Paralel. - 2019.- 26 yanvar. - ¹ 17. - S. 10.

 

Azərbaycan multikulturalizmi modelinin Fransada təbliği və öyrənilməsi geniş müzakirə olunub

 

Hər bir xalqın mövcudluğunun qorunmasının ən mühüm şərtlərindən biri də, ümumbəşəri mədəniyyətlər daxilində öz mədəni fərqliliyini yaşatmasıdır

 

Bu gün dünyada gedən qloballaşma prosesləri bir tərəfdən mədəniyyətlərin, dillərin, dinlərin bir-biri ilə təması, qarşılıqlı əməkdaşlıq və dialoqu, digər tərəfdən onların toqquşması və anlaşılmazlıq, bəzən də qarşılıqlı inteqrasiyası şəkilində özünü göstərir.

Bu səbəbdən də, müasir dünyamızın qarşılaşdığı ən əsas problemlərdən biri, məhz qloballaşma proseslərinin getdiyi bir şəraitdə milli özünəməxsusluğun qorunmasıdır. Ona görə də, bu gün ayrı-ayrı xalqların min illər boyu formalaşan, özlərinə məxsus adət və ənənələrini yaşatması, gələcək nəsillərə ötürməsi, bütövlükdə isə böyük bir axını xatırladan bu prosesdə öz mövcudluğunu qoruyub saxlaması, qarşıda duran ən mühüm vəzifələrdir. Məlumdur ki, hər bir xalqın dünya xəritəsində mövcudluğunun qorunmasının ən mühüm şərtlərindən biri də, məhz ona məxsus mədəniyyətin mühafizə edilməsi, ümumbəşəri mədəniyyətlər daxilində öz mədəni fərqliliyini yaşatmasıdır. Bu baxımdan, ənənəvi mədəniyyətlərin məhv olma, yoxa çıxma təhlükəsi bu gün mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun vacibliyini əsas şərt kimi ortaya qoyur. Çünki hər hansı bir mədəniyyətin başqa bir mədəniyyətlə qarşılaşmasının, ünsiyyətin bir neçə yolu var. Tədqiqatçı alim A. Abdiyeva özünün "Mədəniyyətlərarası diffuziya mədəniyyət dialoqunun spesifik mexanizmi kimi" məqaləsində həmin yolları belə qeyd edir:

1) Assimilyasiya - insan başqa mədəniyyət dəyərlərini qəbul edir və öz mədəni dəyərlərindən imtina edir;

 2) Separasiya - bu zaman insan özgə mədəniyyətdən imtina edir və doğma mədəniyyəti qəbul edir;

3) Marginalizasiya- həm doğma mədəniyyət sistemi ilə vidalaşır, həm də mövcud olan çoxluğun mədəniyyət dəyərlərindən imtina edir,

4) İnteqrasiya- həm doğma, həm də özgə mədəni sistemlə uyğunlaşma. Bunun nəticəsində insan yad mədəniyyətlər sistemində də uzun müddət  mövcudluğunu qoruya bilir.

Yaddan çıxarmaq olmaz ki, qloballaşma proseslərinin getdiyi, yəni mədəniyyətlərin, sivilizasiyaların təmasının, toqquşmasının baş verdiyi bir zamanda, bir tərəfdən milli özünəməxsusluğun, mənəvi dəyərlərin ümumdünya, daha çox Qərb təmayüllü təsirlərə məruz qalması ilə özünü göstərirsə, bu, eyni zamanda multikultural rəngarəngliyin və  çoxmədəniyyətliliyin aradan qalxmasına da səbəb ola bilər.

Bu kimi halların qarşısının alınması üçün hələ bir neçə il əvvə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizdə "Multikulturalizm ili"nin elan olunması ilə bağlı Sərəncam imzalaması, dünyada gedən proseslərə vaxtında və adekvat münasibətin nəticəsi kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası bir sıra dillərə və dinlərə məxsus xalqların tarix boyu bir yerdə yaşadıqları unikal bir ölkədir. Bu xalqların və dinlərin nümayəndələri uzun əsrlər boyunca heç bir təhdid və təzyiqlə üzləşmədən öz mədəniyyətlərini, din və dil özünəməxsusluqlarını bugünümüzə qədər gətirib çıxara biliblər. Ölkəmizdə mövcud olan multikulturalizmin elmi-nəzəri əsaslarını təhlil edən akademik Kamal Abdulla qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili" elan etməsi, məhz xalqımızın tarixi kökündə formalaşan və bu gün də yaşayan möhtəşəm mənəvi, elmi və siyasi qaynaqlara əsaslanır. Bu qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi zənginliyini  göstərən mühüm mənbədir. Heç şübhəsiz ki, akademik "xalqın tarixi kökündə formalaşan və bu gün də yaşayan möhtəşəm mənəvi, elmi və siyasi qaynaqlar" deyəndə, əslində min illər boyu bu ərazilərdə birgə yaşayan və vahid Azərbaycan mədəniyyətinin formalaşmasına səbəb olan proseslərə diqqət yetirir. Çünki dinindən, irqindən, etnik mənşəyindən asılı olmayaraq bu regionda məskunlaşan bütün xalqlar mehriban qonşuluq şəraitində, bir-birlərinin adət -ənənələrini, mədəniyyətlərini qoruyaraq, zənginləşdirərək yaşamağa müvəffəq olublar. Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti kimi elan olunan və xalqımızın çoxəsrlik mədəni yaşam şərtlərindən doğan multikulturalizmin təbliği və onunla bağlı maarifləndirmə işlərinin aparılması bir tərəfdən dövlətin çağırışlarına adekvat cavabdırsa, digər tərəfdən xalqımızın yüz illər boyu formalaşan mənəvi mədəniyyət xəzinəsinin, sərvətinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində atılan mühüm addımlardır. Təbii ki, bu iş kompleks xarakterli, sistemli və universal olmalıdır. Əgər multikulturalizmin araşdırılması, onunla bağlı elmi-tədqiqat əsərlərinin meydana çıxarılması mühüm işlərdən biridirsə, bu biliklərin tədrisi və təbliği də çox vacibdir. Buna görə də, multikulturalizmlə bağlı maarifləndirmə işlərinin aparılması, əhalidə, insanlar arasında bu anlayış barədə fikirlərin formalaşdırılmasında kitabların xüsusi rolu olduğu kimi, həmin kitabların toplandığı kitabxanaların da üzərinə çox böyük məsuliyyət düşür.

Çünki kitabxanalar milliyyətinə, dininə, dilinə heç bir fərq qoymadan çoxsaylı oxucu ordusuna xidmət göstərir, müxtəlif xalqların etiqadını, mədəniyyətini, düşüncə tərzini, məişət və əxlaqını dünya ədəbiyyatının ən gözəl nümunələri vasitəsilə təbliğ edir, bu yolla da insanların maariflənməsində vasitəçi olur. Kitabxanaların malik olduğu bu potensial, yəni müxtəlif mədəniyyətlərə və dinlərə dair bilik və məlumatları ehtiva edən kitabların, toplu və məqalələrin bir yerdə cəm olması, eyni zamanda, müxtəlif dünyagörüşü və etnik, milli, dini mənşəyə malik olan insanların burada bir araya gəlməsi, onların bu mühüm təbliğat işində rolunu daha da artırır. Çünki həm müxtəlif mədəniyyətlərə dair kitab və məlumatların, həm də onlarla maraqlanan oxucuların bir araya gəlməsi özlüyündə təbii bir multikultural mühit yaradır ki, bu mühitin potensialından mütləq yararlanmaq lazımdır. Bunun bir çox yolları var. Məsələn, kitabxanalarda müxtəlif kitab sərgiləri və təqdimatlar, eləcə də multikulturalizm və tolerantlıqla bağlı mövzuların müzakirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi, multikulturalizmin təbliği baxımından çox səmərəli nəticələr verə bilər. Kitabxanalar həm də müxtəlif dünyagörüşlü insanların, şəxslərin sosiallaşdığı, ünsiyyət və təmasda olduğu mühit kimi, təbliğat üçün çox qiymətli məkandır. Bu baxımdan, müasir dövrdə ölkəmizin əldə etdiyi nailiyyət və uğurların, eləcə də beynəlxalq aləmdə artan nüfuz və təsir imkanlarının, həmçinin milli dövlət siyasətinin, multikulturalizmin təbliğində kitabxanaların malik olduğu potensialdan istifadə etmək lazımdır.

Eyni zamanda, ölkəmizin müxtəlif kitabxanalarında "Multikulturalizm və kitab" mövzusunda toplantıların, konfrans və seminarların, eləcə də kitab sərgilərinin təşkili multikulturalizmin təbliği və təşviqi baxımından mühüm addım olardı.

Bu da məlum həqiqətdir ki, əgər biz bəşəri birgəyaşayışın ən mühüm şərtlərindən olan dini və milli dözümlülüyə nail olmaq istəyiriksə, ölkəmizdə mövcud olan multikultural mühitin ancaq respublikamızda deyil, dünyanın hər yerində geniş təbliğinə nail olmalıyıq.

Bu gün Azərbaycan dövləti, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət və qeyri-dövlət qurumları da, bu istiqamətdə çox mühüm işlər görürlər. Görulən işlərin nəticəsidir ki, dünyada Azərbaycan multikulturalizminə maraq gündən-günə artır.

BBMM-in mətbuat xidmətindən verilən məlumata görə, Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycan multikulturalizmi modeli, ölkəmizdə əsrlərdir mövcud olan multikultural dəyərlər və tolerantlıq ənənələri, Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib.

R. Həsənov qeyd edib ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlılıq ənənələrinə malik olması beynəlxalq aləmdə də etiraf edilir və yüksək qiymətləndirilir. Respublikamızda mövcud olan milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı ölkə olaraq dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Azərbaycan Prezidenti İlham Əliyevin həm mədəni, həm də etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılan nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini bir daha zəruri şərt kimi ortaya qoyur.

Tədbirdə BBMM-in Fransada həyata keçirdiyi mümkün layihələr, eləcə də Azərbaycan multikulturalizmi modelinin Fransada təbliği və öyrənilməsi məsələləri də geniş müzakirə mövzusu olub. Fransalı qonaqlar açıq etiraf ediblər ki, son zamanlar tez-tez törədilən terror aktları səbəbindən Fransada multikulturalizm anlayışının yanlış qəbul edilməsi tendensiyası mövcuddur. Bu səbəbdən də dini ekstremizm və dini etiqad azadlığı, multikulturalizm və izolyasiya siyasətilə qarışdırılır. Nümunəvi model olaraq, Azərbaycan multikulturalizminin bir fənn kimi Fransa universitetlərində tədris olunması, bütövlükdə cəmiyyətdə təbliği, yaranmış yanlış təsəvvürlərin aradan qaldırılması baxımından böyük önəm daşıyır.

Fransa cəmiyyəti anlamalıdır ki, bu gün multikulturalizm müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə yanaşmadır və onun iflasa uğraması barədə deyilənlərin heç bir əsası yoxdur.

 

“Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub