Paralel. - 2019.- 7 mart. - ¹ 45. - S. 10.

 

Azərbaycanda dini, milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib

 

Azərbaycanda bütün dinlər, təriqətlər tolerant bir mühitdə, dinc- yanaşı fəaliyyət göstərirlər

 

 Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində görülən qlobal işilərin nəticəsidir ki, bu gün respublikamız dünyada dinlər və millətlərarası dözümlülük məkanı kimi qəbul olunur. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin sayının gün-gündən artması da, bu faktı təsdiqləyən əsas amillərdən biridir. Əgər müstəqilliyimizin ilk illərində ölkəmiz dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun iştirakçısı idisə, bu gün Azərbaycan dünyada beynəlxalq təhlükəsizliyə ciddi təhdid olan, dini və etnik zəmində baş verən münaqişələrin qarşısının alınmasında öz əməli fəaliyyəti ilə töhfə verən əsas söz sahiblərindən birinə çevrilib.   

Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya, eləcə də terrorçuluq, separatçılıq, dindən sui-istifadə hallarının artdığını müşahidə edirik. Belə qarışıq bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modelinin və mədəniyyətlərarası dialoq platformasının təbliğinə ciddi ehtiyac var. Bu gün ölkəmizdə mövcud olan tolerant mühitin təkcə bölgədə deyil, bütün beynəlxalq aləmdə yüksək qiymətləndirilməsinin əsas səbəblərindən biri də, məhz budur.

Heç şübhəsiz ki, Azərbaycan multikulturalizminin dünyaya təqdimatı istiqamətində görülən işlərin içində təbliğat, təşviqat və maarifləndirmə xüsusi yer tutur.

Bu baxımdan, martın 5-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfransın keçirilməsi də, çox böyük əhəmiyyətə malikdir.

Konfransda bir çox ölkələrdə böyük nüfuza malik dövlət, elm və din xadimlərinin iştirakı da tədbirin önəmindən xəbər verir.

Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində əldə olunan uğurların əsas səbəbi dinlə bağlı siyasətin başlanğıcdan sağlam, düzgün təməl üzərində qurulmasıdır. Məlumdur ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə din sahəsində sabitlik əldə edilib, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normaları müstəvisində tənzimlənməsi, dini konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması və daha yüksək səviyyədə inkişafı istiqamətində böyük işlər görülüb, dini icmaların və ibadət ocaqlarının fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılıb. Bu modelin tətbiqi Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun şəkildə daha da gücləndirilib və elə bir səviyyəyə çatdırılıb ki, artıq bütün beynəlxalq qurumlarda o, nümunə kimi qəbul edilir.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda dini, milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir və  dövlət tərəfindən dəstəklənir. Ölkəmizdə mövcud olan etnik və dini müxtəliflik milli sərvət kimi dəyərləndirilir. "Bu, bizim qürur mənbəyimizdir. Azərbaycanda dövlət-din münasibətlərinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub və hazırda yüksək səviyyədə davam və inkişaf etdirilir". Şeyx həzrətləri qeyd edib ki, ölkəmizdə multikultural və tolerant dəyərlərə verilən yüksək qiymətin nəticəsidir ki, Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair "Bakı Prosesi"nin müəllifi kimi böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkan kimi tanınır. Prezident İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Bu da danılmaz faktdır ki, tolerantlıq ənənələrinin, mədəni-mənəvi irsimizin təbliğində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Prezident İlham Əliyevin, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əməyi və dəstəyi sayəsində müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə, o cümlədən məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin mövcud olduğu unikal məkana çevrilib. Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də davam etdirir. Ölkəmizdə həyata keçirilən uğurlu dövlət-din  münasibətlərinin yüksək səviyyəsi, konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin qarşılıqlı əməkdaşlığı bütün bəşəriyyət üçün gözəl nümunədir.

Onu da qeyd etmək vacibdir ki, məzhəbindən asılı olmayaraq bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin də, ölkəmizdə dinlərarası dialoq, multikulturalizm və tolerintlıq ənənələrinin qorunub inkişaf etdirilməsində xüsusi rolu var. QMİ nəzdində yaradılan Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəaliyyəti də, məhz bu mərsədlərə xidmət edir. Bununla belə yaddan çıxarmaq olmaz ki, bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində, habelə terrorizmin, islamofobiyanın, antisemitizmin, ekstremizmin və radikalizmin qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini qurumların liderlərinin birgə əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, konfransda iştirak edən ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin fikirləri də böyük maraq doğurur. Mark Şnayer konfransdakı çıxışı zamanı qeyd edib ki, Azərbaycan dinlərarası və məzhəblərarası münasibətlərə görə bütün dövlətlərə nümunə ola bilər: "Burada multikulturalizmin ən gözəl formasını gördük. Azərbaycanda yüz illər ərzində tolerantlıq, dini dözümlülük formalaşıb. Azərbaycan Prezidenti bu münasibətlərin qorunub saxlanılması üçün bütün səyləri göstərir. Bugünkü konfrans Azərbaycandakı dini konfessiyalarla ABŞ-dakı yəhudi və yevangelist xristian icmaları arasında əlaqələrin qurulması və gələcək əməkdaşlığın daha da dərinləşməsi baxımından olduqca əhəmiyyətli tədbirdir". O, daha sonra bildirib ki, Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsi dünya ölkələri üçün bir nümunə ola bilər.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasına nümunə kimi, ölkədə milli etiqad azadlığı ilə yanaşı, bütün din və məzhəblərin qanun qarşısında bərabər olmasını da xüsusi qeyd etmək lazımdır.

Ölkəmizin əhalisinin 90 faizindən çoxunu müsəlmanlar təşkil etməsinə baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha bir nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini icmalara lazımi köməklik edir, o cümlədən maliyyə dəstəyi göstərir. Eyni zamanda, Azərbaycan hökuməti ölkəmizdə tolerantlıq mühitinin daha da gücləndirilməsini nəzarətdə saxlayır. Ölkəmizdə dini azadlığın yüksək səviyyədə təmin edilməsi, bütün dini məzhəblərin qanun qarşısında bərabər olması, dini qurumlara dövlət dəstəyinin göstərilməsi öz məntiqi nəticəsi kimi ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında formalaşmasına gətirib çıxarıb.

Bu gün Azərbaycan multikulturalizmin və tolerantlığın inkişaf etdirildiyi bir dialoq mərkəzi kimi tanınıb, dünyaya sülh çağırışları edən ölkə imici qazanıb və insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində böyük uğurlara imza atıb. Azərbaycan həm də müsəlman Şərqində ilk dəfə insanların etnik mənsubiyyətindən, dini inancından, dünya görüşündən asılı olmayaraq vətəndaş cəmiyyəti quruculuğuna cəlb olunan və bərabər hüquqlarla təmin edilən bir dövlətdir.

Bu gün də Azərbaycanda dinlərarası münasibətlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq vasitəsilə bəşəriyyəti yeni bir nizama gətirmək, ədalətli bir cəmiyyət qurmaq fikrinə daha çox istinad edilir. Hazırda bu nəzəriyyə dünyada özünü təsdiq etməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dialoq mühitinin formalaşması və möhkəmlənməsi istiqamətində aparılan iş Azərbaycanı multikultural və tolerant ölkə modeli səviyyəsinə qaldırıb. Azərbaycanda bütün dinlərin, təriqətlərin nümayəndələri tolerant bir mühitdə, din- yanaşı fəaliyyət göstərirlər. Bunun sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür.

Dinlər və sivilizasiyalararası münasibətlərin ayrı-ayrı aspektlərinin, təcrübələrinin və modellərinin belə konfranslar vasitəsilə beynəlxalq müstəvidə daha çox müzakirə olunması və tolerantlığın Azərbaycan modelinin örnək kimi dünya ölkələrinin nümayəndələrinə çatdırılması da, heç şübhəsiz ki, böyük əhəmiyyət daşıyır.

Bu da məlumdur ki, qloballaşmanın ortaya çıxardığı inteqrasiya və miqrasiya kimi problemlər də, dini və milli münasibətlərin multikultural və tolerant dəyərlər müstəvisində tənzimlənməsini tələb edir. Əks təqdirdə, dünya düzənində baş verə biləcək qlobal qarşıdurmaları önləmək çox çətin olacaq. 

Buna görə də, bu gün dünyada dinlər və sivilizasiyalararası dialoqa böyük ehtiyac var. Bu səbədən də Azərbaycanda tolerantlıq mühitinin dövlət səviyyəsində qorunub-saxlanılmasına həmişə xüsusi diqqət yetirilib.

Konfrans iştirakçılarının çıxışlarından ortaya çıxan nəticə belə olub ki, Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsindəki təcrübəsi bütün dünyada təbliğ və təşviq edilməlidir.

 

 “Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub