Şərq.-2018.-9 yanvar.-¹3.-S.11.

 

Azərbaycan Cümhuriyyəti dönəmində rəsmi və partiyalı qəzetlər

 

Akif Aşırlı

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda bir sıra siyasi partiyaların, ictimai təşkilatların mətbuat orqanlan da fəaliyyət göstərir, mövqe və baxışlarını ictimaiyyətə çatdırırdılar.

İki həftədə bir dəfə nəşri nəzərdə tutulan “Müsəlmanlıq” qəzeti eyniadlı firqənin mətbu əfkarı olaraq 1917-ci ilin 22 oktyabr tarixindən fəaliyyətə başlayıb. Redaksiyası Bakıda “İsmailiyyə” binasında yerləşir, 4 səhifə həcmində dərc olunurdu. Qəzet ilk sayında “Müsəlmanlıq” firqəsinin siyasi platformasını açıqlayaraq yazırdı: “Firqənin məqsədi cəmi dünyada olan müsəlmanları əsarətdən qurtarıb, istədikləri muxtariyyət, hətta istiqlala nail olmalarına müavinət etməkdir. Ümummüsəlmanların milli irtibat qayda etməkdə qəsdimizin birini təşkil edir".

“Müsəlmanlıq” qəzetinin əldə yalnız iki sayı mövcuddur. Qəzetin ikinci sayı 20 noyabr 1917-ci ildə çap olunub.

Qafqaz müsəlman mütəllimlərinin mərkəzi komitəsinin mətbu orqanı olan “Gənclər sədası” qəzeti 1917-ci ilin 9 oktyabrında nəşrə başlayıb. Əlisgəndər Heydərzadə və Əbdülvahab Məmmədzadənin rəhbərliyi ilə ərsəyə gələn “Gənclər sədası” Bakıda Nikolayevski küçədə, “İsmailiyyə” binasında yerləşir, rus və Azərbaycan türkcəsində çap olunurdu. 6 səhifəlik qəzetin 3 səhifəsində ana dilində yazılar, 3 səhifəsində isə ruscaya tərcümə olunan materiallar yerləşdirilirdi. Qəzetin əsas mövzusu Qafqazda elm və təhsilin inkişafı, müəllimlərin üzləşdiyi çətinliklər və ədəbi şəxsiyyətlərin təbliği idi. Əsas müəllif qismində Əjdər Əlizadə, Teymur Aslanov, Əbdülvahab Məmmədzadə, Adil Əlizadə, Məbud Zeynalov və Ağa Zəki Feyzullayev çıxış edirdi.

Qəzetin cəmi 4 sayı işıq üzü görüb.

1919-cu ilin fevralın 14-də ilk sayı, mayın 8-də isə sonuncu 4-cü sayı işıq üzü görən “Əfkari-mütəllim”in jurnalının təsisçisi “Türk müəllimlər cəmiyyəti” idi. Məcmuə təhsil, elm, ədəbiyyat və tarixi mövzulara toxunur, şagirdlərin milli yöndə tərbiyə olunub inkişaf etməsinə xidmət edirdi. 30-35 səhifə həcmində çap olunan jurnalın fəaliyyətinin tənzimlənməsində İsgəndər Orucovun böyük rolu vardı.

“Molla Nəsrəddin” formatından bir qədər kiçik ölçüdə nəşr olunan “Əfkari-mütəllim” Azərbaycan istiqlalının mühafizəsi, təbliğində başlıca rol oynayırdı. İstiqlalın tərənnümünə həsr olunan şeirlərin müəllifi əsasən Davud Gəncəli idi, onun şeirlərində Vətənə, xalqa məhəbbət duyğuları aşılanırdı.

Tədqiqatçı-alim Q.Dünyaminqızının yazdığına görə, məcmuənin əməkdaşları yaradıcılıq baxımdan bir-birlərindən fərqlənirdi. Əməkdaşların sayı isə çox az idi. Məcmuədə əsasən Davud Gəncəli, Xuraman Ağazadə, Asiya Axundzadə, Mirzə Abbas, Baba Cəbrayılzadə və Hüseyn Səmədzadə kimi müəlliflər iştirak edirdi. “Əfkari-mütəllim”in əsas məqsədi şagirdlərdə sağlam əxlaqi keyfiyyətlər aşılamaq, elmə, biliyə həvəs oyatmaqdan ibarət idi. Məcmuə qısa zaman kəsiyində qismən də olsa, məqsədinə nail ola bildi.

“İttihad” partiyasının sədri Qarabəy Qarabəyovun nəşr etdirdiyi “İttihad” və “Yeni həyat” qəzetlərinin də bəlli ideoloji istiqamətləri vardı.

Ceyhun bəy Hacıbəyli tərəfindən təsis olunan “İttihad”ın ilk sayı 1917-ci ilin dekabrın 4-də işıq üzü görüb. C.Hacıbəyli “Azərbaycan” qəzetinin rəhbərliyinə dəvət olunandan sonra qəzet “Rusiyada müsəlmanlıq” firqəsinin rəsmi orqanına çevrilib. 1918-ci ilin martın 31-də bolşevik və daşnak birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan sonra qəzet fəaliyyətini müvəqqəti dayandırır. 1919-cu ilin fevralından “İttihad” partiya orqanı kimi nəşrini bərpa edir. C.Hacıbəylinin redaktorluğundan sonrakı dönəmlər qəzet redaksiya heyətinin (heyəti-təhririyyə) rəhbərliyi ilə çıxıb. 1919-ci ilin aprelində isə qəzetə “Acaralı Camal” təxəllüsü ilə “Qafqaz ittihad Firqəsi”nin Mərkəzi komitə üzvü Camal əfəndi Nakaşidze baş redaktorluq edib. Lakin çox keçmir ki, Camal əfəndi partiyanı tərk edir və qəzetdən də getməli olur. Bundan sonra qəzetə əvvəl qeyri-rəsmi, 1920-ci ilin yanvarından isə rəsmi şəkildə “Qafqaz İttihad Firqə”sinin ikinci Qurultayının qərarına əsasən partiyanın sədri Qarabəy Qarabəyov rəhbərlik edir.

“İttihad”ın əsas müəllifləri Ceyhun bəy Hacıbəyli, Qarabəy Qarabəyov, Axund Molla Ələkbər Abbasquluzadə, Ceyhun bəy Tağızadə, Məhəmməd Hadi, Mirzə Bala Məhəmmədzadə, Hacı Mir Mövsüm Qasımzadə, Bəhlul Behcət idi.

Qəzet geniş proqramla fəaliyyət göstərirdi. Məqalələrin əksəriyyəti “İttihad” partiyasının siyasi mövqeyinin müdafiəsinə həsr olunurdu.

Qafqaz, Rusiya və İrandakı vəziyyətin təhlilinə də kifayət qədər yer verilirdi.

Aprel işğalından sonra qəzet nəşrini dayandırıb.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentində ən böyük fraksiyaya sahib olan “İttihad”çılar 1918-ci ilin oktyabr-noyabr aylarında “Yeni həyat” qəzetini nəşr edirlər. Məsul müdiri Q.Qarabəyov, naşiri Hacı Zeynalabdin Tağıyev olan “Yeni həyat”ın yalnız 5 sayı çap olunur. “Mənafeyimilliyyəyə xadim gündəlik türk qəzeti” olan “Yeni həyat”ın tək nüsxəsi 50 qəpik idi. Redaksiyası Bakıda, Nikolayevski küçədə 7 nömrəli evdə yerləşirdi. Qafqaz islam Ordusunun Bakını işğaldan azad etdikdən sonra, 1918-ci ilin oktyabrın 27-də ilk sayı çap olunan “Yeni həyat”da Q.Qarabəyov yazırdı: “Hər kim nə deyirsə desin, hər kim düşünürsə düşünsün, mənim qənaət-siyasim vardır ki, Nuru Paşa və onun ərkani əmiri, zabitan bəylər və əfəndilərin təhti-komandanlığında bulunan əsgərlərin bayraqları altında Qafqaziya son dərəcə Ənvər olmuş və olacaq da”.

İslam birliyinə xidmət edən bu mətbu orqan Qafqaz İslam Ordusu Bakını tərk etdikdən sonra fəaliyyətini dayandırıb.

1920-ci ilin 21 fevralında Azərbaycan Sosialist İnqilabiyyun “Xalqçı" firqəsinin mətbuat orqanı olan qəzet nəşr olunub. Firqənin adını daşıyan “Xalqçı” qəzeti sağ- esserlərin mətbu tribunası olaraq 4 səhifədə ictimaiyyətə çatdırılırdı. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasında yerləşən qəzetin ilk sayı heyəti-təhriyyə, sonrakı nömrələri isə R.Qaraşarlının baş redaktorluğu ilə işıq üzü görüb. “Haqqı mübarizələrdə alarsan” şüarı ilə çapa hazırlanan “Xalqçıda müəlliflər əsasən gizli imzalarla çap olunurdu. Qəzetin 7-ci sayı 1920-ci ilin 25 aprel tarixində çıxıb.

Azərbaycan Sosial Demokratların “Doğru yol” qəzeti 1919-cu ilin 9 dekabr tarixində mətbu aləmə qədəm qoyub. Həftədə iki dəfə nəşri planlaşdırılan qəzetin baş redaktoru ibrahim Əbilov idi. Redaksiya parlament binasında yerləşirdi. İlk sayında məqsədlərini açıqlayan “Doğru yol” bu barədə məlumat verərək yazır: “indiyədək Qafqaziyada işləyən “Hümmət” firqəsi əsas məsələlərdən naşi ilə parçalanmışdır. Bir hissəsi kommunist “Hümmət” firqəsi adı ilə işləyir, bizim mənsub olduğumuz hissə isə əvvəlki qərar üzrə indiyə qədər getdiyi yol ilə, yəni sosial-demokrat yolu ilə getməyə davam ediyor”.

Qəzetin son 5-ci sayı 1920-ci ilin 9 yanvar tarixində çap olunub.

1920-ci illərdə Bakıda bir neçə müstəqil, tərəfsiz, heç bir siyasi qüvvəyə meyl göstərməyən qəzetlərin nəşri olduqca əhəmiyyət daşıyır. Bu mətbuat orqanları sırf peşəkar xəbər siyasəti yürütməklə xalqı maarifləndirmək missiyasını həyata keçirirdi. 1919-cu ilin iyul ayının 19-da ilk sayı işıq üzü görən “Xalq sözü” qəzeti heç bir siyasi qüvvənin tribunası deyildi. Ümumi kollektiv şəkildə çapa hazırlanan bu qəzet kiçik formatda “Novruz” mətbəəsində işıq üzü görür, oxuculara çatdırılırdı, ilk sayında “Hərdən bir az” məqaləsində qəzet məramını açıqlayır: “Adam hər gün rəngbərəng xəbərlər oxuyub və eşidir ki, sonra bu xəbərlər bir-birinə qarışıb kələfin ucunu itirir. Ona görə biz də bunu nəzərə alaraq binanı o yerə qoyduq ki, bir balaca qəzet çıxardaq və uzun-uzadı olan xəbərləri müxtəsər yazaq ki, oxuyan adam oxuyanda yorulmasın, həm də biz yazanda yorulmayaq”. Jurnalistikanın yığcamlıq prinsipinə əməl edəcəyini vəd verən “Xalq sözü” bu ifadəsi ilə ölkədə nəşr olunan və siyasi məqsədlər güdən digər mətbu nümunələri tənqid hədəfinə çevirirdi.

“Xalq sözü” əsasən teleqraf xəbərləri və yerli xəbərlərin dərcinə üstünlük verirdi.

1919-cu ilin avqustun 15-də ilk sayı oxuculara çatdırılan “Müdafiə-millət” qəzeti də heç bir siyasi partiyaya, ictimai təşkilata bağlı deyildi. Yalnız 1919-cu ilin avqust ayı ərzində cəmi 4 sayı çap olunan bu qəzet mətbuat tariximizdə örnəklər qoymasa da, maraqlı, fərqli yanaşma üslubu ilə diqqəti çəkir. Qəzet Əli Həsən Bağırovun “sahibi imtiyazı” ilə Nabrejnaya küçəsində, Krasilnikovun binasında yerləşirdi. “Siyasi-ictimai bitərəf türk qəzetəsi” olan, həftədə bir dəfə oxuculara çatdırılması nəzərdə tutulan “Müdafiəi-millət” maddi baxımdan öz qəzetçilik missiyasını yerinə yetirə bilməyib.

Məram və məqsədini qısa şəkildə ilk sayında açıqlayan redaksiya heyəti oxuculara üz tutaraq yazırdı: “Azərbaycan Cümhuriyyəti daxilində intişar edən qəzetlərin hər biri bir firqənin əfkarı olaraq çıxmaqdadırlar. Hər bir qəzetə hadisatı öz nöqteyi-nəzərinə görə təhlil etməkdə, öz proqramasını tətbiq üçün çalışmaqdadır. Bina-ali bitərəflər ilə hər şeyin mahiyyəti həqiqisini araşdırmaq istəyən ərbab marağı, amal və əfkarına xadim bir qəzetənin mətbuat içərisində bulunmasına nə qədər ehtiyac olduğunu söyləmək lazımdır... Qəzetimizin heç bir firqə ilə əlaqəsi yoxdur".

Baş verən hadisələri olduğu kimi “millətin ağzından” necə çıxacaqsa, eləcə də oxuculara çatdırılacağı vədini verən “Müdafiən-millətçilər Azərbaycan Cümhuriyyətinin müdafiəsini də öz üzərinə götürürdü.

Çox təəssüf ki, peşəkarlığa önəm verən bu mətbuat orqanı 4 saydan sonra maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırır.

Azərbaycan Cümhuriyyəti dövründə milli hökumətin qərar və qanunlarını çap edən rəsmi mətbu orqanlar da nəşr olunurdu. 1919-cu II yanvarın 25-də ilk sayı işıq üzü görən “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri” adlanan qəzet rəsmi orqan idi. Azərbaycan və rus dillərində çapa hazırlanan bu mətbu nümunə 1919-cu ilin iyulun 19-da həftədə bir dəfə rəsmi xəbər və məlumatları xalqa çatdırır, hökumətin fəaliyyətindən onları xəbərdar edirdi.

1920-ci ilin yanvarın ilk günündən dövrüliyində dəyişiklik edən “Azərbaycan Cümhuriyyəti xəbərləri” həftədə iki dəfə nəşr olunmağa başlayır. “Xəbərlər”in nəşrini Azərbaycan Cümhuriyyəti Xalq Maarif Nazirliyi həyata keçirirdi.

Milli hökumətin digər rəsmi orqanı “Azərbaycan Cümhuriyyəti Hökumətinin qanun və binagüzarlığı” toplusu idi. Toplunun nəşri üçün milli hökumət 1919-cu ilin iyunun 25-də qərar qəbul edib və “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri” nəşriyyatı yanında xüsusi şöbə yaradılıb. Bu toplunun Azərbaycan və rus dillərində 4 sayı nəşr olunub.

İlk sayı 1919-cu ilin noyabrın 15-də, son sayı isə 1920-ci ilin yanvarın 1-də buraxılıb.