Ədalət. – 2019. – 8 mart. - ¹ 46. – S. 14.

 

Kolanı-qədim türk tayfası

 

Faiq Şükürbəyli,

tarixçi-etnoqraf, fəlsəfə doktoru

 

Kolanı eli. Kolanı Qarabağın tanınmış türk tayfalarından biridir. Kolanının adını müxtəlif mənalarda yozanlar var. Bəzi tədqiqatçılar bu adı türk dilində kolantirə kimi mənalandırır.

 

Bəziləri “kolluq”, “kol basmış”, “kol-kosluq” anlamında xarakterizə edirlər. Azərbaycan dili dialektində isə kolanı “hamar, çıxıntısı olmayan” mənasında kola (buynuzsuz keçi) sözü ilə əlaqələndirilir (“Azərbaycan dilinin ensiklopedik lüğəti”, 2 cilddə, I cild, Bakı Şərq-Qərb nəşriyyatı, səh.285).

Tədqiqatçıların bir qrupu kolanıları xəzər mənşəli qaraçorlu tayfasının 4 qolundan (bərgüşad, əliyanlı, püsyan, kolanı) biri kimi, digərləri isə qıpçaq mənşəli hesab edirlər. XIX yüzilin tarixçilərindən biri olan İ. Şopen belə hesab edir ki, kolanı kürd və türklərdən ibarət tayfadır. Müəllif “İstoriçeskiy pamətnik sostaəniə Armənskoy oblasti v epoxu åå prisoedineniə ê Rossiyskoy imperii” (“Rusiya imperatorluğuna birləşmə dönəmində Erməni vilayətinin tarixi abidəsi”) adlı kitabında kolanıların qaraçorlu elinə mənsub olduğunu bildirir və I Şah Abbasın Qarabağa köçürdüyü 22 şiə elinin içərisində kolanıların da olduğunu qeyd edir. Hətta müəllif köçürülən şiə ellərinin adlarını da açıqlayır. Gərəkliyini düşünüb həmin siyahıdan çıxarış edirik: Qaraçorlu, Həsənanlı, Külikanlı, Şadimanlı, Milli, Şeylanlı, Təhməzli, Əliyanlı, Bərgüşad, Babalı, Kulluxçu, Qəlovçu, Fərruxkanlı, Sisyanlı, Tərtərli, Hacısamlı, Sultanlı, Quluxanlı, Bozlu, Əliqanlı, Kolanı, Püsyanlı. Bax: (“İstoriçeskiy pamətnik sostaəniə Armənskoy oblasti v epoxu åå prisoedineniə ê Rossiyskoy imperii”. SPB, 1852, 1232 s.). A. E. Xaqanov isə kolanıları xorasanlı sayır, Qıpçaq soylarından biri olduğunu nəzərə çatdırır. (Bax: Uzbekskoy SSR, t.İİ, kniqa 2, str.455). Müəllif yazır ki, Buxara əmirlərindən Sübhan qulu xan Caninin (1680-1702) divanbəyi Əvəz bəy Kolanı idi. Rəhim bəy Kolanı isə nüfuzlu qıpçaq bəylərindən biri hesab olunurdu. Tədqiqatçı-etnoqraf Ə. Çingizoğlu və Fazil Baxşəliyev yazırlar ki, Səfəvilər dönəmində Kolanı eli Qızılbaşlar məmləkətinin hər yörəsində yaşayırdı. Xorasandan tutmuş Xuzistana qədər uzanan torpaqların hansı köşəsinə boylansan, oradan kolanı əri baş qaldıracaqdır.

Müəlliflər yazırlar ki, Qarabağda Tərtər və Xaçın kolanılarından ibarət iki qrup vardı. Qarabağ kolanılarından bizə ilk məlum olanlar - Hüseyn bəyin oğulları Məmmədxan bəy və Həsənxan bəydir. Qardaşlar XVIII əsrin birinci yarısında Osmanlılar tərəfindən Qarabağın bir neçə kəndini idarə edirdilər.

Kolanı eli Gərravənd, Şıxavənd, Sırxavənd, Papravənd və başqa oymaqlara ayrılırdı. Kolanılar Dəmirlər, İmarət Qərvənd, Çərəktar, Umudlu, Qaralar, Bruc, Papravənd, Qalayçılar, Şıxavənd (indiki Əlimədədli), Mollalar, Kürdlər, Xaçın Dərbənd, Cinli, Əliağalı, Sırxavənd, Çıraqlı, Hacı Qərvənd, Manik, Ağcakənd, Baş Güneytəpə, Orta Güneytəpə kənd və obalarında yaşayırdılar. 1579-cu ildə Kolanı elinin başçısı Əmin bəy idi. Onun ölümündən sonra eli Şahverdi bəy idarə etmişdi. Səfəvilərin hakimiyyəti dönəmində, 1620-ci ildə Zəncan vilayətini Gədayi sultan Kolanı, 1654-cü ildə Dərələyəz mahalının Hurmeşin kəndini isə Səfiqulu bəy Kolanı idarə edirdi.

Kolanılar Qarabağa köçən bir sıra qaraçorlu oymaqlarından (kiçikli, bəstamlı, gorussəng, qorçulu, şənbələr, kiçilanlı, bayramkanlı, şıxəlili, əmələ, kolanlı) idi. Əvvəllər isə kolanıların da daxil olduğu Qaraçorlu eli Osmanlı və İran torpaqlarında iri mülk sahibləri, malqara, sərvət yiyəsi idilər. Qaraçorlular Qərbi Azərbaycanın bir sıra nahiyələrində, Qarabağda isə əsasən qədim Məğaviz, Keştasf, Həkəri və Alpaut nahiyələrinin ərazisində məskunlaşmışdır. Azərbaycanda xanlıq üsul-idarəsi zamanı indiki Laçın bölgəsi Qaraçorlu mahalı adlanırdı. Qarabağa köçən qaraçorlular kiçikli, bəstamlı, gorussəng, qorçulu, şənbələr, kiçilanlı, bayramkanlı, şıxəlili, əmələ, kolanlı və s. oymaqlara ayrılırdı. Qarabağda yaşayan Qaraçorluların başçısı Həmzə sultan Hacısamlı, Qaradağda yaşayan Qaraçorluların başçısı isə Məhəmmədrza xan idi. Yeri gəlmişkən deyək ki, qaraçorlular heç nədən qorxmayan, qanun-filan tanımayan, döyüşkən, davakar tayfa kimi ad qazanmışdılar. Buna görə də onlar nə Səfəvi, nə də Osmanlı hökümətini tanımır, vergi ödəmirdilər. “Fərman padşahın, dağlar bizimdir” - deyib öz güzəranlarını keçirir, qaçaq- quldur yaşamı sürürdülər. Onlar bir dul arvadın keçisini, bir kasıbın olan-qalan danasını aparmırdılar, əksinə kasıb-kusublara yardım edir, əlsiz-ayaqsıza pasiban dururdular. Onların işi dırnağından darı sızmayan iri mal-mülk sahibləri ilə, fərman yiyələri ilə idi. Qaraçorlular heç bir xəyanəti bağışlamırdılar. Onlar düşmənin qarşısında şax yeriməyi, şux gəzməyi hər şeydən üstün tuturdular.

Kolanı mahalı Qarabağ xanlığının tərkibində. Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanı Sarıcalı-Cavanşir Səfəvilər dövründən qalan inzibati ərazi vahidlərinin quruluşunu ləğv edib əvəzində mahallar yaratdı. Xanlığa bağlı olan mahallar aşağıdakılar idi: Cavanşir-Dizaq, Xırdapara-Dizaq, Dizaq, Dizaq-Cəbrayıllı, Çulundur, Püsyan, Mehri, Bərgüşad, Qaraçorlu, Bağabürd, Küpara, Əcənan, Sisyan, Tatev, V ə - rəndə, Xaçın, Çiləbörd, Talış, Kolanı, Dəmirçihəsənli, İyirmidörd, Otuziki, I Kəbirli, II Kəbirli, Cavanşir. Milman A. Qarabağ xanlığında 21 mahalın olduğunu qeyd edir. (Bax: Milman A. Politiçeskiy stroy Azerbaydjana v XIX- naçale XX vekov (adminstrativnıy apparat I sud, formı I metodıkolonialnoqo upravleniya).-Baku, 1966, str. 44. Bəzi mənbələrdə Bağabürd, Küpara, Əcənan mahalları bir yerdə Qapant adlanır.

Kolanı mahalı Qarabağ xanlığının 25 mahalından biri kimi 1748-ci ildə yaranmışdı.

Pənahəli xan vaxtı ilə Nadir şah tərəfindən Xorasana köçürülmüş, onun ölümündən sonra geri dönən Cavanşir, Otuziki, Kəbirli və başqa elləri öz əvvəlki yurdlarında məskunlaşdırdı. Yeni yaranan Kolanı mahalı Qarabağ xanlığının tərkibinə daxil oldu. Bu mahalda əsasən kolanılar yaşayırdı.

XVIII əsrin ortaları-XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalı adlanırdı.

(ardı növbəti sayımızda)