Xalq qəzeti. - 2018.- 26 dekabr. - ą 292. - S. 9.

 

Prezident İlham Əliyev və multikulturalizmin Azərbaycan modeli

 

Etibar Nəcəfov,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri,

fəlsəfə elmləri doktoru, professor

 

Multikulturalizmin Azərbaycan modeli cəmiyyətdə mövcud olan etnik, dini və mədəni müxtəlifliyin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasını təmin edən ən mükəmməl modellərdən biridir. Bu modelin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Müasir dövrdə isə onun uğurla inkişaf etdirilməsi ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsi sahəsində örnək dövlətlərdən biri olmuş, bu sahədə böyük nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlər ölkəmizin həm daxili, həm xarici siyasətində özünü aydın şəkildə göstərir.  

Müasir dövrdə, xüsusilə də qloballaşma şəraitində, etnik, irqi, dini və ya mədəni müxtəlifliyin mövcud olmadığı ölkəni tapmaq müşkül məsələdir. Dünyanın hər bir ölkəsində qeyd olunan müxtəlifliyin ən azı birinə, yaxud bir neçəsinə və ya hətta hamısına rast gəlinir. Bu müxtəlifliklər hər bir xalqın həyatında əhəmiyyətli yer tutur. Belə ki, bu, xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə, onların dünyagörüşünün və fəaliyyətlərinin əsası kimi həyatlarında müsbət rol oynayır. Bu müxtəlifliklər cəmiyyətdə olan çoxmədəniyyətliliyi əks etdirir. Sözün geniş mənasında işlədilən multikulturalizm termini çoxmədəniyyətlilik termininin sinonimi kimi çıxış edir. Buna görə də heç təsadüfi deyil ki, müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə yaşadıqları ölkələri biz multikultural cəmiyyət adlandırırıq.

Multikultural cəmiyyətin formalaşmasına müəyyən ərazidə uzun illərdən bəri müxtəlif xalqların birgə yaşamaları, miqrasiya prosesləri, xalqlar arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bu kimi bir sıra digər mühüm faktorlar təsir göstərmişdir. Bu faktorların təsiri nəticəsində formalaşan multikultural cəmiyyət daha sonra dövlət tərəfindən idarə olunmalıdır. Daha konkret desək, qeyd olunan faktorlar nəticəsində yaranan etnik-mədəni müxtəlifliklər tənzimlənməlidir. Belə ki, bu müxtəlifliklər dövlət tərəfindən düzgün tənzimlənmədikdə cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli ölkə üçün böyük praktiki əhəmiyyət kəsb edən bir məsələdir.

Sözün geniş mənasında, multikulturalizm termini çoxmədəniyyətlilik termininin sinonimi kimi işlədilirsə, sözün dar mənasında bu termin cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur.

Yeri gəlmişkən, qeyd edək ki, multikulturalizm cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərlə bağlı dövlətin üzləşdiyi problemlərin həll edilməsinin mümkün siyasət modellərindən biridir. Bir siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən Kanada və bu siyasət modelini qəbul edən digər dövlətlər etnik, irqi, dini və mədəni müxtəliflikləri əsasən iki siyasət modeli – assimilyasiya və ya izolyasiya siyasətləri vasitəsilə tənzimləməyə çalışıblar. Lakin tarixi hadisələrin sonrakı gedişatı etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn assimilyasiya və izolyasiya siyasət modellərinin səmərəsizliyini göstərdi. Belə ki, müasir ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə assimilyasiya siyasətinin düzgün olmadığı kimi, qloballaşma, mədəniyyətlərin qovuşduğu bir şəraitdə izolyasiya siyasətinin də yanlışlığı müəyyən olundu. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin iflasa uğraması ötən əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən biri olmuşdur.

Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi assimilyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumaqla yanaşı, izolyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Eyni zamanda, milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir. Başqa sözlə desək, multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərini nə assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm titul etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin hazırlayır.

Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Multikulturalizmin ölkəmizdəki etnik, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət modeli kimi meydana gəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildən bəri Azərbaycan Respublikasının multikulturalizm siyasəti ulu öndərin layiqli davamçısı, ölkə ­Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsi sahəsində örnək dövlətlərdən biri olmuş, bu sahədə böyük nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlər ölkəmizin həm daxili, həm də xarici siyasətində özünü aydın şəkildə göstərir.

Multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyəsidir. Demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması özünü ölkəmizdə dini azadlıqların təmin edilməsində; bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında; dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsində; dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında büruzə verir. Azərbaycandakı dövlət-din münasibətlərinin sadalanan bu cəhətlərinin hər biri böyük nailiyyətdir. Dünya ölkələrinin əksəriyyətində, hətta inkişaf etmiş Avropa ölkələrində, ABŞ-da bu cəhətlərə rast gəlmək mümkün deyil. Məsələn, bu nailiyyətlərdən birini – ölkəmizdə dinlərin və dini məzhəblərin qanun qarşısında bərabər olmasını götürək. Azərbaycan Respublikasının əhalisinin 96 faizi müsəlman olmasına baxmayaraq, dövlət dinlər arasında nəinki heç bir ayrı-seçkiliyə yol vermir, hətta dini qurumlara lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Rəsmi məlumata əsasən, 2003-cü ildən bəri Azərbaycanda 250-yə yaxın məscid tikilmiş və ya təmir edilmişdir. Belə məscidlərdən Bibiheybət, Təzəpir, Əjdərbəy, Heydər məscidlərini, İmamzadə Dini tarixi Mədəni Mərkəzini və başqalarını göstərmək olar. Eynilə rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri işlərində dövlət öz lazımi köməyini göstərir. Son dövrdə Bakıda və ölkənin müxtəlif regionlarında çoxsaylı rus pravoslav, gürcü pravoslav, Alban-udi, alman lüteran kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir və bərpadan sonra dindarların istifadəsinə verilmişdir. 2008-ci ildə Bakıda Roma-katolik kilsəsi inşa edilmişdir. Dövlətin maliyyə yardımı ilə 2003-cü ildə Avropa yəhudiləri, 2011-ci ildə isə Dağ yəhudiləri üçün yeni sinaqoqlar inşa edil-mişdir.

Və yaxud ölkəmizdəki dövlət-din münasibətlərinə xas olan digər bir nailiyyəti götürək: ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanmasını. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasətinin mühüm nəticələrindən biri ölkəmizdə fəaliyyət göstərən dini icmaların bir-biri ilə sıx əməkdaşlıq etməsidir. Onlar bir-birinin ibadət evlərinin tikintisinə, bərpasına və təmirinə qarşılıqlı yardım edirlər. Məsələn, Avropa və Dağ yəhudiləri üçün yeni sinaqoqların tikintisində Qafqaz Müsəlmanları İdarəsi, Rus-Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası da yaxından iştirak etmişlər.

Qeyd etmək lazımdır ki, Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. Məsələn, XIX əsrin sonlarına yaxın Bakıda “Qızıllı kilsə” kimi tanınan “Aleksandr Nevski” kilsəsinin inşası zamanı toplanmış ianənin böyük hissəsini müsəlmanlar vermişdilər. Müasir dövrdə bu mütərəqqi ənənənin inkişaf etdirilməsi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasətinin mühüm məqsədlərindən biridir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri bir-birinin tədbirlərində iştirak edirlər. Azərbaycanda dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması bir çox ölkələrdə müşahidə olunan dini separatizmin qarşısını alaraq cəmiyyətdə inteqrasiya proseslərini daha da gücləndirir. Azərbaycandakı dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev deyir: “Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk” .

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi multikulturalizm siyasəti ölkədə dövlət-din münasibətlərini yüksək səviyyəyə qaldırmaqla yanaşı, Azərbaycanda yaşayan müxtəlif xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması və bunun nəticəsində onların cəmiyyət daxilində inteqrasiyasını təmin etmişdir.

Azərbaycan Respublikasında yaşayan milli azlıqların hüquq və azadlıqları ölkə Konstitusiyası və digər normativ hüquqi aktlarla qorunur. Bundan başqa, Azərbaycan Respublikası milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur. Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarla milli azlıqların sıx yaşadıqları bölgələrdə sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və s. sahələrdə böyük layihələr həyata keçirilir.

Hazırda ölkədə milli azlıqların müxtəlif məsələləri ilə, o cümlədən onların etnik-mədəni dəyərlərinin qorunması ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatları (QHT), milli mədəniyyət mərkəzləri, ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir. Bu qurumlar və ölkədə fəaliyyət göstərən digər QHT-lər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müvafiq qrant layihələri ilə müraciət edərək maliyyə yardımları almaq imkanına malikdir. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə milli azlıqların dillərində nəşr edilən mətbuat orqanlarına maliyyə yardımları göstərilir.

Hazırda Azərbaycanda yaşayan milli azlıqların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur. Azərbaycan radiosunda kürd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən müntəzəm radio verilişləri aparılır, milli azlıqların kompakt yaşadığı bölgələrdə 5 yerli teleradio kanalı fəaliyyət göstərir.

Azərbaycanda tədrisi rus dilində olan 300-dən çox orta məktəb var. Dövlət və özəl ali məktəblərdə rus dilində təhsil almaq üçün bölmələr vardır. Bundan başqa, tədrisi ləzgi dilində olan 108 (I- IX siniflər), talış dilində olan 225 (I-IV siniflər) məktəb fəaliyyət göstərir.

Müasir dövrdə Azərbaycanda olan multikultural durumu daha da möhkəmləndirmək məqsədilə Prezident İlham Əliyevin göstərişi ilə bir sıra mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı 28 fevral 2014-cü il tarixli sərəncamla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti (indi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası, multikulturalizm və dini məsələlər şöbəsi adlanır) təsis edilmiş, 15 may 2014-cü il tarixli fərmanla isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Prezidentin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili”, 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmişdir. Prezidentin 11 mart 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası  rəhbərinin 10 fevral 2017-ci il tarixli sərəncamı ilə “2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi ili" elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir. Bu təsisatların və sərəncamların hər biri Azərbaycanın multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinə yönəlmişdir.

Beləliklə, müasir dövrdə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, ölkədə yaşayan müxtəlif xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması və bunun nəticəsində onların cəmiyyət daxilində inteqrasiya etməsi  multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olmasını və ona təsir etməsini göstərir. Multikulturalizm Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi kimi cəmiyyətdəki etnik-mədəni müxtəliflikləri tənzimləyərək inteqrasiya proseslərinin dərinləşməsinə səbəb olur. Dərinləşən inteqrasiya prosesləri isə öz növbəsində etnik və dini zəmində baş verə biləcək münaqişələrin qarşısını alır.

Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm onun xarici siyasətinə təsir edir. Bu, bir növ qanunauyğunluqdur. Bu qanunauyğunluq daxili və xarici siyasət arasında olan münasibətdən irəli gəlir. Bu münasibətdə daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Və əksinə, ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətinin təcavüzkar olmasına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradan əsas səbəblərdən biridır.

Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici rol oynaması ideyasına əsaslanaraq, Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin ölkənin xarici siyasətinə müsbət təsir göstərdiyinin nəticəsində bu sahədə əldə etdiyi müəyyən uğurların səbəblərini anlamaq mümkündür. Əgər ölkə daxilində Azərbaycan Respublikasının multikulturalizm siyasəti cəmiyyətdəki etnik, dini və mədəni müxtəlifliyin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, ölkələrarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətlərindən asılı olmayaraq, bütün ölkələrlə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə, öz növbəsində, dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün əlverişli şərait yaradır.

Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri bütün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Qeyd edək ki, bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atmışdır. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikona daxil olmuş “Bakı prosesi” ni qeyd etmək olar.

“Bakı prosesi” müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. “Bakı prosesi” təşəbbüsünü ilk dəfə ­Prezident İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Prezident İlham Əliyev “Bakı prosesi”nin tarixi və əhəmiyyəti haqqında 2015-ci ilin may ayında  Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında aşağıdakıları söyləmişdir: “2008-ci ildə də “Bakı prosesi” bizim təşəbbüsümüzlə başlamışdır. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna “Bakı prosesi” adı verilib. Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir.”

“Bakı prosesi”nin əsas məqsədlərindən biri mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişaf etdirilməsidir.

Regional təşəbbüs kimi yaranan“Bakı prosesi” 2010-cu ildən qlobal hərəkata çevrilməyə başladı. “Bakı prosesi”nin keyfiyyətcə yeni olan bu inkişaf mərhələsi də Prezident İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən ­Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməsini elan etmişdir: “Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, etnik qruplar və fəlsəfələr arasında birgə yaşama və dözümlülük məkanı olmuşdur. Sivilizasiyalar İttifaqının Dostlar Qrupunun fəal üzvü kimi Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan bu ilin yazında 32 dövlətin dini rəhbərlərinin Ümumdünya Sammitini təşkil etmiş, 2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq naminə Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış etmişdir”.

Bu çıxışın ardınca cənab Prezident 27 may 2011-ci il tarixində “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nı imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq, hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməsi nəzərdə tutulur. 2011-ci ildən indiyədək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoqun 4 forumu ilə yanaşı, “Bakı prosesi” çərçivəsində təşkil olunmuş digər mühüm tədbirlərdən ölkəmizdə 2010-cu ilin 26- 27 aprel tarixlərində keçirilmiş Dünya Dini Liderlərinin Sammitini, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü, 2016-cı və 2018-ci illərdə keçirilmiş Beynəlxalq Humanitar forumları, 2016-cı ilin 25-27 aprel tarixlərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu göstərmək olar.

Mütərəqqi dünya ictimaiyyəti mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsində “Bakı prosesi”nin rolunu yüksək qiymətləndirir. Məsələn, BMT-nin Baş katibi Antonio Quterreş ötən ilin sentyabr ayında keçirilən bu təşkilatın Baş Assambleyasının 72-ci sessiyasında “Bakı prosesi”ni 2008-ci ildən bəri  mədəniyyətlər arasında dialoqu müdafiə edən ön təşəbbüs kimi dəyərləndirmişdir.

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının uğurla apardığı xarici siyasətin, o cümlədən ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında həyata keçirdiyi böyük layihələr nəticəsində artdığı nüfuzun məntiqi nəticəsi olaraq 2011-ci il 24 oktyabr tarixində BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan bu təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi. 155 ölkənin dəstəyi ilə Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil etmək imkanı qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi “aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində öz mövqeyini ifadə edir.”

Beləliklə, multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinə təsiri cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasında özünü büruzə verirsə, onun ölkəmizin xarici siyasətinə təsiri özünü etnik-mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə respublikamızın hərtərəfli əlaqələrinin inkişafında göstərir. Bu isə öz növbəsində dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün münbit zəmin yaradır.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən multikulturalizmin siyasəti bu siyasətin ilk dəfə meydana gəldiyi bir sıra Qərb ölkələrində 2010-cu illərin əvvəllərindən bəri ciddi problemlərlə üzləşir. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, Avropanın aparıcı ölkələrinin (Böyük Britaniya, Fransa, Almaniya) başçıları multikulturalizmə inamlarını itirərək, bəyan etdilər ki, bu layihə özünü doğrultmadı və uğursuzluğa düçar oldu. Onlar multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olması səbəbindən iflasa uğradığını rəsmi olaraq bəyan etdilər. Onlar bu siyasətin səmərəsizliyini ölkələrində məskunlaşmış etnik və dini azlıqların cəmiyyətə inteqrasiya olunmaq istəmədikləri ilə əsaslandırırdılar. Bu dövlətlərin ümumi mövqelərini 5 fevral 2011-ci ildə 47-ci Münxen Təhlükəsizlik Konfransındakı çıxışında Böyük Britaniyanın sabiq Baş naziri Devid Kameron belə ifadə etmişdir: “Dövlət multikulturalizmi” doktrinası müxtəlif mədəniyyətləri öz adət-ənənələri ilə yaşamalarına dəstək verməklə cəmiyyətdə inteqrasiya proseslərinin qarşısını alır. Bunun nəticəsində müxtəlif icmalar, xüsusilə də, müsəlman icması cəmiyyətdəki liberal dəyərləri inkar edərək demokratik cəmiyyətimizin dəyərlərinə zidd olan dəyərləri təbliğ edirlər. Bu isə dini ekstremizmin baş qaldırması üçün şərait yaradır.”

Azərbaycan Respublikası hətta multikulturalizm siyasətinin ilk dəfə meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. “Azərbaycan multikulturalizmi”, “multikulturalizmin Azərbaycan modeli” terminləri siyasi leksikonda geniş istifadə olunmaqdadır. Müasir dövrdə bir sıra ölkələr tərəfindən Azərbaycan Respublikasının multikulturalizm sahəsində əldə etdiyi təcrübə öyrənilir. Bu təcrübənin əhəmiyyəti haqqında Prezident İlham Əliyev deyir: “Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır” .