Türküstan.-2019.-12-18 mart.-¹9.-S.10.

 

Azərbaycançılıq və türkçülük arasında uzlaşdırma niyə lazımdır?

 

Faiq Qəzənfəroğlu,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Milli ideologiya problemi hər millətin həyatında ümumi yanaşmalarla yanaşı, özünəməxsusluqları da inkar edə bilməz. Çünki millətlərin milli adət-ənənələri, mədəniyyəti kimi, mövcud həyat tərzi də fərqli xüsusiyyətlərə malikdir. Bu mənada, daha çox Şərq mədəniyyətinə, o cümlədən islam-türk dünyasına aid olan, ancaq bununla yanaşı, Qərbin-Avropanın mütərəqqi dəyərlərinə də biganə qalmayan Azərbaycan xalqının milli ideologiyaya münasibətində də özünəməxsusluq qaçılmazdır. Çünki Azərbaycan xalqı Şərq və Qərb mədəniyyətinin qovşağında yaşamaları ilə yanaşı, özü də bu mədəniyyətlərdən yalnız qidalanmamış, əyni zamanda onların yaranmasında və inkişafında müəyyən pay sahibi olmuşdur.

 

Şübhəsiz, Azərbaycan milli ideologiyasının formalaşmasında da bu faktorlar mühüm rol oynamışdır. Hələ, 19-cu əsrin Azərbaycan mütəfəkkirləri (A.A. Bakıxanov, M.F. Axundzadə, H. Zərdabi və b.) yaxşı anlayırdılar ki, Azərbaycan xalqının gələcəyi yalnız birtərəfli, yəni tamamilə Şərq mədəniyyətinin mühüm hissəsini təşkil edən islam-türk mədəniyyəti ilə bağlı ola bilməz, müəyyən mənada Qərbin-Avropanın mütərəqqi dəyərlərinə yiyələnmək də lazımdır. Bu məqsədlə onlar ilk dəfə Azərbaycan xalqının maariflənməsi və sivil cəmiyyətə çevrilməsi yolunda, bu və ya digər dərəcədə Qərb-Avropa mədəniyyətinə müraciət etmiş, islam-türk dünyasının bu hissəsində islahatlar aparmağa cəhdlər göstərmişlər. Əgər Bakıxanov bu məsələdə daha mühafizəkar mövqedən çıxış edərək Qərb mədəniyyətindən bəhs edərkən islamın müasirliyini və üstünlüyünü önə çəkirdisə, Axundzadə ondan fərqli olaraq islamda radikal islahatlar aparılmasını və Qərb-Avropa mədəniyyətinin burada da tətbiqini təklif etmişdir. Ancaq H. Zərdabi isə onlardan fərqli olaraq ümumilikdən xüsusiliyə doğru addım ataraq konkret Qafqaz-Azərbaycan müsəlmanlarının-türklərinin milli oynaşı üçün əməli işlər görməyə çalışmış, Azərbaycan milli ideyasının yaranması prosesini sürətləndirmişdir.

Fikrimizcə, 19-cu əsr Azərbaycan mütəfəkkirlərinin Azərbaycan milli ideyasının yaranması yolunda atdıqları ilk addımlar səmərəsiz qalmamış, onların davamçıları (Ə. Ağaoğlu, Ə. Hüseynzadə, Ə. Topçubaşov, M.Ə. Rəsulzadə, N. Vusifbəli və b.) 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycan milli ideyasının yaranmasında və onun bir mili ideologiyaya çevrilməsi yolunda mühüm addımlar atmışlar. Şübhəsiz, onlar bu işə başlarkən sələflərinin Azərbaycan mili ideyası yolunda atdığı ilk addımlardan ciddi “dərs” almış, bu milli dərs əsasında müstəqil və mili Azərbaycan yaratmağa çalışmışlar. Bizə elə gəlir ki, Azərbaycan mili ideyasının müəyyənləşməsi zamanı mili ideoloqlar sələflərinin hər birinin ideyalarından yararlanmağa çalışaraq, onların mili dünyagörüşləri əsasında islamlaşmağı, türkləşməyi və yeniləşməyi-avropalaşmağı bir xətt olaraq qəbul etmişlər.

Bu mənada Ə. Ağaoğlunun islam-türk birliyinə əsaslanan “islam millətçiliyi”, Ə. Hüseynzadənin türkləşmək, islamlaşmaq və avropalaşmaq “üçlüy”ü, M.Ə. Rəsulzadənin və N. Yusifbəylinin bu “üçlük”lə əsasında Azərbaycan türkçülüyü ideyasını - azərbaycançılığı irəli sürməsi bir təkamülün nəticəsi idi. Bu təkamülün kökü nə qədər qədimlərə gedib çıxsa da, çağdaş mərhələdə onun ilk cizgiləri 19-cu əsrdə meydana çıxmış, 20-ci əsrin əvvəllərində isə Azərbaycan milli ideyasının və onun bariz nümunəsi olan Azərbaycan Cümhuriyyətinin (Respublikasının) yaranması ilə nəticələnmişdir.

Bütün Şərqdə, o cümlədən islam-türk dünyasında ilk demokratik dövlət olan Azərbaycan Respublikasının əsaslandığı ideologiya milli-demokratik bir ideologiya idi. Çünki bu respublikada milli və demokratik dəyərlər bərabərlik təşkil edir, ölkə sözün həqiqi mənasında demək olar ki, bütün vətəndaşların maraqlarına uyğun olaraq idarə olunmuşdur. Hətta, həmin dövrdə Azərbaycan milli hökumətinə müxalif olan, Azərbaycan parlamentinə təmsil olunan bütün siyasi-ideoloji qüvvələrin (bolşeviklər, menşeviklər, ittihadçılar, sosialistlər, daşnaklar və b.) nümayəndələri belə, bu dövlətin demokratikliyini dəfələrlə etiraf etmişlər. Çünki Azərbaycan Respublikası ilk növbədə, Azərbaycan türklərinin mili azadlıq hərəkatı nəticəsində və onların nüvəsi ilə yaranmasına baxmayaraq, bu dövlətdə yaşayan yerit və gəlmə etnosların heç birinə qarşı ayrıseçkilik siyasəti yürüdülməmiş, əksinə müəyyən mənada onlara güzəştlər belə edilmişdir.

Bu baxımdan Azərbaycan Cümhuriyyəti dövründə hər hansı bir millətin, yəni konkret olaraq Azərbaycan türklərinin üstünlüyündən söhbət gedə bilməzdi. Sadəcə, o dövrdə türk və türk olmayan bütün Azərbaycan vətəndaşları yaxşı anlayırdılar ki, bu dövlətin qurulmasında “üçlük” və ona əsaslanan Azərbaycan türkçülüyü ideyası (indiki anlamda azərbaycançılıq) mühüm rol oynamışdır. Ancaq bu ideyaların (islamlaşmaq, türkləşmək və avropalaşmaq-yeniləşmək) hər birində də Azərbaycan türk millətinin digər etnoslardan üstünlüyü deyil, Azərbaycana bağlılıq və demokratik dəyərlərə əməl olunması önə çəkilirdi. Beləliklə, Cümhuriyyət dövründə milli və demokratik dəyərləri özündə əks etdirən Azərbaycan mili ideyası - azərbaycançılıq yalnız Azərbaycan türklərinin və etnik azlıqların (talış, kürd, ləzgi, yəhudilər və b.) deyil, Azərbaycana gəlmə olan başqa millətlər (rus, alman, polyak və b.) üçün də qəbul edilən bir ideologiyaya çevrilməyə başladı. Doğrudur, sonrakı dönəmlərdə Azərbaycandakı bəzi millətlərin nümayəndələri, o cümlədən ruslar və ermənilər Azərbaycan Cümhuriyyətinin süqutunda müəyyən rol oynadılar, ancaq bütün hallarda müəyyən bir dövrdə mili və demokratik dəyərlərə əsaslanan azərbaycançılığın ən azı vətən və dövlət ideologiyası kimi üstünlüyünün olması faktı da danılmazdır.

Çox təəssüflər olsun ki, “üçlüy”ə əsaslanmaqla yanaşı, özündə vətənçilik, dövlətçilik və demokratik dəyərləri də birləşdirən Azərbaycan milli ideyası-azərbaycançılıq Azərbaycan Cümhuriyyəti işğal olunduqdan sonra sovetləşmə adı altında əvvəlcə təzyiqə və təqibə məruz qaldığı halda, daha sonra isə təhrif və simasızlaşdırmaqla üz-üzə qalmışdır. Belə ki, ilk dövrlərdə sovet rəhbərləri və ideoloqları Azərbaycan milli mütəfəkkirlərinə təzyiq göstərərək, onları türk və islam dünyasından ayırmağa çalışmış, bu məqsədlə də onları pantürkist, panislamist adı altında repressiya etmişdir. Hətta, bu məsələdə onlarla bir yerdə sosializm uğrunda mübarizə aparan, ancaq mili mənəvi dəyərlərinə, o cümlədən Azərbaycan milli ideyasına sadiq qalan N. Nərimanov, Ə. Xanbudaqov və bu kimi milli ruhlu aydınlarımıza qarşı belə bolşeviklər amansız davranmışlar.

Bununla da, azərbaycançılığın əsaslandığı dayaqlardan - islamlaşmaqdan, türkləşməkdən və yeniləşməkdən zorla məhrum edilən, bunun əvəzində sovetləşmə adı altında “proletar mədəniyyətinə”, kollektivləşməyə sürüklənən vahid bir millət parçalanır, onun əvəzində çoxlu “millətlər” yaradılırdı. Beləliklə, azərbaycançılığın təməl prinsiplərindən biri olan siyasi millət birliyini çoxlu etnik və gəlmə “millətlər”ə parçalayan sovet ideoloqları bir tərəfdən Azərbaycan üçün yeni problemlərin, xüsusilə də separatizmin əsasını qoymuş, digər tərəfdən Azərbaycan türklərinin milli kimliyinə və milli dilinə qəsd etmişdir. Bunu, süni şəkildə ört-basdır etmək üçün isə naməlum “Azərbaycan dili” və “Azərbaycan milləti” (etnik mənada) ortaya atılmış, sovet alimləri isə “yeni millətin” dilini və milli kimliyini əsaslandırmaq üçün mübarizəyə başlamışlar.

Çünki türk kimliyi və türk dili qadağan olması, əvəzində Azərbaycanda Azərbaycan türkləri ilə yanaşı, ən azı 13 “millət”in meydana çıxmasından sonra “yeni millət” və “yeni dil” ideyası mili mənlik şüurunun məhvinə yönəlmişdir. Daha doğrusu, sovet ideoloqlar bir tərəfdən Azərbaycan türklərinin mili mənlik şüurunu məhv edir, digər tərəfdən sovetləşmə, xalqlar dostluğu adı altında kosmopolit şüur formalaşdırmağa çalışmışdır. Bu kosmopolit şüura görə, ilk növbədə Azərbaycan türkləri öz milli kimliklərini və milli dillərini naməlum “azərbaycanlı” etnik kimliyi və “Azərbaycan dili” adı altında unudacaq, ancaq digər etnik azlıqlar isə bu prosesdən kənarda saxlanılacaq. Etiraf etmək lazımdır ki, sovet rəhbərləri və ideoloqları bu məsələ də Azərbaycan türklərinin milli şüurunu xeyli dərəcədə zədələməyə nail oldular. Məhz bunun nəticəsidir ki, sovet ideologiyasının təxribatı olan bu “yeni millət” və “yeni dil” ideyası bu günə qədər də aktuallığını qoruyub saxlamaqdadır. Ən acınacaqlısı odur ki, bu faktordan nəinki daxilimizdə, hətta Azərbaycanın xaricində də sui-istifadə edən qüvvələr vardır.

Belə ki, daxilimizdə SSRİ dövründə meydana çıxan “yeni millət” və “yeni dil”in varlığı azərbaycançılıq adı altında müdafiə edilir və burada ilk növbədə etnik azlıqların maraqlarının nəzərə alınması önə çəkilir. Üstəlik, bu zaman bəzi Azərbaycan alimlərinin (İ. Əliyev, F. Məmmədova və b.) yazdıqlarından məlum olur ki, “yeni dil” və “yeni millət” daha çox Azərbaycan türkləri deyil, ya qafqazdilli etnoslarla, ya da irandilli etnoslarla bağlıdır. Hətta bəzi hallarda türklərin deyil, tutaq ki, qafqazdilli albanların, ya da irandilli hansısa bir etnosun (məs. Atropatena-Mada xalqının) ermənilərdən öncə bu bölgədə yaşaması və bir neçə əsrlər burada aparıcı millət olması sübut olunmağa çalışdır. Şübhəsiz, bütün bunlar SSRİ dövrünün rəhbərlərinin və ideoloqları tərəfindən ortaya atılmış, mili ruhlu azərbaycançılığa qarşı yönəlmiş kosmopolit azərbaycançılığın yeni dövrdəki təzahürləridir.

Bu baxımdan hesab edirik ki, Sovet dövrünün kosmopolit azərbaycançılığın təzahürlərini yaşatmaqdan, qeyri-müəyyən “yeni millət”ə məxsus tarix, ədəbiyyat və s. yaratmaqdansa, “Azərbaycan tarixi” yenidən yazılmalı və orada digər etnik qrupların haqlarını da tapdalamadan burada birmənalı şəkildə Azərbaycan türklərinin tarixi öz əksini tapmalıdır. Çox təəssüflər olsun ki, mövcud 7 cildlik “Azərbaycan tarixi” əsasən Azərbaycan türklərinin tarixini özündə əks etdirmir. Mövcud 7 cildlik ayrı-ayrı “millətlər”in -mannalı, atropatenalı, alban, şirvanlı, aran, azərbaycanlı və başqalarının tarixlərinin mexaniki cəmidir. Xüsusilə, akademik nəşrin 6 və 7-ci cildlərində isə heç bir əsas olmadan qeyri-müəyyən mənada “azərbaycanlı” millətindən bəhs olunur. Başa düşmək olmur ki, bu “azərbaycanlı” milləti etnik kimliyi, yaxud da siyasi kimliyi ifadə edir.

Ümumiyyətlə, bu gün azərbaycançılığın birləşdirici ideologiyaya çevrilməsi prosesində burada sayca çoxluğu təşkil edən, ancaq buna baxmayaraq Konstitusiyada milli dili öz əksini tapmayan və digər hər hansı bir üstünlüyə malik olmayan Azərbaycan türkləri deyil, eyni zamanda Azərbaycanı Respublikasını özünə doğma vətən və dövlət hesab edən etnik azlıqlar da maraqlı olmalıdırlar. Bu mənada Azərbaycan türklərinin digər etnik azlıqlar kimi, azərbaycançılıq ideologiyasına tapınmaları ilə yanaşı, milli kimliyini və milli dilini ifadə etmələri məsələsinə təbii baxılmalıdır.

Çünki bütün zamanlarda və indinin özündə də, müəyyən istisnaları nəzərə almasaq, hər bir dövlətdə onun aparıcı nüvəsini əsasən, bir millət təşkil etmişdir. Digər etnik azlıqlar isə, həmin dövlətlərin tərkibində müəyyən nüfuzlarına görə bu və ya digər dərəcədə iştirak etmişlər və ya edirlər də. Hətta, əgər bir dövlətin (İsveçrə, Kanada, Belçika və b.) yaranmasında və hazırkı durumunda iki ayrı-ayrı millət eyni rolu oynamışdırsa, bu da həmin dövlətin Konstitusiyasında (milli dil və s.) öz əksini tapmışdır. Yəni hər bir inkişaf etmiş dövlətdə başa düşürlər ki, vətəndaşlıq, yurddaşlıq yəni dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq yaşadıqları dövlətdə bərabər hüquq və azadlıqlara malik olmaları ilə yanaşı, bu ölkədə əksəriyyəti təşkil edən bir millətin milli kimliyinə, milli dilinə də göz yumula bilməz. Bu mənada, Azərbaycan Respublikasında yaşayan Azərbaycan türklərinin də hər hansı formada milli dilinin və milli kimliyinin Konstitusiyada öz əksini tapması istəyi təbiidir. Fikrimizcə, bu heç bir halda etnik azlıqlara qarşı şovinist siyasət, yaxud da dövlətçiliyə qarşı təhlükə kimi dəyərləndirilə bilməz. Bu sadəcə olaraq, bütün etnik azlıqlar kimi Azərbaycan türklərinin də öz doğma dilinə bağlılığıdır.

Bu baxımdan, hesab edirik ki, hazırda milli ruhlu azərbaycançılıqla türkçülüyü bir-biri ilə uzlaşdırmaq əvəzinə, əksinə onları bir-birinə tamamilə alternativ kimi qələmə vermək Azərbaycan dövlətinin bu günü və gələcəyi üçün çox təhlükəlidir. Ona görə də, Azərbaycan milli ideyası dedikdə kosmopolit, ya da qeyri-müəyyən azərbaycançılıq deyil, türkçülüyə, vətənçiliyə, dövlətçiliyə, islamçılığa, modernləşməyə əsaslanan milli ruhlu azərbaycançılıq önə çəkilməlidir. Çünki, milli ruhlu azərbaycançılıq vətənçilik, dövlətçilik və s. anlayışlar kimi, türkçülüyü və islamçılığı da tərkibində, yəni öz-özlüyündə əritmir, əksinə onlardan güc alır. Bu baxımdan milli ruhlu azərbaycançılığı etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş qəbul edərək onun müdafiəçisi ola bilər.