Paralel. - 2019.- 18 yanvar. - ¹ 11. - S. 10.

 

Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətində görülən işlər sərhəd tanımır

 

Dövlətimizin həyata keçirdiyi multikulturalizm siyasəti sayəsində Azərbaycan dünyada daha da çox tanınır

 

 Müstəqilliyinə qovuşduğu qısa müddət ərzində həyatımızın bütün sahələrində böyük uğurlar qazanan Azərbaycan dövlətinin, həm də multikulturalizmin və tolerantlığın inkişafı istiqamətində gördüyü işlər, bəşəri birgəyaşayışın tənzimlənməsi istiqamətində xidmətləri kimi dəyərləndirilir. Xüsusi ilə, indiki qarışıq bir dövürdə dini və milli tolerantlığın qorunub, inkişaf etdirilməsi çox böyük əhəmiyyət kəsb edir.   

Bu gün dünyanın müxtəlif yerlərində yaranan yeni münaqişə ocaqları da, ilk növbədə dini və milli zəmində, bir çox hallarda isə millətçilik və din pərdəsi altında meydana çıxır. Bu səbəbdən də Yaxın Şərqdə, artıq bir neçə ölkə tamamilə idarəedilməz hala gəlib. Əfsuslar olsun ki, bu münaqişələrin həlli istiqamətində fəaliyyət göstərən bir çox dövlətlərin problemin həllinə ikili standartlarla yanaşması, həmin bölgələrdə vəziyyəti daha da ağırlaşdırır. Bu münaqişələr zəminində yaranan miqrasiya nəticəsində Avropada miqrantlarla bağlı dərin böhran yaşanır. Bu, təkcə iqtisadi-siyasi və sosial böhran deyil, həm də dəyərlər böhranıdır. İslam dünyasında yaşanan münaqişələr səbəbindən məcburən Avropaya miqrasiya edəni insanların bu ölkələrin milli və dini dəyərlərinə adaptasiya oluna bilməmələri səbəbindən Avropada islamofobiya meyilləri güclənir. Bu da heç şübzəsiz ki, həm müsəlmanlar, həm Avropa üçün çox böyük təhlükəyə çevrilib. Miqrasiya problemini həll edə bilməyən bir çox Qərb dövlətləri, multikulturalizmin iflasa uğradığını iddia edərək, yaranmış vəziyyətdən başqa çıxış yolları axtarışındadırlar. Belə mürəkkəb bir vəziyyətə Azərbaycan özünün multikultural dəyərlərə münasibətini daha da gücləndirərək, sübut edir ki, bəşəri birgəyaşayışın harmoniyası üçün ən optimal yol tolerantlığın və multikulturalizmin inkişaf etdirilməsidir. Əslində, Azərbaycan dövləti özünün milli və dini siyasətində heç bir dəyişiklik etməyib. Sadəcə olaraq, Azərbaycan dövləti çalışır ki, ölkəmizi mümkün olan bütün risklərdən, kənardan gələn mənfi təsirlərdən qorusun və apardığı siyasətlə də buna nail ola bilir.

Bu gün dünyada gedən çox ağır proseslər fonunda, Azərbaycanda həyata keçirilən multikulturalizm və tolerantlıq siyasəti özünü daha qabarıq şəkildə göstərə bilir. Yəni Azərbaycanda həyata keçirilən dövlət-din münasibətləri siyasəti sübut edir ki, bütün dini konfessiyaların nümayəndələri hər bir ölkədə bir ailə kimi yaşaya bilirlər. Bunun üçün, sadəcə olaraq multikulturalizmi və tolerantlığın həyat tərzi kimi qəbul edilməsi lazımdlır. Bu halda, hər hansı bir ölkədə dini və milli zəmində qarşıdurmaların baş verməyəcəyini demək olar. Bu baxımdan, Azərbaycan dünyaya çox fərqli inkişaf modeli nümayiş etdirir. Azərbaycan dünyaya sübut etməyə çalışır ki, multikulturalizmin həyat tərzinə çevrildiyi hər bir ölkədə sabitliyə və qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Azərbaycanda multikulturalizm xalqımızın həyat tərzidir və dövlətimiz də bunu dəstəkləyir. Dövlətimizin həyata keçirdiyi multikulturalizm siyasəti sayəsində Azərbaycan, dünyada daha da çox tanınır. Dünya birliyi ölkəmizi yaxından tanıdıqca, görür ki, bu gün dünyada, bu coğrafiyada müasir, öz gücünə güvənən, ayaqda möhkəm dayanan, müstəqil siyasət yeridən, bütün azlıqların, dinlərin birgə yaşamasını təmin edən bir ölkə var. Buna görə də, Azərbaycan multikulturalizminin öyrənilməsinə və təbliğinə böyük önəm verirlər. Eyni zamanda ölkəmizi istəyən, bizimlə əməkdaşlıq edən ölkələr, qüvvələr bizi daha da dəstəkləyir, bizi istəməyən, bizim uğurlarımıza qısqanclıqla yanaşan qüvvələr isə tam əksinə, bizim nüfuzumuza zərbə vurmaq üçün bütün çirkin əməllərə əl atırlar. Lakin bədxahlar, antiAzərbaycan qüvvələr nə qədər çalışsalar da dövlətimizin siyasətinə, iradəsinə, uğurlu inkişafına təsir edə bilməyəcəklər. Çünki bu siyasətin başında xalqımızın bir nəfər kimi dəstəklədiyi Prezident İlham Əliyev durur.

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında öz sözü və mövqeyi olan bir ölkəyə çevrilib. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar, aparılan siyasət, əlbəttə ki, ölkəmizə olan diqqəti də artırıb. Bu da şübhəsiz ki, müsbət haldır. Dünya bizi daha yaxşı tanımalıdır ki, beynəlxalq səviyyədə deyilən sözümüzün də, mövqeyimizin də kəsəri olsun. Azərbaycan həm də dünya ictimaiyyətinin diqqətini cəlb edən çoxsaylı tədbirlərə ev sahibliyi edir. Bu tədbirlərə qatılan alimlər, siyasət və din xadimləri, jurnalistlər tədbir çərçivəsində ölkəmizdə mövcud olan multikultural mühitlə yaxından tanış olmaq imkanları qazanırlar.

Son illər qeyri-neft sektorunda baş verən canlanma sayəsində ölkəmizə səfər edən on minlərlə turist də, reallıqları öz gözləri ilə gördükdən sonra Azərbaycan barədə fikirlərini tamamilə dəyişirlər. Ölkəmizə gəlməzdən əvvəl müxtəlif mənbələrdən qeyri-dəqiq məlumatlar alan insanlar, buradakı reallıqları, insanların azad, rahat şəkildə bütün dinlərin nümayəndələrini bir ailə kimi yaşadıqlarını görəndə  təəccüblənirlər.

Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti və xalqımızın iradəsi ilə birgə idarə olunur. Bizim bütün uğurlarımızın təməlində də dövlət-vətəndaş birliyi durur. Bu birlik olmadan millətlərarası, dinlərarası birliyin yaranması mümkün deyil, xüsusilə də, çoxmillətli və çoxkonfessiyalı ölkələrdə. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələrinin rahat, azad və sərbəst yaşamaları üçün dövlət tərəfindən tam təminat verilir. Onlar da fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda yaşayan azsaylı xalqların, dini azlıqların nümayəndələri də həm ölkə daxilində, həm xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər. Azərbaycanda fəaliyyət göstərən pravoslav rus icması pravoslav aləmində, yəhudi icması Avropada, Amerikada və digər ölkələrdə Azərbaycanla bağlı həqiqətləri çatdırmaq istiqamətində çox böyük işlər görürlər. Onlar yaxşı bidirlər ki, Azərbaycanda heç vaxt ksenofobiya, antisemitizm kimi hallar olmayıb, burada bütün dinlərin nümayəndələrinə hər zaman böyük sayğı və ehtiram göstərilib. Bu Azərbaycan dövlətinin siyasətidir və bu siyasət bizim birliyimizi daha da gücləndirir.

Bu birliyin və Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətində görülən işlər də, heç bir sərhəd tanımır.

İstər MDB məkanında, istərsə də Avropa və digər ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız da, Azərbaycan multikulturalizminin təbliği istiqamətində mühüm işlər görür, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışırlar.

Bu baxımdan, Ukrayna Ali Radasında keçirilən tədbir zamanı Azərbaycanın tolerantlıq nümunəsi olan ölkə kimi təqdim olunması da təqdirəlayiq haldır.

Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) verilən məlumata görə, Ali Radada təşkil olunan "Ukraynada neofaşizm: mif, yoxsa reallıqlar" mövzusunda keçirilən dəyirmi masada irqçilik, ksenofobiya ilə mübarizə məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən UAK sədri bildirib ki, ksenofobiya, irqçilik, terrorizmin təşviqi heç zaman, heç bir siyasi qurum üçün alət ola bilməz.

O, qeyd edib ki, Azərbaycanda mövcud olan tolerantlıq bu gün bir çox dünya ölkələrinə nümunədir. "Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt milli, yaxud dini zəmində ayrı-seçkilik olmayıb", - diaspor sədri vurğulayıb.

O həmçinin qeyd edib ki, irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm kimi hallar Azərbaycana yaddır və ölkəmizdə formalaşan tolerantlıq, cəmiyyəti səciyyələndirən gözəl bir ənənəyə çevrilib.

Çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədə qorunur və gündən-günə inkişaf edir. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Burada siyasi iradə böyük önəm daşıyır.

Dünyada faciəvi hadisələrin, dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə Azərbaycanın multikultural həyat tərzi nadir mədəniyyət nümunəsi kimi qəbul olunur. Biz bunu bir örnək olaraq dünyaya təqdim edirik və bu ideyanın müəllifi Prezidenti İlham Əliyevdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud olan multikulturalizmin və tolerantlığın bütün dünyada təbliği istiqamətində görülən işlərdə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var.

Sonda onu da diqqətinizə çatdırmaq istərdik ki, bu gün dünyada 169 ölkələrarası və daxili münaqişə var. Dünyanın 40 ölkəsində müxtəlif qanlı savaşlar gedir. Münaqişələr nəticəsində 60 milyon insan yurd-yuvasından didərgin düşüb. Son 15 ildə dünyada 57 min terror aktı törədilib. Bu terror aktlarının iki minini ermənilər azərbaycanlılara qarşı törədiblər.

Qafqazda ən qaynar münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edib, yüz minlərlə azərbaycanlını milli, dini zəmində zorakılığa məruz qoyub. Dünya ictimaiyyəti isə öz tolerantlığı ilə dünyaya nümunə olan Azərbaycana qarşı ermənilərin həyata keçirdikləri bu işğalçılıq siyasətinə hələ də ikili standartlarla yanaşır.

 

“Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub