Respublika. - 2019.- 11 yanvar. - ¹ 7. - S. 5-6.

 

Mədəniyyətlərarası dialoqların əhəmiyyəti

 

Sahibə Əliyeva,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Coğrafi məkanca Qərb-Şərq sivilizasiyalarının qovuşuğunda yerləşən Azərbaycan iqtisa­di, mədəni, siyasi cəhətdən hər iki qütbün yükünü daşımışdır. Belə ki, Böyük İpək Yolunun məhz Azərbaycandan keçməsi bu məsuliyyətli və həm də regi­onal cəhətdən ağır olan işin öh­dəsindən gəlməyi tələb edirdi. Vaxtilə regionun bu xüsusiy­yətlərini çox diqqətlə nəzərə alan ulu öndər Heydər Əliyev demişdir: “... İpək yolu”un dəh­lizinin mərkəzində yerləşən öl­kə kimi Azərbaycan Şərqlə Qər­bin qovuşmasında mühüm rol oynayır.”

 

Müasir dövrdə daha çox qabarıq xarakter alan Şərq-Qərb arasındakı əlaqələr birxətli olaraq inkişaf etmir. Belə ki, bir-birinə əks olan qütblərin mübarizə istiqaməti həm də onların yaxınlaşması üçün də bir bəhanə idi. Bu yaxınlaşma özlüyündə qlobal xa­rakterə malikdir. Elmi-nəzəri ədəbiy­yatdan məlum olduğu kimi, qlobal­laşma - milli sərvətlərin qeyri-şərtsiz olaraq ümumdünya sisteminə qoşul­ması prosesidir. Məhz XXI əsr qlo­ballaşmanın ən böyük mərhələsi sa­yılır. Bu dövrdə vahid qlobal iqtisa­diyyatın yaradılmasında Amerika, Avropa İttifaqı və Şərqi-Qərbi Asiya iştirak edir. Qloballaşma dünyasında nəinki iqtisadiyyatın, eləcə də etnik-psixoloji xüsusiyyətlərin cəmləşdiyi mədəniyyətlərin dialoqu da bu kon­tekstə daxildir.

Mədəniyyətlərin yaxınlaşması və dialoqu məsələsi elmi-nəzəri cəhət­dən alimlərin tədqiqat mövzusu olmuşdur. Mədəniyyətşünas alim S. Hantinqtona görə mədəniyyətlərin toqquşması həm mikrosəviyyədə (qruplararası), həm də makrosəviyyədə (fərqli mədəniyyətlərə mənsub dövlətlər arasında) mümkündür.

S. Hantinqton qeyd edir ki, gələ­cəkdə 7-8 sivilizasiya arasındakı bö­yük qarşıdurma olacaq və o da artan xətlə yüksələcək. Bu, mədəniyyətlə­rin arasında gedən və ayrılan xətlə­rin kəsişməsidir. Bu fərqləri şişirdən və kəskinləşdirən müxtəlif qrup adamlar mövcuddur və onların da müxtəlif maraqları vardır. Bəs mədə­niyyət və sivilizasiyanın fərqi, daha doğrusu, özünəməxsus cəhətləri hansılardır?

Biz adi təsəvvürdə və elmi-tədqi­qat işlərində qədim (və ya antik) sivi­lizasiya haqqında məlumatlarla qarşılaşırıq. Belə hesab edirik ki, bütün mərhələlərdə sivilizasiyalar mədə­niyyətlərin sonucu kimi qəbul edilməlidir. Sivilizasiya ilə mədəniyyəti birləşdirən cəhətlər onları “ayıran” cəhətlərdən daha çoxdur.

Bəli, həqiqətən mədəniyyətlər arasında fərqlər mövcuddur. Lakin bu, heç də mədəniyyətlər arasında çoxəsrlik əlaqələri inkar etmək iqti­darında deyildir. Daha dəqiq desək, hər hansı bir xalqın mədəniyyəti izolə olunmuş şəkildə inkişaf edə bil­məz; mədəniyyətlər çox zaman tək­cə bir-biri ilə yanaşı deyil, həm də bir-birinin içində yaşayır.

Qərb və Şərq sivilizasiyalarının qovuşuğunda yerləşən Azərbaycan öz mədəniyyətinin təzahür nöqtələrində yerləşdiyi məkanın xüsusiyyət­lərini təcəssüm etdirir. Lakin yerli özünəməxsus xüsusiyyətləri qorunmasa öz milli kimliyini itirər və bir mil­lət olaraq dünya sivilizasiyasını tərk edər. Vaxtilə Türk xalqının atası sayı­lan böyük Atatürk deyirdi: “Mədəni olmayan insanlar, mədəni olanların ayaqları altında qalmağa məhkumdurlar.”

Məlumdur ki, müasir dünyanın geosiyasi kontekstindən danışarkən, birinci növbədə, sivilizasiyalar və mədəniyyətlərin qarşılıqlı təsir mexa­nizminə fikir vermək lazımdır. Çünki millətləri bir araya yığan sivilizasiya və mədəniyyətlər öz aralarında ortaq mövqeyə malikdirlər. Belə ki, Qərb geosiyasətçiləri gələcək dünya inkişafının əsasən iki konsepsiyasından çıxış edirlər. Onlardan biri - neoatlantik konsepsiya (ən görkəmli nümayəndəsi S. P. Hantinqton) gələcək dünya nizamının müxtəlif sivilizasi­yalar (əsasən 8 sivilizasiya - Atlantik, Latın Amerikası, slavyanprovaslav, İslam, hind, Çin, Yaponiya və Afrika) arasında mədəni, ideoloji, dini ziddiyyətlərin güclənməsi fonunda tə­səvvür edir. Hantinqtonun fikrincə, dünya dövlətləri və xalqları arasında baş verəcək toqquşmalar və dağıntı­lar məhz bu sivilizasiyalar arasındakı gərginlikdən əmələ gələcəkdir. Qərb dünyasının mədəniyyətini özündə əks etdirən nəzəriyyəçi buraya daxil olan dövlətlərin mədəniyyətlərini tə­rənnüm etməklə məşğuldur. Belə ki, Qərb sivilizasiyası digər xalqların si­vilizasiyalarından köklü şəkildə fərqlənir. Müəllif sivilizasiyalar rəqa­bətində mədəniyyət faktorunun mü­hüm rol oynadığını əsas gətirərək “sivilizasiyaların toqquşması” nəzə­riyyəsində bu yaxınlaşmanın qeyri- mümkün olduğunu söyləmişdir. Düz­dür, sonralar, 1996-cı ildə nəşr etdir­diyi “The clash of civilizations and the remaining of the World” kitabın­da mədəniyyətlər və sivilizasiyaların qismən də olsa yaxınlaşmağın müm­künlüyünü qeyd etsə də, lakin bu ya­xınlaşmağın kulminasiya nöqtəsi ki­mi ABŞ dövlətini götürürdü. Bu ba­xışlarda humanizmdən çox, millətçi­lik və irqçilik xarakteri hiss olunmaq­dadır. Amerikalı geosiyasətçi Frensis Fukuyamanın təklif etdiyi, “mondializm” adlanan ikinci konsepsiyaya görə gələcək dünyanın inkişafı məhz Qərbdən keçir.

Məlumdur ki, bütün xalqların, döv­lətlərin dünyabaxışlarının eyniləşməsi çox mürəkkəb və ağrılı prosesdir. Ona görə ki, burada ayrı-ayrı dövlət və xalqların mədəniyyəti və mental baxışlar sistemi özünü göstərməkdə­dir. Onları isə bir araya yığma məsu­liyyəti ev sahibinin öz üzərinə düşür. Dünyanın gələcək inkişafı bu siviliza­siyaların münasibətinin təzahürü ki­mi çıxış edir. Çünki dünya dövlətləri və xalqlarının əmin-amanlıq, sülh şə­raitində yaşamasının müqəddəm şərti məhz sivilizasiyalararası dialoq­dan keçir. Bu suallara cavabı yenə də sivilizasiyaların, mədəniyyətlərin qarşılıqlı əlaqəsində, dialoqunda ax­tarmaq lazımdır. Məsələnin qlobal olması belə bir sual ortaya çıxarır: Qərb yönümlü mədəniyyət üstündürmü, ilk əvvəl Şərq mədəniyyəti, yox­sa Qərb mədəniyyəti yaranmışdır?

Şərq-Qərb münasibətlərinə elmi rakursdan baxdıqda, Sovet rejimindəki qadağalara baxmayaraq, bu suallara cavab verən görkəmli şərqşü­nas alim Aida İmanquliyeva öz tədqi­qatlarında yeni müstəvidə araşdır­mış, elmin inkişaf konturlarını geniş­ləndirərək Şərq-Qərb münasibətləri­nin xarakterini və perspektivlərini təhlil etmişdir. Alimin tədqiqatlarında təkcə Şərqi öyrənməklə deyil, Şərqin öz üsul dəst-xəttini araşdırmaqla, Qərbin texnogen modelinə yiyələn­məklə Şərq-Qərb münasibətlərinin zəruriliyini ortaya çıxarmışdır. Bu sa­hədə geniş tədqiqat işlərinin böyük tərkib hissəsi kimi şərqşünas alimin fundamental yaradıcılığının elmi-fəlsəfi mahiyyətini dərindən açan aka­demik Səlahəddin Xəlilov yazırdı: “Aida xanım öz zəmanəsini qabaqla­yaraq Azərbaycan gerçəkliyində Şərq və Qərbin vəhdəti ideyasını ilk dəfə konseptual şəkildə irəli sürmüş­dür."

Artıq müasir dövrdə Şərq-Qərb qarşıdurmasının nəzəri əsaslarının praktikada tətbiqinin vaxtı çoxdan çatmışdır. Bu gün XXI əsrin astana­sında superdövlətlərin münaqişə ocağına çevrilən Şərq dövlətlərinin mədəniyyətlərinin itirilmə qorxusu varmı, Şərq dövləti bu mədəniyyətlərarası dialoqa ev sahibliyi edə bilər­mi - kimi geosiyasi məsələnin önün­də duran suallardır. Bütün dünyada yenidən aktuallaşmış bu problemi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir daha si­yasi gündəliyə daxil etmiş, öz məqsədyönlü fəaliyyəti ilə ölkəmizin bu dialoqda təşəbbüskar və aparıcı tə­rəf kimi çıxış etməsinə nail olmuşdur. Məhz bu fəaliyyətin nəticəsi olaraq Bakı 2009-cu ildə islam mədəniyyə­tinin paytaxtı elan olundu. Tarixən Böyük İpək Yolu, ticarət məkanı Azərbaycandan keçdiyi üçün bu bö­yük ərazi Qərblə Şərqi birləşdirən bir məkana çevrilir. Bu əlverişli şərait Azərbaycana imkan verir ki, böyük iqtisadi, mədəni və siyasi nailiyyətlərə imza atsın. Məhz bu əlverişli şəra­itdən istifadə edən müstəqil Azər­baycan dövləti Qərblə Şərqi birləşdi­rən tarixi İpək yolunun bərpası işinin təməlini Bakıda qoyur, o gündən Azərbaycanın paytaxtı Bakı şəhəri Şərq-Qərb mövzusunda keçirilən beynəlxalq elmi məclislərə ev sahib­liyi missiyasını öz üzərinə götürür.

Mütəxəssislər qeyd edirlər ki, Şərq-Qərb münasibətlərinin univer­sal şəkildə öyrənilməsi istiqamətində çox az iş görülmüşdür. Tədqiqatlar əsasən ayrı-ayrı şəxsiyyətlər üzrə aparılmışdır. Şərq və Qərb sivilizasi­yalarının Azərbaycanın tarixi-mədəni inkişafına təsiri, milli mədəniyyətimi­zi və təfəkkür tərzimizi Şərq və Qərb mədəniyyətləri kontekstində araşdır­maq və onun inkişaf perspektivlərini müəyyənləşdirmək də müasir cəmiyyətimizin əsas vəzifələrindən biridir.

Tarixən məlum olduğu kimi, elmvə mədəniyyət Şərqdə başlayıb, Qərbdə başa çatmışdır. Qərb özünü mədəniyyətin beşiyi hesab edir. La­kin bu gün Yaponiya, Çin, Hindistan, Cənub-Şərqi Asiya ölkələrinin texno­loji modernləşmədə qazandıqları uğurlar göz qabağındadır. Artıq siya­si, iqtisadi, texnogen, mədəni mühit­də Qərbin hegemonluğuna son qo­yulur. Adlarını çəkdiyimiz sferalardakı inkişaf nailiyyətləri bütün regionla­ra parçalanır. Bu ayrı-seçkiliyə son qoymaq isə tarix boyu çox ağır, tale­yüklü bir məsələdir. Ona görə də bə­şəri böhrandan çıxış yolunu birgə araşdırmaq lazımdır. Müasir dünya­da mədəniyyətlərarası münasibətlər ümumbəşəri səylərlə axtarıb tapıl­malıdır.

Bu gün dünyada Qərbin diqtə et­diyi bütün sferalarda inkişafın “eqoist-rasionalist” modeli üstünlük təşkil edir. Bu siyasi baxışların altında güc­lü-gücsüz məsələsi durduğu üçün inkişaf etmiş Qərb dövləti və ondan geri qalmış Şərq dövlətinin aqibəti və münasibəti durmaqdadır. Bu müna­sibətlər çərçivəsində ayrı-ayrı xalqla­rın taleyi: milli-etnik məsələlər, milli kimliyin təsdiqi, nəhayət, millətin və dövlətin qalıb-qalmaması məsələsi durur. Bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək olduqca çətindir. Belə ki, xalqların milli-mədəni xüsu­siyyətlərini qorunub saxlamaq və bir- birinə inteqrasiya etmək kimi yeni in­kişaf paradiqması işlənib hazırlan­ması vacib idi. Bunun üçün isə yenə sivilizasiyaların və mədəniyyətin dia­loqu zəruridir. Elə dialoq ki, bütün bəşəriyyətin, müxtəlif sivilizasiyala­rın, xalqların vətəndaş, mənəvi-etik, humanitar potensialını hərəkətə gəti­rə bilsin, müxtəlif mədəniyyətlər ara­sındakı fərqləri aradan qaldırmağa deyil, onlar arasında balansın yara­dılmasına, mədəni ənənələrin inteq­rasiyasına və bütövlükdə sülhə və əmin-amanlığa xidmət etsin. Bu pro­sesdə bir paradoksallıq ondan iba­rətdir ki, Qərb texnogen inkişafa üs­tünlük verib dünya hegemonluğunu ələ aldığı halda, Şərq isə öz mənə­viyyatına sığınıb milli-mədəni dəyər­lərini qorumaqla məşğuldur. Qərb si­vilizasiyasının təməlində iqtisadi sis­tem, Şərq sivilizasiyasının təməlində isə mənəviyyat durur. Digər tərəf­dən, Qərb cəmiyyətinin daha mütə­şəkkil idarə olunmasının əsasını iqti­sadi nailiyyətlər, Şərq düşüncə tərzi­nin əsasını insanın mənəvi kamilliyi təşkil edir. Qərb sivilizasiya tipinin sosial-mədəni identikliyinin əsasını ictimai münasibətlər tipində insanla­rın yaxşı yaşaması və rifahıdır. Qərb bu yaşam tərzinin əsasını iqtisadiy­yatın gücündə görür. Şərq təfəkkü­ründə ənənəçilik çox güclüdür. Hətta bu ənənəçiliyə sadiqlik bəzən müha­fizəkarlıqla nəticələnir. Daim yenilik­lərlə üzləşən Qərbdə yaxşı yaşamaq uğrunda, demokratiya, insan azad­lıqları uğrunda daim mübarizə apa­rırlar. Qərb siyasi sivilizasiyasının əsası budur. Lakin tarixən mədəniy­yətin beşiyi olan Şərqdə bütün yazılı mənbələrdən məlum olur ki, ədalətli cəmiyyət yaratmaq uğrunda mübari­zə bu ölkələrin əsas məqsədi olmuş­dur. Bu fərqləri nəzərə alaraq Qərb- Şərq qarşıdurmasını bir az azaltmaq və yumşaltmaq nöqteyi-nəzərdən bu tərkibdə olan beynəlxalq dialoqların keçirilməsi olduqca zəruridir. Yuxarı­da sadalanan mədəniyyətlərin birgə ünsiyyəti və araşdırılması dözüm­lülük və birgə əməkdaşlıq nəticəsin­də əldə olunur.

Elmi-nəzəri ədəbiyyatdan məlum olduğu kimi, Tolerantlıq - dini dö­zümlülük deməkdir. Bu onu xatırladır ki, müxtəlif xalqların inanc və əqidə­lərə hörmət etmək və dözümlü ya­naşmaq tələb edir. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlı olduğu üçün bu incə məsələlərə hörmətlə yanaşmaq tələb olunur. Tolerantlıq deyəndə insan azadlığı, demokrati­ya, söz azadlığı və s. kimi milli hisslərin çulğaşdığı bəşəri hisslər göz önündə durur. Bu terminin altın­da onun üçün irqçilik, ksenofobiya, dini dözümsüzlük, dini ayrı-seçkilik, terror və ekstremizmin qəbul edilmə­məsi xarakterikdir.

Azərbaycan Respublikasının Pre­zidenti cənab ilham Əliyevin 2015-ci il mayın 18-də Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Di­aloq Forumunun açılışında dediyi ki­mi: “Tolerantlıq geniş anlayışdır. O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədə­niyyətlərə dözümlülük deməkdir”.

Dözümlülük ideyasının tarixi çox qədimdir. Bu istilah ilk dəfə XVI-XVII əsrlərdə Avropada meydana gəlmiş­dir. Din və vicdan ilə bağlı olan bu is­tilah 1648-ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sə­nəddir. Baxmayaraq ki, bu istilahdan sonra saysız-hesabsız müharibələr olmuşdur. Bu istilah öz yerini tapa bilmədi. Bu fikirlərin tam dolğunluğu yalnız II minilliyin sonunda formalaş­mağa başladı. Dini dözümlülük dedikdə, əzilmiş xalqın dinini, mənəviy­yatını məhv etmək deyil, əksinə sül­hü qoruyub saxlamaqla qonşu xalqların mədəniyyətinə və dininə hörmət kimi başa düşülür. Bu ən çox azsaylı xalqların mədəniyyətində tə­zahür edilir. Həqiqətən də dinlər ara­sında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiy­yətdə demokratik stabilliyin yaradıl­ması üçün çox vacibdir. Bu müqəd­dəs işin ağırlığını hiss edən Azərbay­can Respublikasının Prezidenti cə­nab İlham Əliyev öz nitq və çıxışla­rında xüsusi qeyd edir: “Azərbaycan həm Avropa Şurasının, eyni zaman­da, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missi­ya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikultiralizmin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamafobiya və antisemitizm ola bi­lər.”

Etnik-psixoloji məqamdan yarar­lanaraq demək olar ki, dözümlülük hər bir ölkənin vətəndaşları tərəfin­dən yüksək qiymətləndirilirsə, bu bö­yük bir təcrübənin humanist nəticəsi­dir. Lakin əksinə olarsa, bu böyük müvəffəqiyyətsizliyin nəticəsi olar. Təcrübəyə əsaslanmaqla bu istilahın qəbul edilməsinin doğru olub-olma­mağı tam sübuta yetirilir.

Bütün bunlar göstərir ki, dözümlü davranış normal, inkişaf edən, vətən­daş cəmiyyətinin mövcud olduğu cə­miyyətlərdə tətbiq olunan bir istilahdır, nailiyyətdir, dözümlülük münasibəti də onun açarıdır. Əslində istər dözümsüz­lük, istərsə də dözümlülük tətbiq olu­nan dövlətin və cəmiyyətin inkişaf sə­viyyəsinin hansı dərəcədə olduğunu göstərir. 1995-ci il noyabrın 16-da ke­çirilmiş UNESKO Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsipləri­nə dair bəyannamə qəbul olundu. Bu bəyannamədə vurğulanır ki, “dözümlü­lük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”, bunun­la yanaşı “dözümlülük, insan hüquqla­rına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır”.

Məhz tolerantlıq və multikultural də­yərlərin qorunub saxlanıldığı Azərbay­can Respublikası tarixin sınanmış təc­rübəsinə böyük hörmətlə yanaşmış və özünün Şərq modelini qoymaqla bütün dünyaya ev sahibliyi etmişdir. Bu isə çox çətin və ağır, taleyüklü bir məsələ­dir. Bu da təbiidir. Çünki cəmiyyətimiz­də bütün din sahibləri, müxtəlif mədə­niyyətlərə sahib insanlar rahat şəkildə yaşayır, onların dininə, mədəniyyətləri­nə hörmət edilir və Azərbaycan Res­publikasının vətəndaşı kimi azad, fəal inkişaf edib fəaliyyət göstərirlər.

Azərbaycan dövləti bu məsuliyyətli işin öhdəsindən şərəflə gəlmişdir. 10 iyun 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi” mövzusunda Beynəlxalq forumdakı çıxışında bu qar­şılıqlı anlaşmanın məsuliyyətini dərk edən Azərbaycan dövlətinin Birinci vit­se-prezidenti xanım Mehriban Əliyeva demişdir: “Görəsən, sivilizasiyalar, xalqlara, və ayrı-ayrı insanlara bir-biri­ni eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?” Məlumdur ki, ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formala­şıb. Bu öz təsdiqini burada yaşayan xalqların uzun illik yaşam tərzində büruzə verir. Bunun nəticəsidir ki, Azər­baycanda yaşayan hər bir xalqın nü­mayəndəsi özünü azad və firavan hiss edir, müxtəlif sahələrdə çalışır və fəa­liyyət göstərirlər. Xalqımız qonaqpər­vər, sülhsevər və humanist olduğu üçün respublikamızda yaşayan digər xalqlar özlərini yad, özgələşmiş kimi hesab etmirlər. Başqa xalqların, dinlə­rin nümayəndələri Azərbaycanı öz və­təni hesab etməsəydi və burada özü­nü azad, sərbəst hiss etməsəydi, respublikamızın müdafiəsinə qalxmaz, vətənpərvərlik nümunələri göstərməz­dilər.

Azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəl­dilmiş, milli identikliyin qorunub saxla­nılmasına xidmət edən multikulturalizm Azərbaycanda çox uğurla aparılır. Humanist nəzəriyyəyə söykənən, da­ha sonralar isə ideologiyaya çevrilən multikulturalizm tolerantlığın təcəssü­müdür. Məhz bu siyasət dövlətin apa­rıcı xətti olması, heç bir demokratik dövlətdən, vətəndaş cəmiyyətindən danışmağa dəyməz. Inteqrativ proses olan multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qə­bul edən, mədəniyyətlərin və dinlərin toqquşmasına xidmət etməyən tole­rant cəmiyyətin başlıca xüsusiyyətlə­rindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşı­lıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşma­sına səbəb olur.

Qloballaşan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq problemi 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Siviliza­siyalar Alyansının VII Qlobal Forumu­nun 2016-cı ildə Bakıda keçirilməsi ba­rədə qərar qəbul edildi. Həmin ilin iyul ayında Prezident İlham Əliyev Foru­mun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Məhz həmin il, yəni 2016-cı il Bakıda “Multi­kulturalizm ili” qeyd olundu.

“Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tole­rant münasibətə əsaslanan dinc, ya­naşı yaşama prinsipidir. Multikulturalizmin xarakterik xüsusiyyəti tole­rantlıq, dözümlülükdür. Ölkəmiz isə tolerantlığın məkanıdır. “Azərbaycan xal­qı özlüyündə, təbiətinə görə, öz xarak­terinə görə yüksək tolerantlıq hissinə malikdir, Azərbaycan milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma və­tənidir” deyən Heydər Əliyevin bu irsi­ni bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Belə bir dönəm­də Prezident ilham Əliyevin “Ölkəmiz­də multikulturalizm artıq alternativi ol­mayan həyat tərzinə çevrilib” fikri mul­tikultural dəyərlərə hörmət edən Azər­baycanın dünya dövlətləri üçün bir ör­nək və nümunəsinin sübutudur. Mədə­niyyətlərin dialoqunun inkişafına, mə­dəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə hər zaman öz töhfələrini verən Azərbay­can nəinki regionda, eləcə də bütün dünya üçün örnəkdir.

Azərbaycanın dünya dövlətlərinə böyük bir mədəniyyət nümayiş etdir­məsini heyranlıqla izləyən İSESCO-nun baş direktoru Əbdüləziz bin Os­man isə Bakının islam Mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar de­yib: “İSESCO bütün dünyaya çatdır­malıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sə­nədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcə­yik və bu əməkdaşlıq digər üzv dövlət­lər üçün nümunə olacaqdır”. Bütün bu deyilənlər Azərbaycan Respublikası və onun dövlət başçısı cənab ilham Əliyevin apardığı məqsədyönlü siyasə­tin nəticəsi kimi qiymətləndirilən və də­yərləndirilən fikirlərdir.

Hamıya məlumdur ki, Azərbayca­nın qazandığı uğurlar, dünya tole­rantlıq təcrübəsinin yeni mərhələsinin Azərbaycan modeli ilham Əliyev tərə­findən BMT kürsüsündən elan edilib. Bu modelin onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi öl­kəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Dini-etnik faciələrlə, ir­qi ayrı-seçkiliklərlə, özünün şovinist baxışları ilə seçilən Qərb mütəxəssisləri etiraf edirlər ki, dünyada tolerantlıq yoxdur, bu sadəcə olaraq bir fərziyyə­dir. Lakin Azərbaycan Respublikası Prezidentinin çıxışları və bir real təcrü­bə olaraq hamını Azərbaycana dəvət etməsi 2012-ci il Londonda “Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda ke­çirilən beynəlxalq konfransdakı çıxış­ları Azərbaycan modeli haqqında səs­lənən fikirləri bir daha təsdiq edir və hamını heyrətləndirir, indi dünya birlik­ləri Azərbaycanı Qərblə Şərqin qovuşuğunda yerləşən, sivilizasiyalararası münasibətlərin formalaşmasında bö­yük rola malik ölkə adlandırırlar. Bu nailiyyətləri xüsusi vurğulayan Prezi­dent ilham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələ­rə həsr olunan iclasdakı nitqində de­mişdir: “Azərbaycan multikurturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikultu­ralizm iflasa uğrayıb. Bəlkə hardasa if­lasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”. Cənab İlham Əliyev 2015-ci ilin may ayının 18-də Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dia­loq Forumunun açılış mərasimindəki nitqində dövlətimizin multikulturalizm siyasətinə, ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm roluna, o cümlədən sülh və təhlükəsizliyin bər­qərar olmasında əhəmiyyətinə bir da­ha toxunaraq demişdir: “Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub... Multikulturalizmin alter­nativi yoxdur... Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məf­hum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dün­yada vəziyyət daha da pisləşəcəkdir”. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın yolu haqq yoludur və o, bu yoldan dönməyəcəkdir.

Dövlət başçısının məqsədyönlü si­yasəti nəticəsində bu gün Azərbay­can özünün multikulturalizm modelini dünyaya təqdim edir. 2014-cü il fevral ayının 28-də yeni təsisat - Azərbay­can Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üz­rə Dövlət müşavirliyi təsis olunmuş, Prezident ilham Əliyevin fərmanı ilə 2014-cü il may ayının 15-də isə hələ­lik dünyada yeganə olan Bakı Beynəl­xalq Multikulturalizm Mərkəzi yaradıl­mışdır. Azərbaycan ölkədə multikultu­ralizm mühitinin qorunması məqsədilə bir sıra nüfuzlu beynəlxalq qurumlarla - BMT, ATƏT, İƏT və Avropa ittifaqı ilə əməkdaşlığı da genişləndirməkdə­dir.

Bir məsələni də xatırlatmaq yerinə düşər. 2008-ci ilin dekabr ayında dün­yanın 48 ölkəsinin, o cümlədən 10 is­lam dövlətinin, 8 beynəlxalq təşkilatın, bir sıra beynəlxalq qeyri-hökumət təş­kilatlarının nümayəndələrinin iştirak etdiyi Bakıda Avropa və ona qonşu re­gionların mədəniyyət nazirlərinin konfransı keçirilmişdir. Azərbaycan tə­rəfinin təşəbbüsü ilə ilk dəfə olaraq, “Mədəniyyətlərarası dialoqun təşviqi­nə dair Bakı Bəyannaməsi” qəbul edil­miş, sivilizasiyalar arasında dialoqun əldə olunması və inkişafına yönəldilən “Bakı Prosesi”nin təməli qoyulmuşdur. 2015-ci il yanvar ayının 30-da isə Nyu- Yorkda - BMT mənzil-qərargahında “Bakı Prosesi” və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu­nun təqdimat mərasimi keçirilmişdir. “Tarixi hadisə” adlandırılan həmin mə­rasimdə “Bakı Prosesi”nin və forumun mühüm missiyası - dünyada sülh və əməkdaşlığın qorunması, qarşılıqlı fay­dalı dialoqun yaradılması prinsiplərinə xidmət edəcək Azərbaycanın bu sa­hədə ev sahibliyi etməsidir. Təqdimat mərasiminin gündəliyində qeyd edildi­yi kimi, “Bakı Prosesi” kimi tanınan bu beynəlxalq təşəbbüs göstərdi ki, güc­lü iradə mədəniyyətlərarası dialoqu daha mənalı edir, bu cür görüşlər bü­tün insanları bir araya gətirir və sülhsevər insanları bir-birinə daha çox bağlayır. “Bakı Prosesi” mədəniyyətlərarası dialoq vasitəsilə ideyaların təc­rübəyə çevrilməsinə, bu gün üzləşdiyi­miz çağırışların real dialoq, ləyaqət və hörmət əsasında müzakirə edilməsi üçün platformanın yaradılmasına yö­nəlib. O, qarşılıqlı anlaşma və hörmə­tə əsaslanaraq, müxtəlif qitələrdə və şəraitlərdə yaşayan, fərqli etnik, mə­dəni, dini və dil mənsubiyyətinə malik fərdlər və qruplar arasında açıq və hörmət əsasında fikir mübadiləsini eh­tiva edən prosesə çevrilib. Bu vaxta qədər VI Ümumdünya mədəniyyətlərarası dialoqa ev sahibliyi edən Azər­baycanın qazandığı uğurların, yuxarı­da sadalanan nailiyyətlərin nəzəri tə­məli ulu öndər Heydər Əliyev tərəfin­dən qoyulub, bu gün Azərbaycan Respublikasının başçısı İlham Əliyev tərəfindən real təcrübədə uğurla hə­yata keçirilir. Bu nailiyyətlərin nəticəsinin göz önündə olduğu hamıya mə­lumdur.

Cənab Prezidentin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Millətlərarası, multi­kulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, 7 may 2014-cü il tarixli Fərmanı ilə Azərbay­can Respublikasının Prezidenti yanın­da Bilik Fondunun və 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılma­sının qeyd olunması bu genişmiqyaslı və düşünülmüş siyasətin uğurlu nəti­cəsidir.

Məlumdur ki, qloballaşma şəraitin­də multikulturalizmin aktuallığı müasir dövrdə milli-etnik zəmində baş verən qarşıdurma proseslərində çox vacib və əhəmiyyətli bir işdir. Bu işin əhəmiy­yətliliyi onun siyasiləşdirilməsi və hü­quqi müstəvidə dəyərləndirilməsini tə­ləb edir. Milli-etnik müstəvidə baş ve­rən məsələlər, milli identiklik, xalqların öz hüquq və müqəddəratlarının qorun­ması, vətəndaş cəmiyyətinin yaranma­sı və qarşıda duran məsələlər və ümu­milikdə götürdükdə bir dövlətin tərki­bində azad və suveren yaşamaq mə­sələləri çox ağır və məsuliyyətli bir iş­dir. Vaxtilə bu məsuliyyəti dərk edən və ulu öndər Heydər Əliyevin “Azərbaycançılıq” konsepsiyasının bir tərkib hissəsi olan azsaylı xalqların azad ya­şamaq haqqındakı hüquqlarının müda­fiə məsələsi bu gün Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qorunur və dünya si­yasətinə, eləcə də mədəniyyətinə bir töhfə vermiş “Mədəniyyətlərarası dia­loq” beynəlxalq forumlarının keçirilmə­sinin vaxtının çatdığı bəyan edilir. Çün­ki real şərait bunu tələb edir. Bir tərəf­dən yeni müstəqil dövlətin daxilindəki sabitliyi qoruyub saxlamaq, eləcə də Qafqazda, gərgin geosiyasi regionda nüfuz sahibi olmaq, 20% torpaqları iş­ğal olunan Azərbaycanın haqq səsinin və eləcə də bu ölkədə gedən qurucu­luq işlərini dünyaya bir nümunə kimi göstərməyin vaxtı çatmışdır. Bu nöqte­yi-nəzərdən Azərbaycan bu sahədə ev sahibliyi kimi ağır, çətin, məsuliyyətli, lakin şərəfli işi öz öhdəsinə götürmüş­dür. Bu məsuliyyətli işdə Azərbaycan dövləti nəinki ev sahibliyi edir, eləcə də özünün böyük mədəni sərvətlərini, intellektini nümayiş etdirir. İkinci Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycanın Birinci xanımı, YUNES­KO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva məhz qlobal səviy­yədə dialoq kimi başa düşülən, müasir dünyada zəruriliyi kəskin duyulan qlo­bal etikanın əhəmiyyətini vurğulamışdır. “Qlobal etika” anlayışı müasir dövr üçün çox böyük əhəmiyyəti vardır. “Qlobal etika” deyəndə bu toplantıya yığılan müxtəlif cəmiyyətlərin aktiv üzvlərinin, eləcə də elm və mədəniyyət xadimlərinin bir araya yığılması üçün mədəni mühitin, dialoq aparması üçün yaranacaq etik norma və şəraitin qorunub saxlanacağı məkan nəzərdə tutulur. Mədəniyyətlərarası dialoqun əhəmiyyətini xüsusi qeyd edən Mehriban xanım Əliyeva öz çıxışlarında mötəbər tədbirin əhəmiyyətini xüsusi vurğulayır: “Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada aktual və ən populyar mövzulardan biridir. Bu gün dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş “dəyirmi masalar, konfranslar, forumlar keçirilir. Şübhəsiz ki, hər bir belə görüş alqışlanmalı və dəstəklənməlidir, azı ona görə ki, hər bir belə görüş özlüyündə bir növ dialoqdur. Biz bu gün qlobal etikadan danışırıqsa, bu, yenə elmi bir fərziyyə ola bilər və yenə burada suallar cavablardan çoxdur. Lakin mən əminəm ki, əgər biz sabahı düşünürüksə, gələcək nəsillər qarşısında öz məsuliyyətimizi dərk edirik; biz xalqlararası, millətlərarası münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Bu, uzunmüddətli və ağır prosesdir. Lakin hər bir uzun yol ilk addımdan başlayır. Fikrimcə, hər birimiz öz əməllərimizlə kiçik də olsa, bu addımı atmalıyıq. Âunun üçün yalnız həmrəylik və xoş niyyət lazımdır. Mən əminəm ki, məhz bu halda humanizm və ədalət əsasında konstruktiv dialoqun qurulması mümkündür”.

Bu gün müstəqil Azərbaycan dövləti bu məsuliyyətli işin öhdəsindən şərəf və ləyaqətlə gəlir. Belə ki, bu dialoqun nəinki regional, həm də beynəlxalq əhəmiyyəti vardır. Bu sahədə müstəqil Azərbaycan dövləti özünün bütün elmi-nəzəri, praktiki potensialından bacarıqla istifadə edir. Çünki bu şərəfli işin əsası, eləcə də nəzəri təməli ulu öndərin müstəqil Azərbaycan dövləti və xalqı üçün ərməğan etdiyi “Azərbaycançılıq” ideologiyası əsasında formalaşıb. Hazırda bu möhtəşəm konsepsiyanın praktiki əsasları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Âirinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir.