Paralel. - 2019.- 19 yanvar. - ¹ 12. - S. 10.

 

Azərbaycanda dövlət-din münasibətlərində heç bir problem yoxdur

 

Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin fəaliyyətini həm dövlət, həm də Azərbaycan xalqı dəstəkləyir

 

 Müstəqilliyimizin ilk illərində, 70 illik sovet rejiminin ateizm ideologiyasından qurtulan xalqımızın həyatında öz keçmişinə, adət-ənənələrinə, dininə qayıdış prosesləri başladı. Həmin dövrdə ölkəmizdə hökm sürən siyasi sabatsızlıq, iqtisadi tənəzzül və sosial xaos milli və dini məsələlərdən də yan keçmədi. Ölkəmizdə dövlət səviyyəsində dini məsələləri tənzimləyən bir qurumun olmaması səbəbindən, hər əlinə təsbeh alan, başına fəs qoyan bəzi dırnaqarası dindarlar müxtəlif cəmiyyətlər, toplumlar yaradaraq, cəmiyyəti təriqətlərə, məzhəblərə bölmək istiqamətində təbliğatlarını həyata keçirməyə başladılar. Ən təhlükəli, məqam ölkədə hökm sürən anarxiya və xaosdan istifadə edərək öz məkirli siyasətlərini ölkəmizdə həyata keçirməyə çalışan bir sıra dövlətlər, hümanitar yardım təşkilatları adı altında öz missionerlərini yenicə müstəqillik əldə edən göndərir, burada əsasən  dini duruma nəzarəti ələ keçirməyə cəhdlər edirdilər. Dini və milli zəmində qarşıdurmalar, insanlar arasında ixtilaflar yaratmaqla ölkəmizdə öz maraqların gercəkləşdirməyə çalışan bu qüvvələrin əsas məqsədi, müstəqil inkişaf yolumuza maneələr yaradaraq özlərindən asılı vəziyyətə salmaq idi. Bu tendensiyanın qarşısının alınmasına ciddi ehtiyac duyulsa da, o dövrdə bunu həyata keçirəcək bir kimsə, yaxud hansısa bir təşkilat mövcud deyildi.

Ümummilli Lider Heydər Əliyevin xalqın tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, ölkəmizin sosial-siyasi və iqtisadi həyatının bütün sahələrində olduğu kimi, milli və dini münasibətlərin tənzimlənməsi sahəsində də ciddi dönüşə səbəb oldu. Ulu öndər ilk əvvəl, mənfur qonşularımız olan ermənilərin ölkəmizə qarşı torpaq iddiaları ilə bağlı işğalçılıq siyasətində dönüş yarada bildi, müharibə bölgəsində atəşkəs elan olundu. Daha sonra dinc quruculuq mərhələsinə qədəm qoyan ölkəmizdə Ümummilli Liderin rəhbərliyi ilə milli və dini məsələlərin tənzimlənməsi prosesi başlandı. Ölkəmizdə meydan sulayan bir çox dini cərəyanların fəaliyyəti məhdudlaşdırıldı, onların böyük əksəriyyətinin isə ümumiyyətlə fəaliyyəti qadağan olundu.

Məlumdur ki, bütün sivil, dünyəvi dövlətlərdə dövlət-din münasibətlərinin tənzimlənməsini həyata keçirən xüsusi qurumlar fəaliyyət göstərir. Özünün uzaqgörən siyasi baxışları sayəsində zamanın çağırışlarını qabaqlamağı bacaran Ümummilli Lider Heydər Əliyev Azərbaycan kimi çoxmillətli və çoxkonfessiyalı bir ölkədə də, belə bir qurumun yaradılması üçün müvafiq addımlar atdı. Ulu öndərin təşəbbüsü ilə ölkəmizdə dövlət-din münasibətlərini tənzimləyəcək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Eyni zamanda hələ sovet dönəmindən fəaliyyətdə olan Qafqaz Müsəlmanları İdarəsinin də qarşısına icmalararası münasibətlərin tənzimlənməsi vəzifəsi qoyuldu.

Bu gün ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən bir çox qurumlar və təşkilatlar var. Onların arasında təməli Ulu Öndərimiz tərəfindən qoyulan Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin fəaliyyəti, həm dövlət, həm də Azərbaycan xalqı tərəfində dəstəklənir. Komitənin yarandığı gündən dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində gördüyü işlərin nəticəsidir ki, bu gün Azərbaycanda dövlət-din münasibətlərində heç bir problem yoxdur. Din dövlətdən ayrı olsa da, dövlət dini qurumların, eləcə də müxtəlif dini konfessiyaların və icmaların inkişafına və fəaliyyətinə həm maddi, həm də mənəvi dəstək verir.

Onu da diqqətinizə çatdıraq ki, Komitənin əsas fəaliyyət istiqamətləri dövlət-din, dinlər, təriqətlər və məzhəblərarası münasibətləri tənzimləmək, eyni zamanda bu sahədə meydana çıxan və yaxud çıxmaq ehtimalı olan problemlərin, mübahisələrin səbəblərini araşdırmaq, onların həlli istiqamətində lazımi işlər görmək, zərurət yarandığı halda, həmin problemli məsələlərin çözümü üçün ölkə rəhbərliyinə təkliflər verməkdən ibarətdir. Bütün bu illər ərzində Komitənin gördüyü işləri təhlil etdikdə görürük ki, respublikamızda dini sabitliyin qorunub saxlanılmasında, tolerantlıq mühitinin formalaşmasında bu qurumun çox böyük rolu və xidmətləri var. Komitənin bütün bu müddət ərzində  gördüyü işləri birmənalı olaraq müsbət qiymətləndirmək olar. Təbii ki, bu gün dünyanın bir çox bölgələrində, ələlxüsus da, Yaxın Şərqdə din, məzhəb savaşının günü-gündən alovlandığı bir zamanda, bu yolun heç də hamar olmadığını görürük və hec indi də hamar deyil. Çünki qloballaşan dünyamızın bir parçası olaraq bu proseslər bizə də təsirsiz ötüşmür. Bu mənada Komitənin də üzərinə çox böyük məsuliyyət düşür. Çünki, Komitənin işində, təbliğat və təşviqatla bağlı fəaliyyətində azacıq boşluqlar və axsamalar olarsa, ölkəmizin müstəqil siyasətini və iqtisadi dirçəlişini həzm etməyən məkrli qüvvələr həmin an hərəkətə keçə bilərlər.

Sevindirici haldır ki, Komitə rəhbərliyi dövlət başçısı İlham Əliyevin bu məsələlərlə bağlı verdiyi tapşırıq və tövsiyyələrə ciddi əməl edir, gündəlik fəaliyyətini də bu istiqamətdə qurur. Komitə din və etnik müxtəlifliyi ilə fərqlənən respublikamızda bu rəngarənliyi qoruyub saxlamaq üçün mütəmadi maarifləndirmə işləri aparır, ölkəmizdə mövcud olan digər dini konfessiyaların rəhbərləri ilə görüşlər, birgə konfranslar, tədbirlər keçirir, dəyərləndirmələr aparır.

Keçən il də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üçün böyük tədbirlər ili olub. Buna görə də, bir neçə gün əvvəl Komitədə ilin yekunlarına dair kollegiya iclası keçirilib. Tədbirdə ötən ildə görülən işlərə yekun vurulub, qarşıda duran vəzifələrlə bağlı ətraflı müzakirələr aparılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) verilən məlumata görə, iclasda kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

İclasda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda qaldırılan məsələlərə toxunaraq bildirib ki, ümumilikdə 2018-ci il ölkəmiz üçün uğurlu olub, həyatımızın bir çox sahələrində mühüm nailiyyətlər əldə edilib. DQİDK sədri ötən il ərzində ölkədə dini durumla bağlı sabitliyi təmin etmək, həmçinin multikultural və tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımların atıldığını bildirib.

Mübariz Qurbanlı qeyd edib ki, bu ilin dövlətimizin başçısı tərəfindən  "Nəsimi İli" elan olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Dövlət Komitəsinin sədri daha sonra 2018-ci il ərzində respublikada dini durumu dərindən öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək məqsədilə həyata keçirilən müvafiq tədbirlər barədə ətraflı məlumat verib.

O, hesabat dövrü ərzində keçirilən bəzi maarifləndirici tədbirlərin formatına uyğun olaraq, Dövlət Komitəsinin sifarişi ilə hazırlanan "Fitnə", "Şəhadət", "Üfüqdəki gələcək" və "Vəhdət qanımızdadır" adlı sənədli filmlərin ölkənin bütün regionlarında, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda nümayiş etdirildiyini bildirib və bu tədbirlərin ölkəmizdə dini mühitin sabitliyi baxımından mühüm rol oynadığını qeyd edib.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fond tərəfindən mənəvi dəyərlərin qorunması, inkişafı və təbliğini həyata keçirmək məqsədilə reallaşdırılan tədbirlərdən danışıb.

İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycanda din sahəsində stabil mühit mövcuddur, ölkəmiz konfessiyalar və məzhəblərarası münasibətlərin tənzimlənməsi baxımından nümunəvi dövlətdir: "Dövlətimizin başçısı İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması dövlətin milli-mənəvi dəyərlərə yüksək münasibətinin bariz nümunəsidir"

PA rəsmisi ölkədə dini durumla bağlı sabitliyin qorunub-saxlanılması və dini icmalar arasında mövcud tolerantlıq mühitinə kölgə salmağa çalışan mənfi təzahürlərin aradan qaldırılması istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işləri, xüsusilə, respublikanın bütün bölgələrini əhatə edən genişmiqyaslı maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib və bu tədbirlərin ölkədəki dövlət-din münasibətlərinin daha da təkmilləşməsinə öz töhfəsini verdiyini bildirib. Etibar Nəcəfov ötən ildən başlayaraq təmsil etdiyi şöbənin respublikanın bütün bölgələrində etno-siyasi və dini durumla bağlı keçirdiyi zona müşavirələrinin dini radikalizmə qarşı mübarizə işinə öz müsbət təsirini göstərdiyini xüsusi qeyd edib.

İclasın sonunda Dövlət Komitəsinin 2019-cu il üçün fəaliyyət planı, qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə olunub.

 

“Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub