İki sahil. - 2019.- 5 yanvar. - ¹ 2. - S. 7.

 

“Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri”

 

Yeganə Əliyeva

 

Ərsəyə gələn hər bir nəşr yeni mənbə, zəngin araşdırmaların məhsuludur. Kitabın çoxcildliliyi isə əhatə etdiyi mövzunun aktuallığı ilə yanaşı, davamlı araşdırmalara ehtiyacın olduğunun göstəricisidir.

Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya elmləri doktoru, Mir Cəlal irsini təbliğ edən “Müəllim sözü” qəzetinin baş redaktorunun müavini Həcər Hüseynovanın elmi redaktoru AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Təhsin Mütəllimovun, rəyçiləri Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Xudiyevin, filologiya elmləri doktorları, professorlar Adil Babayevin, Buludxan Xəlilovun və Məhərrəm Məmmədlinin olduğu,  böyük yazıçı, alim, pedaqoq Mir Cəlalın 110 illik yubileyinə ithaf olunan iki cilddən ibarət  “Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri” kitabı diqqətçəkəndir. Sözügedən kitabda söz və ifadələrin görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin zəngin təxəyyülündən keçib cilalanaraq yeni mənalar kəsb etməsi, müxtəlif üslubi məqsədlərə xidmət etməsi kimi cəhətlər müəyyənləşdirilib, yazıçının nəsrindən gətirilən nümunələrlə əsaslandırılıb. Nəşrdə yazıçının əsərlərinin üslubi fonetikası, leksikası, onomastikası, semantik söz qrupları, sintaktik sistemi tədqiqata cəlb edilərək, maraqlı elmi qənaətlər əldə edilib. II hissədə aforizmlər beş dildə təqdim edilmiş, əsərlərinin antroponimik lügəti, yazıçının həyat və fəaliyyətini əks etdirən foto-albom verilib.

Kitabda ulu öndər Heydər Əliyevin “Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını nümayiş etdirirlər” tezisinin davamı olaraq Mir Cəlalın “Alim də, şair də, müəllim də eldən güc almalıdır” fikri öz əksini tapıb. Nəşrdə bildirilir ki, o şəxsiyyətlər sırasında yer alan  Mir Cəlalın bədii əsərlərinin tədqiqi ədəbi prosesdə ümumi inkişaf qanunauyğunluqlarını aşkar etməyə və bədii əsərlərin təsir gücünü göstərməyə imkan yaradır. Onun üslubunda insana, təbiətə xas olan cəhətlər, ətraf mühitdə baş verən hadisələr bədii, obrazlı şəkildə oxucuya çatdırılır. Gənc nəslin milli mentalitetə söykənən vətənpərvərlik ruhunda tərbiyə edilməsində bu əsərlərin əvəzedilməz rolu vardır.

Qeyd edək ki, yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Müəllifin “Yazıçı Mir Cəlal, şair Mir Cəlal” sərlövhəli “Ön söz”ündə də  bütün dövrlər üçün öz aktuallığını qoruyan bu fikri önə çəkir ki, yazıçıların ömrü illərlə deyil, yaratdığı əsərlərlə ölçülür. Yazıçılar öz əsərlərinə, əsərləri isə xalqa mənsub olur. Mir Cəlalın yaratdığı söz xəzinəsi isə öz adını Azərbaycan ədəbiyyatı tarixinə əbədilik yazmışdır. Onun bədii əsərlərində xalqımızın tarixi, adət-ənənələri, inam və etiqadları mükəmməl şəkildə əks olunub. Mir Cəlalın bədii əsərlərinin dili həyati, canlı, təbii, sadə və səmimidir. Əsərlərinin uğur qazanmasında da bu məqamlar əsas rol oynayıb.

Müəllif bu məqamı da xüsusi qeyd edir ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Əsər bu gün də qəlbləri riqqətə gətirir. “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir. Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz açıb ki, bu, XXI əsrin də ədəbi-elmi zirvəsində görünəcək. Böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olacaq. Bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da bu böyük ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

Müəllif onu da bildirir ki, alim Mir Cəlalın elmi araşdırmaları da bədii əsərləri qədər sevilən, oxunan və Azərbaycan ədəbiyyatşünaslığının inkişafı sahəsində əvəzedilməz mənbələrdir. Tədqiqatçı-alim Mir Cəlal bir çox görkəmli şairlərin- Xaqani, Nizami, Füzuli, Nəsimi, Xətai, Həbibi və başqalarının yaradıcılığını müqayisəli şəkildə təhlil etmişdir. Bu isə böyük yazıçının şeirə, poeziyaya marağının, sevgisinin nəticəsi idi.

Müəllif “Ön söz”ündə bu ümumiləşdirməni aparmışdır ki, yaratdığı əsərlərə böyük məsuliyyətlə yanaşan Mir Cəlal gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində əhəmiyyətini nəzərə alaraq əsərlərini hikmətli sözlərlə, müdrik kəlamlarla zənginləşdirmişdir: “Yazıçının yaratdığı zəngin mənəvi xəzinənin, mənəvi sərvətin bir hissəsi onun hikmətli sözləridir. Böyük tərbiyəvi əhəmiyyətini nəzərə alaraq yazıçının hikmətli sözlərini-aforizmlərini kitabın II cildində oxuculara təqdim etməyi məqsədəuyğun bildik.”

Həcər Hüseynovanın 2012-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasının mövzusu da “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri”dir. Ondan artıq kitabın müəllifi olan Həcər Hüseynovanın ərsəyə gətirdiyi hər bir nəşrin mövzusunda Mir Cəlal yaradıcılığına müraciət diqqətdən kənarda qalmır. İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun böyük və əlçatmaz müəllimliyi, bəşəri insanlığı heyranlıqla qarşılanır və əsl örnək kimi qəlblərdə özünə ucalıq, əlçatmazlıq heykəli yaradır.

H. Hüseynovanın ikicildlik “Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri” adlı yeni nəşri ədibin yaradıcılığına ümumi baxış olmaqla yanaşı, indiki nəslə tanıdılması baxımından da önəmli mənbə, hər kəsin müraciət edə biləcəyi stolüstü kitabdır.