525-ci qəzet.-2018.-26 yanvar.-¹ 16.-S.6.; 9 fevral.- ¹ 26.- S. 6.

 

Cümhuriyyət qurucuları - Azərbaycan Cümhuriyyəti-100

 

Azərbaycanın Daxili İşlər naziri Behbud Xan Cavanşir (1877-1921)

 

Nəsiman Yaqublu

tarix elmləri doktoru

 

Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğludur. O, 1877-ci ildə Tərtər qəzasının (Sovet dövründə Mirbəşir rayonu adlanırdı) Azad Qaraqoyunlu kəndində anadan olub. Çar Rusiyası XIX əsrin əvvəllərində Qarabağ xanlığını işğal etdikdən və İbrahim xanın (Pənahəli xanın oğlu) nəslindən olanlara mənfi münasibət göstərdiyindən, onların Şuşada yaşaması da qeyri-mümkün olurdu.

B.Cavanşir 1890-cı ildə Tiflisdə alman dili təmayüllü Realnı məktəbə daxil olur. Burada o, sonradan 26 Bakı komissarlarına başçılıq etmiş, 1918-ci ilin 31 mart soyqırımında dinc müsəlman əhaliyə zorakılıqlar törətmiş S.Şaumyanla səkkiz ilə yaxın bir yerdə təhsil almışdır. B.Cavanşir Tiflisdə Realnı məktəbi başa vurduqdan sonra Almaniyanın Freyburq şəhərinə gedir və burada dünyada ilk ali-texniki məktəb sayılan Dağ-Mədən Akademiyasında təhsil alır. Qeyd edək ki, o, bu akademiyanın ilk azərbaycanlı məzunu sayılır.

Almaniyada təhsilini bitirdikdən sonra B.Cavanşir İngiltərəyə - Londona gedir, burada ingilis dilində təkmilləşdirmə kursları keçdikdən sonra 1907-ci ildə Bakıya qayıdır. Mükəmməl təhsil alan B.Cavanşirin alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini bilməsi haqqında məlumatlar vardır. Onun erməni dilini, müəyyən dövrlərdə işinə və fəaliyyətinə kömək etdiyi S.Şaumyandan öyrənməsi də qeyd olunur. Onların müəyyən münasibətlərinin olması faktlarına isə Dubinskiy - Muxadzenin 1986-cı ildə nəşr edilən "Şaumyan" kitabının 13, 108-ci səhifələrində rast gəlmək mümkündür.

B. Cavanşir Bakıya qayıtdıqdan sonra Şibayevin neft mədənlərində işləməyə başlayır. O, bu dövrdə ictimai fəaliyyətini də genişləndirir. Milyonçu H. Z. Tağıyevin başçılıq etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərliyinə seçilir, Rusiyada və Avropada təhsil alan bir neçə azərbaycanlı gəncə təqaüd verir, bəzi qəzetlərə də yardımlar edir.

1920-ci ildə Bakıda rus dilində çapdan çıxan "Zaqafqaziyada rus siyasətinə dair sənədlər kitabında aydın olur ki, B. Cavanşir Ə. Ağayevin (Ağaoğlunun) 1905-ci ildə gizli yaratdığı "Difai" Təşkilatının Mərkəzi Komitəsinin üzvü olub. O, eyni zamanda "Nicat" Cəmiyyətinin, "Rusiya Texniki Cəmiyyəti"nin üzvü olub. Bu cəmiyyətin elmi əsərlərində onun çoxlu məqaləsinin çap olunduğu qeyd edilir.

1907-ci ilin avqustun 28-də Cavanşir qəza rəisinin Daxili İşlər Nazirliyinə yazdığı məlumatda "Xeyriyyə cəmiyyəti pərdəsi" altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məhəmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovun adları qeyd olunub. Məlumatda bu ziyalıların Behbud xanın Azad Qaraqoyunlu kəndindəki evinə yığılmasından xəbərdar olduqları bildirilir.

Qeyd edək ki, B. Cavanşirin doğulduğu bölgə Cavanşir qəzası adlanırdı və qəza Çar Rusiyasının 1873-cü ildəki müvafiq qanununa uyğun olaraq təşkil edilmişdi, Mərkəzi Tərtər sayılırdı. Cavanşir qəzası AXC dövründə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində inzibati-ərazi vahidi idi. Bu bölgədə çar üsul-idarəsinə qarşı əhalinin tez-tez etiraz çıxışları olmuş, 1917-ci ildə çarizmin devrilməsindən sonra ermənilər burada yaşayan müsəlmanlara qarşı zorakılıqlar törətmişlər. 1917-ci ilin sonlarında ermənilərin bu bölgədəki kəndlərə hücumunun qarşısının alınmasında keçmiş "difai"çilərin ciddi rolu olmuşdu.

Qeyd edək ki, B. Cavanşir yüksək savada malik sənaye mütəxəssisi idi. Onun çar Rusiyası dövründə aksiyalara malik olması və bu baxımdan neft sənayeçiləri arasında yaxşı tanındığı qeyd olunmaqdadır. O, dəfələrlə neft sənayeçiləri qurultayının icraiyyə komitəsinin sədri seçilib.

B. Cavanşir 1917-ci ilin Fevral - burjua inqilabından sonra yaradılan Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir.

1918-ci ildə Bakıda baş verən Mart soyqırımının qarşısının alınmasında B. Cavanşir böyük səylər göstərir və yaradılmış barışıq komitəsinin üzvü idi.

B. Cavanşir 1918-ci ilin iyunun 17-də F. X. Xoyskinin yaratdığı hökumət kabinəsində daxili işlər naziri vəzifəsini tutur. O, bu sahədə də ciddi işlər görməyə başlayır. Həmin dövrdə onun təşəbbüsü ilə neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin maaşları neftdən gələn gəlirin üç faizi hesabına ödənilirdi.

Azərbaycanda Daxili İşlər Nazirliyi sisteminin formalaşmasında B. Cavanşirin xidmətləri danılmazdır. Məhz onun xidməti əsasında nazirlik Azərbaycan polis sisteminin inkişaf edib, xalqın milli maraqlarının qorunmasında ciddi rol oynadı. B. Cavanşirin təqdimatı əsasında Azərbaycan hökuməti 1918-ci ilin iyunun 2-də Gəncə quberniyasının 9 qəzasında polis orqanlarının təsisi ilə bağlı qərar verdi.

Qeyd etdiyimiz kimi, B. Cavanşir Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri olarkən ölkədə vəziyyət çox ağır idi. O dövrdə Azərbaycan hökuməti Gəncədə yerləşirdi və Bakıya daxil olmaq qeyri-mümkün idi. Gəncədə yerləşən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə ağır danışıqlar gedirdi. Azərbaycanın İstiqlalı M. Ə. Rəsulzadənin fikrincə "sözlə" elan edilsə də, reallaşmaq imkanı çox mürəkkəb idi. Əsas problemlərdən biri - Bakının alınması və hökumətin orada fəaliyyətə başlaması idi.

Belə bir vəziyyətdə ölkədə ictimai asayişi qorumaq, qayda, intizam yaratmaq tələb olunurdu. Bu gerçəkliyi əsas götürən F. Xoyski hökuməti ciddi qərar qəbul etmək məcburiyyətində qalmışdı. 1918-ci ilin iyunun 23-də Nazirlər Şurasının sədri F. Xoyskinin və daxili işlər naziri B. Cavanşirin imzaladığı qərarla ölkədə hərbi vəziyyət  elan edildi.

"Hökumət məlumatı" başlıqlı qərarda yazılırdı:

"Azərbaycan Respublikası hökuməti, xarici vəziyyət və ölkədə böyük daxili anarxiyanın, fövqəladə şəraitin yarandığını diqqətə alıb, bütün Azərbaycan ərazisində fövqəladə vəziyyət elan edir və Daxili İşlər Nazirliyinə Qafqaz İslam Ordusunun Baş Komandanı ilə razılaşma əsasında buna uyğun məcburi qərar hazırlamağı tapşırır.

23 iyun 1918-ci il. Elizavetpol şəhəri. Nazirlər Şurasının sədri F. Xoyski, daxili işlər naziri B. Cavanşir, Hökumətin İşlər müdiri R. Xoyski".

Azərbaycanın daxili işlər naziri olan B. Cavanşir Nuru Paşa ilə razılaşma əsasında bu qərarı həyata keçirmək məcburiyyətində idi.

1918-ci ilin sentyabrın 15-də Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən azad edildikdə, B. Cavanşir  daxili işlər naziri vəzifəsini icra edirdi. Bu - çox ağır bir dövr idi. O, qısa bir müddətdə Bakı şəhərində qayda-qanun yaradılmasında, ictimai asayişin qorunmasında mühüm tədbirlər gördü.

1918-ci ilin sentyabrın 18-dən Azərbaycan hökuməti Bakıda fəaliyyətə başladı. B. Cavanşirin başçılıq etdiyi Daxili İşlər Nazirliyi "Metropol" mehmanxanasının binasında (indiki Nizami adına Ədəbiyyat Muzeyinin binası) yerləşirdi. O, daxili işlər naziri olarkən, İçərişəhərdə Polis müdavimləri hazırlayan məktəb açılır və burada 1200-ə qədər müdavimin təhsili planlaşdırılırdı.

Behbud xan Cavanşir F. X. Xoyskinin başçılıq etdiyi II hökumət kabinəsində (17.06.1918 - 07.12.1918) bitərəf olaraq daxili işlər naziri vəzifəsində 1918-ci ilin oktyabrın 6-na qədər işlədikdən sonra, həmin dövrdə baş verən kabinədaxili dəyişikliklərdən sonra, eyni zamanda Ticarət, Sənaye və daxili işlər naziri olaraq çalışmışdır. Yəni əslində iki nazirliyin işini o, 1918-ci ilin 26 dekabrına qədər yerinə yetirmişdir.

B. Cavanşir bu vəzifədə olarkən, Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan sənədlərə imza atmışdır.

1918-ci ilin noyabrın 28-də Azərbaycan Cümhuriyyəti hökuməti ilə Şimali Qafqazın Dağlı Xalqları İttifaqı Respublikası arasında tarixi müqavilə bağlanır. Həmin müqaviləni Azərbaycan hökuməti adından ticarət və sənaye naziri Behbud xan Cavanşir və maliyyə naziri Məhəmməd Həsən Hacınski, Dağlı Xalqları Respublikası tərəfdən Bahadur bəy Molaçixan və İbrahim bəy Heydərov imzalayır. Müqavilədə aşağıdakı bəndlər var idi: 1) Şimali Qafqazın Dağlı Xalqları İttifaqı Respublikası Azərbaycan Cümhuriyyətindən faizsiz olaraq iki il müddətinə on milyon rubl faizsiz pul alır və bu ilin noyabrın 1-dən qaytarılmasına başlayır; 2) Dağlı Xalqları İttifaqı Respublikasının əkinçilik rayonlarında hakimiyyəti reallaşdırarsa, bu respublika öz borcunu hazırkı müqvilənin 3 və 4-cü bəndlərinə uyğun olaraq buğda ilə əvəz edib ödəyə bilər; 3) Respublikaların razılaşmış hər iki şəxsindən biri bir şəxsi təyin edir və sonuncular öz aralarında razılaşma əsasında üçüncü şəxsi seçir və bu üçlük komissiya formalaşdırır; 4) Bu müqavilənin 3-cü bəndinə əsasən komissiya müqavilənin müvafiq bəndləri üzrə Azərbaycan Cümhuriyyətinə veriləcək buğdanın növünü və çörəyin qiymətini müəyyənləşdirir..."

Behbud xan Cavanşir öz fəaliyyətində Azərbaycan Cümhuriyyətinin qonşu dövlətlərlə ticarət və sənaye sahəsindəki əlaqələrinə böyük diqqət yetirirdi. Onun Ticarət və sənaye naziri olduğu dövrdə Azərbaycan və Gürcüstan arasında 1918-ci ilin dekabr ayının 26-da çox əhəmiyyətli müqavilə imzalandı. Həmin müqaviləni Azərbaycan hökuməti tərəfindən B. Cavanşir, Gürcüstan hökuməti adından isə Azərbaycanda Gürcüstanın diplomatik nümayəndəsi Nikolay Karcivadze imzalamışdılar. Həmin müqavilədə aşağıdakı mühüm bəndlər nəzərdə tutulmuşdu: "1) Azərbaycandan Gürcüstana, eləcə Gürcüstandan Azərbaycana yüklərin dəmiryolu ilə rüsumsuz daşınması müəyyənləşdirilir; 2) Azərbaycan hökuməti neft və neft məhsullarının həmçinin bir milyon puddan artıq olmamaqla, Gürcüstan əhalisinin ehtiyacları üçün daşınmasına icazə verir. Daşınan neft və neft məhsullarının miqdarı müqavilə müddətində iyirmi milyon pud həcmini ötməməlidir... 5) Eyni qaydada Gürcüstan hökuməti də Gürcüstandan Azərbaycana əhalinin ehtiyacı üçün olan daş kömür və digər materialların daşınmasına icazə verir...".

Bütövlükdə 19 maddədən ibarət olan bu müqavilənin bağlanması ilə hər iki ölkənin əhalisinin zəruri mallarla təminatına imkan yaranırdı. Həmin müqavilədə Gürcüstan tərəfi çörəyin, qəndin və dərinin rüsum alınmadan aparılmasına razılaşmasa da, digər materialları Azərbaycana rüsum ödənilmədən aparmaq hüququna malik idi.

1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamenti fəaliyyətə başlayır. B. Cavanşir də Parlamentin üzvü olur. O, Parlamentdə "Bitərəflər" fraksiyasında təmsil edilirdi. 1919-cu ilin oktyabrında həmin fraksiyada parçalanma olduğundan Behbud xan Cavanşir, Bəhram Axundov və Əbdüləli bəy Əmircanov müstəqil bitərəflər qrupu yaradırlar.

Behbud bəy Cavanşirin Parlamentdəki çıxışlarına ən çox 1919-cu ildəki iclaslarda rast gəlmək mümkündür. Onun 1919-cu ilin 18 oktyabrında Parlamentin səksən beşinci iclasındakı yürütdüyü fikirlər önəmlidir.

Parlamentdə "Gömrük idarələrindən alınan vergilər barəsində" Maliyyə Naziri hüququnun genişləndirilməsi haqqında" 11-ci məsələ olaraq müzakirə edilir. Bu haqda ilk məlumatı M. Hacınski izah etdikdən sonra Ə. Cövdət bəy əlavə fikrini bildirir. Sonra söz B. Cavanşirə verilir. O, deyir: "Möhtərəm məhbuslar! Bu qanun ki, var idi - məmləkətə gələn mallara gömrük qoyulurdu ki, əvvəla vergi alındığı zaman, haradan nə qədər mal gətirildiyi məlum olsun. Saniyən də mal az gətirilsin. Fəqət indi siyasət dəyişmişdir. Onsuz da mal az gətirilir. O zaman hər tərəfdən çox mal gətirən olurdu. Rəqabət var idi. Gömrüyün də təsiri olmurdu. İndi isə gömrük gömrük qoymaq sui-təsir edir. Ona görə belə ixrac olunan mala nə qədər istəyirsiniz, gömrük təyin ediniz. Amma idxalata gömrük qoymağın məmləkətə xeyri yoxdur. Çünki gömrük qoyduqda həm mal azalır, həm də baha olur".

B. Cavanşir izahdan sonra fikrini belə yekunlaşdırır ki, idxalata gömrük qoyulmasın, mal ucuz olsun və camaat ondan faydalansın.

B. Cavanşirin çıxışından sonra A. Aşurov, M. Hacınski də çıxış edib fikirlərini bildirirlər. Parlament üzvlərinin qərarı ilə bu qanun layihəsi müzakirədən çıxarılıb maliyyə-büdcə komissiyasına göndərilir.

1919-cu ilin noyabrın 10-da Azərbaycan Parlamentinin doxsan altıncı iclası keçirilir. İclasda dinlənilən məsələlərdən biri də "Etimadnamə Komissiyasının məruzəsi"dir (Rüstəmbəyli - red.). Onun çıxışından sonra Ə. Qarayev, S. M. Qənizadə, M. Ə. Rəsulzadə, Ə. C. Pepinov, Kravçenko, M. Mahmudov, M. Şeyxzamanov çıxış edirlər. Təklif  səsə qoyulsa da, qəbul olunmur. Belə olduqda B. Cavanşir çıxış edərək deyir: "Əfəndilər, burada Əhməd bəy dedi ki, Zəngəzurdan 3 şəxs gəlib, hərə cürbəcür adam tərəfindən qol çəkdiribdir. Orada milli komitə yoxdur, bir cəmiyyət vardı ki, kasıblara kömək edirdi, ondan sonra Şeyxzamanov buyurdu ki, Zəngəzur belə gəldi, belə getdi, əvvəlinci gündən ki, biz Gəncədə idik, Dondarlı və Zəngilan bir yerdə idilər. O vaxt da Dondarlı gəlib iştirak edibdir və öz seçkilərində bir nəfər yüzbaşı Parlament üzvlüyünə qəbul göndərmişlərdi. Buraya gələndə o adam "İttihad" firqəsinə daxil olmuş və sədrimiz izahat veribdir ki, bu seçki düz deyil, o gərək öz yerində təhqiq olunsun".

Sonra B. Cavanşir belə təklif edir ki, Parlamentə üzvün ya xalq, ya da yerli komitələr tərəfindən seçilməsi aydınlaşmalıdır, əziyyət çəkilməsin.

Parlamentin 1919-cu ilin 27 noyabrında keçirilən yüz birinci iclasında 600 milyonluq "emissiya məsələsi" ilə məsələnin müzakirəsi davam etdirilir. Əsas məruzəçi S. Ağamalıoğlu olmadığından, Y. Əhmədzadə məruzə edir. Onun məruzəsindən sonra ilk olaraq Q. Qarabəyli, Malxazov, S. Ağamalıoğlu (o, sonradan iclasa gəlib - red.), Ə. Cövdət, M. Əfəndizadə, M. Ə. Rəsulzadə çıxış edirlər.

Müzakirə olunan məsələyə B. Cavanşir belə münasibət bildirir: "Möhtərəm məbuslar! Bir məmləkətin yaşamasından ötrü iki şey lazımdır: biri maliyyə, biri də qoşun. Qoşun da maliyyəsiz yaşamaz. Məmləkət üçün müəyyənləşmiş maliyyə siyasəti lazımdır. Görək bu, varmı?.. Heç bir dövlətdə bizim dövlət qədər dövlət yoxdur. Bizim pullarımızın Gürcüstan və Ermənistan pullarından heç fərqi yoxdur, bəlkə onlardan qiymətlidir. Lakin maliyyə siyasətimiz yoxdur. Buna görə də pulumuzun qiyməti düşür. Bu gün 600 milyon pulu patriotizm və siyasət nöqteyi-nəzərilə gərək qəbul edək. Ola bilməz ki, pul buraxıla və xərc oluna və siz də onu qəbul etməyəsiniz. Məmurların məvacibi verilmirsə, əlbəttə bu barədə daxildə iğtişaş əmələ gələr. Amma görək hökumət bu işin başında duranların patriotizmi barəsində hanki işləri bizə təsdiq etdirəcək. O qanunlar ki, nazirlərə verilibdir, o qanunlar onlar üçün mütləq olmalıdır".

B. Cavanşir çıxışında ölkənin idarə olunması üçün təcrübəli adamların önə çəkilməsini əsas sayır. O, vacib bir məqamı da vurğulayır: "Məmləkətin xəzinəsini saxlamaq, bir şəxsin öz evini saxlaması kimidir".

B. Cavanşir çıxışında ölkəyə müxtəlif səbəblərdən gəlib məskunlaşmış insanlardan, onların dövlətə fayda verməsi vacibliyindən danışır: "Buraya hər tərəfdən qaçıb gələnlər, məsələn Denikindən, bolşevikdən qaçmışlar, ticarət ilə çalışırlar. Onlar nə əsgər verirlər, nə də məmləkət ilə bir əlaqələri vardır. Onların fikirləri cürbəcür pisliklər ilə məmləkəti batırmaq və nəticədə əzməkdir. Vaxta ki, siz bizim içimizdə olursunuz, bolşevikdən, menşevikdən qaçıb, burada yaşayırsınız, heç olmazsa bizə kömək ediniz. Onun bir azını da bizə veriniz".

Hökumətdə tutduğu  vəzifələrdən uzaqlaşdıqdan sonra o, əsas fəaliyyətini Parlamentdə davam etdirir. Eyni zamanda o, 1919-cu ilin iyulun 18-də "Dəyanət" kommersiya şirkəti açır və xarici ticarətlə məşğul olur.

B. Cavanşir təhsil aldığı Almaniyadan yumşaq buğda növləri gətirib Qarabağda əkinçilikdə istifadə etmişdi. Maraqlıdır ki, Qarabağa ilk avtomobili gətirən və bu bölgənin yollarını abadlaşdıran da B. Cavanşir olmuşdu.

O, 1918-1920-ci illərdə Bakıda təntənəli "Azərbaycan gecələri" konsertinin və bir çox cəmiyyətlərin təşkili də onun adı ilə bağlıdır.

Bəzi araşdırmalarda B. Cavanşirin də M. Hacınski ilə birlikdə Sovet Rusiyası ilə yaxınlaşmaq, diplomatik münasibətlər qurmaq cəhdləri qeyd olunur.

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra peşəkar mühəndis kimi tanınan və xariclə güclü əlaqələri olan B. Cavanşir neft sənayesi sahəsində çalışmışdır. Həmin ilin sonunda N. Nərimanov onu müasir neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərir. B. Cavanşir yolüstü İstanbulda həmyerlisi Ə. Ağaoğlunun evində qalır. Bir gecə küçə ilə gedərkən arxadan Daşnaksütun partiyasının üzvü Torlakyan tərəfindən atılan güllə ilə qətlə yetirilir.

Tanınmış tədqiqatçı V. Quliyevin "Ağaoğlular" kitabında həmin hadisəni Əhməd bəyin qızı Sürəyya xanım belə təsvir edir: "Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək, atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi. Azərbaycanın daxili işlər naziri olmuş Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir, xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə bağındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən onlar evimizi tərk edib "Pere Palas" mehmanxanasında yerləşdilər. Ertəsi gün səhər tezdən Behbud xanın axşam "Pere Palas" mehmanxanasına gələrkən, bir erməni tərəfindən vurulduğunu eşitdik".

B. Cavanşirin qətli ilə bağlı aparılan məhkəmə prosesindən aydın olur ki, o, İstanbula 1921-ci ilin iyun ayının 25-də həyat yoldaşı Tamara Velkovskaya (o, rus xanımı idi), qardaşları Surxay və Cəmşidlə birlikdə gəlib. B. Cavanşirin həyat yoldaşının məhkəmədəki ifadələrindən məlum olur ki, o, qatili gördükdə onun bir neçə gün əvvəl onunla Təpəbaşı baxçasında qarşılaşdıqları yadına düşür. Məlum olur ki, erməni terrorçu onları izləyirmiş.