Paralel. - 2019.- 17 yanvar. - ¹ 10. - S. 10.

 

Azərbaycan multikulturalizmi dünyada analoqu olmayan bir nümunədir

 

VI Bakı Beynəlxalq Humanitar Forumu yalnız region üçün deyil, bütövlükdə qloballaşan dünyamız üçün mühüm əhəmiyyət kəsb edir

 

 Bu gün dünyada mövcud olan problemlər, təkcə siyasi və iqtisadi sferanı deyil, eyni zamanda humanitar sahələri də əhatə edir. Bu problemlər son illər multikulturalizmin iflasa uğradığını iddia edən bəzi Qərb dövlərlərində özünü daha qabarıq şəkildə göstərir. Humanitar problemlərin həllində isə əsas məsələ qarşılıqlı əməkdaşlığa və dialoqa nail olmaqdır. Belə bir zamanda ölkəmizdə VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi və orada müzakirə olunan məsələlər, irəli sürülən təkliflər yalnız region üçün deyil, bütövlükdə qloballaşan dünyamız üçün mühüm əhəmiyyət kəsb edir.

Məlumdur ki, keçən ilin oktyabırında ölkəmizdə altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib.  "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən həmin Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

 Keçən il ölkəmizdə həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan "Bakı Prosesi"nin 10 illiyi qeyd olunub. Bunu da xüsusi qeyd etmək lazımdır ki, "Bakı Prosesi" çərçivəsində yüksək səviyyədə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Dünya Dini Liderlərinin Sammiti, habelə Bakı Beynəlxalq Humanitar forumları Azərbaycanı multikulturalizm, sivilizasiyalararası münasibətlərin tənzimlənməsi mərkəzinə çevirib.

Azərbaycanda altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi də onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi baxımından çox böyük önəm daşıyır. Forumda 90-a qədər ölkədən 600-ə qədər xarici qonaq, beynəlxalq humanitar və, hüquq sahəsində tanınmış ekspertlərin iştirakı da onun göstəricisidir ki, dünyada Bakı Forumuna çox böyük maraq var və Forum qısa müddətdə dünyada çox önəmli beynəlxalq tədbirə çevrilib.

Bakı Beynəlxalq Humanitar Forumunun, eləcədə "Bakı Prosesi"nin müasir dünyamız üçün əhəmiyyətini nəzərə alan beynəlxalq təşkilatlar, o cümlədən BMT bu prosesə çox yüksək qiymət verir, onun davamlı olmasını istəyirlər. Onu da diqqətinizə çatdıraq ki, otən il keçirilən Forumda ilk dəfə olaraq VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Dayanıqlı İnkişafa dair Bakı Forumu da keçirilib və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə implementasiyası və onların icrasının sürətləndirilməsi istiqamətində mühüm müzakirələr aparılıb, yekunda Bakı Prinsipləri qəbul edilib".

Ümumilikdə Azərbaycanda keçirilən iki mühüm forum - VI Bakı Beynəlxalq Humanitar Forumu və Dayanıqlı İnkişafa dair Bakı Forumu humanitar problemlərin həlli, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və bu istiqamətdə gələcək əməkdaşlıq üçün çox önəmli fəaliyyət prinsiplərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olub.

Bunun nəticəsidir ki, Azərbaycan artıq regional səviyyədə deyil, qlobal miqyasda da təşəbbüslərlə çıxış edərək dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində, tolerant mühitin formalaşdırılmasında, humanitar məsələlərin həllində tətbiq olunacaq siyasəti formalaşdırmaq prosesində də yaxından iştirak edir.

VI Bakı Beynəlxalq Humanitar Forumun marqlı cəhətlərində biri də odur ki, o Forumda vaxtilə Azərbaycanda təhsil almış 25 ölkədən 60-dan çox əcnəbi tələbə iştirak edib. Onlar bu gün təmsil etdikləri ölkələdə müxtəlif vəzifələrdə çalışırlar. Azərbaycan ali təhsil ocaqlarında təhsil almış keçmiş məzunların VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakları və respublikamız haqqında düşüncələrini bölüşməsi də, ölkəmizdə mövcud olan multikulturalizmin açıq təzahürüdür. Azərbaycanın bir sıra Ali təhsil müəssisələrinin, universitetlərin Forum çərçivəsində keçmiş məzunlarla görüşlərin keçirilməsi də, dünyada multikulturalizmin, toleratlığın və bəşəri birgəyaşayışın vacibliyinin təbliği baxımında mühüm əhəmiyyət daşıyır. Bakı Slavyan Universitetində keçirilən görüşdə- Moskva Dövlət Linqvistik Universitetinin (MDLU) rektoru, professor İrina Krayeva, amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys və Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva Mariya Aux iştirak ediblər. Qonaqları salamlayan BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq elmi əlaqələri, dünyanın tanınmış universitetləri ilə qurulan əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması və digər məsələlər barədə geniş məlumat verib. BSU-nun MDLU ilə əlaqələrindən danışıb. N.Əliyeva qeyd edib ki, BSU tərəfindən xaricdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzini ilk dəfə məhz MDLU-da açılıb.

Rektor daha sonra Almaniyanın təhsil müəssisələri ilə BSU-nun əlaqələrindən söz açaraq bildirilib ki, BSU-da 2010-cu ildən bəri alman filologiyası kafedrası, 2015-ci ildən isə Germanistika İnstitutu fəaliyyət göstərir. Rektor, həmçinin bu institutun nəzdindəki Vilhelm fon Humboldt adına Alman Dili və Mədəniyyəti Mərkəzinin işindən, alman dili ixtisası üzrə kadr hazırlığından danışıb.

Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən MDLU-nun rektoru İ.Krayeva  MDLU-dakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycanın mədəniyyətinin, tarixi ənənələrinin yüksək səviyyədə əcnəbi tələbələrə tədris olunduğunu və rusiyalı tələbələrin Azərbaycan dilinə olan marağını xüsusi qeyd edib.

Tədbir iştirakçıları qeyd ediblər ki, dünyada multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi, millətlər və dinlər arasında harmoniyanın yaranması baxımından da belə görüşlər mühüm əhəmiyyət daşıyır.

Forumun Azərbaycanda təhsil almış məzunların ilk görüşünə həsr olunan "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" "dəyirmi masa"sında, "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" işçi sessiyasında və "Bakı Prosesi - insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" plenar sessiyasında maraqlı məruzələr və çıxışlar dinlənilib, səmərəli diskussiyalar aparılıb.

Altıncı Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarının digər bir görüşü ADA Universitetində baş tutub. ADA Universitetində Azərbaycanda təhsil almış məzunların ilk görüşü və "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbirlədə çıxış edən ADA Universitetinin rektoru, Hafiz Paşayev  Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün keçirilməsi təşəbbüsünü yüksək dəyərləndirdiyini bildirib. Rektor diqqətə çatdırıb ki, bu ilin sentyabr ayında Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası yaradılıb.

Azərbaycanda təhsil almış əcnəbi məzunlar tərəfindən daxil olan çoxsaylı müraciət əsasında yaradılan təşkilatın təsisçiləri ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetidir. Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, əcnəbi tələbələr və onların təhsil aldıqları universitetlər arasında qarşılıqlı əlaqənin yaradılması, maraqlı şəxslər və təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunmasıdır. Assosiasiyanın tərəfdaşları qismində Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi çıxış edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Tədbir iştirakçıları bu diqqətə görə ölkəmizin başçısı, Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək, sovet dövründə respublikamızda təhsil almış əcnəbilərin Azərbaycan haqqında həmişə xoş təəssüratlar bölüşdüklərini bildirib. Nazir qeyd edib ki, o dövürdə respublikamızın demək olar, bütün ali məktəblərində əcnəbi tələbələr təhsil alıblar. Nazir onların arasında indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dillər Universitetinin əcnəbilər arasında daha populyar olduğunu qeyd edib. Elmar Məmmədyarov bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasında da, əcnəbi tələbələrin təhsil almalarına hər cür şərait yaradılıb.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, bu kimi görüşlər əcnəbi məzunların təkcə Azərbaycanla bağlı xatirələrini bölüşmələri deyil, həm də onların ölkəmizin inkişafını görmələri üçün imkan yaradır. Nazir bildirib ki, bu gün də Azərbaycan daha çox əcnəbi tələbə cəlb etməyə səy göstərir, hazırda respublikamızda onların sayı 6 mini ötüb. C. Bayramov qeyd edib ki, tələbələr ilk növbədə multikulturalizmin daşıyıcılarıdır. Onlar ölkələr arasında hərəkət edib dünyaya mənsub olduqları xalqın mədəniyyətini yayırlar. Bununla da onlar insanların bir-birini daha yaxşı anlamalarına, həmçinin ölkələr arasında gələcəkdə daha yaxşı münasibətlər qurmalarına töhfə verirlər.

"Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu" mövzusunda çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qeyd edib ki, bu çıxışların təkcə Azərbaycan deyil, digər ölkələr üçün də böyük əhəmiyyəti var. O, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayaraq bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərin ölkəmizdə mütəmadi keçiriməsi də bunu bir daha sübüt edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Azərbaycan xalqının tolerantlığından, əsrlər boyu bu ölkədə müxtəlif xalqların, dillərin, dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından geniş söhbət açıb və bunun dünyada analoqu olmayan bir nümunə olduğunu bidirib.

 

“Paralel”in Araşdırma Qrupu