Paralel. - 2019.- 12 yanvar. - ¹ 7. - S. 10.
Dini radikalizm müasir dünyamızı ən çox narahat edən əsas problemlərdən biridir
Azərbaycan dünyada radikalizm və fundamentalizmdən uzaq, multikultural və tolerant dəyərlərə yüksək qiymət verən dövlət kimi tanınır
Azərbaycanda dövlət-din münasibətləri, multikulturalizm və tolerantlıq xalqımızın min illərlə formalaşdırdığı mənəvi dəyərlər üzərində bərqərar olub. Multikulturalizmin, tolerantlığın və milli-mənəvi dəyərlərin yüksək səviyyədə qorunduğu və inkişaf etdirildiyi cəmiyyətlərdə isə bütün cəhdlərə baxmayaraq, radikal və qeyri-ənənəvi dini cərəyanların fəaliyyəti birmənalı olaraq qəbul olunmur. Çünki multikulturalizm dini radikalizmə, xurafata və mövhumata qarşı mübarizədə ən mükəmməl mübarizə formasıdır.
Radikalizm, separatizim, islamafobiya, ksenofobiya və antisemitizim kimi hallara qarşı mubarizə aparmaq üçün ilk növbədə həmin anlayışların yaranma səbəblərini və mahiyyətini öyrənmək lazımdır. Bu gün sizlərə dini radikalizam və onun mahiyyəti barədə məlumat verməyə çalışacağıq. Məlumdur ki, müstəqilliyin ilk illərində erməni daşnaklarının ölkəmizə qarşı başlatdıqları separatizim hərəkatına da, ilk əvvəl dini rəng-çalar qatmaq cəhdləri oldu. Sonradan məlum oldu ki, ermənilərin bu siyasətinin başlıca məqsədi ölkəmizin ərazisini işğal etməklə, burada ikinci bir Ermənistan dövləti yartmaqdır. Yəni, ermənilər dini diskriminasiya pərdəsi arxasında gizlənərək, özlərinin radikal işğalçılıq siyasətlərin həyata keçirməklə, yüz ildən artıq bir dövür ərzində xəyallarında yaşatdıqları "böyük ermənistan" xülyasını gerçəkləşdirməyə çalışırlar.
Buna görə də, dini və milli radikalizmi, müasir dünyamızın ən təhlükəli problemlərindən biri kimi səciyyələndirmək lazımdır. Çünki siyasi nəzəriyyədə radikalizm, müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquq və azadlıqlarını pozmağa hazır olan birlik və təşkilatların fəaliyyətlərini özündə əks etdirən termin kimi qəbul olunur. Bu anlayışı bəzi dini birliklərin fəaliyyətinə də şamil edə bilirik. Məsələn, özündən fərqli dini inanc və əqidələrə qarşı barışmaz mövqedə olan bəzi dini birlikləri də, radikal adlandırmaq olar. Lakin radikallıq, sadəcə inancla bağlı deyil, daha çox dözümsüz fəaliyyət və davranışlar nümayiş etdirilməsidir. Dini radikal birlikləri radikal olmayanlardan ayıran əsas xüsusiyyətlərdən biri də budur. Qeyd etmək lazımdır ki, radikal dini təşkilatlar, həm də digər din və məzhəbə sahib olan insanları, yaxud da bütövlükdə cəmiyyəti özlərinin qatı fundamentalist dini inancları çərçivəsində yenidən formalaşdırmağa çalışır. Buna nail olduqlarında isə fərqli dinə mənsub insanların vicdan və etiqad azadlıqlarını məhdudlaşdırır, onları özlərindən asılı vəziyyətə salırlar. Ümumiyyətlə, dini radikalizm, din adı altında törədilən terror aktlarından tutmuş, azlıqda olan dinlərə qarşı fiziki və mənəvi təzyiq göstərməyə qədər müxtəlif aspektləri özündə birləşdirir.
Azərbaycan cəmiyyəti də daxil olmaqla, dünyəvi dövlət quruluşunun formalaşdığı bir sıra dövlətlərdə dindarlar arasında belə - şəriət qanunlarının tətbiqi kimi- fundamental ideyaları "istəyənlər" əhalinin çox kiçik bir hissəsini əhatə edir. Məsələn, Pyu Beynəlxalq Araşdırma Mərkəzinin 38 müəslman ölkəsində apardığı araşdırmada "şəriət qanunlarını dəstəkləyənlərin" Azərbaycanda ümumi əhalinin 8% təşkil etdiyi öz əksini tapıb. Bu rəqəm (8%) əhalinin əksəriyyətinin müsəlman olduğu 38 ölkə arasında ən aşağı göstəricidir. Həmin statistikaya görə, ölkəmizdə hər 100 nəfərdən 8-nin şəriət tərəfdarı olduğu qeyd edilsə də, onları radikal adlandırmaq doğru olmazdı. Çünki onların əksəriyyəti üçün şəriət qanunları, sadəcə olaraq fundamental ideyadan ibarətdir və bu ideyaları həyata keçirmək məqsədləri yoxdur. Bu səbədən də dini fundamentalizmin radikalizmə yol açdığını demək yanlış olardı. Əksinə, dini radikalizmin kökündə duran əsas amilləri, daha çox iqtisadi -siyasi sistemin ədalətsizliyində axtarmaq daha doğru olardı.
Bununla belə, bəzi hallarda qeyri-ənənəvi dinlərlə radikallığı eyniləşdirildiyini müşahidə edirik ki, bu da yanlış yanaşmadır. Müxtəlif dinlərin, məzhəblərin radikal olub-olmamasını müəyyənləşdirən onun qeyri-ənənəviliyi yox, ehtiva etdiyi radikal elementlər və bu istiqamətdə göstərdikləri fəaliyyətləridir. Bizim ənənəvi adlandırdığımız dinlərdə belə, bəzən radikallıq meylləri hiss olunur. Onların arasında da, radikallığı həyat tərzi seçən, yaşadıqları cəmiyyətə, dövlətə qarşı dözümsüzlük nümayiş etdirənlər var. Din çox dinamik bir sistemdir və cəmiyyətin inkişaf xəttinə uyğun olaraq müxtəlif durumlara adaptasiya oluna bilir. Bu baxımdan, istənilən humanist dini görüşlər radikalizm meyllərinin artması üçün uyğun zəmin yarananda radikallaşa bilirlər. Buna görə də ənənəvi və ya qeyri-ənənəvi olmasına baxmayaraq, radikal meylləri təbliğ edən dini ideyaların təbliğinin qanun çərçivəsində məhdudlaşdırılması ən vacib məsələlərdən biridir.
Bu baxımdan ölkəmizdə ciddi problemlər mövcud olmasa da, bu təhlükənin minimum həddə qalmasına nail olmaq və inkişafına yol verməmək üçün görülən işlərin həm keyfiyyətini, həm də səmərəliliyini artırmaq lazımdır. Bu sahədə görülən işlərin yüksək səviyyədə olduğunu son Gəncə hadisələri zamanı dövlətimizin, eləcə də hüquq-mühafizə orqanlarının tutduğu mövqe də, bir daha təsdiq etdi.
Heç şübhəsiz ki, radikalizmə qarşı mübarizə istiqamətində aparılan işlər arasında, müasir cəmiyyətin tələblərinə uyğun şəkildə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin də çox müsbət nəticələri var. Lakin, bu təhlükənin aradan qaldırılması üçün sadəcə, maarifləndirmə tədbirləri yetərli deyil.
Maarifləndirmə tədbirləri ilə yanaşı, həm də ictimai müzakirələri təşviq etməklə radikal dini ideyaların cəmiyyət tərəfindən qəbul olunmamasına nail olmaq mümkündür. Ancaq ictimai müzakirələrin getmədiyi məkanlarda dini qruplar öz daxilinə qapanaraq gizli fəaliyyət yolunu seçirlər ki, bu da onlara qarşı mübarizəni çətinləşdirir. Məlumdur ki, gizli fəaliyyət göstərən dini qruplar, adətən radikal xarakter daşıyır və üzvlərindən daha çox sədaqət və itaət tələb edirlər.
Dini radikalizm qloballaşan müasir dünyamızı ən çox narahat edən əsas problemlərdən biridir. Çünki 20-ci əsrin sonlarından etibarən istər islami dini cərəyanlar arasında, istərsə də protestanlıq, hinduizm kimi qeyri-islami dinlərdə radikallaşma meyilləri nəzərəçarpacaq dərəcədə artıb. Bu sadəcə olaraq, müasir dövrümüzün problemi deyil, əksinə tarixin hər dövrundə dini radikalizm fenomeni müşahidə olunub. Belə ki, din uğrunda aparılan müharibələr, yaxud din pərdəsi altında həyata keçirilən işğalçılıq siyasəti də dini radikalizmin bariz nümunəsidir. Bu gün isə dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq və dini motivlərlə törədilən terror aktlarında özünü göstərir. Ən çox təəssüf doğuran isə son illərdə islam radikalizmin kəskin yüksəlişidir.
Buna səbəb nədir?
Yuxarıda da qeyd etdiyimiz kimi, radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən; başqalırının hüquqlarını pozmaq bahasına məqsədə çatma fəaliyyətinə deyilir. Dini radikalizm bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe tutan, başqalarına qarşı fiziki, mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorçü qrupların fəaliyyətlərinə şamil edilir. İslam dininə aid edilən radikalizm meyillərinin səbəblərini isə fundamentalizm və iqdisadi-siyasi məhrumiyyətlər amili ilə əlaqələndirilir. Tədqiqatçılar qeyd edirlər ki, islami fundamentalizmi 1920-ci illərdə "Müsəlman qardaşlar" adı altında Misirdə qurulan dini siyasi təşkilatlanmanın yaradılmasından sonra ortaya çıxıb. 1979-cu ildə İranda baş verən islam inqilabından sonra isə islam fundamentalizmi termini daha çox müzakirə olunmağa başlandı. Bir sıra mütəxəssislər islam fundamentalizmini, din ilə dövlətin birləşdirilməsini müdafiə edən və dünyəvi dövlət prinsiplərini qəbul etməyən siyasi təşkilatlanma kimi xarakterizə edirlər. Əgər biz xristian və islam fundamentalizminin fərqli və oxşar tərəflərini araşdırsaq görərik ki, modern sekulyar dövlət quruluşuna düşməncə yanaşmaq, liberal dəyərləri rədd etmək, hər iki dini cərəyanın ortaq məqsədlərini təşkil edir. Məlumdur ki, müsəlman dünyasındakı fundamentalistlərin əsas məqsədləri "şəriət dövləti" qurmaqdır. Buna misal kimi, İraq və Suriya ərazilərində silahlı zorakılıqla yayılan "İslam Dövləti" təşkilatını, Afrikadakı "Boko Haram" terror təşkilatını və bənzər ekstremist qrupları göstərə bilərik. Bu təşkilatlar Quranı çox qatı bir mənada təfsir edib, konteksindən uzaqlaşdıraraq günümüzdə tətbiq etməyə çalışırlar. Nəticədə dini və etnik azlıqların ifadə azadlığı, din və etiqad azadlıqları tapdanır. Bu insanlar da şəriətin qatı qanun-qaydaları altında yaşamaqdansa, yurd-yuvalarından didərgin düşməyi üstün tuturlar.
İqtisadi məhrumiyyətlər də, dini radikalizmə zəmin hazırlayan ən mühüm amillərdən biridir.
Bir məsələyə də xüsusi diqqət etmək vacibdir ki, radikallar öz sıralarına daha çox gəncləri cəlb etməyə çalışırlar. Çünki iqtisadi cəhətdən təmin edilməyən gənclərin şirin vədlərə inanadıraraq radikal və ekstremist ideyalara meyilləndirmək daha asandır. Buna görə də, radikalizmlə mübarizədə, sadəcə dini maarifləndirmə yetərli deyil. Gənclərin, eləcə də cəmiyyətin iqtisadi yüksəlişinə ciddi əhəmiyyət verilməlidir.
Bu da məlumdur ki, din və siyasətin birləşməsi, ilk növbədə dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə səbəb olur. Dinin ilkin hədəf və məqsədi insanların ruhi saflığı və mənəvi tərbiyə vasitəsi olduğuna görə, onu siyasətə alət etmək yolverməzdir.
Buna görə də, Azərbaycan kimi liberal demokratik siyasi quruluşlar, insanların inanc və etiqad azadlıqlarını qanunlarla təminat altına alır, eyni zamanda dini siyasətdən və dövlətdən ayırır.
Belə uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada radikalizm və fundamentilizmdən uzaq, multikultural və tolerant dəyərlərə yüksək qiymət verən bir dövlət kimi tanınır.
“Paralel”in Araşdırma Qrupu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub