Bakı Xəbər. - 2019.- 4 aprel. - ¹ 59. - S. 10.

 

1918-ci ilin 31 mart soyqırımlarının qurban sayı barədə hərə bir rəqəm deyir...

 

İradə Sarıyeva

 

Anar İsgəndərli: “Bütün bunlar göstərir ki, “Vikipediya”da qeyd olunan rəqəmlər qətiyyən doğru deyil və öldürülən əhalinin sayı olduğu kimi təqdim edilməyib”

 “Qərbi Azərbaycanda insanlar kütləvi şəkildə öldürülüb, amma öldürülən əhali ilə bağlı dəqiq rəqəm yoxdur”

Faiq Ələkbərli: “Ümumilikdə, erməni daşnakları 1918-ci ildə 200 min nəfərdən artıq azərbaycanlını qətlə yetiriblər”

 

Tariximizin ən yaralı səhifələrindən biri olan 1918-ci ilin 31 mart tarixində daşnak-bolşevik birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım aktları zamanı qətlə yetirilən azərbaycanlı əhalinin sayı barədə əlimizdə olan heç bir mənbədə dəqiq məlumatlara rast gəlinmir.

Hətta “Vikipediya”da 31 mart soyqırımı ilə bağlı yerləşdirilən məqalənin özündə də daşnak-bolşevik birləşmələrinin qətlə yetirdikləri türk-müsəlmanların sayının dəqiq göstərilmədiyi bildirilir. Tarixçilər hesab edirlər ki, 31 mart soyqırımı ilə bağlı həm Şimali Azərbaycanda, həm Qərbi Azərbaycanda, həm də Cənubi Azərbaycanda minlərlə insan öldürülüb. Öldürülənlərin dəqiq sayına gəlincə isə, hər tarixçi bir rəqəm söyləyir.

Tarix elmləri doktoru, professor Anar İsgəndərli “Bakı-Xəbər”ə bildirdi ki, “Vikipediya”da 31 mart soyqırımı ilə bağlı yanlışlıqlar mövcuddur. Alimin sözlərinə görə, “Vikipediya”da  31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yerləşdirilmiş məlumatlar düzgün verilməyib. Fövqəladə Təhqiqat Komissiyasının rəqəmlərini misal gətirən A.İsgəndərlinin sözlərinə görə, bu rəqəm yalnız Bakını əhatə edir. “Fövqəladə Təhqiqat Komissiyasının rəqəmlərinə görə, həmin vaxt təkcə Bakı şəhərində 11 mindən artıq türk-müsəlman qətlə yetirilib. Bunun ardınca komissiya yazır: "Soyqırımı mart ayında həyata keçirilib. Komissiya isə noyabr ayında fəaliyyətə başlayıb. Təbii ki, bu dövr ərzində soyqırımı zamanı neft quyularına, dənizə atılan, gözdən uzaq yerlərdə, şəhər ətrafında öldürülən kifayət qədər insan olub. Təəssüf ki, onların dəqiq sayını müəyyənləşdirmək mümkün olmadı. Şamaxı şəhərində 8 min, Şamaxı qəzasının Əlibic kəndində 8 min 27 nəfər qətlə yetirilib. Quba qəzasında 16 min türk-müsəlmanın həyatına son qoyulub. Qərbi Azərbaycanda öldürülən insanların sayını müəyyənləşdirmək isə mümkün olmayıb. Çünki erməni tarixçisi Kordokyan 1931-ci ildə Moskvada nəşr etdirdiyi "Nasileniye Armenii"  kitabında yazırdı ki, Birinci Dünya Müharibəsi başlayarkən bu ərazidə 565 min türk-müsəlman yaşayırdı. Ancaq 1920-ci ilin sonlarında orada türk-müsəlman əhalinin sayı 70 min idi. Bu da göstərir ki, öldürülən və qaçıb canını qurtarmağa nail olan əhalinin sayı kifayət qədər çox idi. Azərbaycanın cənubunda öldürülən insanlar bundan da çox idi. Təkcə Lənkəranda 2 mindən artıq insan soyqırıma məruz qalıb. Bütün bunlar göstərir ki, “Vikipediya”da qeyd olunan rəqəmlər qətiyyən doğru deyil və öldürülən əhalinin sayı olduğu kimi təqdim edilməyib. Ümumiyyətlə, o dövrdə ermənilər tərəfindən Qərbi Azərbaycanda kütləvi qətlə yetirilən müsəlman-türk əhalinin sayı məlum deyil. Elə kəndlər olub ki, erməni daşnakları onların əhalisini tamamilə məhv ediblər. O dövrdə insanların qətlə yetirilməsindən əlavə, nə qədər insanın qaçqın düşməsi faktları olub, onların mal-mülklərinə zərər dəyib. Həmin vaxt Fövqəladə Təhqiqat Komissiyası ora gedə bilməyib. Ancaq bu o demək deyil ki, orada adamlar öldürülməyib, öldürülüb, özü də kütləvi şəkildə. Lakin əlimizdə konkret rəqəm yoxdur. Qərbi Azərbaycanla bağlı ayrı-ayrı tədqiqatçıların yazdıqları və şahid ifadələri var. Biz həmişə deyirdik ki, İkinci Dünya Müharibəsində SSRİ 20 milyon itki verib, ancaq 1988-ci ildə məlum oldu ki, 27 milyon itki verib. Qərbi Azərbaycanda insanlar kütləvi şəkildə öldürülüb, amma öldürülən əhali ilə bağlı dəqiq rəqəm yoxdur”.

Alim qeyd etdi ki, bu barədə sənədlərdəki rəqəmlərin hamısı ümumiləşdirilməlidir, lakin bir çox sənədlərdə konkret say da göstərilməyib. A.İsgəndərlinin sözlərinə görə, yalnız Cənubi Azərbaycanın Xoy, Urmiya, Sərab və digər şəhərlərində ermənilər 80-100 min nəfər azərbaycanlını qətlə yetiriblər.  Bunun o dövrün sənədlərində əks olunduğunu deyən A.İsgəndərli qeyd etdi ki, bu da erməni daşnaklarının törətdikləri qırğınların miqyasının olduqca geniş olduğunu göstərir.

Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli isə bildirdi ki, dəqiq rəqəm olmasa da, müxtəlif sənədlərə istinadən ehtimallara görə, ümumilikdə, 200 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. “Erməni daşnakları və bolşeviklər birləşərək Azərbaycanın həm cənubunda, həm şimalında, həm də qərbində azərbaycanlılara qarşı divan tutublar və bunun nəticəsində də saysız insan qətlə yetirilib. Cənubi Azərbaycanın müxtəlif şəhərlərində 100 min azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. Şimali Azərbaycanda və Qərbi Azərbaycanda da erməni daşnakları tərəfindən qətlə yetirilənlərin sayı 100 min nəfərdən artıqdır. Ümumilikdə, erməni daşnakları 1918-ci ildə 200 min nəfərdən artıq azərbaycanlını qətlə yetiriblər. Mənim “Vikipediya”da yer alan rəqəmlərdən xəbərim yoxdur, orada nə yazıldığını bilmirəm” - deyə F.Ələkbərli qeyd etdi.  

O bildirdi ki, Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabında yazılana görə, təkcə Bakı şəhərində və onun ətrafında ən azı 12 min nəfər əhali bolşevik və daşnak birləşmələri tərəfindən qətlə yetirilib.

Qeyd edək ki, “Vikipediya”da mart soyqırımı ilə bağlı məqalədə yazılana görə, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Həmin məqalənin digər bir hissəsində isə “Təxmini hesablamalara görə, mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülüb. Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir” yazılıb.