Səs. - 2019.- 16 yanvar. - 9. - S. 7.

 

Azərbaycanın inamlı inkişafı gələcəyə hesablanıb

 

Zümrüd Bayramova

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Yola saldığımız 2018-ci il də Azərbaycan üçün uğurlu il kimi yadda qaldı. Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi, yola saldığımız ildə Azərbaycan inamlı inkişafını davam etdirmişdir və ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir. Ötən ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, fərmanlar iqtisadi islahatları daha da dərinləşdirdi, iqtisadi sabitlik qorundu və ölkəmiz bir çox əhəmiyyətli layihələri reallaşdırdı.

 

MULTİKULTURAL MÜNASİBƏTLƏRİN DAVAMLILIĞI, ONUN BUGÜNKÜ İNKİŞAFI, BİLAVASİTƏ DÖVLƏT DƏSTƏYİNDƏN QAYNAQLANIR

 

Azərbaycan multikultural bir dövlətdir. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub-saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə çevrildi. Tarixi İpək Yolunda yerləşən Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır ki, ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib.

Bu gün Azərbaycan, sözün həqiqi mənasında, dünyada tolerantlığa nümunə olan ölkədir. Bu, bütün dünyada qəbul olunur. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə malik olan multikultural cəmiyyətdir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. "Multikulturalizm İli" çərçivəsində keçirilən tədbirlər, dünyaya bir daha göstərdi ki, Azərbaycanda multikultural dəyərlər yaşayır. Bu dəyərlər insanları sülhə və dostluğa səsləyir.

Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan, demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda 7 sinaqoq və 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs, bütün sahələrdə olduğu kimi, multikultural mühitin möhkəmlənməsi, o cümlədən, tolerantlıq ənənələrinin güclənməsinə də töhfələrini verməkdədir.

 

"BİZ BU İL DƏ MÜSƏLMAN ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLƏRİMİZİ MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏ İNKİŞAF ETDİRƏCƏYİK VƏ BELƏLİKLƏ, MÜSƏLMAN ALƏMİNDƏ BİZİM NÜFUZUMUZ, ÇƏKİMİZ, ROLUMUZ DAHA DA ARTACAQDIR"

 

Müsəlman aləmində çox böyük hörmət və nüfuza sahib olan Azərbaycanın islam həmrəyliyi ilə bağlı atdığı addımlar da önəmlidir. Bu, İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olundu. Əsrlər boyu islam sivilizasiyasının əsas mərkəzlərindən biri olan Azərbaycan islam dininin yayılmasında və eyni zamanda, Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Dinlə bağlı sərt qadağaların mövcud olduğu Sovet dövründə Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər Məscidi inşa edilib. Bütün bu və ya digər amillərlə yanaşı, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin, müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilib.

Təbii ki, islam dünyasının bir parçası olan Azərbaycan il ərizində dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, birgəyaşayışa öz töhfələrini verərək, sülsevər siyasətini bir daha dünyaya bəyan etmiş oldu. Prezident çıxışında bildirdiyi kimi, bizim apardığımız siyasət islam aləmində həmrəyliyi və əməkdaşlığı möhkəmləndirir: "Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər islam birliyini daha da möhkəmləndirir. Təsadüfi deyil ki, keçən il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir və Naxçıvan şəhəri bu şərəfli adı çox böyük uğurla daşımışdır. Biz bu il də müsəlman ölkələri ilə əlaqələrimizi müxtəlif istiqamətlərdə inkişaf etdirəcəyik və beləliklə, müsəlman aləmində bizim nüfuzumuz, çəkimiz, rolumuz daha da artacaqdır".

Ötən il Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən 100 il ötdü. Məlumdur ki, Azərbaycanın tarixində qürurverici bu hadisənin qeyd olunması ilə ilə bağlı Azərbaycan Respubliksının Prezidenti 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçirildi.

 

"NƏSİMİ İLİ"NİN ELAN OLUNMASI XALQIMIZIN MİLLİ DƏYƏRLƏRİNƏ, MƏDƏNİYYƏTİNƏ TARİXİNƏ VERİLƏN ÖNƏMİ BİR DAHA TƏSDİQLƏDİ

 

Bu il isə ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Nəsimi İli" elan olundu. Bu, dövlət başçısının xalqın milli dəyərlərinə, mədəniyyətinə tarixinə verilən önəmi bir daha təsdiqləmiş oldu. Məlumdur ki, 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Bununla bağlı Prezident İlham Əliyevin məlum Sərəncamı ilə Nəsiminin 650 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunacaq.

Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsimi Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə, bilavasitə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə, klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilmişdir.

19 noyabr 2018-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Nəsiminin büstünün açılış mərasimi olub. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

Ötən ilin sentyabrında Azərbaycanda ilk dəfə Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçirildi. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdı. İdeyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsus olan festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən "Simadan - asimana" və "Zərrə mənəm, günəş mənəm..." devizi ilə keçdi. İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.

Ölkə başçısının bu Sərəncamı mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə yüksək səviyyədə münasibətin daha bir təzahürüdür. "Nəsimi İli"nin elan olunması orta əsrlərin ən qüdrətli söz ustadlarından olan Nəsimi şəxsiyyətinin, Nəsimi irsinin dünya ictimaiyyətinə çatdırılması, onun ideyalarının təbliği baxımdan böyük önəm daşıyır. "Nəsimi İli" ölkə tarixində də önəmli iz buraxacaq, müasir Azərbaycan gəncliyi bu zəngin irslə daha yaxından tanış olacaqlar.