Paralel. - 2019.- 1 mart. - ¹ 41. - S. 10.

 

Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən biridir

 

Prezident İlham Əliyevin multikulturalizm siyasəti beynəlxalq müstəvidə mədəniyyətlər və dinlərarası dialoqun inkişafına güclü təkan verib

 

 Müasir dünyamızda getdikcə dərinləşən sivilizasiyalararası ziddiyyətlər xalqların milli-mənəvi və dini dəyərlərinin qorunması zərurətini dövrün ən aktual məsələlərindən birinə çevirib. İlk baxışdan təbii və mütərəqqi görünən bu meyllər bəzi hallarda bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi dinc yanaşı yaşamaq kimi ali dəyərə kölgə salır və son nəticədə onun etnik, irqi, dini və siyasi dözümsüzlük kimi səciyyələnən ksenofobiya ilə əvəzlənməsinə gətirib çıxarır. Son zamanlar multikulturalizmi, tolerantlığı, milli özünəməxsusluğu qorumaq adı altında başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük hallarının artdığını müşahidə edirik. Bəzi Qərb dövlətlərinin multikulturalizmin iflasa uğraması iddiaları da buradan qaynaqlanır. Bu kimi mənfi tendensiyaların artdığı bir zamanda, Azərbaycanın beynəlxalq miqyasda ildən-ilə güclənən nüfuzu, iqtisadi uğurları, ölkəmizdə siyasi liberallaşma və demokratikləşmə prosesinin dərinləşdirilməsi, insan hüquqlarının və qanunun aliliyinin qorunması, habelə tolerantlıq və multikulturalizm sahəsində əldə olunan nailiyyətlər bir çox dünya dövlətlərində maraqla qarşılanır və yüksək dəyərləndirilir. Ölkəmizdə sistemli, ardıcıl islahatların həyata keçirilməsinin məntiqi nəticəsi olaraq iqtisadi və siyasi islahatların bir-birini tamamlaması da, Azərbaycanın bölgədə regional mərkəzə çevrilməsinə, qlobal tədbirlərin, məhz Bakı şəhərində həyata keçirilməsinə münbit şərait yaradıb.

Məhz, bunun nəticəsidir ki, müxtəlif etnos və dinlərin qovuşduğu ölkəmizdə tarixən formalaşan multikultural mühit beynəlxalq aləmdə də alqışlanır və mütərəqqi model kimi qəbul olunur. Məhz, bu cür yanaşma milli birlik və təhlükəsizliyin təminatı baxımından son dərəcə zəruri olan multikultural cəmiyyət modelinin formalaşmasına səbəb olub.

Respublikamızda mövcud olan tolerant və multikultural mühit barədə beynəlxalq ictimaiyyəti ətraflı məlumatlandırmaq, bu sahədə əldə olunan nailiyyətlərin qlobal miqyasda təbliği zərurəti hazırda ölkənin elm adamlarını, eləcə də tədqiqatçıları daha çox düşündürür və qarşılarına yeni vəzifələr qoyur. Bu vəzifələrin əsasını isə Azərbaycanın sivil birgəyaşayış sahəsində tarixən əldə etdiyi nailiyyətlərin elmi prinsiplər əsasında araşdırılması, tədqiqi və sistemləşdirilməsi, eləcə də erməni ideoloqlarının əsassız və saxta iddialarına tutarlı cavab olaraq beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması təşkil edir.

Bu baxımdan, ölkəmizdə mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin, bu yöndə əldə olunan müsbət nəticələrin təbliği və təşviqi də xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda tolerant və multikultural düşüncə tərzi tarixi təkamül proseslərinin məntiqi nəticəsidir. Uzun əsrlər boyu formalaşan, müxtəlif azsaylı xalqların və dini konfessiyaların ölkəmizdə dinc və mehriban şəraitdə yaşamaları da, bu faktı təsdiq edir. Heç şübhəsiz ki, multikultural cəmiyyətin formalaşmasında coğrafi amilin də rolunu qeyd etmək lazımdır. Çünki ölkəmizin müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşməsi də, Azərbaycan multikulturalizminin formalaşması prosesində təkanverici amil rolunu oynayıb.

Bu da danılmaz faktdır ki, Azərbaycanda multikulturalizm siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər ölkədə mütərəqqi İslam dəyərlərilə yanaşı, başqa dinlərin inkişafı üçün də liberal mühitin yaradılmasını təmin edib, dini qurumlar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşması istiqamətində mühüm addımlar atıb. Ulu Öndərin bu sahədə əsasını qoyduğu islahatları son 16 ildə inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini möhkəmləndirib, eləcə də beynəlxalq müstəvidə mədəniyyətlər və dinlərarası dialoqun inkişafına güclü təkan verib. Azərbaycanda multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində qlobal layihələrə imza atan dövlətimizin başçısı 2003-cü il noyabr ayının 22-də Müqəddəs Ramazan ayı münasibətilə təşkil edilən iftar mərasimində çıxışı zamanı qeyd edib ki, ölkəmizdə dini və etnik dözümlülük ən yüksək səviyyədədir: "Bu, çox böyük nailiyyətdir, sərvətdir. Həmişə belə olub, milli, dini dözümlülük Azərbaycan xalqına xas xüsusiyyətdir. Azərbaycanda heç vaxt dini zəmində, milli zəmində ayrı-seçkilik olmayacaq. Hər bir Azərbaycan vətəndaşı dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, eyni hüquqlara malikdir və bu siyasət gələcəkdə də davam edəcək".

Prezident İlham Əliyevin təxminən 15 il əvvəl söylədiyi bu fikir onun multikulturalizm və tolerantlıq ideyalarına həssas münasibətinin əyani təzahürüdür. İlham Əliyev 2005-ci ilin iyul ayında azsaylı xalqların sıx yaşadığı Quba rayonunun Qırmızı qəsəbə sakinləri ilə görüşündə də ölkəmizdə mövcud olan multikultural və tolerant mühiti belə xarakterizə edib: "Azərbaycan bütün xalqların böyük, gözəl ailəsidir. Biz böyük ailə kimi yaşayırıq. Bu, Azərbaycan dövlətinin siyasətidir... Biz Azərbaycanı başqa cür təsəvvür edə bilmərik. Azərbaycanın hər bir sakini mənim üçün əzizdir, mənim üçün doğmadır". Dövlət başçısı başqa bir çıxışında qeyd edib ki, Azərbaycanın çoxmillətli dövlət olması xalqımızın sərvətidir: "Böyük xoşbəxtlikdir ki, Azərbaycanda yaşayan bütün xalqlar ölkəmizin bütün yerlərində özünü doğma evindəki kimi hiss edir. Bu, bizim böyük nailiyyətimizdir. Biz bəlkə də buna öyrəşmişik, gündəlik həyatda buna fikir vermirik və düz də edirik ki, fikir vermirik... Azərbaycan Respublikasının Prezidenti kimi mən Azərbaycanda yaşayan bütün xalqların təminatçısı və dövlətin başçısıyam".

Prezident İlham Əliyev etnik-milli tolerantlığın əsaslarından biri kimi vicdan azadlığının Konstitusiya səviyyəsində təsbit olunmasının əhəmiyyətini elmi əsaslarla sübut edib və İtaliyanın "Rai News-24" telekanalının "Next" proqramına verdiyi müsahibədə respublikamızda dini tolerantlığın yüksək səviyyədə olduğunu, hər kəsin azad şəkildə istədiyi dinə etiqad etmək hüququnun qanunla tənzimləndiyini bildirib və burada heç bir məhdudiyyətin olmadığını qeyd edib.

Dinlər və millətlərarası münasibətlərin bütün məqamlarını, xarici təcrübə və yerli vəziyyəti dərindən təhlil edən dövlətimizin başçısı multikulturalizmi alternativi olmayan dəyər kimi qiymətləndirib. Prezident İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı zamanı da, bu sahədə müsbət ənənələri olan ölkələrin təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə də multikulturalizmin çox müsbət nəticələri var və multikulturalizmə qarşı çıxış edənlər bu məsələni daha  geniş təhlil etməlidirlər: "Müsbət təcrübəyə malik ölkələrin təcrübəsi öyrənilməlidir. Əgər bu gün multikulturalizmə qarşı müəyyən fikirlər səslənirsə, sual verilməlidir: bəs bunun əvəzinə nə təklif olunur? Özünütəcridmi? Yoxsa, başqa dinlərin nümayəndələrinə qarşı ayrı-seçkilikmi?".

Milli və dini tolerantlığın inkişaf etdirilməsini dəstəkləyən Prezident İlham Əliyev multikulturalizmin öz mahiyyətinə və fəlsəfəsinə görə Qərb analoqlarından fərqlənən yeni modelini irəli sürüb. Bildiyiniz kimi, bu da haqlı olaraq bəşər mədəniyyətinə multikulturalizmin Azərbaycan modeli kimi təqdim olunub. Dövlətimizin başçısı 2014-cü ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa təbrikində Azərbaycan multikulturalizmi modelinin artıq dünyanın bir çox ölkələrində öyrənildiyini qeyd edib.

Bununla belə, qeyd etmək vacibdir ki, son illər Qərb dövlətlərində islamafobiya, antisemitizm, ksenofobiya və dözümsüzlüyün digər təzahürləri meydanı çıxıb, multikultural dəyərlər isə aşınmaya məruz qalıb. Bir sıra Avropa dövlətlərində isə milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə nəticələnir. Dövlətlər səviyyəsində İslamın, habelə, müsəlman mühacir və qaçqınların sıxışdırılmasına yönəlik cəhdlər son nəticədə "daha çox dözümlü olmaq" şüarı ilə çıxış edən Avropada dözümsüzlük əhval-ruhiyyəsinin güclənməsinə  gətirib çıxarır. Belə bir şəraitdə ölkəmizdə multikulturalizmin alternativi olmayan həyat tərzi kimi qəbul edilməsi, Azərbaycanda insan hüquqları və digər sahələrdə əsassız olaraq "problem" axtaran qərəzli dairələrə tutarlı cavabdır. Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan qətiyyən monoetnik dövlət deyil, burada müxtəlif xalqların nümayəndələrinə qarşı hansısa ayrı-seçkilik, dözümsüzlük hallarına qətiyyən yol verilmir.

Onu da qeyd etmək vacibdir ki, multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi baxımından, Azərbaycandan daha əlverişli coğrafi və tarixi şəraitə malik olan bəzi dövlətlərdə multikultural dəyərlərin inkişaf səviyyəsi ölkəmizlə müqayisədə çox zəifdir. Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən biridir. Azərbaycanda multikulturalizmin geniş yayılmasını şərtləndirən əsas məqamlardan biri də budur.

Azərbaycanda multikulturalizmin və tolerantlığın ən yüksək səviyyədə inkişaf etdirilməsi istiqamətində dövlət başçımızın atdığı məqsədyönlü addımlardan biri də 15 may 2014-cü il tarixli sərəncamı ilə dünyada ilk multikultural qurumun - Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin yaradılmasıdır. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək mərkəzin qarşısına qoyulan əsas vəzifələrdir.

 

“Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub