Paralel. - 2019.- 28 fevral. - ¹ 40. - S. 10.
Azərbaycan multikulturalizmin və tolerantlığın bütün müsbət dəyərlərini özündə birləşdirir
İslam yer üzündə fəzilətli dəyərləri yayan digər kitab dinlərinə ehtiram məsələsində ideal nümunədir
Biz multikulturalizm, tolerantlıq və bəşəri birgəyaşayış anlayışlarını təhlil etdikcə, araşdırdıqca ortaya çox geniş bir spektri əhatə edən dünyəvilik, insaniyyətlik, haqq, ədalət kimi prinsiplərin çıxdığını görürük. Yəni multikulturalizm və tolerantlıq, sadəcə bir yaşam tərzi deyil. Məsələn, din xadimlərinə görə, multikulturalizm dini həmrəyliyi və dözümlülüyü özündə ehtiva edir. Siyasətçilərə görə, multikulturalizm demokratiyanı, dövlətlər və cəmiyyətlər arasında əməkdaşlıq və dialoq mühitini təmin etmək üçün bir vasitədir. Bütün bunlara ümumi bir kontekstdən yanaşdıqda aydın olur ki, həm siyasilərin, həm də din xadimlərinin multikulturalizmə və tolerantlığa münasibətləri eynidir, sadəcə, yanaşma fərqləri var. Burada bu və ya başqa bir dövlətin yerləşdiyi coğrafiya da mühüm rol oynayır. Məsələn, bu gün Azərbaycanda mövcud olan multikultural mühiti, Asiya, Afrika, Avropa və Amerika qitəsində görmək mümkün deyil, yaxud da bu dəyərlərin arasında mühüm fərqlər var. Azərbaycan Avropanın və Asiyanın, eləcə də Qərbin və Şərqin qovuşuğunda yerləşməklə, bir növ multikulturalizmin və tolerantlığın bütün müsbət dəyərlərini özündə birləşdirir.
Bununla belə, qeyd etmək vacibdir ki, multikulturalizm və tolerantlıq sadəcə olaraq siyasi və dini terminlər deyil, həm də bir xalqın, millətin genindən gələn milli- mənəvi dəyərlər sistemidir. Çünki ölkəmizdə hələ islamdan çox-çox əvvəl də müxtəlif dinlərə sitayiş edən, eləcə də müxtəlif etnik qruplara və azsaylı xalqlara aid insanlar birgə yaşayıblar. Bu da tarixi faktdır ki, bütün bu dini və milli rəngarəngliyə baxmayaraq, ölkəmizdə heç zaman dini və milli zəmində qarşıdurmalar qeydə alınmayıb. İslam dininin Azərbaycanda oturuşması ilə bu birgəyaşayış qadaları daha mükəmməl səviyyəyə yüksəlib. Bu da onu deməyə əsas verir ki, İslam dini heç də bəzilərinin iddia etdikləri kimi, terror, radikalizm və separatizm dini deyil.
Onu da xüsusi qeyd etmək lazımdır ki, son zamanlar dünyada, ələlxüsus da Yaxın Şərqdə, eləcə də Avropada baş verənlərdə İslam xəttinin axtarılması da, əslində heç bir əsası olmayan yanlış yanaşmadır. Sadəcə olaraq, bəziləri üçün dünyada baş verənlərdə din amilinin, əsasən də islam dininin rolunun şişirdilməsi, İslam təmayüllü ölkələrə təzyiq vasitəsinə çevrilib. İslam dininin terror, radikalizm və separatizm dini kimi qələmə verilməsi də, buradan qanaqlanır.
Baxmayaraq ki, islam dininin başqalarına qarşı tolerantlığı onun digər səmavi dinlərə, yəhudilərə və xristianlara baxışında da bütün aydınlığı ilə öz əksini tapıb. İslama görə, bütün səmavi dinlərin kökü birdir. Həbəş hökmdarı Nəcaşi ölkəsinə pənah gətirən mühacirlərin başçısı Cəfər ibn əbu Talibin ona oxuduğu Quran ayələrini dinlədikdən sonra bu həqiqəti belə ifadə edib: "Allaha and olsun ki, bu (ayələr) və İsanın dedikləri eyni qəndildən çıxan nur kimidir".
Biz bu gün islami qaynaqlara istinad edərək, bu məsələyə bir qədər aydınlıq gətirməyə çalışacağıq.
İslam Həzrəti Adəmdən Həzrəti Məhəmmədədək (s.ə.s) bütün peyğəmbər və elçilərin insanlara çatdırdığı bir dindir. İnsan dünyada var olduqca, islam da var olacaq, tövhidi, Allaha ibadəti təbliğ edəcək, insanları Allahdan qeyrisinə itaətdən qurtaracaq, yer üzündə ədaləti bərqərar edəcək. Yuxarıda da qeyd etdiyimiz kimi, bütün səmavi dinlərin mahiyyəti birdir: Xaliqlə məxluqun, abidlə mə`budun əlaqəsini təmin etmək!
Müqəddəs kitabımız Qurani-Kərimin bir ayəsinə nəzər salaq: "(Ya Rəsulum!) Söylə: "Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və s. peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!" (Ali-İmran, 84).
Məhəmməd peyğəmbərin (s.ə.s.) təbliğ etdiyi islam sonuncu din olub, digər peyğəmbərlərin ilahi missiyalarını, hidayət üsullarını özündə birləşdirir. İslam əvvəlki peyğəmbərləri təsdiqləyir, onlara böyüklük edir. Bu da İslamın tolerant bir din olmasından irəli gəlir. İslam yəhudilərin peyğəmbəri Həzrəti Musanın hekayəsindəki bir çox məqamları, üsulları təkrarlayan bir dindir. Peyğəmbərimiz (s.ə.s.) Həzrəti İsanı böyük ehtiramla yad edər və deyərdi: "Mən dünyada və axirətdə İsa ibn Məryəmə ən layiqli kəsəm. Onunla aramdan heç bir peyğəmbər gəlib keçməyib. Peyğəmbərlərin anaları fərqli, ataları isə bir olan ailənin övladlarıdır". Peyğəmbərimizin (s.ə.s.) bu kəlamı da islamın başqa dinlərə və başqa dinlərə sitayiş edən insanlara münasibətini tam açıq şəkildə ortaya qoyur.
Başqa bir hədisdəki açıqlama da islamın tolerant təbiətini bizlərə bəyan edir. "Nəcrandan bir dəstə xristian mübahisə etmək üçün Peyğəmbərin (s.ə.s.) yanına gəlir. Peyğəmbər onları öz məscidində qonaq qəbul edir. İbadət vaxtı gələndə də onlara icazə verir ki, məsciddə ibadət etsinlər".
Lakin çox təəssüflər olsun ki, Quranın və Sünnənin tolerant ruhuna rəğmən, Qərbdə başqa cür düşünürlər. İslamın tolerantlığını inkar edən bu düşüncə mədəniyyətlərarası toqquşmaya rəvac verən ab-hava formalaşdırır. Baxmayaraq ki, islam mədəniyyəti təhkimçilik, savaş mədəniyyəti deyil, o, heç kəsi zorla din seçməyə məcbur etmir. Qərbin bu düşüncəsi islamı bir neçə "döyüş" ayəsi əsasında öyrənən bəzi qrupların "işinə yarayır". Bunun tam əksini özündə ehtiva edən bir çox məqamları isə açıqlamırlar. Məsələnin mahiyyətini anlamaq üçün bunları bilmək vacibdir:
a) Quran açıq formada təsdiqləyir ki, yəhudilər və xristianlar Kitab əhlidirlər.
Onlara Quranda "Ey Kitab əhli!"- deyə müraciət olunur. İslami tolerantlığı özündə əks etdirən bu ayələrə diqqət edək: "(Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!" (Ali-İmran, 64). "Kitab əhli ilə ən gözəl tərzdə mücadilə edin!" (əl-Ənkəbut, 46). "Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat var ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar" (Ali-İmran, 113). "Kitab əhlindən elə kəslər də var ki, əgər onlara bir dinar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də var ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: "Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq",- deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər" (Ali-İmran, 75).
Bu da onu deməyə əsas verir ki, İslam digər dinlərə ibadət edən insanlar arasında fərq qoymur və ən əsası onları zor gücünə islamlaşdırmağa da səy göstərmir.
Bununla yanaşı, islam dünyasında Kitab əhlinə münasibətdə tolerantlıq hökm sürsə də, bu tolerantlıq onların dini mətnlərindən istifadəyə icazə kimi başa düşülməməlidir. Çünki Peyğəmbərimiz (s.ə.s.) digər dinlərin mənbələrindən istifadəyə icazə verməyib. "Çünki onun gətirdiyi şəriət açıq-aydın olub və şübhələrdən xali idi; dəyişilmə və təbdildən uzaq olub, başqa dinlərin etiqad sistemlərinə möhtac deyildi". Eyni zamanda, Peyğəmbərimiz(s.ə.s.) buyururdu: "Canımı Əlində tutana and olsun ki, Musa sizə göstərilsəydi, ona uyar, məni tərk edərdiniz. Bununla da yolunuzdan azmış olardınız. Əgər o (Musa) sağ olub peyğəmbərliyimi görsəydi, şübhəsiz mənə tabe olardı. Mən sizə ağappaq, saf bir din gətirmişəm. Əgər Musa sağ olsaydı, şübhəsiz, mənim yolumla gedərdi".
Müraciət etdiyimiz bütün ayələrdən də belə anlaşılır ki, Kitab əhlinin Quran tərəfindən də təsdiqlənmiş kitabları legitimlik xüsusiyyətinə malikdir. Ancaq bu legitimlik ümumidir, həmin kitablardakı ayrı-ayrı məqamlara aid deyil. O da məlumdur ki, Qurani-Kərim əsas ilahi qaynaqdır ki, buna heç kəs şübhə etməməlidir. İslam dini müsəlmanları Kitab əhlindən təcrid etmir. Məsələn, Ənəs ibn Malikə istinadən İmam Əhməd və İmam Buxari rəvayət edirlər ki, bir yəhudi qulam Peyğəmbərin xidmətçisi olub. Bir gün bu qulam xəstələnir. Peyğəmbər onu yoluxmağa gəlir. Başının üstündə əyləşir və deyir: "Müsəlman ol". Qulam yanında əyləşən atasına baxır. Atası dillənir: "Əbülqasımın (s.ə.s.) sözünə bax".
İslamın tolerant din olması barədə çox misallar çəkmək olar və həmin misallar bəzilərinin iddialarını puça çıxarmaqda bizə yardımçı olur. Bir məsələni də diqqətinizə çatdıraq, məlumdur ki, Osman ibn Əffan Kəlbiyyə qəbiləsindən xristian bir qadınla, Təlhə ibn Übeydullah isə Şamlı bir yəhudi ilə evli olublar. Bununla belə, qeyri-müsəlman əyallar evlilik nəticəsində dini azadlıqlarını itirmirdilər. Rəvayət olunur ki, İmam Əhməd ibn Hənbəldən soruşurlar: "Xristian qadınla evlənən şəxs ona şərab içməyi qadağan edə bilərmi?" İmam deyir: "Ona bunu əmr etməlidir". Deyirlər ki: "Qadın bu əmrə itaət etməzsə, bəs necə olsun? Qadına içməyi qadağan etsinmi?" Belə cavab verir: "Xeyr". Belə bir dözümlülük hər hansı başqa bir dində mövcuddurmu?
Xeyr, mövcud deyil. Bütün bu məsələləri araşdırdıqca bir daha əmin olursan ki, islam tarixi elə tolerantlıq tarixinin özüdür ki var.
Bu qəbildən olan hədislərin və faktların sayını sonsuza qədər uzatmaq olar. Bütün bunlar islamın tolerant təbiətindən, digər din və mədəniyyətlərə qapalı olmamasından irəli gəlir. Eyni zamanda, islam səmavi dinlərin təlimlərinə riayət edən, yer üzündə fəzilətli dəyərləri yayan digər kitab dinlərinə ehtiram məsələsində ideal nümunədir.
İslam hüququ- fiqh kitablarını vərəqləsək görərik ki, orada da qeyri-müsəlmanlara münasibət haqda ayrıca fəsillər var. Qeyri-müsəlmanlara ədalətli, insaflı münasibət olmalıdır.
Tolerantlıq islamın ümumi prinsip və təlimatları ilə səsləşən bir anlayışdır. Bu baxımdan da islamın zorakılıq, məcburiyyət və terror dini olması barədə ekstremist nadanların yaydığı uydurmaların heç bir əsası yoxdur.
“Paralel”in Araşdırma Qrupu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub