Xalq qəzeti.-2019.-12 mart.-57.-S.7.

 

İsmayıllı: tolerantlığın və uğurların ünvanı

 

İlqar Həsənov

 

Bu qəbildən olan yazıları qələmə alarkən tərəddüd edirsən: nədən başlamalı? Çünki uğurlar çox, söhbət açılası məqamlar kifayət qədər, yazının girişinə çıxarılmalı faktlar isə nə qədər desən var. Bir tərəfdən də dağların üzü gülməyə başlayır, dərələrdəki alça, zoğal və digər meyvə ağacları oğrun-oğrun çiçəkləməyə çalışırlar. Üstəlik, bu rayona gələndə beş-altı xalqın nümayəndəsi ilə salamlaşırıq. Hamısı da yurda, Vətənə, dövlətə, dövlətçiliyə bağlı adamlardır. ...Deyəsən, yurda, Vətənə, dövlətə, dövlətçiliyə bağlı adamlar ifadəsi giriş üçün mövzunun tapılmasına kömək oldu. 

...Bu il martın 1-də İvanovka tam orta məktəbinin akt zalında rayon icra hakimiyyətinin, İsmayıllı və İvanovka ictimaiyyətinin, təhsil sisteminin nümayəndələrinin iştirakı ilə maraqlı bir tədbir keçirilirdi. Daha doğrusu, pensiyaçı tarix müəllimi Nadejda Jabinanın İvanovkanın, ümumilikdə molokanların tarixindən bəhs edən İvanovka selo moye rodnoye ( İvanovka mənim doğma kəndim) kitabı oxuculara təqdim edilirdi. Çox gözəl məqam idi. Nadejda Jabina İsmayıllının timsalında Azərbaycana nə qədər bağlı olduğunu, xalqımızın tolerantlıq nümunəsi yaratdığını çox dəyərli faktlar və arqumentlərlə əsaslandırmışdı. Kitabda xatırladılırdı ki, ümummilli lider Heydər Əliyev İvanovkaya, kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Nikolay Vasilyeviç Nikitinə daim böyük qiymət verib. 1981-ci il iyulun 23-də ulu öndər İvanovkada olub, heyvandarlıq və yemçilik sahəsində qazanılan qabaqcıl təcrübə əsasında respublika seminarı keçirib. Prezident İlham Əliyev 2005-ci və 2009-cu illərdə İvanovkaya səfər edib. Səfərin ilkin nəticəsi olaraq hər cür tədris, idman, iaşə və məişət şəraiti olan məktəb tikilib. Məktəbə ümummilli liderin adı verilib, önünə büstü qoyulub. Heydər Əliyev Fondu məktəbə avtobus hədiyyə edib. İvanovkada müasir təchizatlı xəstəxana tikilib. Regionlarda analoqu olmayan İvanovka Mədəniyyət sarayının əsaslı təmiri və təchizatı məqsədilə ölkə başçısı sərəncam imzalayıb, vəsait ayırıb. İsmayıllı İvanovka Hacıhətəmli asfalt yolu çəkilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva İvanovka dini icması üzvlərinin xahişini nəzərə alaraq onlara da avtobus bağışlayıb. Uzun illərin axtarışının, araşdırmalarının, daha yaşlı sakinlərlə (onlar çoxdan dünyalarını dəyişiblər) söhbətlərin nəticəsi olan bu kitab İvanovkaya həsr edilmiş birinci tarixi-publisist əsərdir. ...

Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehovla da məhz İvanovkada görüşdük. Onunla fevralın 5-də İsmayıllıda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması barədə söhbət etdik. Valeh müəllim, həmişə olduğu kimi, zəlzələnin nəticələri barədə danışarkən də nikbin, inamlı, ümidli idi: Mənim yadımdadır, ötən əsrin səksəninci illərində də İsmayıllıda zəlzələ olmuş və camaat vahiməyə düşmüşdü. O zaman ulu öndər Heydər Əliyev təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün lazım olan bütün addımları atmış, dağılan tikintilər tezliklə bərpa edilmişdi. İndi də cənab İlham Əliyev zəlzələdən zərərdidə olanların köməyinə çatdı və həmin istiqamətdəki işlər elə sürətlə gedir ki, istər-istəməz, bütün söhbətlərdə Necə ki, cənab Prezident xalqa kömək olur, Allah da Prezident İlham Əliyevə kömək olsun! ifadələrini tez-tez eşidirik. O ki, qaldı rayonun sosial-iqtisadi inkişafının göstəricilərinə, bu barədə hələ fevralın 25-də məlumat almışdıq. Belə ki, həmin gün İsmayıllı Rayon Mədəniyyət Mərkəzində sahibkarlığın vəziyyəti, probblemlər və qarşıda duran vəzifələrlə əlaqədar geniş müşavirə keçirilmişdi. RİH başçısı Mirdaməd Sadıqov rayonda sahibkarlıq sahəsində görülən işlərdən, ölkə rəhbərliyinin sahibkarlara göstərdiyi diqqət və qayğıdan ətraflı danışaraq qeyd etmişdi ki, özəl bölmə, respublikanın hər yerində olduğu kimi, İsmayıllıda da inkişaf prosesinə öz töhfələrini verir. Bu günlərdə isə rayon rəhbəri ilə görüşümüzdə daha çox fakt və rəqəmlər barədə söhbət etmək imkanımız oldu. Həmsöhbətim qeyd etdi ki, ötən il avqustun 25-26-da cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İsmayıllıya tarixi səfəri çərçivəsində çoxsaylı tədbirlərdə iştirakları və rayon ictimaiyyəti ilə görüşləri hələ uzun müddət təəssürat kimi yaddaşlarda yaşayacaq. Dövlət başçımız və birinci xanım həmin günlərdə rayonun sosial-iqtisadi inkişafına təkan verəcək bir sıra istehsal, infrastruktur və sosial layihələrin, o cümlədən Keyvəndi kəndinin ərazisində AZZA AGRO MMC-nin layihəsi olan müasir heyvandarlıq kompleksinin, Azərxalça ASCnin İsmayıllı filialının, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın, Kürdmaşı kəndi ərazisində Buta Qrup MMC tərəfindən yaradılan aqroparkın, Kürdmaşı-Kəlbənd-Girk, KeyvəndiBəhliyan və 22 kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yollarının, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının və qəsəbəyə təbii qazın verilməsi mərasimlərondə iştirak etmişdilər. Səfər zamanı cənab Prezident rayonun gələcək inkişafı üçün öz tövsiyə və tapşırıqlarını vermişdi.

Rayon rəhbəri qeyd etdi ki, İsmayıllı ictimaiyyəti həm dövlət başçısının səfər çərçivəsində verdiyi tövsiyə və tapşırıqları, həm də əvvəlki göstərişlərin hamısını operativ olaraq, yüksək səviyyədə yerinə yetirir. Məsələn, son bir ildə Gəndov kəndində modul tipli məktəb binasının və Xəlilli kəndində 40 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb, Cülyan kəndində 40 yerlik uçaq bağçası əsaslı təmir olunub və hər üç obyekt istifadəyə verilib. Uştalqışlaq və Girk kəndlərində modul tipli məktəb binalarının quraşdırılmasına, Basqal qəsəbə tam orta məktəbi üçün yeni 432 şagird yerlik məktəb binasının tikintisinə başlanılıb və bu il təhvil verilməsi nəzərdə tutulur. Göz qabağında olan faktlardan biri də odur ki, İsmayıllı şəhərinin küçələrinin tikintisi və yenidən qurulması davam etdirilir. Cümhuriyyətin 100 illiyi ərəfəsində 28 May küçəsində kommunikasiya xətlərinin yeri dəyişdirilərək küçə genişləndirilib, 1 saylı tam orta məktəbə yaxın ərazidə avtomobillərin park edilməsi məqsədilə dayanacaq yaradılıb. Şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otel binasının, Nial Construction MMC tərəfindən tikilən hotel-biznes mərkəzinin, Tircan kəndi ərazisində Bədo sanatoriyaistirahət mərkəzinin, Talıstan kəndi ərazisində İstirahət kompleksinin və çoxsaylı digər obyektlərin tikintisi davam etdirilir.

Təkcə ötən il rayon ərazisində 106 yaşayış evinin və 9 sahibkarlıq obyektinin inşasına razılıq verilib, 69 yaşayış evində aparılan yenidənqurma işləri sənədləşdirilib, 6 obyektin istismarının icazə sənədi imzalanıb. Son illərdə Velosiped istehsalı zavodunun, İsmayıllı Tikiş fabrikinin, dam örtükləri istehsalı müəssisəsinin, Göyçay çayı üzərində Su elektrik stansiyalarının, Azərxalça ASC-nin İsmayıllı filialının, özəl sektor tərəfindən kiçik emal müəssisələrinin istifadəyə verilməsi nəticəsində 9 milyon 141 min manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 2 milyon 252 min manat çoxdur. Ümumi məhsul istehsalında sənayenin payı 2013-cü ildə 2,6 faiz, 2017-ci ildə 2,9 faiz təşkil etdiyi halda, 2018-ci ildə bu göstərici 3,5 faizə yüksəlib. Təbii ki, İsmayıllı iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir və ümumi məhsul istehsalının 37 faizdən çoxu bu sahənin payına düşür. Odur ki, bu sahə daim diqqət mərkəzindədir. Məsələn, 2018-ci ilin məhsulu üçün 28 min 821 hektar sahədə payızlıq, 3 min 695 hektar sahədə isə yazlıq bitkilər olmaqla 33 min 332 hektar sahədə əkin aparılmışdı. Dənli və dənli paxlalı bitkilər əkilmiş 30 min 015,5 hektar sahədən 104 min 796 ton məhsul götürülüb. Dəmyə şəraitdə məhsuldarlıq 34,8 sentner təşkil edib ki, bu da respublika üzrə yüksək göstəricidir. Dövlət başçısının ixracyönümlü kənd təsərrüfatı məhsulları istehsalını artırmaq barədə tövsiyə və tapşırıqlarının icrası olaraq, 22 hektar sahədə tütün əkilib, 41,7 ton qurudulmuş tütün alıcı təşkilata təhvil verilib. İstehsal əvvəlki ilə nisbətən 14,6 ton artıb. İsmayıllı həm də üzümçülük və fındıqçılıq rayonlarındandır. Son təsərrüfat ilində rayonda mövcud olan 1013 hektar üzüm bağından 4124 ton, 851 hektar meyvə bağından 8818 ton məhsul toplanıb. Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli sərəncamı ilə arıçılıqla məşğul olan 704 fiziki və hüquqi şəxsə saxladıqları arı ailəsinin hər birinə (pətəyə) 10 manat məbləğində subsidiyanın verilməsi məqsədi ilə müvafiq sənədlər hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub. İxracyönlü kənd təsərrüfatı sahələrindən olan baramaçılıq da daimi diqqət mərkəzindədir. Məsələn, ötən il rayona gətirilmiş 130 qutu barama qurdu toxumu 28 inzibati ərazi dairəsi üzrə 53 kümçüyə paylanıb və 250 nəfər bu sahədə işlə təmin olunub. Nəticədə 3900 kiloqram barama təhvil verilib. Bu, 2017-ci illə müqayisədə 36,9 faiz çoxdur. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün son üç ildə 27 min ədəd tut tingi əkilib. İsmayıllı-1 və İsmayıllı-2 su elektrik stansiyaları il ərzində 6 milyon 623 min kilovat-saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürür. İsmayıllı Elektrik Şəbəkəsi 23 min 567 abonentə xidmət göstərir. Rayonun 108 yaşayış məntəqəsindən 43-ü təbii qaz yanacağı ilə təmin olunub. İsmayıllı Qaz Xidmət Sahəsi 17 min 328 abonentə xidmət göstərir ki, bunun da 17 min 130-u əhali, 198-i qeyriəhali abonentləridir. Rayonun Qaraqaya, Gəndov, Namazgah, Ərəgit kəndlərinin və Lahıc qəsəbəsinin qazlaşdırılması başa çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, əhalinin su təchizatının yaxşılaşdırılması məqsədilə Xəlilli, Əyyubbəyli, Gideyli, Çayqovuşan, Çərmədil, Quşencə və Zoğallıq kəndlərində nəzərdə tutulmuş tədbirlər başa çatdırılıb. Azərsu ASC-nin xətti ilə Quşencə, Zoğallıq və Çərmədil kəndlərinə su xətti çəkilib və küçələrdə 34 ədəd bulaq quraşdırılaraq əhalinin istifadəsinə verilib. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, İsmayıllıda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ölkə başçısının daim diqqət mərkəzindədir. Belə ki, İsmayıllı şəhərində istismar müddəti başa çatmış ikimərtəbəli 3 və birmərtəbəli 4 binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 avqust 2018-ci il tarixli sərəncamına əsasən, 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat vəsait ayrılıb və binanın tikintisinə başlanılıb. Son illərdə rayonda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi, maddi-texniki bazanın möhkəmləndirilməsi, təhsilə yeni texnologiya və innovasiyaların tətbiqi sahəsində əsaslı işlər görülüb, təhsilin məzmununda, inkişaf istiqamətlərində mühüm yeniliklər baş verib. Lahıc qəsəbə tam orta məktəbin məzunu Niyalə Yarməmmədli orta məktəbi qızıl, İvanovka kənd tam orta məktəbinin məzunu Anna Orlova isə gümüş medalla bitirib. Ali məktəbə qəbul olunmaq üçün ərizə verən 683 məzundan 360 nəfəri tələbə adını qazanıb. İsmayıllıda turizmin inkişafı üçün çox əlverişli potensialın olduğunu cənab Prezident dəfələrlə qeyd etmişdir. Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli 255 nömrəli qərarına əsasən İsmayıllı Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlamışdır. Kəndlərdə yaşıl turizm ilə məşğul olan şəxslərlə görüşlər keçirilib, məlumat bazası yaradılıb, bukletlər və rayon üzrə tur marşrutlarının xəritəsi hazırlanıb. Rayon ərazisində 32 istirahət mərkəzi fəaliyyət göstərir. Bu istirahət mərkəzlərində 1611-dən çox yataq yeri vardır. 2018-ci ildə rayona 105 min 823 nəfər turist gəlib ki, bunların da 14613 nəfəri xarici turistlər olmuşdur. 

...Həmsöhbətim qarşıdakı aylar və illər barədə danışarkən böyük əminlik nümayiş etdirdi: 2019-cu ildə ümumilikdə, 18 obyektin açılışı nəzərdə tutulur. Bunların 16-da, yəni şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otel binasında, Nial Construction MMC tərəfindən hotel-biznes mərkəzində, Tircan kəndi ərazisində Bədo sanatoriya - istirahət mərkəzində, Talıstan kəndi ərazisindəki İstirahət kompleksində, İsmayıllı Xalça emalatxanasında, 100 yerlik uşaq bağçasında, 48 mənzilli yaşayış binasında, İvanovka Mədəniyyət Sarayının təmirində, Basqal qəsəbəsində inşa edilən tam orta məktəbin binasında, Qalacıq kəndinin qazlaşdırılmasında, Diyallı kəndində fermada, Kəlbənd kəndində körpünün tikintisində, Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin inzibati binasında, Quşencə Zoğallıq, Ağbulaq Qoşakənd və Təzəkənd kəndlərinin giriş yollarında tikinti işləri hazırda davam etdirilir. Basqal qəsəbəsində Turizm kompleksinin və Fındıq emalı müəssisəsinin tikintisinə isə yaxın vaxtlarda başlanması nəzərdə tutulur.