Olaylar. - 2018.- 25 dekabr. - ¹ 229. - S. 6.

 

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi

 

Nizami Cəfərov,

akademik. millət vəkili

 

(əvvəli ötən sayımızda)

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında dil, ədəbiyyat məsələlərinə daim xüsusi diqqət göstərilir. Müasir beynəlxalq münasibətlər şəraitində ana dilini həm inkişaf etdirmək, həm də qorumaq həqiqətən də çox əhəmiyyətli məsələdir.Prezident İlham Əliyevin münasibət göstərir ki, dövlətimiz həqiqətən xalqın arzuları, idealları ilə yaşayan bir dövlətdir...

Türkçülük, müsəlmançılıq və müasirlik triadası bugün  Azərbaycanda klassik formulunda (və tipologiyasında) tətbiq edilməklə qalmayıb mərhələnin (və dövrün) tələblərinə  uyğun olaraq yaradıcılıqla  yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü  tarazlaşdırılmış, humanist və uzaqgörən (mövcud problemlərin tezliklə həllinə  yönəlmiş perspektivli) siyasətin nəticəsidir.

Müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında  hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin, fikrimizcə, mühüm əlamətlərindən  dördüncüsü hesab oluna bilər. Nə üçün? Ona görə ki, hər hansı ideologiya, nə qədər mütərəqqi olsa da, özünü təcrid edirsə, həm tarixi (passiv), həm müasir (aktiv), həm də gələcək (perspektiv) çox müxtəlif (biri digərini inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan) ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.

Azərbaycan xalqı (və dövlətçiliyi) tərəfindən azərbaycançılıq  ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif (və qaynar!) ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Və bu  proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq də edə bilməz. Lakin Azərbaycan  xalqının milli ideologiyasının nəinki  danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində (fəlsəfəsində və ya metafizikasında) üç tamamilə  humanist (və insan cəmiyyətinin təhtəlşüur, yaxud təbii bir şəkildə, "müdaxiləsiz" yaratdığı!) dəyər komponenti ifadə olunur:

1) etnik mənsubiyyət;

2) dini mənsubiyyət;

3) dünyəvi mənsubiyyət.

Bu ideologiyada öz əksini  tapmış fəlsəfə və ya metafizikada, eləcə də onun mənsub olduğu (və onu yaradan) xalqın təfəkküründə  nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur. O var ki, Azərbaycan xalqı da, dünyanın  bütün digər xalqları kimi, müəyyən  bir etnik mənşəyə, müəyyən  bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi,  müasir dünyanın üzvi tərkib  hissəsidir...

Beşinci  əlamət Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün ardıcıl mübarizə aparılmasıdır ki, bunun  müsbət nəticələrini görməmək mümkün deyil.

Tarixi taleləri elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin  bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının  vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz (hətta min!) illərlə necə məskun olmuşdursa bu gün də məskundur... Ona görə də  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin - Dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan  dövlətçiliyi tərəfindən uğurla davam  etdirilməsi heç bir alternativ qəbul eləməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu (hətta fəlsəfəsini) bütövləşdirən konseptual hadisədir. Hər şeydən əvvəl ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni mental  xüsusiyyətlərin, eyni adət-ənənələrin daşıyıcısıdırlar. Və onların eyni bir dilləri - Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi mövcuddur...

Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi-inzibati sərhədləri aşaraq bir-birlərilə sıx ünsiyyətə  girmələri, ümummilli  maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani  (ümumbəşəri!) bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb bütün millətə xasdır...

Azərbaycan xalqının (və insanının) dünyanın inkişaf etmiş xalqları (və insanları)  ilə müqayisədə ikinci, hətta üçüncü dərəcəli olması kompleksinin sürətlə aradan qaldırılması baxımından görülən işlərə (və onun uğurlu nəticələrinə), fikrimizcə, altıncı  əlamət kimi baxmaq olar.

Etiraf etməliyik ki, azərbaycanlılarda uzun on illər (hətta əsrlər!) belə bir  kompleks olmuşdur. Ziyalıların öz ana dillərindən (və prinsip etibarilə, mənsub olduqları xalqdan) imtina edib müxtəlif əcnəbi dillərdə danışıb yazmaları, özlərinə əcnəbi  soyad formaları qəbul etmələri və s. həmin "gerilik" kompleksinin təzahürləri (və nəticələri) idi ki, milli tarixin son mərhələsinə qədər bu və ya digər dərəcədə davam edirdi... Ancaq bu gün heç bir azərbaycanlı özünü nə bir rusdan, nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir.  Və milli qürur yalnız sözdə deyil, həm də  işdə, əməldədir. Ölkədə abadlaşan, "yeni rəmzlər"ini yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik  texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş  beynəlxalq uğurlar Azərbaycan  insanını mənən, ruhən yüksəldən, əgər belə demək mümkünsə, onun  katarsisini təmin edən elə hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb  onun (Azərbaycan insanının) gələcək taleyini, xarakterini müəyyən edir. Və  bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının  tarixində həmişəlik olaraq İlham Əliyevin adı ilə qalacaqdır...

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin yeddinci əlaməti həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə (bu sahələrin təsəvvürə gətirilməsi belə çətin olan çox geniş spektrində) beynəlxalq əlaqələrin, başqa sözlə,  Azərbaycan-Dünya dialoqunun zəngin təcrübəsinin  qazanılmasıdır.

Bu isə ilk növbədə o deməkdir ki, azərbaycançılıq ideologiyası (və Azərbaycan xalqının milli idealları), bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalıb, "özümüz deyib, özümüz eşidək" prinsipi ilə mövcud olmur, universallaşır, hüdudlarını genişləndirir, ümumən insan ( və dünya) təfəkkürü mövqeyindən görünüb etiraf olunur... Tarixi (və cari) rəqibləri açıq mübarizəyə çəkir, onların hansısa gizli "laboratoiyalar"da hazırlanmış məkrli planlarını alt-üst edir...

Beynəlxalq "Dialoq"lara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş bir miqyasda müxtəlif ideyaların, ideologiyaların həmsöhbət olmasına inamla münsiflik etdikcə azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradiqmalara yiyələnir...

Səkkizinci əlamət Azərbaycan xalqının intellektual səviyyəsinin yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli  özünüifadə (və özünütəsdiq)  metodlarının, üsullarının və vərdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsidir.

Etiraf etmək lazımdır ki, azərbaycançılıq ideologiyasının gənc nəsil tərəfindən bu qədər kütləvi (və intellektual!) səviyyədə mənimsənilməsi heç bir mərhələdə mümkün olmamışdır...

Azərbaycanın regionda, ümumən beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyukturluluğu ilə  tanınan dünyanın "haqq-hesab"ından kənarda qalıb təcrid olunmaması, çox güman ki,  doqquzuncu  əlamətdir.

Və bu əlamətin özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli ideologiyası çevik, elastik, diplomatik resurslara  yiyələnmiş, hər hansı "gözlənilməz" ideoloji hücumlara qarşı müqavimət (hətta əks-hücum) "immunitetlər"i qazanmışdır...

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin onuncu əlaməti həmin ideologiyanın inkişafı üçün geniş perspektivlər təmin etməsidir ki, bu, milli ideologiyanın (azərbaycançılığın) gələcəyi barədə tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir. Xüsusilə o mənada ki, azərbaycançılıq ideologiyası qarşısında bu gün polemika üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin ideologiyanın təkamülünü ya ləngidəcək, ya da süni şəkildə sürətləndirəcək heç bir konyuktur müdaxilə yoxdur.

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki  mövqelərini inamla yüksəltməkdədir.

Bugünkü Azərbaycan gerçəkliyinin bütün dünyada diqqətçəkən bir cəhəti də müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm hesab oluna bilər.

Bütün bu deyilənlər yalnız bugünlə məhdudlaşmayıb Azərbaycan insanının gələcək taleyini, xarakterini də müəyyən edir. Bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının yeni tipli, modern düşüncəli lideri Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixi ildönümünün xoş duyğularını yaşamaqda davam etdiyimiz bir məqamda azərbaycançılıq məfkurəsinin dünya boyu uğurla yayılmasını, soydaşlarımızı vahid bir hədəfə - milli həmrəyliyə səfərbər etdiyini düşünmək olduqca qürurverici bir duyğu-düşüncədir. Yeni ildə və qarşıdakı mərhələdə milli dövlətçilik məfkurəmiz olan azərbaycançılığa daha uca mövqe, xalqımıza möhkəm birlik, sarsılmaz həmrəylik arzu edirik!