Respublika.-2019.-12 mart.-57.-S.5.

 

Ölkəmizdə tolerant mühit, millətlərarası və dinlərarası münasibətlər yüksək səviyyədədir

 

Müşfiq Cəfərov

 

Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider.

 

Azərbaycan dünyaya bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Respublikamız çoxmillətli, çoxdinli bir məmləkət olaraq bu müxtəlifliyi qoruyur. Ölkə ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük, tolerantlıq əlaqələri davam etdirilir, milli, irqi və dini ayrı-seçkiliyə yol verilmir. Ölkəmizdə bütün xalqların, millətlərin və azsaylı toplumların nümayəndələri vahid və mehriban bir ailə kimi yaşayır, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstərirlər. Azərbaycan hər zaman fərqli dinlərin, müxtəlif millətlərin qardaşlıq şəraitində yaşadığı ölkə olub. Bu gün multikulturalizmin Azərbaycan modeli dünya xalqları arasında münasibətlərin dərinləşməsinə istiqamətlənmiş mühüm və müsbət dəyər kimi geniş və hərtərəfli şəkildə təşviq edilir. Dövlət başçısı  İlham Əliyev demişdir: Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq. Biz bunu özümüz üçün edirik. Əlbəttə ki, çox istərdik ki, başqa ölkələrdə bizim  təcrübəmizdən  istifadə etsinlər. Başa düşsünlər ki, dinlərarası münaqişə fəlakətə gətirib çıxarır. Başa düşsünlər ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə yaşaya bilərlər, normal qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər, necə ki, Azərbaycanda yaşayırlar. Əlbəttə ki, biz bundan sonra da çalışacağaq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində öz həllini tapsın, - necə ki, bu, bu gün belədir, - regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin. 

 

Azərbaycan dünyanın tolerantlıq və humanitar əməkdaşlıq mərkəzinə çevrilib

 

Azərbaycanın tarixinə və mədəniyyətinə nəzər salan hər kəs tam əmin ola bilər ki, əsrlər boyu bu ölkədə multimədəniyyətli cəmiyyətlər mövcud olub. Ölkəmizdə yaşayan xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Eyni zamanda, müstəqillik illərində mədəni müxtəliflik sahəsində görülən və həyata keçirilən işlər çox uğurludur. Bu, dövlət siyasətinin prioritet sahələrindən biridir. Rəsmi Bakı ölkələr arasındakı əlaqələrin daha da inkişafı üçün humanitar aspektlərə daim böyük diqqət və qayğı göstərir. İki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunur, mütəmadi Bakı Beynəlxalq Humanitar Forumu keçirilir.

Mübaliğəsiz demək olar ki, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri, Azərbaycan Respublikasının dövlət siyasətidir. Təsadüfi deyildir ki, 2016-cı il respublikamızda Multikulturalizm ili elan edilmişdi. Təhlilçilərin də fikrincə, Azərbaycanda multikulturalizm siyasəti tarixi ənənələrə söykənən milli və dini münasibətlər modeli olmaqla yanaşı, ilk növbədə mədəni müxtəlifliyin, xalqların milli-mədəni irsinin qorunmasına və inkişafına, onların qarşılıqlı faydalı inteqrasiyasına yönəldilmişdir.

Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Beləliklə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin tarixinin qədim olduğunu və yalnız dialoq və dözümlülük vasitəsilə insanları bir araya gətirə bilmək üçün buna səy göstərildiyini qeyd edib. Multikulturalizmi bir dəyər sisteminə çevirmiş Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılmış məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib. Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir. Əsrlər boyu formalaşan və bu gün də özünün yüksək həllini tapan məsələlər xalqların firavan taleyi ilə bağlıdır. Qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib.

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və ənənələri təşkil edir. Xüsusilə qeyd olunmalıdır ki, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasəti  nəticəsində ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Ulu öndər Heydər Əliyev respublikamızda dini etiqad azadlığının təminatçısı, milli mənəvi dəyərlərin qoruyucusu olmuşdur. Ümummilli liderimiz  Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı göstərmişdir. Həmişə beynəlxalq tədbirlərdə iştirak və çıxış edən ulu öndərimiz tolerantlıqla bağlı fikirlərini bildirmiş, dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir.

 

Tolerantlıq, dini dözümlülük Azərbaycan xalqına xas olan dünyagörüşünün tərkib hissəsidir

 

Ötən il dekabrın 13-də Qubada  Müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durum mövzusunda keçirilən zona müşavirəsində Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycanda etnik-mədəni müxtəlifliklər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə ölkə Prezidenti cənab  İlham Əliyevin uğurla həyata keçirdiyi multikulturalizm siyasəti vasitəsilə tənzimlənir. Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir ölkələrdəndir. Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi assimilyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumağa çalışır. Həmçinin izolyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Eləcə də milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyası üçün əlverişli imkan təklif edir. Tarixən Azərbaycanda məskunlaşmış milli azlıqlar etnik, dini və mədəni mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə burada əhalinin çoxluğunu təşkil edən Azərbaycan türkləri tərəfindən təqib olunmayıb və birgə əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda multikultural mühit ölkənin müstəqil olduğu zamanda daha da güclənib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışlarının birində isə qeyd etmişdir ki, müasir Azərbaycanda tolerantlıq hər ötən gün daha da möhkəmlənən, təkcə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində öz əksini tapan dəyərə çevrilmişdir. Bunun əsas səbəblərindən biri milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəalarının Azərbaycan Konstitusiyasında, Dini etiqad azadlığı haqqında qanunda təsbit olunmasıdır. Respublikamızda tolerantlıq, dini dözümlülük kimi ali dəyərləri möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Eyni zamanda, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün dövlət tərəfindən lazımi şərait yaradılması, əhalinin böyük əksəriyyətinin müsəlmanlardan ibarət olsa da, dövlətimizin respublika ərazisində yaşayan bütün dinlərin nümayəndələrinə diqqət göstərməsi, onlara müsəlmanlarla bərabər hüquqlar verməsi bugünkü mənzərənin formalaşmasının əsas səbəblərindəndir. Bir sözlə, hər hansı xalqın tolerant düşüncəyə sahib olması onun keçmişi ilə nə qədər bağlıdırsa, qorunub saxlanılması ona rəhbərlik edən şəxslərin iradəsindən bir o qədər asılıdır. Bu mənada birmənalı şəkildə vurğulamaq olar ki, ölkəmizdə yaşayan milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, din, tarix və adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi işi ümummilli liderin şəxsi iradəsi və təşəbbüsü əsasında qanuni müstəviyə çıxmış, dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir.

Əminik ki, Prezident cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızda tolerantlıq mühiti daha şəffaf, sağlam şəkildə formalaşacaq və dünyanın digər dövlətləri Azərbaycanın nümunəvi tolerantlıq mövqeyindən örnək götürəcəklər. Bu gün Azərbaycanda tolerant mühit, millətlərarası və dinlərarası münasibətlər olduqca yüksək səviyyədədir.