Paralel. - 2018.- 26 dekabr. - ¹ 223. - S. 10.

 

Azərbaycan beynəlxalq aləmdə mədəniyyətləri və dinləri bir araya gətirən ölkə kimi tanınır

 

Markus Qrubel:"Azərbaycan multikulturalizmi region və dünya ölkələri üçün böyük nümunədir"

 

Dünyada tolerantlığın, multikulturalizmin bərqərar olmasının əsas yollarından biri, dinlər və sivilizasiyalararası dialoqdan keçir. Bu da məlum həqiqətdir ki, dialoq və əməkdaşlıq yolu ilə bütün müşkül məsələlərin belə, həllini tapmaq mümkündür. Bunun üçün ilk növbədə tərəflərin anlaşması lazımdır. Çünki qarşılıqlı anlaşma dialoqa, dialoq isə əməkdaşlığa gətirib çıxarır.

Bu gün dünya miqyasında baş verən qarşıdurmaların başılca səbəbi dinlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın çatışmamasıdır.

Burada bir məsələni xüsusi qeyd etmək lazımdır ki, bəzi Qərb dövlətlərinin multikulturalizmin iflasa uğraması iddialarından sonra bu anlaşılmazlıqların sayı daha da artıb. Bu dövlətlərin irəli sürdüyü iddiaların tam əksinə olaraq, bütün dünyada multikulturalizmin qorunması və inkişaf etdirilməsi yolunu tutan Azərbaycan dövlətinin fəaliyyətini, dünyanın əksər dövlətləri və beynəlxalq qurumlar da yüksək qiymətləndirirlər.

Bu qiymətləndirmənin nəticəsidir ki, Avropanın və Asiyanın qovuşağında yerləşən, həm Avropa Şurasının, həm də İslam Konfransı Təşkilatının üzvü olan Azərbaycan dövləti tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Azərbaycan multikulturalizmi isə dünyanın bir çox yerlərində nümunə kimi təbliğ olunur. Bu təbliğatın əsasını isə ölkəmizdə və ondan çox-çox uzaqlarda keçirilən çoxsaylı tədbirlər təşkil edir.

Belə tədbirlərdən biri də, noyabr ayının ortalarında Almaniyanın Berlin şəhərində keçirilib. "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilən tədbir Qafqaz Müsəlmanları İdarəsi(QMİ) nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dinin Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının təşkilatçılığı ilə baş tutub.

Almaniya cəmiyyətinin müxtəlif təbəqələrindən olan üç yüzdən çox nümayəndənin qatıldığı tədbirdə Azərbaycan və Almaniyanın dövlət, ictimaiyyət, elm və din xadimləri, o cümlədən dünyanın 40-a yaxın ölkəsindən müxtəlif dini konfessiyaların, beynəlxalq təşkilatların rəhbərləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin himayədarlar və məşvərət şuralarının üzvləri, Almaniyada akkreditə olunan diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Almaniya dövlətinə və xalqına, o cümlədən tədbir iştirakcılarına çatdırıb”. "Azərbaycanda elan olunan "Multikulturalizm İli" və "İslam Həmrəyliyi İli" ümumbəşəri əhəmiyyətli dəyərlərə verdiyimiz önəmin bariz nümunəsidir. Azərbaycanın bu örnək modelinin təməli ümummilli liderimiz Heydər Əliyevin müdrik zəkasının məhsulu olan azərbaycançılıq məfkurəsi ilə qoyulub və bu gün Prezident İlham Əliyevin qlobal səyləri sayəsində inkişaf edir, dünyaya təqdim olunur", - deyə şeyx həzrətləri bildirib.

Tədbirdə qeyd olunub ki, dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycan Prezidenti multikulturalizm və dini həmrəylik ideyalarını fəal təbliğ və təşviq etməklə, insani həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir.

Şeyx həzrətləri qeyd edib ki, Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. "Biz fəxr edirik ki, Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən qabaqcıl bir ölkə kimi tanınır. Bu yaxınlarda Almaniya Kansleri xanım Angela Merkelin Azərbaycanı ziyarət etməsi Almaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi baxımından əhəmiyyətli hadisə oldu".  Allahşükür Paşazadə həmçinin qeyd edib ki, Azərbaycanda 200 ildir alman icmaları mövcuddur, onlar bizim multikultural cəmiyyətimizin ayrılmaz hissəsidirlər və ölkəmizin tamhüquqlu vətəndaşları olaraq burada yaşayırlar.

Konfransda çıxış edən Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov diqqətə çatdırıb ki, Azərbaycan dünyada multikulturalizmin dövlət siyasəti olduğu azsaylı ölkələrdən biridir. Dövlət bu siyasətin həyata keçirilməsində, onun prinsiplərinə riayət olunmasında, tolerantlıq və azad yaşam, azad diz və sərbəst dini  etiqat siyasətinin həyata keçirilməsində aparıcı rol oynayır. Azərbaycan dövləti cəmiyyətdə dağıdıcı meyillərin qarşısını almaq məqsədi ilə multikulturalizm siyasətinin ölkənin suverenliyinə, ərazi bütövlüyünə, demokratik inkişafına və onun milli təhlükəsizliyinə xidmət etməsi üçün əlindən gələni əsirgəmir.

Bu siyasət dövlətimizin başçısı, prezident İlham Əliyev tərəfində də hərtərəfli dəstəklənir və himayə olunur.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çıxış edərək bildirib ki, Azərbaycan ta qədim zamanlardan müxtəlif dini etiqadların daşıyıcılarının sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşadığı ölkələrdən biri olub. Azərbaycan xalqına xas olan tolerantlıq dəyərləri ölkəmizdə bu günə qədər sülh şəraitində birgəyaşayışın və mədəni müxtəlifliyin qorunub saxlanılmasında müstəsna rol oynayıb. "Nəticədə, Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən və dözümsüzlüyün bütün formalarını rədd edən dəyərlər məkanı kimi öz mövqeyini saxlamağa müvəffəq olub", - deyə Komitə sədri qeyd edib.

Bu da danılmaz faktdır ki, təməli Ulu Öndərimiz Heydər Əliyev tərəyindən qoyulan dövlət-din münasibətləri modeli zamanın tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib və təkmilləşdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxışı zamanı qeyd edib ki, Azərbaycan həm etnik, həm dini, həm də məzhəb baxımından çox zəngin ölkədir.  Ölkəmizdə bütün tarixboyu fərqli dini və etnik icmaların nümayəndələri Azərbaycan xalqı ilə bərabər yaşayıb və onların arasında heç bir anlaşılmazlıq müşahidə olunmayıb. Bu ənənə bu gündə davam etdirilir və, artıq multikulturalizmin Azərbaycan modeli ifadəsi siyasi leksikonumuzun ayrılmaz termininə çevrilib.

Dövlət-din münasibətlərinin ədalətli tənzimlənməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən səfir deyib: "Ümummilli Lider Azərbaycanı multikulturalizmin dövlət siyasətinin mühüm tərkib  hissəsi olan nadir ölkələrdən biri səviyyəsinə gətirib çıxarıb. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir".

 

Tədbir daha sonra beynəlxalq təşkilatların nümayəndələrinin və qonaqların çıxışları ilə davam edib.

 

"Heç kəs dini etiqadına görə təhdid oluna bilməz. Biz insanları və fərqliliyi sevməliyik. Bu, dünyada sülhün bərqərar olmasının əsasını təşkil edir. Biz həmişə şərə qarşı mübarizə aparmalıyıq. Şər dünyamızda yayılmamalıdır",- deyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bildirib ki, müharibələr, ksenofobiya, islamofobiya bugünkü dünyamızın acı reallığıdır. O, bütün münaqişələrin, ziddiyyətlərin dialoq və müzakirələr aparmaqla həll oluna biləcəyini qeyd edərək deyib: "Dialoq həmişə müdriklərin seçimi olub. Biz vahid amal uğrunda çalışmalı, sülh yolu ilə getməliyik. Sülhü, əmin-amanlığı təbliğ etməli və möhkəmləndirməliyik".

Almaniya Hökumətinin dini azadlıqlar üzrə müvəkkili Markus Qrubel təəssüflə bildirib ki, bu gün dünyanın bir çox ölkələrində mədəni müxtəliflik, ifadə azadlığı yalnız sənədlərdə yer alır, cəmiyyətə nüfuz etmir. Almaniyada da dini və irqi ayrı-seçkiliyə cəhdlər göstərilir. "Biz buna qarşı gücümüzü səfərbər etmişik. Azərbaycan multikulturalizmi region və dünya ölkələri üçün böyük nümunədir",-Markus Qrubel deyib.

İƏT İslam tarix, incəsənət və mədəniyyət araşdırmalar mərkəzinin (IRCICA) baş direktoru Xalid Eren tədbirin Azərbaycanın təşəbbüsü ilə reallaşdığını xüsusi qeyd edib: "Bu gün dünyada islamofobiya, ksenofobiya meyilləri durmadan artır. Biz multikulturalizm ideyasının istənilən dövlətin siyasətində əsas yeri tutmasını istəyirik".

İskəndəriyyə və bütün Afrika Papası və Patriarxı II Teodoros konfransın əhəmiyyətindən bəhs edərək bu cür konfransların mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun təşviqi baxımından önəmini vurğulayıb. O, deyib: "Biz çalışırıq ki, fəaliyyətimizi dünyada mövcud olan çağırışlara uyğun quraq. Mədəniyyətlərarası dialoq işimizin təməlini təşkil edir. Bu dialoq hazırkı dövrdə xüsusilə vacibdir. Dini ayrı-seçkilik bütün bəşəriyyət üçün əsas təhlükədir".

Tunisin sabiq prezidenti Məhəmməd Monsef bildirib ki, hər bir insan bütün bəşəriyyətin vacib və ayrılmaz hissəsidir. Ona görə də insanların kütləvi qırğınlarına, müharibələrə son qoyulmalıdır. Mövcud ziddiyyətlər, yalnız qarşılıqlı dialoqlar və müzakirələrlə həll edilməlidir.

Almaniya-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans Eberhard Şlayer təmsil etdiyi forumun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini bildirərək, qeyd edib ki, hazırda dünyada aclıq, təcavüz, miqrasiya kimi iqtisadi və sosial problemlər mövcuddur. Bu məsələlərin həlli üçün isə dialoq və qarşılıqlı əməkdaşlıq tələb olunur. Bura müxtəlif dinlərin nümayəndələrinin, ictimai xadimlərin dialoqu da daxildir.

Azərbaycanın Almaniya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaşlardan biri olduğunu qeyd edən Bundestaqın üzvü, Şərq tərəfdaşlığı üzrə məruzəçi Nikolas Löbel deyib ki, Azərbaycan Şərqlə Qərbin qovuşduğu yerdə bir pəncərədir. Azərbaycan gənc, güclü və demokratik prinsipləri olan ölkədir.

Konfransda çıxış edən çoxsaylı qonaqların ölkəmizin multikulturalizmin və bəşəri birgəyaşayışın təbliği istiqamətində gördyü işlər yüksək qimətləndirməsi, onu deməyə əsas verir ki, Azərbaycan dövləti düz yoldadır.

 

 “Paralel”in Araşdırma Qrupu