Kaspi. - 2018.- 26 dekabr. - ą 223. - S. 15.
Bakının neft sənayesində erməni talanı
Onlar Balaxanı, Sabunçu, Ramana, Zabrat kəndlərində yerli əhalini aldatmaq yolu ilə çoxlu torpaq sahələri ələ keçirmişdilər
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
Bütün tarixi sənədlər, arxiv materialları, tədqiqat əsərləri sübut edir ki, Bakı neftini talan edənlərdən biri də ermənilər olub. Bu talanın kökü 19-cu yüzilliyə gedib çıxır və bu işdə onlara dəstək verən də çar hökuməti idi.
Bakı neftinin tarixi ilə bağlı yazılan tədqiqatlardan aydın olur ki, qraf Vorontsovun Qafqaz canişini təyin edilməsi ilə Bakıda neft hasilatı sahəsində böyük bir canlanma başlayır. Canişin neftdən dövlət xəzinəsinə böyük gəlir gələcəyini düşünərək, neft çıxarılması ilə yaxından maraqlanır və bu işə rəvac verir. Ona görə də, canişin vaxt itirmədən Bakıda olan bütün neft quyularının miqdarı və onların məhsuldarlığı barədə geniş məlumat toplayaraq hökumətə məlumat verir.
Əslində burada canişinin də böyük maddi marağı var idi. Çünki, çar hökuməti 142 desyətin torpağı general Lazereva, knyaginya Qaqarinə və Qafqaz canişini Vorontsov-Daşkova pulsuz hədiyyə vermişdi. Bu torpaqların da əksəriyyəti ən məhsuldar neft quyuları yerləşən Balaxanı neft sahəsinin payına düşürdü.
1877-1878-ci illər Bakı nefti tarixində "fantanlar dövrü” kimi adlandırılır və həmin dövrdə Bakıda fəaliyyətdə olan "Bakinskaya izvestiya” qəzeti (1878-ci il 47-ci sayı) yazırdı: "Neft çay kimi axır, böyük gölməçələr əmələ gətirirdi”. Deyilənlərə görə, hətta canişin qayıqla bu göllərdə gəzmək fikrinə də düşüb, lakin güclü külək buna aman verməyib.
1872-ci ildə neft sənayesində iltizam sisteminin ləğv edilməsi işgüzar və əmək fəallığının misilsiz sıçrayışını şərtləndirdi. İki onillik ərzində heyrətamiz, başgicəlləndirici dəyişikliklər baş verdi: maşınlı sənayeyə keçid başa çatdı, neft işinin bütün sahələrinin texniki cəhətdən yenidən qurulmasına başlandı. Bəzi tarixçilər belə yazır: "1898-1901-ci illərdə Bakı, neft hasilatına görə dünyada birinci yeri tuturdu. 1876-cı ildən başlayaraq 1914-cü ilədək neftçıxarma 70 dəfə artmışdı”.
Belə bir vaxtda Bakı neftini talan edənlər arasında erməni sahibkarlar da vardı. Bu haqda tədqiqatçı yazar Qılman İlkin böyük təəssüf hissi ilə yazırdı: "Bakı neft sənayesində erməni sahibkarlarının həyasızlığı son həddini aşmışdır. Onlardan Mirzoyev, Sarkisov, Qukasov, Şagedanov və onlarca başqaları Bakının Balaxanı, Sabunçu, Ramana, Zabrat kəndlərində yerli əhalini aldatmaq yolu ilə çoxlu torpaq sahələri ələ keçirmişdilər”.
Amma bununla da kifayətlənməyərək bu kəndlərdə yaşayan əhalini tamamilə köçürmək və kəndlərin bütün torpaqlarına yiyələnmək üçün Qafqaz canişinindən tutmuş imperatoradək ardı-arası kəsilmədən ərizələrlə müraciət edirdilər. Çörəyi diz üstündə olan dığaların həyasızlığı o dərəcəyə çatmışdı ki, torpaqları əllərindən alınan kəndliləri nə mədənlərində işə götürürdülər, nə də öz evlərində yaşamağa imkan verirdilər. Bu vəziyyət 20-ci yüzilliyin əvvəllərinə kimi davam etmişdir. Ziyalılarımız da bunun üçün çox narahat idilər. Dövrünün tanınmış publisisti Əliağa Həsənov məsələni (onun, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maliyyə və bank sisteminin formalaşmasında böyük xidmətləri olub) "Həyat” qəzetində belə şərh edirdi: "...mədən sahiblərinin tamamilə erməni olması və kənd camaatlarının tamamilə müsəlman olması səbəbindən, bu məsələyə həddindən artıq əhəmiyyət vermək lazım gəlir. Çünki ixtilaf və iğtişaş hələ də sönməmişdir”.
Təbii, çar hökuməti də həmişəki kimi, müsəlmanları "quldur, soyğuncu, qanicən” kimi qələmə verərək, məsələni sadiq nökərləri olan ermənilərin xeyrinə həllinə etməyə can atırdı. Bunun nəticəsi idi ki, XX əsrin əvvəllərində Bakının neft sənayesi sahəsində mövcud olan 167 müəssisədən cəmi 49-u azərbaycanlı kapitalistlərinin əlində idi. Ermənilərin isə 55 firması vardı. Qalan 21 firma rusların, 10 firma əcnəbilərin, 17 firma yəhudi kapitalistlərinin, 6 firma isə gürcü sahibkarların əlində idi.
Yalnız öz xoş güzəranlarını təmin etmək üçün Bakıya gələn bu neft talançılarının bir məqsədi var idi. "Bakı neftinə sahib olmaq və onu talamaq”. 19-cu yüzilliyin ortalarında "Qafqaz canişini Aleksandr İvanovic Baratınskinin xahişi ilə Pirallahı adasındakı zavod ömürlük onun sərəncamına verilmişdi. Bütün sahə 100 desyatin torpaqdan ibarət idi. Bu zavodda neftdən hazırlanan məhsullar 1864-cü ildə Moskvada keçirilmiş ümumrusiya sərgisində yüksək qiymətə layiq görülmüşdü.
Bakı neftinin sayəsində ağ günə çıxan bu dığalar elə Bakının özündə azərbaycanlılara qənim kəsildilər. 1905-06-cı illər qırğını, 1918-ci il mart faciəsi və s. buna sübutdur.
Bu siyasət Sovet dövründə də davam etdi. Nənəmin sözü olmasın, hələ "beş də artıq”. Qırmızı ordu Azərbaycanı işğal etdiyi ilk gündən Bakı nefti ciddi nəzarətə götürüldü və sisternlər, gəmilər, tankerlər gecə-gündüz aramsız olaraq şimala neft daşımağa başladılar. Bu talan siyasətinə birbaşa "Azərneft”in ilk rəisi, "Rusiyanın neft kralı” adlandırılan, Bakıda heç kəsi saya salmayan, Moskvada bircə Leninlə hesablaşan, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Bakı Komitəsinin birinci katibi Levon Mirzoyanın ən yaxın dostu, azərbaycanlıları sevməyən, onları hər an alçaltmaqdan həzz alan, ələ sala-sala təhqir edən, küçə söyüşü söyən, çox əzazil, pafosla qışqırmağı, yekəxanalığı sevən, ədəb-ərkandan çox uzaq olan Aleksandr Pavlovic Serebrovski rəhbərlik edirdi. Onun rəhbərliyi zamanı neft, benzin, yağ hasilatının miqdarı gizli saxlanırdı. O, 1920-ci il aprelin 28-dən iyunun 10-a qədər - 40 gün ərzində Rusiyaya 5 milyon ton, o zamanın ölçüsü ilə 250 milyon pud neft göndərdi.
Serebrovskidən sonra "Azərneft”ə Barinov, Slytski və daha kimlər rəhbərlik etsə də, məqsəd, amal dəyişmədi: Bakı neftinə sahib olmaq, onu talamaq! Bu talançılıq çar Rusiyası dövründə də belə idi, sovet dövründə də..