Paralel. - 2019.- 5 mart. - ¹ 42. - S. 14.

 

Multikultural cəmiyyətdə qonşuların bir-birinə münasibətləri qarşılıqlı etibara və əməkdaşlığa söykənməlidir

 

Urbanizasiya azsaylı xalqların assimilyasiyasına səbəb olan əsas amillərdən biridir

 

 Azərbaycan dövləti özünün multikulturalizmin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində qonşu dövlətlərlə əməkdaşlığın tənzimlənməsinə böyük önəm verir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir dövlət olduğu kimi, həm də qonşu olduğu dövlətlərin sayı ilə də bəzilərindən fərqlənir. Məsələn, Azərbaycanı Qazaxıstan və Türkmənistandan yalnız dəniz ayırır. Bundan başqa, Rusiya, İran,Türkiyə, Gürcüstan və nankor Ermənistan da bizim sərhəd qonşularımızdırlar. Hər bir dövlətin iqtisadi-siyasi, mədəni inkişafı, eyni zamanda milli təhlükəsizliyi baxımından qonşu dovlətlərlə münasibətləri də mühüm əhəmiyyət kəsb edir. Bir sozlə, qonşularla münasibət o səviyyədə olmalıdır ki, "qapılarını açıq qoyub arxayın yata biləsən". Onu da yaddan çıxarmaq olmaz ki, əhalisinin 90 faizi müsəlman olan Azərbaycanın qonşularından 3-ü qeyri-islam dininin daşıyıcılarıdır. Bu də ölkəmizin həmin dövlətlərlə münasibətlərinin tənzimlənməsi baxımından müəyyən çətinliklər yarada bilir. Lakin Azərbaycan hökumətinin həyata keçirdiyi dinc qonşuluq və dözümlülük münasibətlərinə əsaslanan multikulturalizm siyasəti bu çətinlikləri dəf etməkdə yardımçı olur. Çox təəssüflər olsun ki, bunu bütün dövlətlərə münasibətdə demək olmur. Bu baxımdan Ermənistanın ölkəmizə təcavüzü, torpaqlarımızın 20 faizinin işğal edilməsi, bir milyona yaxın insanın ev-eşiyindən köçkün, qaçqın salınması, nə qonşuluq münasibətlərinə, nə də multikulturalizm və tolerantlıq kimi bəşəri dəyərlərə uyğundur. Bütün bunlara baxmayaraq, Azərbaycan bu gün də çalışır ki, Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsin. Bu da Azərbaycanın həm qonşuluq siyasətinə, həm də multikultural və tolerant dəyərlərə göstərdiyi yüksək ehtiramdan irəli gəlir.

Qarşılıqlı əməkdaşlıq, dialoq olmadığı halda isə hər hansı bir ehtiramdan, etimaddan və etibardan danışmaq mümkün deyil. Buna görə də, ilk növbədə qonşuların bir-biri ilə münasibətləri qarşılıqlı etibara və əməkdaşlığa söykənməlidir.

Bildiyiniz kimi, bizim əbədi və əzəli qonşularımızdan biri də, Rusiya Federasiyasıdır. 70 illik Sovet rejimi dövründə bir dövlətin tərkibində olan Azərbaycan və Rusiyanın bir çox ortaq cəhətləri var və bunlar qarşılıqlı əməkdaşlığın qurulmasında bir növ körpü rolunu oynayır.

Azərbaycanın və Rusiyanın dövlət başçılarının yürütdükləri məqsədyönlü siyasət nəticəsində Rusiya Federasiyası ilə münasibətlərimiz həyatımızın bütün sahələrində yüksələn xətlə davam edir. Burada həm də dövlət-din münasibətləri mühüm yer tutur. Çünki Rusiya da Azərbaycan kimi çoxmillətli və çoxkonfessiyalı bir dövlətdir və bu ölkədə on milyonlarla müsəlman, o cümlədən azərbaycanlılar yaşayırlar. Azərbaycan və Rusiya arasında dövlət-din münasibətlərinin tənzimlənməsində heç şübhəsiz ki,   Qafqaz Müsəlmanları İdarəsinin, həmçinin həmin idarənin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin də böyük rolu var. Bu baxımdan şeyx həzrətlərinin fevralın 27-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına səfər də təqdirəlayiq haldır. Çünki belə səfərlər qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir.

Şeyx həzrətlərinin Respublikanın paytaxtı Çerkessk şəhərinin hava limanında böyük səmimiyyətlə qarşılanması da, onun Qafqazın dini məkanında böyük nüfuz sahibi olmasından irəli gəlir.

Səfər çərçivəsində QMİ sədri A. Paşazadə Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovla da görüşüb. Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qaraçay-Çərkəz respublikasının başçısı Rəşid Temrezova çatdıran A. Paşazadə xalqlarımız arasında qarşılıqlı görüş və səfərlərin böyük önəm daşıdığını, ölkələrimiz arasında dostluq, qardaşlığın dərinləşməsinə, həyatın bütün sahələrində - iqtisadi və mədəni-mənəvi müstəvilərdə əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. Şeyx həzrətləri həmçinin fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 27-ci ildönümünün geniş qeyd olunduğunu və XX əsrdə erməni ekstremistləri tərəfindən xalqımıza qarşı törədilən bu soyqırım cinayətinin dünyada tanıdılmasının vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Eyni zamanda Qaraçay-Çərkəz respublikasının başçısı R. Temrezov da QMİ sədri A. Paşazadənin Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə böyük töhfələr verdiyini qeyd edib.

Şeyxülislam A. Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali

Dini Şurasının (QXADŞ) növbəti toplantısının keçiriləcəyi barədə respublika rəhbərinə məlumat verib.

Daha sonra Çerkessk şəhərində QXADŞ-nın növbəti iclası keçirilib.

İclasda QXADŞ-nın bu ilin yanvarında Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə Şuranın sədri Şeyxülislam A. Paşazadə çıxış edib. Şuranın iclasında, həmçinin, cari məsələlər, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Bu kimi görüş və müzakirələrin, ümumiyyətlə Qafqaz xalqları arasında ta qədim zamanlardan mövcud olan dostluq və qardaşlıq münasibətlərin daha da güclənməsinə xidmət etdiyi bildirilib.

Onu da qeyd etmək lazımdır ki, bu kimi görüşlərin mediada geniş işıqlandırılması da, Azərbaycan multikulturalizminin, ölkəmizdə mövcud olan tolerant mühitin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bununla belə, Qafqaz kimi etnik baxımdan çox zəngin, müxtəlif xalqların və millətlərin yaşadığı regionun mədəniyyəti ilə bağlı mövzunun mediada işıqlandırılmasına həm də çox həssas yanaşmaq lazımdır.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu" mövzusunda kulturoloqların II Beynəlxalq Bakı Forumunun qonaqları da, bu mövzunu tədbirdə geniş müzakirə ediblər. Forumda iştiak edən Rusiya Kulturologiya İnstitutunun aparıcı elmi əməkdaşı, tarix elmləri namizədi, dağlıq regionlarda yaşayan xalqların mədəniyyəti və tarixinin araşdırılması üzrə tanınmış mütəxəssis, eyni zamanda, Beynəlxalq Abxaz-Abazin Mədəni Maarifləndirmə Cəmiyyətinin vitse-prezidenti Nadejda Mixaylovna Yemelyanova çıxışı zamanı Şimali və Cənubi Qafqaz xalqlarının mədəniyyəti, mədəni irsin təbliğində kütləvi informasiya vasitələrinin rolu, kulturologiya sahəsində Azərbaycanla əməkdaşlıq məsələlərinə toxunub. O qeyd edib ki, təkcə Qafqazın deyil, ümumiyyətlə, dünya mədəniyyətinin öyrənilməsi, tədqiq və təbliğində kütləvi informasiya vasitələrinin rolu çox böyükdür. Çünki mədəni əlaqələri təkcə əks etdirmək deyil, həm də onu təhlil etmək lazımdır.

Əlavə edib ki, əgər biz mədəniyyət sahəsində mürəkkəb vəziyyətə düşürüksə, bu vəziyyətin şərh olunmasında, geniş ictimaiyyətə çatdırılmasında medianın, bu barədə yazan, televiziya və radio üçün materiallar hazırlayan jurnalistlərin üzərinə çox böyük məsuliyyət düşür. Qafqaz kimi etnik baxımdan zəngin, müxtəlif xalqların, millətlərin və dinlərin yaşadığı region üçün bu, xüsusən də böyük əhəmiyyət daşıyır.

Buna görə də azsaylı xalqların mədəniyyətlərini qoruyub saxlamaq indiki qloballaşma dövründə, adət-ənənələrin itmək üzrə olduğu bir zamanda çox vacibdir. Azsaylı xalqlara bu məsələdə ciddi kömək göstərilməlidir. Çünki hər bir xalqın mədəniyyəti, dili, adət və ənənələri onun mühüm özünütəsdiq elementlərindən biridir.

Elm sübut edib ki, əgər hər hansı bir bölgədə azsaylı xalqların sayı 100 min nəfəri ötmürsə, o, yaxın vaxtlarda itə bilər. Burada söhbət həmin xalqların öz dilini, adət-ənənəsini itirərək assimilyasiyaya uğramasından gedir. Bu gün Azərbaycandan fərqli olaraq, bir çox bölgələrdə, Qafqaz xalqları arasında "yoxolma" problemi var. Bu problem daha qabarıq şəkildə kəndlərdə özünü göstərir. Çünki müasir qloballaşma prosesləri kəndlərdəki insanlara daha çox təsir edir. Məsələn, kəndlərdə yaşayan gənclər oranı tərk edir, iş axtarmaq üçün böyük şəhərlərə üz tutur və bununla da öz ana dillərini itirirlər. Beləliklə də, bu xalqlar qlobal məkanda əriyib yox olurlar.

Buna görə də azsaylı xalqların yaşadıqları kəndlərə xüsusi diqqət ayrılmalıdır.

Bu baxımdan ölkəmizdə vəziyyət bir qədər fərqli olsa da, dünyanın bir çox yerlərində artıq tamamilə assimilyasiyaya uğrayan dillərin və xalqların sayı yetərincədir. Bunu görə də, bu məsələlərlə məşğul olan elm mərkəzləri, o cümlədən Rusiya Kulturologiya İnstitutu da Azərbaycanla dostluq əlaqələri qurur, müxtəlif sərgilər, konfranslar keçirir, elmi nəşrlərin hazırlanmasında yaxından iştirak edirlər. Yaxın gələcəkdə bu institutun saytlarında Qafqazın türkdilli xalqlarından bəhs edən materiallar işıq üzü görəcək. Burada məqsəd Qafqaz bölgəsində yaşayan türkdilli xalqların zəngin mədəniyyətini tədqiq etməkdir.

Bütün qeyd olununlar son nəticədə dünyada sülhün və bigəyaşayışın mükəmməl formasını yaratmağa xidmət edir ki, bunun da əsasında Azərbaycanın həyata keçirdiyi multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi siyasəti aparıcı rola malikdir.

Azərbaycanın Ermənistan istisna olmaqla digər qonşuları ilə münasibətdə həyata keçirdiyi siyasət də, multikultural və tolerant dəyərlərə söykənən birgəyaşayışın ən yüksək formasıdır.

 

 “Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub