Paralel. - 2018.- 28 dekabr. - ¹ 225. - S. 10.
Azərbaycanda nümunəvi multikultural birgəyaşayış modeli formalaşıb
Yüksək tolerantlıq mədəniyyəti cəmiyyətimizin təhlükəsizliyi üçün böyük potensialdır
Dekabrın 26-da paytaxt Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Din və ideoloji təhlükəsizlik" mövzusunda konfrans keçirilib.
Komitədən verilən məlumata görə, tədbirdə DQİDK-nın rəhbərliyi, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili işlər, Gənclər və idman, Təhsil nazirlikləri, Qafqaz Müsəlmanları İdarəsi və digər qurumların məsul şəxsləri, millət vəkillər və jurnalistlər iştirak ediblər.
Belə bir tədbirin keçirilməsi, bu sahədə müşahidə olunan gərginliklərin müzakirə olunması zərurətindən irəli gəlib.
Çünki son zamanlar dünyada müxtəlif qüvvələrin öz geosiyasi maraqlarını həyata keçirmək üçün din amilindən istifadə etdikləri heç kimdə şübhə doğurmur. İnsanların daha həssas yanaşdıqları dini və milli dəyərlərə istinad edərək öz məkirli niyyətlərini həyata keçirməyə çalışın bəzi radikal qüvvələr, bu yolla bir çox ölkələrdə qarşıdurma və gərginlik yaratmaqla həmin dövlətlərdə daxili sabitliyin pozulmasına nail ola biliblər.
Ara-sıra ölkəmizdə də, mövcud vəziyyəti gözü götürməyən, dövlətimizin qüdrətindən, ölkədəki inkişafdan xoflanaraq kimlərinsə təkidi ilə mövcud sabitliyi pozmağa cəhd edən qüvvələr meydana çıxırlar. Onların məkirli niyyətlərinin qarşısı dövlət tərəfindən qanun çərçivəsində qətiyyətlə alınır. Lakin, bu o demək deyil ki, bu hallar bir daha baş verməyəcək. Azərbaycanın inkişafını, xalqın rifahının yüksəlişini qısqanclıqla qarşılayan bəzi radikal qüvvələr hər zaman fürsət gözləyirlər ki, öz çirkin əməllərini həyata keçirsinlər. Bu mənada dini-ideoloji təbliğatın genişləndirilməsi, həm də ölkəmizin milli təhlükəsiliyinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov da bildirib ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir.
Dünyada dini zəmində baş verən münaqişələr nəinki genişlənir, eyni zamanda dərinləşir. Natiq həmçinin qeyd edib ki, bu kimi təzahürlərin qarşısı zamanında alınsaydı, bu gün dünyada bu qədər münaqişə ocaqları yaranmazdı.
Azərbaycanda mövcud olan duruma münasibət bildirən Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycanda dini durum tam sabitdir, bütün dini konfessiyaların nümayəndələrinə bərabər münasibət göstərilir, Azərbaycandakı tolerantlığa, multikultural mühitə həm də dünya birliyi tərəfindən yüksək qiymət verilib. Səyavuş Heydərov qeyd edib ki, bütün bunlara böyük zəhmət və əsası Ulu Öndər Heydər Əliyev tərəfindn qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən siyasət nəticəsində nail olunub: "Bu gün Azərbaycandakı sabitliyi, inkişafı gözü götürməyən qüvvələr var və onlar siyasi müstəvi ilə yanaşı dini zəmində də Azərbaycana təsir göstərməyə çalışırlar. Azərbaycan müsəlman ölkələri arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi üçün ciddi işlər görür, lakin bəzi müsəlman ölkələri bizə dini zəmində təzyiq göstərməyə cəhdlər edirlər. Dövlətimiz güclüdür və bu neqativ tendensiyaların qarşısını almaq üçün həm hüquqi müstəvidə, həm də maarifləndirmə baxımından lazımi tədbirlər görür".
Bununla belə, nəzərdən qaçırmaq olmaz ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir. Müşahidələr göstərir ki, dünyada mövcud olan ziddiyyətlərin, müharibələrin kökündə əsasən dini və etnik zəmində baş verən münaqişələr dayanır. Dünyadakı ictimai-siyasi gərginlik, o cümlədən baş verən münaqişələrin dini və etnik zəmində olması, həm regiona, həm də beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır.
Komitənin sədr müavini çıxışında qeyd edib ki, dünyanın bir sıra güc mərkəzləri öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din amilindən istifadə edirlər. Dini və milli-mənəvi dəyərlər bəzi maraqlı qüvvələrin öz məkirli niyyətlərini həyata keçirmək üçün istifadə etdikləri alətə çevrilib. Xüsusilə, son dövrlərdə dinin siyasiləşdirilməsi istiqamətində həyata keçirilən işlər, bu təhlükəli tendensiyanın genişləndiyini deməyə əsas verir. Dinin bu formada yayılması və təqdim edilməsi olduqca təhlükəlidir. Yaxın Şərq və xüsusən də ərəb ölkələrində baş verən və bu gün də davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan, milli təhlükəsizliyə nəzarət etmək çox çətindir.
Buna görə də dünyada din pərdəsi altında cərəyan edən proseslərin artım dinamikasını nəzərə alaraq dini təhlükəsizlik məsələsinin daim diqqət mərkəzində saxlanılması olduqca vacib problemlərdən biridir.
Azərbaycanda tarixən formalaşan yüksək tolerantlıq mədəniyyəti cəmiyyətimizin təhlükəsizliyi üçün böyük potensialdır. Dünyanın əksər ölkələrində mövcud olan dini və milli-etnik ayrı-seçkilik ölkəmizdə heç zaman müşahidə olunmayıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda nümunəvi multikultural birgəyaşayış modeli formalaşıb.
Konfransda "Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri" mövzusunda çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov vurğulayıb ki, respublikamızda həyata keçirilən din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir: "Bununla yanaşı, konfessiyalararası münasibətləri, dinlərarası dialoqu, tolerantlıq mühitini qoruyub saxlamaq əsas prioritet istiqamətlərdən biridir".
Sədr müavininin sözlərinə görə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazası formalaşdırılıb: "Azərbaycan dünyəvi dövlət olaraq, bütün dinlərə eyni münasibət sərgiləyir, tolerant və multikultural dəyərləri təşviq və təbliğ edir".
G.İsmayılov dini radikalizmə qarşı mübarizədə həyata keçirilən ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb.
O, qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği olduqca vacibdir. Çünki ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır, tam əksinə, insanları hər zaman birliyə və həmrəyliyə çağırır.
Qeyd etmək lazımdır ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də, dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Bu gün bəzi dini qruplar bunu məqsədli şəkildə edirlər və bununla da, müxtəlif təriqətlər arasında qarşıdurmalar yaratmağa çalışırlar.
Bu gün cəmiyyətimizi dini radikalizmin təsirlərindən qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olması ən vacib şərtlərdən biridir. Bunun üçün isə dini maarifləndirmə sahəsində görülən işlərin intensivliyini və keyfiyyətini artırmaq lazımdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. Xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti xüsusi önəm daşıyır.
Millət vəkili milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviqində, dinin ictimaiyyətə düzgün çatdırılmasında da media təmsilçilərinin üzərinə böyük öhdəlik düşdüyünü xüsusi qeyd edib. Millət vəkili olmaqla yanaşı, həm də qəzet baş redaktoru olan Hikmət Babaoğlu bildirib ki, jurnalistlər dinimizin təbliğini, məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqelərini açıq-aydın ortaya qoymalıdırlar.
"Din və terrorçuluq: əks qütblər" mövzusunda məruzə ilə çıxış edən deputat Elman Nəsirov respublikamızda dinlər və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirib ki, bir sıra ölkələrdə məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur və Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır.
Ölkəmizdə dini radikalizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlərindən söz açan millət vəkili bu mübarizədə vəhdətin və həmrəyliyin vacibliyini önə çəkib. "Bəzi xarici qüvvələr radikal qruplara dəstək verərək onların vasitəsilə İslamı gözdən salmağa, dinimizi terrorla eyniləşdirməyə, müsəlman ölkələrində münaqişələr yaratmağa cəhdlər edirlər. Ancaq yaddan çıxarırlar ki, islam sülh və əmin-amanlıq dinidir".-millət vəkili deyib.
Konfransda çıxış edən Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verərək, bu mübarizənin məqsədlərindən və əsas prinsiplərindən danışıb. 2015-ci ildə "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunduğunu qeyd edib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev çıxışında vurğulayıb ki, sabit, tolerant, regionun ən qüdrətli ölkəsi olan Azərbaycan xarici qüvvələrin təhdidlərindən kənarda deyil. O, tədbir iştirakçılarını ölkəmizdə ekstremist ideyaların yayılması cəhdlərinə, habelə humanitar yardım adı altında fəaliyyət göstərən missionerlərə qarşı ayıq-sayıq olmağa səsləyib.
Konfransda çıxış edən digər nümayəndələr də, dini radikalizmə qarşı mübarizənin vacibliyindən və ölkəmizdə bu təhdidlərə qarşı görülən işlərdən söz açıb eyni zamanda qarşıda duran vəzifələrdən danışıblar.
“Paralel”in Araşdırma Qrupu