Azərbaycan. - 2019.- 4 yanvar. - 1. - S. 5.

 

Malakanlar Azərbaycanı özlərinin vətəni hesab edirlər

 

Sabir Əliyev

 

Azərbaycanı digər ölkələrdən fərqləndirən əsas xüsusiyyətlərdən biri multikultural dəyərlərin dövlət siyasəti səviyyəsinə yüksəlməsidir. Əsrlər boyu bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşılmasının nəticəsidir ki, Azərbaycan tolerant ölkə olaraq dünya birliyi tərəfindən nümunə kimi göstərilir.

 

Qloballaşan müasir dünyamızda dini və milli zəmində qarşıdurmaların artdığı bir vaxtda da Azərbaycanda multikultural dəyərlərə sədaqət nümayiş etdirilir. Dini və milli mənsubiyyətindən asılı olmayaraq burada yaşayan müxtəlif millətlərin nümayəndələri Azərbaycanı özlərinin ikinci vətəni hesab edirlər. Elə Gədəbəyin Novosaratovka kəndində yaşayan malakanlar kimi.

XIX əsrin sonlarında Rusiyanın Saratov vilayətindən Gədəbəyə sürgün edilən malakanlar qısa vaxt ərzində yerli əhali ilə ünsiyyət qurmuş, qaynayıb-qarışaraq cəmiyyətin üzvünə çevrilmişlər. Məskunlaşdıqları kəndə də Novosaratovka adı vermişlər. Onlara isti qucaq açan azərbaycanlılar malakanların bütün ehtiyaclarının ödənilməsində yaxından iştirak etmişlər. İllər keçdikcə malakanlarla azərbaycanlılar hətta birgə ailə həyatı da qurmuşlar.

Bu barədə danışan kənd icra nümayəndəsinin müavini Valya Hüseynova deyir ki, onun ana babası Aleksey 1880-ci ildə Saratov vilayətindən Gədəbəyə sürgün olunanlardandır. O, bütün ömrü boyu bu kənddə yaşayıb və burada da dünyasını dəyişib. Söhbət zamanı Valya Hüseynova azərbaycanlıların mehribanlığından, qonaqpərvərliyindən ağızdolusu danışdı. Dedi ki, azərbaycanlı ilə ailə qurub və buna görə heç vaxt peşman olmayıb.

Novosaratovka kəndi Gədəbəyin ən səfalı guşələrindən birində yerləşir. Uca dağlar və yaşıl meşələrlə əhatə olunmuş kəndin hazırda 2500 nəfərə yaxın əhalisi, təsərrüfatı var. 1990-cı illərdə torpaqlar kəndlilərə paylanarkən malakanlar da pay torpaqlarına sahib oldular. Həmin vaxtdan indiyədək yerli əhali ilə yanaşı, onlar da bu torpaqları əkib-becərir, dövlətin kəndliyə verdiyi güzəştlərdən yararlanırlar. Pay torpaqlarında əsasən taxıl və kartof əkən kənd camaatı hər il bu sahələrdən bol məhsul götürür. Kənddə arı ailələrinə baxanlar da çoxdur. Hazırda 12 nəfər arı saxlayır, istehsal olunmuş balı elə qapıdaca satır.

Kənd sakini Lyubov Vorobyova əsasən kartofçuluqla məşğuldur. O, keçən il 2 hektardan çox sahədə kartof əkmişdi. Hər hektardan 1,5 ton məhsul götürən L.Vorobyova deyir ki, əldə etdiyi qazanc ona artıqlaması ilə bəs edir. Nikolay Bıçkov isə pay torpağında həm taxıl, həm də kartof əkir. O da ötən il yüksək məhsuldarlığa nail olub.

Tatyana Stepanova kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olur. O, 2018-ci ildə 0,6 hektarda kartof, 0,5 hektarda taxıl, 0,2 hektarda tərəvəz əkmişdi. Qalan sahədə çiyələk yetişdirmişdi. Söhbət zamanı dedi ki, bu qədər əkin sahəsini oğlu Vyaçeslav və qızı Taisa ilə birlikdə becərib: "Sağ olsun dövlətimiz. Kəndə rahat yol çəkilib. Heç bir çətinlik çəkmədən yetişdirilən məhsulları aparıb bazarlarda satırıq.

Hazırda Novosaratovkada 35 malakan ailəsi yaşayır. Onlardan biri də Aleksandra Samodurovadır. Azərbaycanlı İnqilabla qurduğu ailə həyatından bir oğulları dünyaya gəlib. Dağlıq Qarabağ müharibəsi başlayandan oğlu Aleksandr cəbhədə vuruşub. Döyüşlərin birində ağır yaralanıb və əlil olub. Göstərdiyi şücaətlər dövlət tərəfindən yüksək qiymətləndirilib. Ona Bakı şəhərində mənzil verilib.

Ümumiyyətlə, kənddə beynəlmiləl ailələrin sayı çoxdur. Elə bu yaxınlarda kənd sakini Binnət Əmrahov sevib-seçdiyi Lyubov Bıçkova ilə ailə həyatı qurub. Toyda həm azərbaycanlılar, həm də malakanlar iştirak edərək gənclərə xeyir-dua veriblər.

Gədəbəydə yaşayan malakanların öz icmaları da fəaliyyət göstərir. İcmanın gördüyü işlərlə tanış olmaq üçün qurumun rəhbəri ilə görüşməyi qərara aldıq. Novosaratovka kəndində yaşayan Nikolay Bıçkov uzun illərdir ki, icmaya rəhbərlik edir. Bizi səmimi və mehribanlıqla qarşılayan Kolya (el arasında onu belə çağırırlar) çay süfrəsi açdı və ilk sözü də bu oldu ki, onun əsas məqsədi burada yaşayan malakanların adət-ənənələrini qoruyub saxlamaqdır. Kolya malakan mətbəxini, mədəniyyətini, folklorunu gələcək nəsillərə çatdırmaq üçün əlindən gələni əsirgəmir. Öz evində maraqlı muzey də yaradıb. Muzeydə yüz illik tarixi olan məişət əşyaları, şəkillər, toxuculuq avadanlıqları qorunur. Kəndə gələn turistlər muzeyə böyük maraqla baxırlar. Burada qeyri-adi eksponatlar, o cümlədən vaxtilə özünün yatdığı beşik, doğmalarının əlləri ilə toxunmuş xalçalar var.

Söhbət zamanı Nikolay Bıçkov onlara dövlət səviyyəsində göstərilən qayğıdan da danışdı. Dedi ki, kənddə yaşayan malakanların öz dillərində məktəbi, ayrıca ibadət yerləri var. Novosaratovkadan Bakıya hər gün avtobus işləyir. Rus icmasının rəhbəri mədəniyyətlərini və dinlərini yaşatmaq üçün Azərbaycan dövlətinin yaratdığı şəraitə görə bütün malakanlar adından minnətdarlığını bildirdi. Qeyd etdi ki, Prezident İlham Əliyevin Gədəbəyə səfərləri zamanı malakanlarla görüşüb səmimi söhbətlər etməsi onların qəlbində unudulmaz anlar yaşadır.