Paralel. - 2018.- 27 dekabr. - ¹ 224. - S. 10.

 

"Bakı prosesi" multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir

 

Qarşılıqlı dialoq və əməkdaşlıq olmadan dini və milli dözümlülüyə nail olmaq mümkün deyil

 

Son illər qloballaşan dünyamızın siyasi palitrasında çox böyük çəkişmlər, qarşıdurmalar müşahidə olunur. Bu darşıdurmalarda daha çox din amilindən istifadə olunması, problemin xüsusiylə təhlükəli xarakter aldığını deməyə əsas verir. Dünyada multikulturalizmin iflasa uğradığını iddia edən bəzi qüvvələrin, din amilindən istifadə etməklə öz ambisiyaların həyata keçirmək cəhdləri, bu təhlükəni daha da artırır. Dini və milli-etnik ayrı-seçkilik son nəticədə terrora, insan qırğınına, separatizmə, islamofobiya, antisemitizmə və dini radikalizmə gətirib çıxarır. Dünyada bu proseslərin qarşısına ala biləcək yeganə yol, bütün dinlər və millətlər arasında dözümlülük, qarşılıqlı anlaşama yarada biləcək multikulturalizm və tolerantlıq siyasətinin gerçəkləşdirilməsidir. Qarşılıqlı dialoq və əməkdaşlıq olmadan, dünyada sülhə, həmrəyliyə, dini və milli dözümlülüyə nail olmaq mümkün deyil. Elə bu səbəbdən də, Azərbaycan dövləti təməli Ulu Öndər Heydər Əliyev tərəfndən qoyulan və bu gün Prezidenti İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilən multikulturalizm və tolerantlıq siyasəti bütün sivil cəmiyyətlərdə bir örnək kimi qəbul olunur.

Məlum olduğu kimi belə bir ünvana sahib olmaq heç də asan başa gələn məsələ deyil. Azərbaycan dövlətinin illərlə davam etdirdiyi tolerantlıq və multikulturalizm prinsiplərinə söykənən siyasəti və onun dünyaya uğurlu təqdimatı, artıq ölkəmizin vizit kartına çevrilib. Bu da öz növbəsində, qədim tarixə malik ölkəmizdə mövcud olan milli və dini həmrəyliyi xalqımızın milli koduna çevrilməklə regionda sabitliyin və barışın bərqərar olmasına imkan yaradıb.

Prezident İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi tolerantlıq və multikulturalizm siyasətinin də əsas hədəfi, Azərbaycanın bu irsinin təbliği, çağdaş dünyamızda dini, etnik dözümsüzlük zəmnində baş qaldıran  ayrı-seçkilik siyasətinin ifşa olunması və bəşəriyyətin birgəyaşayış modelini dağıtmağa can atanların qarşısına sədd çəkməkdir.

Azərbaycan bunun üçün böyük tarixi təcrübəyə, kifayət qədər resurslara malik bir dövlətdir. Ölkəmiz əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla yanaşı, həm də digər dinlərin yayıldığı bir məkan olub. Azərbaycan eyni zamandan islam dininin yayılmasında və regionda müsəlman intibahının bərqərar olmasında əhəmiyyətli rol oynayıb. Bütün bu amillər Azərbaycan ərazisində islam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına geniş imkanlar yaradıb.

Bu da məlum həqiqətdir ki, dövlətin qüdrətini müəyyən edən təkcə iqtisadi gücü və siyasi nüfuzu deyil, həm də ölkədə milli və dini birliyi təmin edən humanitar siyasətdir. Məhz, bu siyasət sayəsində ölkədə sosial-siyasi sabitlik təmin olunur. Humanitar siyasətin əsas sütunları isə tolerantlıq və multikulturalizmdir. Bu baxımdan Azərbaycanın qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi heç də təsadüfi deyil. Azərbaycanın bu gün dünyaya təqdim etdiyi multikulturalizm modeli tolerantlıq baxımından, digər modellərdən kəskin fərqlənir. Bu fəqlilik, multikulturalizmin Azərbaycan modelinin təbliğində də özünü göstərir.

Bu gün dünyada xalqların dini inanclarını siyasi alver alətinə çevirən bəzi avantürist siyasətbazlar dini zəmində süni münaqişələr yaradaraq, bunu guya baş verən zorakılıq faktlarının əsası kimi təqdim etməyə çalışırlar. Bəzi Qərb dövlətlərinin dini ayrı-seçkilik şüarlarına söykənərək, apardıqları bədnam siyasət, mövcud dünyamızın gerçək reallığına çevrilib. 

Nəticədə minlərlə insan dini etiqadına və etnik mənsubiyyətinə görə, müxtəlif təhdid və təzyiqlər məruz qalır.

Bu gün Azərbaycan cəmiyyətində mövcud olan tolerantlıq nümunəsinin xaricdə təbliği, ölkəmizin bəşəri dəyərlərə sadiqliyini göstərməklə yanaşı, eyni zamanda bütün dünyaya bir çağırışdır. Prezident ilham Əliyevin də, dəfələrlə çıxışlarında qeyd etdiyi kimi, multikulturalizmin alternativi yoxdur, multikulturalizmin alterintivi separatizm, islamofobiya, antisemitizm və radikalizmdir. Bu kimi təzahürlərin qarşısının alınması üçün ilk növbədə dinlər və sivilizasiyalar arasında dialoqa və əməkdaşlığa nail olmaq lazımdır. Bu, həm də Azərbaycan dövlətinin uğurla həyata keçirdiyi dövlət-din siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan 2018-ci ildə də bu prinsiplərə sadiq qalıb və barış missiyasını uğurla davam etdirib.

Ölkəmizdə və ölkəmizdən kənarda həyata keçirilən bir çox beynəlxalq təbdirlərin təşkilatçısı və iştirakçısı olan Azərbaycanın multikulturalizm və tolerantlığın təbliği istiqamətində gördüyü işlər, bütün nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

Belə tədbirlər sırasında, bu gün bütün dünyada "Bakı prosesi" kimi tanınan mədəniyyətlər və dinlərarası dialoq prosesinin 10 yaşının tamam olması da, mühüm yer tutur. "Bakı prosesi" multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir və Prezident İlham Əliyevin dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırış kimi dəyərləndirilir.

Heç şübhəsiz ki, ölkəmizdə dövlət-din münasibətlərinin formalaşmasında, multikulturalizmin və tolerantlığın təbliğində Qafqaz Müsəlmanları İdarəsinin, eləcə də onun sədri Allahşükür Paşazadənin böyük xidmətləri var. Dinlər və xalqlar arasında daha da yaxşı münasibətlərin qurulmasında dini liderlərin birgə fəaliyyəti də böyük əhəmiyyət kəsb edir.

Bu baxımdan QMİ sədri Allahşükür Paşazadənin iştirak etdiyi tədbirlər, QMİ-nin təşkilatçılığı ilə dünyanın bir çox ölkələrində keçirilən konfranslar, dəyirmi masalar və digər tədbirlər də, Azərbaycan dövlətinin bu istiqamətdə geriçəkləşdirdiyi siyasətin təbliğinə böyük töhfələr verir.  Şeyx həzrətlərinin həmin tədbirlərdə Azərbaycanda mövcud olan müxtəlif dini konfessiyanın liderləri ilə birgə iştirakı, ölkəmizdəki dini həmrəylik ideyasının gerçəkliyinin dünyaya sübutudur.

Əvvəlki illərdə olduğu kimi, bu il keçirilən beynəlxalq tədbirlərin də əsas məqsədi qarşılıqlı nifrəti və dini zəmində təqibləri pisləməklə yanaşı, müxtəlif dini konfessiyaların həmrəyliyinin vacibliyini təbliğ etmək olub.

Bu tədbirlərdə əsas diqqətçəkən məqamlardan biri də,   hökumətlərə ünvanlanan çağırışlardır. Həmin çağırışlarda qeyd olunur ki, bu gün hökumətlərlə dinlər arasında münasibətlərdə müəyyən edilən harmoniya hər iki tərəf üçün vacibdir. Bu harmoniya və qarşılıqlı razılaşma olmadan dövlət-din münasibətlərin tənzimləmək çox çətin olar.

Şeyxülislam Allahşükür Paşazadənin 2018-ci ildə Rusiyaya, Qazaxstana, Avstriyaya, Almaniyaya, Şimali Qafqaz bölgəsinə səfərləri, orada keçirdiyi görüşlər böyük bir arealı Azərbaycanın irəli sürdüyü prioritetlərin təbliği üçün unikal  məkana çevirib.

Şeyx həzrətlərinin İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, eləcə də xristian dininin rəhbərləri ilə olan şəxsi münasibətləri də, Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətin reallaşmasına xidmət edir.

Təəssüflə qeyd etmək lazımdır ki, bu gün dünyanın müxtəlif ölkələrində törədilən terror aktları, insan qırğını, separatizm, islamofobiya, antisemitizm, sivilizasiyalar arasında qütbləşmə halları, dinlər və millətlərarası dialoq prosesinə ciddi zərbə vurur. Lakin nə yaxşı ki, dünyada Azərbaycan kimi dövlətlər var. Yaşanan bütün faciələrə baxmayaraq, dünyanı məhvərindən çıxarmağa qoymayan əbədi mənəvi dəyərlər, bu dəyərləri qoruyaraq inkişaf etdirməyi qarşısına məqsəd qloyan, insanlar və dövlətlər var.

Bu baxımdan Azərbaycan da dünyaya öz təcrübəsini yaymaqla belə bəşəri dəyərləri bölüşdüyünü və bütün dövrlərin qabaqacıl maarifçilərinin və dövlətlərinin arzu etdiyi humanist prinsiplərə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirir.

 

Bu gerçəkliyi qəbul etməmək mümkün deyil.

 

“Bu gün dünyanın əksər ölkələrində bəzən insanlar islamofobiya, ksenofobiya ilə qarşılaşırlar. Azərbaycanda isə bütün dinlərə mənsub insanlar azad, rahat şəkildə yaşayırlar. Bu baxımdan Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir”.

Bu fikirləri Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi arxiyepiskop Pol Fitzpatrik Rassel Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə dilə gətirib.

Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu, ölkəmizin milli siyasətinin müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların yanaşı yaşaması, dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini bildirən şeyx həzrətləri həmçinin qeyd edib ki, müxtəlif dinlərin mövcud olduğu Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma halları baş verməyib. "Ölkəmizdə hər zaman qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlər mövcud olub".

Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında daim səmimi dostluq münasibətləri mövcud olub. Bu münasibətlər Prezident İlham Əliyevin qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində gördüyü işlərin nəticəsidir.

Şeyx həzrətləri onu da diqqətə çatdırıb ki, millətləri və dinləri bir-birinə daha yaxın edən mühüm siyasi təşəbbüslərlə yanaşı, Azərbaycan həm də dünyanın ayrı-ayrı yerlərində müxtəlif humanitar və xeyriyyə layihələri həyata keçirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İtaliyada bir çox tarixi abidələrin bərpası buna bariz nümunədir.

 

 “Paralel”in Araşdırma Qrupu