbəst bölüşür, əlaqə qurur, sevdiyi, sevmədiyi nəsnələri təqdim edir, hər hansı məsələyə özəl münasibətlərini bildirirlər. Eyni zamanda yaddan çıxarmayaq ki, sosial şəbəkələr dünya liderlərinin, siyasətçilərin, tanınmış professor, aktyor və digər incəsənət xadimlərinin, eləcə də terrorçuların, radikal cərəyanların nümayəndələrinin və zərərli dini ideologiya daşıyıcılarının ortaq ünsiyyət məkanıdır. Belə olduğu halda, açıq etiraf etməliyik ki, sosial şəbəkə istifadəçiləri gün ərzində nə qədər faydalı məlumatlar əldə edirlərsə, bir o qədər də qəbul etmədiyi fikir, ifadə və ya zərərli hesab etdiyimiz ideoloji məlumatların axınlarına məruz qalmaqdan sığortalana bilmirlər. Bu baxımdan da, sosial şəbəkələr bütün müsbət tərəfləri ilə yanaşı, həm də zorakılığın, radikalizmin və zərərli ideologiyaların yayılmasında da mühüm rol oynayırlar. Buna misal olaraq "əl-Şabab", "Boko Haram", İŞİD və digər terror qruplarının sosial şəbəkələr vasitəsilə təbliğatını göstərmək olar. Onlar "Tvitter", "Youtube" və digər sosial şəbəkə platformalarından ucuz və effektli təbliğat vasitəsi kimi istifadə etməklə, heç bir fiziki güc və əlavə resurs sərf etmədən özlərinə tərəfdar toplaya, istifadəçiləri terrorçuya çevirə bilirlər. Ekspertlər hesab edir ki, adıçəkilən terror təşkilatlarına qoşulan "döyüşçü"lərin coğrafiyasının genişlənməsinin də əsas səbəbi sosial şəbəkələr vasitəsilə aparılan təbliğatdır. Keçən əsrin 80-ci illərindən etibarən dünyanın müxtəlif bölgələrində yaradılan terror təşkilatlarına "xarici döyüşçülər" cəlb olunub. 1980-ci ilin statistikasına görə, "xarici döyüşçülə”rin sayı 10 və 30 min arasında dəyişib. BMT-nin 2015-ci ildə nəşr etdiyi statistikaya görə, müxtəlif terror təşkilatlarına 100-dən çox ölkədən 40 minə yaxın "xarici döyüşçü" qoşulub. Bu statistikanın ən maraqlı tərəfi həmin "döyüşçü"lərin böyük əksəriyyətinin internetə giriş imkanı daha yüksək olan ölkələrdən olmasıdır. Bu da heç kimə sirr deyil ki, internetin verdiyi imkanlardan ən çox İŞİD terror təşkilatı "məharətlə" yararlanıb. Ölkəmizdən bu terror təşkilatına cəlb olunaraq müxtəlif ərəb ölkələrindəki silahlı qruplaşmaların təkibində vuruşmaları səbəbindən həbs olunan soydaşlarımız da etiraf ediblər ki, həmin qruplaşmalara internet vasitəsi ilə cəlb olunublar.

Ekstremist və terrorçu qruplar sosial şəbəkə istifadəçilərini öz sıralarına cəlb etmək üçün əsas vasitə kimi təbliğatdan istifadə edirlər.

Burada Azərbacan Respublikasının Prezidenti İlham Əliyevin BMT tribunasından səsləndirdiyi fikirlər yada düşür. Multikulturalizmin alternativi yoxdur, multikulturalizmin alterniativi terrordur, islamafobiyadır, antisimitizmd ir, müharibədir, insan faciələridir. O zaman bu fikirləri qəbul etməyən bəzi Qərb dövlətləri də, artıq anlayırlar ki, multikulturalizmi və tolerantlığı bir həyat tərzi kimi qəbul etmədən dünyada sabitliyə və sülhə nail olmaq mümkün deyil.

Buna görə də bütün dövlətlər əllərində olan imkanlardan istifadə edərək terrorçuların sosial şəbəkələrdəki təbliğatlarına qarşı mübarizə aparmalıdırlar.

Çünki terror qrupu və ya terror qrupu üçün "döyüşçü" yığan istifadəçilər ilk əvvəl öz zərərli ideologiyalarını rəsmi veb səhifələr, "Feysbuk" səhifələri, şəxsi elektron poçtlar, "Youtube" kanalları və "Tvitter" kimi sosial media platformaları vasitəsilə mesaj, videoçarx, onlayn mühazirə və yazılı sənəd formatlarında bütün istifadəçilərə göndərir, onları öz təsirləri altına salmağa çalışırlar. Onlar da gələn məlumatları istər- istəməz oxuyurlar. Bu zaman həmin məlumatlar istifadəçilərin profilləri vasitəsilə onların dostluq siyahısında olan digər şəbəkə istifadəçilərinin də səhifələrində görünür. Beləliklə, həmin istifadəçilər də zərərli məlumatlarla tanış olurlar.

Xeyli müddət bir neçə mərhələdən keçən yeni "istifadəçi", artıq tam hazır olduqdan sonra, ona onlayn təlimatlar vasitəsilə partlayıcı vasitələrdən, silahlardan istifadə yolları öyrədilir. Daha sonra hədəf məkanın seçilməsi prosesi izah edilir və müəyyən edilmiş yerdə partlayışı törədəcəyi vaxt deyilir. Artıq zombiləşən yeni qurban da, həmin məkanı partlatmaq üçün hərəkətə keçir. Maraqlıdır ki, bütün bu müddət ərzində ona təlimat verən şəxslə heç bir zaman görüşməyən, onu tanımayan yeni "döyüşçü" həmin təlimatları yerinə yetirir. Buna səbəb nədir? Nüfuzlu "beyin mərkəzləri", araşdırmaçılar, alimlər də, məhz bu suala cavab tapmağa çalışırlar.

Bu suallara müəyyən mənada cavab verə biləcək bir araşdırmanı UNESCO həyata keçirib. UNESCO -nun "Sosial media və gənclərin radikallaşması" başlıqlı araşdırmasında sosial şəbəkənin zorakı ekstremizmin təbliğinə imkan yaradan bir sıra xarakterik cəhətlər qeyd olunub. Və belə qənaətə gəlinib ki, bu, ilk növbədə sosial şəbəkələrdə gənclərin çoxluq təşkil etməsidir. Gənclər auditoriya cəlb etmək, hədəf seçmək baxımından daha rahat və interaktiv platforma hesab edilir;

İkincisi, real məkanlarda asanlıqla yayıla bilməyən, ekstremizmi, zorakılığı təbliğ edən və s. məzmunlu məlumatların sosial şəbəkələrdə asanlıqla yayılmasının mümkün olması.

Üçüncüsü, sosial şəbəkədə sutkanın istənilən vaxtı harada olmağından asılı olmayaraq rahat şəkildə ünsiyyət qurmaq imkanının olması.

Dördüncüsü, istifadəçilərlə təkbətək dialoq qurmaq imkanı və bu yolla gənc istifadəçiləri yaşadıqları cəmiyyətdən asanlıqla təcrid etmək imkanı. Bununla da həmin gənclər özləri də fərqinə varmadan milli mədəniyyətlərinə yad olan, zərərli ideologiyaların təsiri altına düşür.

Və onuncusu, sosial şəbəkələrdə istənilən yer, məkan, şəxs və s. haqqında məlumatların əlçatan ölması. Gördüyünüz kimi, sosial şəbəkə vasitələri radikallaşan istifadəçilərə onlara lazım olan informasiyaları toplamaq və terror aktlarını planlaşdırmaqda "köməklik" edir. Yəni terrorçular sosial şəbəkələrdən istiafadə etməklə evdən bayıra çıxmadan belə istədikləri fəaliyyətləri həyata keçirə bilirlər.

Son illər ölkəmizdə belə halların qarşısının alınması üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, respublikamızda milli, dini radikalizm kimi hallar müşahidə olunmur. Bütün beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq məkanı kimi qəbul olunmasının bir səbəbi də, ölkəmizdə mövcud olan sabitlik, inkişaf və dözümlülük mühitidir.

Lakin sosial şəbəkələdə baş verənlər onu deməyə əsas verir ki, internetin insan həyatında əhəmiyyəti artdıqca, bu imkanlardan sui-istifadə halları da artır. Bu səbəbdən də, artıq beynəlxalq ictimaiyyət də həyəcan təbili çalmağa başlayıb. Çunki terrorizm artıq bir ölkənin, bir dövlətin problemi deyil, o, bütün bəşəriyyəti təhdid edən təhlükəyə çevrilib.

 

 “Paralel”in

Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub