Paralel.-2019.-24 yanvar.-¹15.-S.10.

 

Azərbaycan multikulturalizmi, sadəcə bir termin deyil, bütün sivil cəmiyyətlərin qəbul etdiyi reallıqdır

 

Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz hissəsi kimi baxır

 

Son illər dünyada baş verən bir çox gərgin siyasi proseslər onu deməyə əsas verir ki, bəzi Qərb dövlətlərinin multikulturalizmin iflasa uğraması barədə ortaya atdıqları iddiaların heç bir əsası yoxdur.

Əksinə, bu gün bir çox dövlətlər, beynəlxalq təşkilatlar da, o fikirdədirlər ki, yalnız multikulturalizmi və tolerantlığı inkişaf etdirməklə, dünyada bəşəri birgəyaşayışa, sabitliyə və sülhə nail olmaq mümkündür. Bu da danılmaz faktdır ki, müasir dünyamızda multikulturalizmin yaşam tərzi kimi qəbul olunduğu ölkələrdə həm siyasi-iqtisadi, həm də milli-dini münasibətlər baxımından inkişaf və tərəqqi açıq hiss olunur. Buna görə də, multikulturalizm beynəlxalq əhəmiyyətli dəyər kimi qəbul olunmağa başlayıb. Artıq bir çox dövlətlər, xalqlar, beynəlxalq təşkilatlar, müxtəlif dini qurumlar da anlamağa başlayıblar ki, baş verən iqtisadi və maliyyə böhranlarından, siyasi qarşıdurmalardan, silahlı münaqişələrdən, hərbi müdaxilələrdən qorunmağın ən doğru yol qarşılıqlı anlaşma, mədəniyyətlərarası dialoq və tolerantlıqdan keçir. Bununla belə, hər hansı bir dövlətin milli-etnik və çoxkonfessiyalı bir cəmiyyətə sahib olmasının həm müsbət, həm də mənfi tərəfləri var. Əgər həmin cəmiyyətdə milli-etnik və dini münasibətlər dövlət tərəfindən düzgün tənzimlənirsə, bu onun uğuruna çevrilir. Əks təqdirdə isə tənəzzül baş verir.

Tarixin keşməkeşli inkişaf proseslərindən keçərək formalaşan çoxmədəniyyətli bir cəmiyyətin varlığı və bu cəmiyyəti qoruyub saxlamaq üçün dövlətin siyasi iradəsinin mövcud olması, əslində bu ölkədə multikulturalizmin və tolerantlığın bərqərar olduğunu deməyə əsas verir. Hər hansı bir ölkədə milli-etnik və dini münasibətlərin qorunması siyasətinin həyata keçirilməsi üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilməli və multikulturalizm siyasətinin hüquqi bazası formalaşdırılmalıdır.

Qeyd etmək istərdik ki, tək ideologiyalı, ateist sovet imperiyasının süqutundan sonra, yenicə istiqlaliyyət əldə edən ölkəmizdə belə bir hüquqi bazanın formalaşdırılması heç də asan məsələ deyildi. Lakin Azərbaycanın ta qədim zamanlardan çoxmillətli və çoxkonfessiyalı dövlət olması, bununla belə burada heç bir zaman dini və milli zəmində qarşıdurmaların və münaqişələrin baş verməməsi, ölkəmizdə dözümlülük mühitinin hər zaman mövcud olduğunu deməyə əsas verir. Multikulturalizm və tolerantlıq kimi terminlərin hələ mövcud olmadığı bir zamanda belə, Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələrinin dost, qardaş kimi birgə yaşadıqları tarixi faktdır. Müstəqilliyin ilk illərində xaricdən ölkəmizə transfer edilən bir çox dini cərəyanların yaratdığı xaosa, təriqətlərarası qarşıdurmalara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə az bir zamanda son qoyuldu. Ümummilli Liderin həyata keçirdiyi siyasət nəticəsində özünün mədəni müxtəlifliyini qorumaq üçün milli azlıqlar və dini qruplarla bağlı çox sayda normativ hüquqi aktlar qəbul olundu və bununla da müstəqilliyini yenidən bərpa edən ölkəmizdə tarixən mövcud olan etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsi təmin edildi.

1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin sessiyasında çıxış edən Ümummilli Lider Heydər Əliyev ölkəmizdə mövcud olan dini və milli məsələlərə münasibətini belə ifadə edib: “Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olub. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Qarşımızda duran ən mühüm vəzifə Konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, ölkəmizin həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdır”.

Bu gün Ulu Öndərimizin 25 il əvvəl qarşıya qoyduğu vəzifələri, dövlətimizin başçısı, Prezident İlham Əliyevin tam və dolğun şəkildə uğurla həyata keçirdiyini əminliklə deyə bilərik.

Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz hissəsi kimi baxır. Multikulturalizm və tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza tam formalaşdırılıb. Ölkəmizdə qeyri-müsəlman dini icmalara, müxtəlif dini konfessiya nümayəndələrinə daim diqqət və qayğı ilə yanaşılır.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi dövlət başçımızın daim diqqətindədir. Bu məqsədlə yaradılan dövlət və qeyri-dövlət qurumları və təşkilatlar da, ölkəmizdə mövcud olan tolerant və multikultural dəyərlərin dünyada təbliği istiqamətində bir çox layihələr həyata keçirməklə, Prezident İlham Əliyevin bu sahədə gerçəkləşdirdiyi siyasəti dəstəkləyirlər.

Azərbaycan multikulturalizmi artıq, sadəcə bir termin deyil, bütün sivil cəmiyyətlərin qəbul etdiyi reallıqdır.

Onu da diqqətinizə çatdıraq ki, Azərbaycan multikulturalizminin təbliği ancaq xarici ölkələrdə həyata keçirilmir. Ölkəmizin müxtəlif bölgələrində günümüzün reallıqlarına uyğun olaraq, müxtəlif konfranslar, “dəyirmi masa”lar, seminarlar və digər tədbirlər həyata keçirilir ki, bu da baş verə biləcək hər hansı bir problemin qarşısının vaxtında alınması, həmin bölgə sakinlərinin, ələlxüsus da gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu sahədə ən fəal dövlət qurumlarından olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfransın keçirilməsi də bu baxımdan təqdirəlayiq haldır.

Bu kimi tədbirlərdə rayon ictimaiyyəti nümayəndələrinin, rayon icra hakimiyyətinin rəhbər şəxslərinin, yerli hüquq-mühafizə orqanlarının rəhbərlərinin, dini icma sədrlərinin, din xadimlərinin, ilahiyyatçıların iştirakı, müzakirə olunan mövzunun əhəmiyyətinin göstəricisidir.

Tədbirdə qeyd olunub ki, bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti çox böyükdür və İslami dəyərlərin düzgün təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə həmçinin ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələrə, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin vacibliyinə diqqət edilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərini xüsusi qeyd edərək vurğulayıblar ki, Ulu Öndər zəngin irsimizi, mədəniyyətimizi və adət-ənənələrimizi yaşatmaq üçün çox böyük işlər həyata keçirib.

Bu gün Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərimizin qorunmasını, təbliğ və təşviqini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə görülən işləri dəstəkləyir, Konfransda dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, dini siyasiləşdirmək, ondan sui-istifadə etmək istəyənlərə, din adı altında ictimai-siyasi sabitliyi pozmağa çalışanlara, gəncləri dini radikal qruplara cəlb etməyə cəhd göstərənlərə aramızda yer olmamalıdır. Bütün cəmiyyət bu cür hallara qarşı həm ideoloji, həm siyasi, həm də hüquqi baxımdan mübarizə aparmalıdır.

“Xalqımızın minilliklər boyu formalaşan tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Tolerantlığın təşviqi və təbliği məqsədilə çoxsaylı tədbirlər və konkret layihələr həyata keçirilir”,- Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, təkcə “İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə multikulturalizm və dinlərarası tolerantlıq mövzusunda Finlandiyada, İran İslam Respublikasında, Türkiyədə, Özbəkistanda, İspaniyada və Rusiyada bir çox beynəlxalq konfranslar keçirilib.

Berlində keçirilən “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusundakı beynəlxalq konfransın əhəmiyyətindən söz açan komitə sədri deyib:

“Bu istiqamətdə fəaliyyətin davamı kimi, İspaniya və Almaniyada da beynəlxalq konfranslar təşkil edilib. Berlin şəhərində keçirilən beynəlxalq konfrans Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı Səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub”.

Almaniyaya səfər çərçivəsində nümayəndə heyətinin keçirdiyi bir sıra görüşlərdə Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyəti və bu məqsədlə beynəlxalq tədbirlər həyata keçirməsi yüksək qiymətləndirilib: “Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, eləcə də ölkəmizin tolerantlıq təcrübəsinin yayılması işinə bu konfransın da yüksək töhfə verdiyini düşünürəm”,- komitə sədri deyib.