Paralel. - 2019.- 7 mart. - ¹ 45. - S. 14.

 

Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrilib

 

Ölkəmizdə bütün dinlərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlarla fəaliyyət göstərmək imkanlarına malikdirlər

 

 Azərbaycanda multikulturalizmin və tolerantlığın yuksək səviyyədə olması, artıq bütün dünyanın etiraf etdiyi bir həqiqətdir. İstər islam, İstərsə də digər dünya dövlətləri arasında həmrəyliyə nail olunması kimi mühüm missiyanı üzərinə götürən Azərbaycanın bu təşəbbüsü bütün sivil cəmiyyətlər tələfindən təqdirəlayiq hal kimi qəbul olunur.

Prezident İlham Əliyevin böyük tarixi malik dini məbədlərin bərpası, dini icmalara qayğısı sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi də, dövlətimizin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində gördüyü işlərin bir hissəsidir.

Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqad və inanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir məkan olduğu, artıq heç kimdə şübhə doğurmur. 

Bu gün də ölkəmizdə vicdan azadlığının təmin olunması, dini, milli münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsi, tolerant və multikultural mühitin qorunub inkişaf etdirilməsi istiqamətində çox böyük işlər görülür.

Həyata keçirilən bu işlər çərçivəsində dinlərarası harmoniyanın yaradılmasına, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilir. Ölkəmizdə dini konfessiyaların qanun qarşısında bərabər olması, islam dini ilə yanaşı, digər dinlərə məxsus ibadətgahların da təmir və bərpa olunması, bütün dini icmalara dövlət tərəfindən mütamadi maliyyə yardımlarının ayrılması, Azərbaycan gerçəkliyini özündə əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir.

Ölkəmizdə bütün dinlərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlarla fəaliyyət göstərmək imkanlarına malikdirlər və bu baxımdan Azərbaycanda mövcud olan dövlət-din münasibətləri modeli beynəlxalq ictimaiyyət tərəfindən də bir nümunə kimi təqdir olunur.

Bu da səbəsiz deyil, çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, islam dininə hörmət və ehtiramın güclənməsi, eyni zamanda başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmlənməsi sahəsində çox böyük işlər görülüb. Dövlətimizin başçısının bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər verdiyi qərarlar butun İslam dünyasında, eləcə də bütün dünyada böyük əks-səda doğurur.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdəki dini və milli dözümlülük ənənələri, nümunəvi dövlət -din siyasəti, Azərbaycan hökumətinin ölkə vətəndaşlarının dini etiqad azadlığına, onların hüquq və azadlıqlarının ayrılmaz hissəsi kimi yanaşması, tolerantlıq mühitinin qorunub saxlanması üçün hüquqi bazanın formalaşdırılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və yerinin daha da möhkəmlənməsinə gətirib çıxarır.

Bu da bütün beynalxalq təşkilatların ölkəmizə maraq və diqqətini artırır. Belə təşkilatlardan biri olan ABŞ-"Etnik Anlaşma Fondu"nun prezidenti Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib və   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüblər.

Görüş zamanı Mark Şnayer dinlər və mədəniyyətlərarası dialoqun təşviqi və müxtəlif dini və etnik icmaların sülh şəraitində birgə yaşaması baxımından Azərbaycanın nümunəvi dövlət olduğunu və dünyada bu işə böyük töhfə  verdiyini qeyd edib.

Prezident İlham Əliyev də qonaqlanın diqqətinə çatdırıb ki, multikulturalizm və müxtəlif etnik və dini icmaların Azərbaycanda dinc yanaşı yaşamalarının təmin edilməsi dövlət siyasətidir və eyni zamanda, xalqımızın əsrlər boyu yaşatdığı həyat tərzidir.

Söhbət zamanı dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun möhkəmlənməsi və dünyada təşviq edilməsi işində Azərbaycanda böyük önəm daşıyan beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub və ABŞ-"Etnik Anlaşma Fondu"nun bu işə töhfə verdiyi vurğulanıb.

Elə həmin gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı da, ölkəmizdə səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Dövlət Komitəsinin sədri ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, tolerantlıq mühiti, DQİDK-nın fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumt verib. O qeyd edib ki, bu gün dinlər və sivilizasiyalararası dialoqun baş tutması üçün əsas şərtə çevrilən və mütərəqqi dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan tolerantlıq və multikulturalizm Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir.

Məlumdur ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa etdikdən sonra ölkəmizdəki dini dözümlülük, tolerantlıq mühiti və mədəniyyəti Ümummilli Liderimiz Heydər Əliyevin müdrükcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Ölkəmizdə dini etiqad azadlığının qanunla təsbit edildiyini bildirən Komitə sədri qeyd edib ki, Azərbaycanda 32-si qeyri-islam təmayüllü olmaqla 908 dini qurum dövlət qeydiyyatından keçərək heç bir ayrı-seçkiliklə üzləşmədən sərbəst fəaliyyət göstərir. O, həmçinin ölkəmizdə formalaşan dini tolerantlıq mühitinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər sayəsində respublikamızda 14 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini qonaqların diqqətinə çatdırıb. Bu da danılmaz faktdır ki, Prezident İlham Əliyevin Azərbaycanda 2016-cı ili "Multikulturalizm ili", 2017-ci ili isə "İslam Həmrəyliyi İli" elan etməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi  dünyanın müxtəlif yerlərində beynəlxalq tədbirlər təşkil edərək, geniş təbliğat təşviqat işləri həyat keçiriblər. Bu istiqamətdəki işin davamı olaraq Bakıda hər iki qurumun birgə təşkilatçılığı ilə "Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfransın keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu da Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini deməyə əsas verir.

Komitə sədri eyni zamanda Azərbaycan həqiqətləri barədə də söz açaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini, bir qisminin isə erməniləşdirildiyini qonaqların diqqətə çatdırıb.

ABŞ-"Etnik Anlaşma Fondu"nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer də öz çıxışında bildirib ki, Azərbaycan nümunəvi dinlərarası dialoq,  birgəyaşayış modeli sərgiləyir və bu təqdirəlayiq haldır. O, bu fikirləri Prezident İlham Əliyevlə görüşündə də, məmnuniyyətlə dilə gətirdiyini qeyd edib. M. Şnayer bu mühitin qorunması, təbliğ və təşviq edilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusi rolu olduğunu deyib.

Daha sonra çıxış edən "İqls Vinqs" yevangelik təşkilatının icraçı direktoru, yepiskop Robert Störns Azərbaycanda mövcud olan dinlərarası harmoniyanın, qarşılıqlı etimad mühitinin, bu sahədə əldə edilən nailiyyətlərin artıq bütün dünyada etiraf edilən həqiqət olduğunu bildirib.

Azərbaycan multikulturalizminin və tolerantlığın təbliği və təşviqi istqamətində ardıcıl işlər görən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkələrdə fəaliyyət göstərən filiallarında və "Azərbaycan multikulturalizmi" fənninin tədris olunduğu universitetlərdə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam etdirilib.

BBMM-dən verilən məlumat görə, tədbirlərdə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, insanlıq əleyhinə törədilən Xocalı soyqırımının dəhşətlərindən söz açılıb. Xocalı faciəsi Azərbaycan xalqının qəlb yarası olmaqla yanaşı, həm də bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönəlik cinayət kimi qiymətləndirilib. Keçirilən bütün toplantılarda bu soyqırımını törədən şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyi xüsusi qeyd olunub.

BBMM-in Drezden filialında bu çərçivədə iki tədbir keçirilib. Tədbirlərdə qeyd olunub ki, Xocalı Azərbaycan xalqının qəlbində sağalmaz yaradır. Hər iki görüşdə səslənən məruzələrdə Xocalı həqiqətləri qonaqlara Dağlıq Qarabağdakı münaqişə fonunda bir kulminasiya nöqtəsi kimi çatdırılıb. Onu da qeyd edək ki, alman əhalisi Dağlıq Qarabağ münaqişəsini unutmayıb, Lakin Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin nəticələri haqda çox az adamın məlumatı var. Ona görə də müharibə nəticəsində həyata keçirilən etnik təmizləmə və ərazi dəyişiklikləri, eləcə də bu günə qədər Azərbaycan xalqının yaşadığı acılar və aldığı zərbələr barədə dolğun məlumat vermək vacibdir. Xüsusilə, hər il fevral ayında Drezdendə 1945-ci ildə yaşananlar xatırlanarkən, Xocalı soyqırımını anmaq və onunla paralellər aparmaq, hadisələri daha aydın və təsirli şəkildə çatdırmağa imkan verir ki, bu imkanlardan maksimum istifadə etmək lazımdır. Çünki müharibə heç bir problemin həlli deyil. Müharibə günahsız insanların böyük əzabıdır, faciəsidir.

Azərbaycanın apardığı məqsədyönlü təbliğatın nəticəsidir ki, bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb, Azərbaycanın dostları da xalqımızın dərdinə şərik olur. Dünyanın bir sıra ölkələrinin qanunverici orqanlarında Xocalı faciəsi ilə bağlı son dərəcə ciddi sənədlərin qəbul edilməsi istiqamətində həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var.

Onu da diqqətinə çatdırıaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin artıq Rusiya, İtaliya, Almaniya, Portuqaliya, Moldova, İsrail, Bolqarıstan və ABŞ-da da filialları fəaliyyət göstərir. Bu da BBMM-in uğurlu fəaliyyəti nəticəsində mümkün olub.

 

 “Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub