Yeni Azərbaycan. - 2019.- 15 mart. - ¹ 50. - S. 11.

 

Azərbaycançılıq cəmiyyətimizdə sağlam ictimai münasibətlərin möhkəm əsasını təşkil edir

 

Bu ideologiya dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlını vahid amal, ideya və Vətən ətrafında birləşdirir

 

Zahid İlhamoğlu

 

Hər bir fəaliyyətin, işin əsasında müəyyən bir ideya, amal dayanır. Milli dövlətin əsası, qayəsi isə onun milli ideyasında əksini tapır. İdeoloji boşluq, yaxud böhran yaşayan cəmiyyətlər kənar təsirlər qarşısında müdafiəsiz, dövlətin dayaqları isə zəif olur. Başqa sözlə desək, hər bir güclü dövlət milli vəhdəti təmin edən ideya, yaxud ideologiyaya əsaslanır.

Hazırda bir çox ölkələrdə siyasi, dini, məzhəb, etnik, mədəni zəmində özünü göstərən konfliktlər nəticəsində daxili sabitliyin pozulduğu, vətəndaş qarşıdurmalarının yaşandığı bir vaxtda Azərbaycan özünün milli birlik modeli ilə diqqəti cəlb edir. Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində məhz milli-mənəvi birlik dayanır. Azərbaycanda milli birlik dövlət siyasətinin müasir demokratiyanın təməlində dayanan vətəndaşlıq, dünyəvilik, qanunun aliliyi prinsipləri ilə xalqımızın milli-mədəni irsindən irəli gələn tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət kimi dəyərlərə söykənir. Bu dəyərlərin birləşməsi nəticəsində “azərbaycançılıq” adlanan uğurlu formul meydana gəlib.

 

Azərbaycançılığın təməl prinsipləri Azərbaycan xalqının qədim milli-mənəvi dəyərlərinə əsaslanır

 

Qeyd olunduğu kimi, azərbaycançılığın təməl prinsipləri Azərbaycan xalqının qədim milli-mənəvi dəyərlərinə əsaslanır. Azərbaycançılıq məfkurəsində əksini tapmış fəlsəfədə, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur. Bu gün qətiyyətlə deyə bilərik ki, bu ideologiyanı məhz Ümummilli Lider Heydər Əliyev tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirdi. Ulu Öndər Heydər Əliyev respublikamıza birinci rəhbərliyi vaxtı və sovet dövlətinin ali rəhbərlərindən biri olduğu dövrdə mümkün olan bütün vasitələrlə azərbaycançılığın əsaslarını dirçəltdi və möhkəmləndirdi. Müstəqilliyimizin başlanğıcında isə Ulu Öndər bu məfkurəni dövlət ideologiyası olaraq bərqərar etdi. Azərbaycançılığı təbliğ etməkdə Ulu Öndərin məqsədi yaşadığı məkandan asılı olmayaraq, hər bir azərbaycanlıya, soydaşımıza vətənpərvərlik hissini, tarixi torpaqlarımıza, dilimizə, mədəni irsimizə, dövlət rəmzlərimizə məhəbbət aşılamaq idi. Bu ideologiya dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını vahid amal, ideya və Vətən ətrafında birləşdirir.

Azərbaycançılığın bu səviyyəyə çatması heç də birdən-birə baş vermədi. Qeyd edək ki, müstəqilliyin əldə edilməsi ilə Azərbaycanda siyasi-iqtisadi və ideoloji sferalarda baş verən kəskin dəyişikliklər situasiyaya özünəməxsus reaksiya verən cəmiyyətdə milli enerjinin idarə olunması, dövlətin və xalqın mənafeyi naminə ideoloji həmrəyliyin yaradılmasını tələb edirdi. 1991-1993-cü illərin təcrübəsi göstərdi ki, cəmiyyəti birləşdirən, eləcə də dövlətin siyasi, iqtisadi, mənəvi inkişafı üçün milli mənafeyə xidmət edən ideoloji əsaslar olmadıqda cəmiyyətdaxili konfliktlərin meydana gəlməsi və xarici qüvvələrin bundan yararlanması üçün əlverişli şərait yaranır.

Məhz 90-cı illərin əvvəllərində Azərbaycan cəmiyyətində belə bir ideoloji boşluq yaranmışdı. Məlum olduğu kimi, müstəqilliyin qazanılması ilə respublikada kommunizm ideologiyasından imtina edildi, lakin onun əvəzində ölkənin ən təlatümlü günlərində cəmiyyəti vahid bir orqanizm kimi bütöv saxlaya biləcək, təhlükəli tendensiyalara qarşı sipər olacaq konkret ideya irəli sürülmədi. Bunun məntiqi nəticəsi kimi, həmin dövrdə Azərbaycan cəmiyyətində yaranan ideoloji boşluq ölkəni dini-ideoloji poliqona çevrilmək təhlükəsi ilə üz-üzə qoydu. Məhz həmin illərdə Azərbaycanda vahid siyasi rəhbərliyin və ideoloji birliyin olmaması ölkədə etnik zəmində qarşıdurma, separatizm meyillərinin yaranmasına səbəb oldu. Əsasən xaricdən təşkil və idarə olunan bu proses cəmiyyətin siyasi-ideoloji müdafiədən məhrum olduğu bir dövrdə ağır fəsadlara gətirib çıxara bilərdi.

Belə bir çətin və məsuliyyətli dövrdə xalqın tələbi ilə ölkə rəhbərliyinə gələn Ümummilli Lider Heydər Əliyev ilk növbədə diqqəti dövlətçiliyin qorunub saxlanmasında böyük əhəmiyyətə malik olan milli birliyin yaradılması və yeni cəmiyyət quruculuğu prosesinə yönəltdi. Bu məsələdə ideoloji faktorun rolunu düzgün dəyərləndirən Ulu Öndər azərbaycançılıq məfkurəsini cəmiyyətdəki bütün etnosların və konfessiyaların maraqlarını ödəyəcək, ideoloji yarğanlara bölünmüş Azərbaycan cəmiyyətini birləşdirəcək ideya-siyasi struktur kimi irəli sürdü.

 

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır

 

Azərbaycançılığı dövlət siyasətinin əsas ideya bazasına çevirən Ulu Öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayındakı çıxışında onun əsas mahiyyətini soydaşlarımızın diqqətinə çatdırdı: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Azərbaycançılığın dövlət siyasəti səviyyəsinə yüksəldilməsini göstərən ən bariz cəhət bu ideologiyanın əsas prinsiplərinin Konstitusiyanın müddəalarında öz əksini tapmasıdır. Xalqın öz liderinə olan rəğbəti, inamı da azərbaycançılıq ideologiyasının ictimai şüurda özünə möhkəm yer tapmasına səbəb oldu.

Hazırkı dövrdə cəmiyyətimizdə mənəvi-psixoloji sabitliyin möhkəmlənməsinin əsas səbəbi dövlətin istər daxili, istərsə də xarici siyasətində azərbaycançılıq prinsiplərinə sadiq qalması gerçəkliyidir. Bu isə Azərbaycanda müasir cəmiyyət quruculuğu prosesinin uğurla həyata keçməsində əsas faktorlardan biri kimi çıxış edir.

Bu gün azərbaycançılıq respublikamızda müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin ötən yüzilliklərdə olduğu kimi, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradıb. Vahid milli ideologiya insanları cəmiyyətin tamhüquqlu üzvü olaraq özlərini topluma yararlı fərd kimi hiss etməyə, müəyyən məsuliyyət daşımağa və vətəndaşlıq borcunu yerinə yetirməyə ruhlandırır.

Azərbaycançılıq ideyasını daim aktual edən cəhətlərdən biri onun multikulturalizm prinsipi ilə uzlaşması və buna xidmət edən dövlət siyasətidir. Bildiyimiz kimi, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərə, dinlərə mənsub olan insanların mehriban şəraitdə birgə yaşadığı məkan olub. Əhalisinin böyük hissəsinin İslam dininə etiqad etdiyi Azərbaycanda toplum müxtəlif konfessiyalar və etnik qruplar arasında qarşılıqlı anlaşma, sülhsevərlik, tolerantlıq kimi insani dəyərlərə sahibdir. Azərbaycan xalqının kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoşgörü və tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib. Təqdirəlayiq haldır ki, müstəqil Azərbaycan Respublikasının konstitusion əsasları xalqımızın əsrlərdən gələn bu kimi yüksək mənəvi dəyərlərinə söykənir. Azərbaycan Konstitusiyasının və digər qanunlarının müddəaları da ölkəmizdəki tolerant mühiti hüquqi baxımdan əsaslandırır. Hər bir kəs hüquqi, dünyəvi, unitar dövlət olan Azərbaycanda başqalarının hüquqlarına xələl gətirmədən öz etiqadına və adət-ənənələrinə sadiq qalmaq imkanına sahibdir.

Bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesində milli dəyərlər, xalqın mədəni-psixoloji xüsusiyyətləri hər zaman nəzərə alınır. Məhz buna görə də dövlət siyasəti səviyyəsinə qaldırılan azərbaycançılıq ideologiyası müasir demokratiyanın təməlində dayanan vətəndaşlıq, dünyəvilik, qanunun aliliyi prinsipləri ilə xalqımızın milli-mədəni irsindən irəli gələn tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət, milli birlik kimi dəyərlərin birləşməsinin uğurlu formulu kimi özünü göstərir. Bu səbəbdən də qonşu regionlarda dini, etnik zəmində yaşanan təlatümlər fonunda Azərbaycan “sabitlik adası” kimi öz yolunda irəliləməkdə davam edir.

Beləliklə əminliklə söyləyə bilərik ki, harada olmasından asılı olmayaraq, soydaşlarımız daha böyük həmrəyliyə nail olaraq yüksək milli şüur səviyyəsi nümayiş etdirirlər. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür.

 

Azərbaycançılığın təbliği milli birliyi daha da gücləndirir

 

Azərbaycandakı milli birlik mühitinin formalaşması isə cəmiyyətin bütün kəsimlərinin mənafeyini ifadə edən və hər bir Azərbaycan vətəndaşını, azərbaycanlını öz ölkəsi, vətəni ətrafında birləşdirən azərbaycançılıq ideyasının təbliği və real ictimai-siyasi münasibətlər sferasında tətbiqi sayəsində mümkün olub.

Azərbaycançılıq ideyasının təbliği ən müxtəlif sferalarda və fasiləsiz olaraq aparılır. Ümummilli Lider Heydər Əliyevin təkmil ideologiya şəklinə saldığı azərbaycançılıq konsepsiyasına sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli birlik özünü daha qabarıq formada göstərir. Azərbaycan dilinin, mədəniyyətinin qorunmasına, tarixinin öyrənilməsinə xidmət edən dövlət siyasəti, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün hər il müxtəlif səviyyələrdə təntənə ilə qeyd olunması, 2001-ci ildə əsası qoyulan və 2016-cı il 3-4 iyun tarixlərində dördüncüsü keçirilən Dünya Azərbaycanlılarının qurultayları hər bir soydaşımızı Azərbaycan ətrafında sıx birləşdirərək, milli maraqları müdafiəyə təşviq edir. Bununla yanaşı, məktəblərdə uşaqlara dövlət rəmzləri, ölkənin zəngin tarixi, mədəni irsi öyrədilir, vətənə məhəbbət hissi aşılanır. Müxtəlif hökumət və qeyri-hökumət qurumlarının uşaq, yeniyetmə və gənclər arasında hər il təşkil etdiyi bilik müsabiqələri, Azərbaycanın bölgələrini, mədəniyyətini, tarixini tanıdan layihələr də vətənpərvərliyin güclənməsinə və bu ideologiyanın nəsildən-nəslə ötürülməsinə töhfədir. Həmçinin görülən işlərin, eləcə də Azərbaycan xalqının qədim tarixinin, mədəniyyətinin, mədəni-mənəvi irsinin müasir auditoriyaya çatdırılmasında mühüm rol oynayan kütləvi informasiya vasitələrinin üzərinə götürdüyü vəzifə azərbaycançılıq ideologiyasının təbliğində böyük əhəmiyyətə malikdir.

Görülən işlərin nəticəsi olaraq, bu gün azərbaycançılıq ideologiyası cəmiyyətimizdə harmoniya və sabitliyin, sağlam ictimai münasibətlərin möhkəm əsasını təşkil edir.