Səs. - 2019.- 7 mart. - ¹ 45. - S. 13.
Dini tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsidir
Ümummilli Lider Heydər Əliyev: "Biz azərbaycanlılar heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq"
Zakir Rəhimli
Birmənalı şəkildə demək olar ki, ölkəmizdə aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində əksər ölkələr üçün örnək olan milli və dini tolerantlıq mühiti yaradılıb. Artıq çağdaş Azərbaycan multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Ölkəmiz o demokratik-hüquqi dövlətlərdəndir ki, insan hüquq və azdlıqlarının müdafizəsi fonunda, dövlət milli mənsubiyyətindən asılı olamayaraq, hər kəsə bərabərhüqulu yanaşma nümayiş etdirir. Bu əsas qanunumuz olan konstitusiyamızdada öz əksini tapıb. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində qeyd edilir ki, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.
Azərbaycanda əhalinin 96%-i müsəlmandır. Ölkədə bundan başqa, xristianlıq və iudaizm dinləri də mövcuddur. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir. Müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilib, son 10 il ərzində, 80 məscid əsaslı təmir edilib. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında, məhz Bakı şəhərində açılıb. Bütün bunlar isə, bir daha Azərbaycanda dinlərin bərabər yaşaması üçün bütün imkanların yaradıldığından xəbər verir.
"Hər dinin özünəməxsus yeri var"
Ölkəmizdə, din dövlətdən ayrı olasa da, hökümət məsciddlərin, dini ocaqların tikiləməsinə, təmir və bərpa olunmasına hər zaman xüsusi diqqət götərib. 2001-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı Fərmanla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu istiqamətdə çevik idarəetmə sisteminin qurulmasına imkanlar yaratmış oldu. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Konstitusiyasının 48-ci maddəsinin tələbinə uyğun olaraq, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.
Söz yox ki, ölkəmizdə dini tolerantlıq mühitinin formalaşması və inkişafı Ulu Öndərimiz Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonar mütərəqqi xarakter almağa başlamışdır. Məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərildi. Dövlət-din münasibətləri beynəlxalq hüquq normaları müstəvisində tənzimləndi, xalqımız öz milli, dini bayramlarını azad və sərbəst şəkildə qeyd etmək hüququ qazandı. Uzun illər baxımsız qaldığına görə dağılmış ibadət ocaqları yenidən bərpa edilib, xalqın istifadəsinə verildi. "İslam sivilizasiyası Qafqazda" mövzusunda Beynəlxalq Simpoziumda Ulu Öndərimiz Heydər Əliyev demişdir: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar".
Ölkəmizdəki mövcud multikurturalizmi qiymətləndirən Moskva və bütün Rusiyanın patriaxı II Aleksi hələ 2001-ci ildə Bakıda Dahi Öndərimiz Heydər Əliyevə müqəddəs Moskva Knyazı Daniel ordenini təqdim edərkən demişdi: “Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir”.
Roma Papası mərhum II İohann Pavelin xristianlığın katolik məzhəbinə etiqad edən ölkələrin israrlı dəvətlərinə rəğmən, məhz əhalisinin cəmi 0,5 faizini katoliklərin təşkil etdiyi Azərbaycana səfər etməsi isə, azsaylı millət və onların etiqad etdiyi dinlərə də sayğının, xoş münasibətin dönməzliyindən xəbər verir. Rum patriarxı I Varfolomey 2003-cü il aprelində Azərbaycanda rəsmi səfərdə olmuşdur. Ölkəmizdki mövcud dini durumu, dövlətin dini konfessiyalara göstərdiyi qayğını yüksək dəyərləndirən I Varfolomey demişdir: “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar demişdir: “İSESCO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə maliksiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır”.
"Tolerantlığın ünvanı - Azərbaycan”
Azərbaycanda milli kimliyinin ayrılmaz hissəsi olan dini tolerantlıq 2003-cü ildə Ulu Öndərimizin ən layiqli siyasi varisi Cənab İlham Əliyevin Prezident seçilməsindən sonra yeni dövrün yeni tələblərinə uyğun davam etdirildi. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq, bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. 2009-cu il oktyabrın 13-dən 15-dək Azərbaycanın uğurla ev sahibliyi etdiyi İslam Ölkələri Mədəniyyət Nazirlərinin Konfransı çərçivəsində “Mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş “dəyirmi masa”da “Bakı Prosesi -sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi”nin davam etdirilməsinin nəticəsi olaraq, 2011-ci ilin aprelində dövlət başçısının təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Artıq ənənəvi xarakter alan forum hər dəfə 100-ə yaxın ölkədən 500-dən çox tanınmış ictimai-siyasi xadimi, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndəsini birləşdirir. Müzakirələr aparılır və təkliflər səslənir, bundan qazanan isə dünyamız olur. Belə vacib tədbirə, məhz Bakının ev sahibliyi etməsi isə forumun əhəmiyyətini daha da artırır. Ölkə Prezidenti İlham Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində dediyi tarixi fikirlər, yaddaşlardan silinməyəcək tezisə çevrilib:"Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu, xüsusilə, qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. VI dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə Azərbaycanın multikulturalizminin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirir. Fond "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində bugünədək Azərbaycanda və digər ölkələrdə onlarla tədbir və layihələr həyata keçirmişdir. Bu layihələr çərçivəsində dini abidələrdə, ziyarətgahlarda, tikililərdə təmir-bərpa işləri aparılır, müxtəlif konfranslar və sərgilər təşkil edilir.Fondun Fransanın Luvr Muzeyində islam mədəniyyəti bölməsinin təşkilində, Strasburq və bu ölkənin digər regionlarında kilsələrin təmirində, eləcə də, Romadakı katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında yaxından iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirin şərəfinə abidənin ucaldılması da, məhz ayrı-ayrı xalqların, konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan üzərinə düşən mənəvi borcu layiqincə yerinə yetirməyə çalışır: "Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilməkdədir. Bunun təsdiqi olaraq, son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsini qeyd etmək olar. Bundan başqa, Bakı 2009-cu ildə İslam Mədəniyyəti Paytaxtı Elan edilmişdi. İSESKO tərəfindən 2018-ci il üçün "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı" elan edilib. Gəncə və Şəki də "İslam Mədəniyyətinin Paytaxtları" layihəsində iştirak edəcək. Bütün bunlar dünyanın ölkəmizə tolerantlığın yüksək səviyyədə inkişaf etdiyi məkan kimi etimad göstərməsinin nəticəsidir".
Göründüyü kimi, Azərbaycanda milli və dini tolerantlıq mühiti ən yüksək səviyyədə təmin olunur. Ölkəmiz dünya miqyasında multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan ölkə kimi tanınır. Bütün bunlar bir daha aparılan dövlət siyasətinin milli və dövlətçilik maraqlarına söykəndiyini deməklə yanaşı, dünyaya bir nümunə olduğunu da göstərər.