Paralel.-2019.-30 mart.-ą53.-S.10.

 

Dini və milli münasibətlərin tənzimlənməsinin ən düzgün modeli multikulturalizmdir

 

Azərbaycanda mövcud olan multikultural mühit bütün sivil cəmiyyətlər üçün örnək ola bilər

 

Bu gün dünya dövlətlərinin qarşısında duran ən başlıca vəzifələrdən biri müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşamasını təmin etmədir. Çünki müasir dünyamızın müxtəlif bölgələrində cərəyan edən hadisələr mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın mümkün olmadığını, artıq bir fakt olaraq qarşıya qoyur. Milli və dini zəmində qarşıdurmaların və münaqişələrin baş verməməsi üçün insanlarda digər mədəniyyətlərə qarşı dözümlülük və tolerantlıq xüsusiyyətlərinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün isə multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi ən vacib şərtlərdən biridir. Ona görə də dünya ictimaiyyəti bu gün qarşılıqlı əməkdaşlıq və dialoq məsələlərinə daha çox diqqət ayırmalıdır. Bu da məlumdur ki, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi prosesində hər bir dövlətin milli-mənəvi dəyərlərə münasibəti mühüm faktorlardan biridir. Çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdə dini və milli dözümlülüyün, insanların biri-birilərinə qarşı münasibətlərinin multikultural dəyərlər baxımından tənzimlənməsi istiqamətindəki fəaliyyətində həmin dövlətlərin də üzərinə çox böyük məsuliyyət düşür. Bu baxımdan ölkəmizdə mövcud olan multikultural və tolerant mühit bir nümunə kimi qəbul olana bilər. Bu da danılmaz faktdır ki, Azərbaycan xalqının digər mədəniyyətlərə dözümlü münasibəti onun təbiətindən, insanpərvərliyindən irəli gəlir. Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların yayıldığı, qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq etdiyi bir məkan olaraq tanınıb. Mədəni, etnik, dini və s. müxtəlifliklər arasındakı münasibətlər düzgün tənzimlənmədikdə cəmiyyətin inkişafı prosesində tarazlıq pozulur və müxtəlif narazılıqlar meydana çıxır. Bu narazılıqların aradan qaldırılmasının, eləcə də dini və milli müxtəlifliklərarası münasibətlərin tənzimlənməsinin ən düzgün modellərindən biri multikulturalizmdir. Multikulturalizm fərqli mədəniyyətlərin yanaşı və ya birgəyaşayış tərzidir və azsaylı xalqların öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verməklə yanaşı onların yaşadıqları cəmiyyətin bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şəraitin yaradılmasıdır.

Onu da qeyd edək ki, multikulturalizm tərcümədə çoxmədəniyyətlilik deməkdir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Multikulturalizm termini 1960-cı illərin sonunda Kanadada meydana gəlib. Lakin bir termin olaraq 1970-ci illərdən leksikona daxil olub. The Harper Colins sosiologiya lüğətində (1991) multikulturalizmə belə tərif verilib: “Multikulturalizm” bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir. Multikulturalizm mədəni müxtəlifliyin, azlıqların mədəniyyətinin müdafiəsi məsələsini öz qarşısına qoyur. Eyni zamanda o, azlıqların mədəniyyəti ilə əsas mədəniyyətin qeyri-bərabər münasibətlərini nəzərdə saxlayır”. Bu da o deməkdir ki, yeni düşüncə tərzinin formalaşması, düşüncə böhranının aradan qaldırılmasının ən uğuru yolu multikulturalizmdir. N. Tusi “Əxlaqi-Nasiri” əsərində elmlə əməlin əlaqəsindən yazaraq qeyd edir ki, “bunların vəhdəti olmadan inkişaf və kamillik qeyri-mümkündür”. Eyni zamanda onu da qeyd etmək vacibdir ki, mədəniyyətlərin dialoqunu qurmaq üçün başqa mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini də öyrənmək əsas şərtlərdən biridir. Amerikalı alim-sosioloq Samuil Hantunqton “Sivilizasiyaların toqquşması və dünya düzəninin yenidən qurulması” adlı kitabında yazır: “Yeni dünyada xalqlar arasında əsas fərqlər ideoloji, siyasi, iqtisadi deyil, mədəni fərqlər və müxtəlifliklərdi. Öz tarixinə, dininə, dilinə, mənəvi dəyərlərinə müraciət edən xalqlar, öz kimliklərini müəyyən edirlər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsini özü də bir çox səbəblərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rola malikdir. İkincisi, Azərbaycanda bütün xalqlar, toplumlar, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Çünki Azərbaycan tarixin bütün dönəmlərində müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə üzləşmədən yaşadığı unikal bir məkandır.

Bu da məlum həqiqətdir ki, ötən əsrin 70-ci illərində ABŞ və Avropada multikulturalizm siyasətinin həyata keçirilməsinə ciddi təkan verildi. İlk dövrlərdə bu siyasətdə müəyyən uğurlar əldə olunsa da, bir müddət sonra multikulturalizmə münasibət dəyişməyə başladı. Çünki multikulturalizm siyasəti həyata keçirilərkən bir tərəfdən mədəniyyətlərə azadlıq təmin edilsə də, digər tərəfdən dövlətin əsas məqsədi mədəniyyətlərin inteqrasiyasına nail olmaq və vahid ideya ətrafında cəmiyyət qurmaqdan ibarət idi. 2010-cu ildən sonra isə Britaniya, Almaniya və Fransa kimi dövlətlər multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğunu və bu siyasətdən imtina etdiklərini bəyan etdilər. Bu ölkələrdə multikulturalizmin iflasa uğramasının səbəbləri araşdırılarkən, mədəniyyətlərarası təbii inteqrasiya prosesində miqrantların gətirdiyi mədəniyyətin daha güclü olduğu ortaya çıxdı. Bu da Avropanı iki problemlə üz-üzə qoydu. Birincisi, müsəlmanlar yerli mədəniyyətlə inteqrasiyaya getmədilər, əksinə avropalılarda islama yönəlmə prosesi baş verdi. İkinci problem isə get-gedə ağdərili irqin azalması və təbii artım hesabına qaradərililərin sayının durmadan artması ilə bağlı idi. Bu da perspektivdə Avropada ağ dərili irqin yoxa çıxması təhlükəsini meydana çıxardı. Bu səbəbdən də Avropa ölkələrinin bir çoxu multikultural cəmiyyətdən imtina etmək zorunda qaldılar. Yəni miqrantların Avropa mədəniyyətinə inteqrasiya yolu ilə assimilyasiya edə biləcəyini düşünən bu ölkələrdə əks proses baş verdi. Bu prosesdən çıxış yolunu tapa bilmədikləri halda isə multikulturalizmdən imtina etdilər. Multikulturalizmdən imtina etmək isə yaxşı heç nə vəd etmir. Tam əksinə, multikulturalizmdən imtina bütün dünyada getdikcə artan anlaşılmazlığa, qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxarır.

Bütün bu prosesləri təhlil etdikdə bir daha o nəticəyə gəlinir ki, Azərbaycanda mövcud olan miltikultural mühit bütün sivil cəmiyyətlər üçün örnək ola bilər. Bunu ölkəmizdə həyata keçirilən bir çox beynəlxalq səviyyəli tədbirlərin, Konfrans və Forumların iştirakçıları da, birmənalı təsdiqləyirlər. Bakı Humanitar Forumunda iştirak edən rusiyalı nümayəndə Azərbaycanda multikulturalizmin inkişafı barədə deyib: “Planetimizdə başqa elə bir bölgə yoxdur ki, Azərbaycandakı kimi onlarla xalq min illər boyu birlikdə yaşamış olsun. Bu mədəni və milli çoxçalarlılıq bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər”. Amerikalı qonaqlar isə etiraf ediblər ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif din mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri, bəlkə də, birincisidir. Bakıda səfərdə olan Roma Papası Fransisk öz çıxışında belə deyib: “İnanıram ki, Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan hər zaman özündə insanlara sülh və insanın parlaq gələcəyi üçün möhkəm zəmin yaratmaq baxımından əsas təşkil edən açıq olmaq mədəniyyətini inkişaf etdirəcək”. Bu da maraqlı faktdır ki, Vatikan başçıları adətən əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Buna baxmayaraq, Roma Papasının müsəlman Azərbaycana səfəri ölkəmizin dini və etnik baxımdan tolerant dövlət olduğunu bir daha sübut edir.

Bu gün ölkəmizdə müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestanlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, Molokan ruhani xristianları, Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan din qruplardan olan krişnaçılar, bəhailər və s. dinlərin mənsubları birlikdə yaşayır və öz dini etiqadlarını rahatlıqla yerinə yetirə bilirlər. Yer kürəsində yaşayan xalqların sayı mövcud dövlətlərin sayından dəfələrlə çoxdur. Müxtəlif mənbələrdə qeyd olunan məlumatlara görə, dünyada təxminən, 3500-4000-dək xalq, millət və etnik qrup yaşayar. Onlar 200-dən bir qədər çox dövlətlərdə məskunlaşıblar.

Bu dövlətlərdən biri olan Azərbaycanda da, tarixən müxtəlif xalqların nümayəndələri bir-birinə çox yaxın qonşuluq, dostluq və qardaşlıq şəraitində yaşayıblar və yaşayırlar. Bununla belə, tarixin heç bir dönəmində indiki kimi bu ərazidə məskən salan müxtəlif xalqların nümayəndələrini birləşdirən vahid dövlətçilik ideyası olmayıb.

Ümummilli Lider Heydər Əliyevin bilavasitə iştirakı ilə 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində öz əksini tapan: “Mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olunmalıdır” müddəası ölkəmizdə məskunlaşan bütün xalqların dövlətimizin tam hüquqlu vətəndaşları olması ideyasını təsdiqləyir. Bununla yanaşı, qəbul edilən bir çox qanunlar da Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verdi. Bununla da Ulu Öndərimiz dövlətimizin ən başlıca sərvətinin əsrlərdən bəri bu torpaqda yaşayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən insanların olduğunu bir daha təsdiqlədi. “Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar”.