Paralel. – 2019. – 28 mart. - ¹ 51. – S. 14.

 

Azərbaycan azsaylı xalqların mədəniyyətinin və təhsilinin inkişafı baxımından böyük təcrübəyə malikdir

 

Milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir

 

Azərbaycanda yaşayan milli azlıqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, onların ölkəmizin tamhüquqlu vətəndaşları kimi inkişaf etmələri üçün bütün imkanların yaradılması dövlətimizinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Burada milli azlıqların və etnik qrupların özünəməxsus mədəniyyətlərinin qorunub inkişaf etdirilməsi və təhsil problemlərinin həlli də xüsusi yer tutur. Bu da məlumdur ki, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir. Azərbaycan dövləti bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün mühüm işlər görür, layihələr həyata keçirir.

Hələ müstəqilliyin ilk illərində-1992-ci ildə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərin inkişafı üçün dövlət yardımı haqqında” fərman imzalayıb. Həmin Fərmanda qeyd olunub: “Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilən siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədi ilə nazirlik və idarələrin fəaliyyət çərçivəsində milli münasibətlərlə bağlı məsələlərə, bu fərmandan irəli gələn vəzifələrə hərtərəfli baxılsın”.

Ölkəmizdə yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycanın dövlət dilində və onların təxminən beşdən dördü rus dilində sərbəst danışır. Bu insanların dillərə real yiyələnmək səviyyəsi müxtəlif olsa da, görünür, etniklərarası ünsiyyət üçün kifayət edir.

Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olaraq bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi “Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası”nın prinsiplərini daim diqqətdə saxlayır və bu prinsiplərə tam əməl edir.

Yuxarıda qeyd etdiyimiz Fərmanda həmçinin deyilir: “Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin peşə hazırlığına uyğun olaraq və heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlara malik olmasını nəzərə alaraq, həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılsın, onların pozulmasına yönəlik, hər hansı bir hərəkətin, yaxud hərəkətsizliyin qarşısı alınsın, ərizə və şikayətlərin baxılmasına və vətəndaşların qəbulunda həmin məsələlərin həllinə diqqət artırılsın”. Fərmanda Azərbaycan Respublikasının Prezident Aparatına, Nazirlər Kabinetinə, nazirlik və idarələrə, yerli icra hakimiyyəti başçılarına milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, dil və dini özgürlüyünün qorunub saxlanılması və inkişaf etdirilməsi, milli ənənə və adətlərə əməl, dini mərasim və ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin qorunub saxlanılması və onlardan istifadə edilməsi, milli sənətkarlığın, peşəkarlıq və özfəaliyyət yaradıcılığı və xalq sənətlərinin sərbəst inkişaf etdirilməsi, bütün millətlərin tarix və mədəniyyət abidələrinin qorunması, əhali üçün əhəmiyyətli olan yerlər, qoruqlar, parklar və digər təbiət obyektlərinin mühafizə olunub saxlanılması istiqamətlərində dövlət yardımının və hökumət siyasətinin həyata keçirilməsi bir vəzifə kimi tapşırılıb.

“Mədəniyyət haqqında” qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulub. Bu qanunla dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir.

Azərbaycan Respublikasının “Təhsil haqqında” qanunun 6-cı maddəsi və “Dövlət dili” haqqında qanunun 3-cü maddəsinə görə, ölkəmizdə təhsil milli azlıqların dillərində də verilə bilər. “Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı” haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədi daşıyır. Azərbaycan Respublikası 1996-cı il 31 may tarixində qoşulduğu irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, aparteidin qarşısının alınması və onun cəzalandırılması, genosidin qarşısının alınması və onun cəzalandırılması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəalarına da tam əməl edir.

Ölkəmizdə Mədəniyyət Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurasının fəaliyyət göstərməsi, Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbənin yaradılması, eləcə də Bakıda katolik kilsələrinin, sinaqoqların məscidlərlə yanaşı fəaliyyət göstərməsinin nəticəsidir ki, bu gün Azərbaycan bütün dünyada multikulturalizm məkanı kimi tanınır.

Bütün bunlarla yanaşı, Azərbaycan həm də bir çox beynəlxalq konvensiyalara qoşulub ki, bu da ölkəmizin mili azlıqların hüquqlarının qorunmasına çox böyük önəm verdiyini sübut edir. Mədəniyyət Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində “Azərbaycan-doğma diyar” devizi altında azsaylı xalqların incəsənət festivalları keçirilir. Bu festivallar respublikamızın ictimai-mədəni həyatında mühüm hadisə kimi qarşılanıb. Festivallar çərçivəsində həmçinin Azərbaycanda yaşayan xalqların etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib. Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılır, elmi konfransların materialları “Musiqi dünyası” jurnalında çap olunur. İctimai Televiziya tərəfindən festivallara informasiya dəstəyi verilir.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən milli azlıqların Respublika festivalında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədə yaşayan bütün milli azlıqların Azərbaycan xalqının tərkib hissəsi, tolerantlığın və qarşılıqlı hörmətin dövlətin milli siyasətinin fərqləndirici xüsusiyyəti olduğunu vurğulayıb.

Festival “Doğma yurdum Azərbaycan” devizi ilə keçirilir. Festivalın seçim turlarında Ukrayna, tatar, kürd, yəhudi icmalarının, habelə axıska türklərinin, respublikanın müxtəlif rayonlarının özfəaliyyət kollektivləri iştirak edirlər.

Bu festivallar çərçivəsində milli azlıqların həyatını əks etdirən “Bir ailədə” adlı, foto-sərgilər, habelə “Etnik mədəniyyətlərin müxtəlifliyi və multimədəni ənənələr” mövzusunda “dəyirmi masalar keçirilir. Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycanda yaşayan milli azlıqların mahnıları” adlı 1000 nüsxədən ibarət Azərbaycan, ingilis, rus, fransız və alman dillərində albom buraxıb.

Azsaylı xalqların mədəniyyətinin və təhsilinin inkişafı tarixində Azərbaycan çox böyük təcrübəyə malikdir. Belə ki, respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqlarının öz milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılıb. Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 246 məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Şamux rayonlarının 32 məktəbində 4748 şagird avar, udin, tat, şaxur, yəhudi, xınalıq, kürd dillərini əsasən ibtidai siniflərdə öyrənirlər. Bu da o deməkdir ki, respublikamızın 407 məktəbində azsaylı xalqların və etnik qrupların 55488 nəfər uşağı öz ana dillərini öyrənirlər. Ölkəmizdə azsaylı xalqların dillərində tədrisi aparan müəllimlər üçün müvafiq qaydalara uyğun olaraq vaxtaşırı ixtisasartırma kursları keçirilir.

Onu da qeyd etmək vacibdir ki, Avropa Şurası və Azərbaycanın Təhsil Nazirliyi hələ 2003-cü ilin mayında Bakıda “Təhsil siyasəti və milli azlıqlar” mövzusunda seminar keçirib, elə həmin ilin noyabr ayının son günlərində isə bu məsələ ətrafında Strasburqda AŞ-ın iqamətgahında beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. Hər iki tədbirdə ölkəmizdə yaşayan milli azlıqların təhsilinə münasibət yüksək qiymətləndirilib.

Hazırda Təhsil Nazirliyi ölkə Konstitusiyası, “Təhsil haqqında” qanunun tələbləri və Avropa Xartiyasının prinsiplərini əldə rəhbər tutaraq, azsaylı xalqların dilləri, tarixi və mədəniyyətinin öyrənilməsi istiqamətində bütün imkanlardan istifadə edir.

Ölkəmizdə məskunlaşan Əfqan Qaçqınları İcmasının rəhbəri Həmzə İmani mətbuata açıqlamasında bildirib ki, burada yaşayan əfqanların mədəni irsinin qorunması ilə bağlı heç bir problemləri yoxdur: “Azərbaycanda digər azsaylı xalqlar kimi əfqanlara da mədəni irslərinin qorunubsaxlanılması və inkişaf etdirilməsiylə bağlı sərbəstlik verilib. Biz hər il Novruz bayramını və digər millətimizə məxsus bayramları qeyd edirik. Uşaqlarımız təhsil alırlar. Ümumiyyətlə, bütün azərbaycanlılar kimi bizim də mədəni hüquqlarımız qorunur və inkişaf etdirilməsinə imkan yaradılıb”.

Azərbaycanda milli azlıqların və etnik qrupların təhsil və mədəniyyət sahəsində əldə etdikləri bütün uğurlar, ölkəmizdə azsaylı xalqlara verilən azadlığın bir təcəssümüdür. Azərbaycanda yaşayan bütün milli azlıqların mədəni və təhsil haqları qorunur və dövlət onların daha da inkişaf etdirilməsi üçün imkanlar yaradır.

 

“Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub