Paralel. - 2019.- 1 mart. - ¹ 41. - S. 14.

 

"Bakı prosesi" xalqlar və mədəniyyətlər arasında uğurlu əməkdaşlıq pratformasıdır

 

Azərbaycançılıq, mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq istiqamətində gerçəkləşdirilən dövlət siyasətidir

 

 Qloballaşan dünyamızda multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi, artıq geriyə yolu olmayan bir prosesə çevrilib. Çünki, multikulturalizmin alternitivi olmayan bir yaşam tərzi olduğunu, dünyanın bir çox dövlətləri, beynəlxalq təşkilatlar, dövlət və din xadimləri də etiraf edirlər. Multikulturalizm həm də bəşəri birgəyaşayışın, millətlər və dinlər arasında dözümlülüyün nümunəsidir.

Bü gün Azərbaycanda mövcud olan multikultural mühitin dünyaya tanıdılması üçün həm Azərbaycan dövləti, həm də ölkəmizdə fəaliyyət göstərin dövlət və qeyri-dövlət qurumları çox böyük işlər görürlər. Respublikamızın paytaxtı Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər də, multikulturalizmin Azərbaycan modelinin təbliğatı baxımından müstəsna əhəmiyyət kəsb edir. Buna görə də açıq şəkildə deyə bilərik ki, respublikamız son illərdə Beynəlxalq humanitar forumlara, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Davos Forumuna, Qlobal Bakı Forumlarına, habelə ilk Avropa Oyunlarına, Formula-1 yarışlarına, İslam Həmrəyliyi Oyunlarına, Şahmat Olimpiadasına və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bu da heç şübhəsiz, bu və digər beynəlxalq forumlar, konfranslar, idman yarışları vasitəsilə sivil dialoqun qurulması, konstruktiv debatlar üçün platformanın formalaşdırılması baxımından Bakı şəhərini həm də multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevrilməsinə səbəb olub. Eyni zamanda, əhalisinin 96 faizi müsəlman olan Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsinin, ölkəmizdəki dinlərarası dialoq mühitinin dünya miqyasda yüksək dəyərləndirilməsi ilə nəticələnib. Bütün bu işlərin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası dünyaya, hətta multikulturalizm siyasətinin ilk dəfə meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. Siyasi leksikonda "Azərbaycan multikulturalizmi", "Multikulturalizmin Azərbaycan modeli" terminlərinin formalaşması, eləcə də, "Azərbaycan multikulturalizmi" fənninin dünyanın bir çox universitetlərində tədris olunmasının özü də, Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin parlaq təzahürüdür.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi siyasi-iqtisadi və sosial islahatların da ən diqqətəlayiq cəhətlərindən biri multikulturalizmin dövlət siyasəti səviyyəsinə qaldırılmasıdır. Bu siyasət Azərbaycanda milli və dini həyatın ahəngdarlığını, konfessiyaların dinc yanaşı yaşamasını, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsini, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsini özündə əks etdirir. Bu, siyasət həm də Ulu Öndərimiz Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının mahiyyətindən irəli gəlir. Azərbaycançılıq ideologiyası xalqlar və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq istiqamətində gerçəkləşdirilən dövlət siyasətidir. Prezident İlham Əliyevin bu siyasətin gerçəkləşdirilməsi istiqamətində atdığı addımlar sırasında "Bakı prosesi" də mühüm yer tutur.

Prezidenti İlham Əliyev hələ 2008-ci ilin dekabrında Avropa ölkələri mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən konfransında "Bakı prosesi" ideyasını irəli sürməklə paytaxtımızın beynəlxalq miqyaslı tədbirlərin mərkəzi statusu almasına nail oldu. Dünyanın 48 ölkəsinin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycanın təşəbbüsü ilə "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi" qəbul olundu. Bəyannamədə İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun inkişafı məqsədilə irəli sürülən "Bakı Prosesi" təşəbbüsü dəstəklənib. Prezident İlham Əliyevin təklifi ilə həyata keçirilən bu təşəbbüs, respublikamızın paytaxtında müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi prosesinə yeni təkan verib. Prezidenti İlham Əliyevin 17 noyabr 2017-ci il tarixli "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" sərəncamı da prosesin təkcə Azərbaycan deyil, ümumiyyətlə bəşəriyyət üçün nə dərəcədə əhəmiyyət daşıdığını bir daha ortaya qoyub. Sərəncamın əsas hissəsində "Bakı prosesi"nin xalqlar və mədəniyyətlər arasında uğurlu əməkdaşlıq pratforması olduğu xüsusi qeyd olunub.

Bunu da xüsusi qeyd etməyi vacib sayırıq ki, Azərbaycanda mədəni müxtəlifliyin, sivilizasiyalararası dialoq mühitinin genişlənməsində həm də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Belə ki, Fond mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən, Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan uğurlu layihələri ilə bütün dünyada tanınıb. Məsələn, Parisdə Versal Sarayının parkında yerləşən abidələrin bərpası, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulması, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbinin yenidən inşası, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarının müasirləşdirilməsinə kömək, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına yardım, Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkili - Evrovizion musiqi yarışmasında Azərbaycanın iştirakına dəstək və s. bu kimi layihələr Heydər Əliyev Fondunun dünya miqyasında gördüyü işlərin kiçik bir hissəsidir.

Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı- Azərbaycan" layihəsi çərçivəsində həyata keçirdiyi işlər də mühüm əhəmiyyətə malikdir. Bu layihə çərçivəsində Heydər Əliyev Fondu katolik, provoslav kilsələrinin və sinaqoqların təmiri istiqamətində də çox böyük işlər görüb. Azərbaycanın Vatikanın tarixində ilk dəfə Romada müqəddəs Marçelino və Pyotr katakombalarını bərpa etməsi, eyni zamanda "Or-Avner" Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzinin inşası da Heydər Əliyev Fondunun xidmətləridir.

Bütün qeyd olunanlardan çıxış edərək demək olar ki, multikulturalizmin Azərbaycan modelinin formalaşmasına gedən yol 3 istiqamətdə aparılan gərgin işlərin nəticəsidir:

1) ölkə daxilindəki multikultural mühitin daha dərindən öyrənilməsi və onun siyasi hüquqi müstəviyə keçirilməsi;

2) Azərbaycandakı multikultural mühitin beynəlxalq aləmə çatdırılması;

3) multikulturalizmin Azərbaycan modelinin alternativinin bəşəriyyət üçün yararsız olması.

Onu da qeyd edək ki, 2016-cı il aprelin 24-28-də Bakıda "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda da bildirilib ki, Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi çoxəsrlik təcrübə müasir dünyada mütərəqqi model kimi qəbul olunur və digərlərinə də nümunə ola bilər. Prezidenti İlham Əliyev də Birinci Qafqaz Forumunun rəsmi açılış mərasimində açıq şəkildə bəyan edib ki, bu modelin "alternativ" yalnız milli zəmində ziddiyyətlər, ksenofobiya, irqçilik ola bilər: "Azərbaycan təcrübəsi göstərir ki, multikulturalizmin böyük gələcəyi var və onun alternativi yoxdur. Multikulturalizmin alternativi özünü təcridetmə, ayrı-seçkilik və irqçilikdir. XXI əsrdə biz belə mənfi meyillərin baş qaldırmasına yol verə bilmərik".

Prezident İlham Əliyevin bu fikirləri bütün sivil cəmiyyətlərdə multikulturalizmə, bəşəri sülhə çağırış kimi qəbul olunub.

Azərbaycan bu kimi çağırışların həyat keçirlməsi üçün mümkün olan bütün yollardan istifadə edir. Burada isə maarifləndirmə və təbliğat ən mühüm şərtlərdən biridir. Azərbaycanda mövcud olan multikultural və tolerant mühitin dünyaya təbliği prosesində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərmiş Bilik Fondu da yaxından iştirak edir və bu məqsədlə müxtəlif layihələr, tədbirlər, konfranslar keçirirdi. Belə tədbirlərin ölkəmizdən kənarda təşkil olunması isə Azərbaycan multikulturalizmi barədə həmin ölkədə yaşayan insanlara daha geniş məlumat çatdırmaq baxımında mühüm əhəmiyyət kəsb edir və bir müddət keçdikdən sonra əcnəbi alimlərin, elm xadimlərinin multikulturalizm ideyasına münasibətində pozitiv dəyişikliklərin baş verdiyini görürük. Məsələn, Bilik Fondu əməkdaşların Fransaya 2017-ci ildə gerçəkləşən səfər zamanı multikulturalizm və həmrəyliyin konstitusion hüquqi əsasları mövzusunda respublikamızı təmsil edən alimlərin çıxışları böyük maraqla qarşılanıb, əcnəbi alimlər əvvəlki yanaşmalarından fərqli olaraq multikulturalizm ideyasının cəmiyyət üçün əhəmiyyətini açıq etiraf etmək məcburiyyətində qalıblar.

Digər bir misal, 2017-ci ildə AMEA-nın Milli Elmi Kitabxanasında İtaliya alimlərinin və bu ölkənin Azərbaycandakı səfirinin iştirakı ilə keçirilən beynəlxalq konfransda əcnəbi alimlər Azərbaycan multikulturalizminin bütün dünyaya örnək olmasından söhbət açıblar, səfir isə Azərbaycanda milli identikliyin qorunub saxlanmasını dövlət siyasətinin mühüm məqamı kimi qiymətləndirib.

Bu kimi tədbirlər Azərbaycan multikulturalizminin gerçək mahiyyətini açaraq konkret faktlar əsasında respublikamızın mədəni və etnik rəngarəngliyini bütün dünyaya çatdırmağa imkan verir. Eyni zamanda müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğu ortaya qoyulur, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin bəşəriyyət üçün əhəmiyyətindən danışılır.

Müasir Azərbaycandakı multikultural cəmiyyət modelinin uğurlarını şərtləndirən ən başlıca amillərdən biri də, xalqla hakimiyyətin vəhdətindən yaranan möhkəm mənəvi bağlılıqdır. Prezident İlham Əliyevin yürütdüyü müdrik multikulturalizm siyasəti cəmiyyətdə bütün etnos və dini konfessiyaların maraqlarını birmənalı ifadə etməsi ilə şərtlənir. Buna görə də, tam əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasətin alternitivi yoxdur.

Onun alternativini Azərbaycan xalqı 1990-93-cü illərdə görüb.

 

 “Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub