Paralel. - 2018.- 21 dekabr. - ¹ 220. - S. 10.

 

Milli-mənəvi və dini dəyərlərimizə dövlət siyasətinin tərkib hissəsidir

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, dini maarifləndirmə işinə böyük töhfə verəcək

 

 Məşhur siyasi xadim, Hindistanın dövlət müstəqilliyinin banisi  Mahatma Qandi hələ multikulturalizm anlayışının mövcud olmadığı bir dövurdə belə, deyirdi "Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür". Həqiqətən dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir. Bu gün bütün dünya dövlətlərinin qarşısında duran əsas problemlərdən biri də, qarşılıqlı hörmət və dözümlülükdür, yəni müasir dildə desək, tolerantlıq və multikulturalizmdir.

Bu baxımdan qloballaşan dünyamızda öz yeri və sözu olan Azərbaycanda mövcud olan tolerantlığın və multikulturalizmin dünyaya nümunə kimi göstərilməsi də, təsadüfi deyil.

Ölkəmizdə dini azlıqların hüquqlarının qorunması və təminatı  qədim zamanlardan mövcud olan tarixi həqiqətdir. Azərbaycan dövləti müstəqillik əldə edildikdən sonra isə bu sahədə çox mühüm və ciddi addımlar atılıb. Belə ki, 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib və zaman keçdikcə dövrün tələbinə uyğun olaraq, həmin qanuna müvafiq düzəlişlər olunub. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir".

Bu hüquqların qorunması üçün isə Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab edib. Bu islahatlar çərçivəsində Ulu Öndər Heydər Əliyev 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq edib. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranan Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etmək, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi eyni zamanda ölkədə dini durumda gərginliyin yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi kimi məsələlərə də, ciddi nəzarət edir. Komitə dini mərasim adı altında müxtəlif antidövlət meyili şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün də mövcud dini duruma lazımi nəzarəti təşkil edir. Dini Komitə həmçinin bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir.

Bununla yanaşı, Dövlət Komitəsi dini məsələlərə dair müxtəlif seminar, dəyirmi masalar təşkil edir, ölkəmizdə mövcud olan dini icmaların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir.

Bu görüşlərin və təbliğatın nəticəsidir ki, Azərbaycanda yüksək tolerantlıq nümayiş edildiyini, burada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi ölkəmizə səfər edən müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən etiraf edilib. Məsələn, 2006-cı il fevral ayının 28-dən mart ayının 5-dək Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Komissiyasının Din və əqidə azadlığı üzrə Xüsusi Məruzəçisi Asma Cahangir cəmiyyətdə mövcud olan dözümlülük səviyyəsinin xoş təəssürat yaratdığını deyib. O, ölkəmizə səfəri zamanı  Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilib, bir sıra rəsmi şəxslərlə görüşüb, 1 saylı cəza çəkmə müəssisəsinə baş çəkib. Xüsusi Məruzəçi Naxçıvan və Gəncə şəhərlərinə də səfər edib.Daha sonra Bərdə rayon ərazisində yerləşən qaçqın və məcburi köçkün düşərgəsinə baş çəkib və buradakı insanlarla görüşüb.

2006-cı ildə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Qafqaz müsəlmanları Ruhani İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və yəhudi dini icması ilə birgə "Tolerantlıq örnəyi-Azərbaycan" mövzusunda dəyirmi masa təşkil edib.

Tədbirdə qeyd olunub ki, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasına, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, dini fanatizmə və radikalizmə qarşı effektiv mübarizənin aparılmasına, ölkəmizdə tarixən mövcud olan multikultural mühitin, birgəyaşayış ənənələrinin qorunmasına və təşviqinə bu sahədə maarifləndirmə işinin aparılmasına xüsusi diqqət yetirilir.

Dövlət Komitəsi bu məqsədlə aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, həmçinin kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edir. Məlumdur ki, ölkəmizin əhalisinin təqribən 96 faizi müsəlmanlardan ibarətdir və Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə dini maarifləndirmə işi aparmaq məqsədilə silsilə tədbirlər həyata keçirir. Eyni zamanda din xadimlərinə, dini icmalara dövlət tərfindən maddi və mənəvi dəstək göstərilir.

Dövlətin bu dəstəyi qarşılığında da həmin qurumlar Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə, təhsil müəssisələrində, cəzaçəkmə müəssisələrində, ayrı-ayrı müəssisələrin kollektivləri arasında dini maarifləndirmə xarakterli tədbirlər təşkil edir, insanları dini radikalizim kimi hallardan çəkinməyə səsləyirlər.

Məsələn, Dövlət Komitəsi və Təhsil Nazirliyinin yerli strukturları tərəfindən təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi məqsədilə 160-dan artıq birgə tədbir keçirib. Bu kimi tədbirlərin gələcəkdə də mütəmadi davam etdirilməsi nəzərdə tutulub.

Çünki ölkəmizdə milli-mənəvi dəyərlərimizə yad, zərərli dini qrupların mövcudluğu ciddi narahatlıq doğurur. Azərbaycanda əhalinin böyük hissəsinin dini bilikləri, demək olar ki, yox səviyyəsindədir. Dini təhsil sahəsində də kifayət qədər boşluqlar var. Bütün bunlar dini dəyərlərimizə yad, radikal cərəyanların yayılması üçün münbit şərait yaradır. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, dövlət-din münasibətləri sahəsində görülən işlər bu proseslərin qarşısını əhəmiyyətli dərəcədə aldı. Xalqımızın milli-mənəvi, o cümlədən dini dəyərlərinə qayğı göstərilməsi, ölkədə dini dözümlülük və tolerantlıq dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində həyata keçirdiyi bu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dövlətimizin dinimizə böyük dəyərinin bariz nümunəsidir. Görülən çoxsaylı işlərə baxmayaraq, bu sahədə olan təhdidlərlə bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac hələ də qalır.

Son illərin ən müdhiş olaylarından olan Gəncə hadisələri də göstərdi ki, radikal və ekstremist qrupların Azərbaycanda sosial bazası yoxdur. Lakin onlar da dinc oturmaq istəmir, olkəmizdəki sabitliyi pozmaq üçün cəhdlər göstərirlər. Xaricdən idarə olunan və din pərdəsi altında gizlənən bir qrup ekstremist tərəfindən planlı şəkildə həyata keçirilən bu terror aktı cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə dindar kəsim tərəfindən ciddi etirazla qarşılandı. Buna görə də baş verən hadisələri birbaşa dinlə əlaqələndirmək düzgün deyil. Bu hadisələrlə dini maarifləndirmə arasında da heç bir əlaqə yoxdur. Baş verən hadisələr, daha çox bəzi dairələrin dindən sui-istifadə edərək öz geopolitik maraqlarını həyata keçirmək cəhdləridir. Son illər Yaxın Şərq ölkələrində baş verən analoji hadisələr də bunun açıq təzahürüdür. Azərbaycan dövlətinin, eləcə də Dövlət Komitəsinin bu sahədə  ki, maarifləndirmə işini mütamədi davam etdirməsinin nəticəsidir ki, son zamanlar ölkəmizdə belə hallar müşahidə olunmur. Din və cəmiyyət arasında baş verən proseslərin dinamikliyi dini maarifləndirmə ilə bağlı yeni yanaşmaların vacibliyini ortaya qoymaqla yanışı, həm də keyfiyyət baxımından gücləndirilməsini tələb edir. Dövlət Komitəsinin tabeliyində  Azərbaycan İlahiyyat İnstitutunun, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, dini maarifləndirmə işinin keyfiyyət baxımından daha da yüksəldilməsinə böyük töhfə verəcəyini düşünürük və hesab edirik ki, bu təsisatların yaradılması, Prezident İlham Əliyevin dövlət-din münasibətlərin tənzimlənməsi istiqamətində atdığı ən uğurlu addımlardan biridir. Bu təsisatların yaradılması imkan verəcək ki, ölkəmizdə dini radikalizmə qarşı ideoloji müstəvidə aparılan mübarizədə dindən sui-istifadə edilməsi, müqəddəs mətnlərin kontekstdən çıxarılaraq əsl mahiyyətindən fərqli formada təqdim olunması hallarının qarşısı ən yüksək səviyyədə və elmi əsaslarla alınsın. Dövlət Komitəsinin, eləcə də onun tabeliyində olan digər qurumların müxtəlif formatlarda elmi-praktiki konfrans, seminar, "dəyirmi masa" və s. tədbirləri təşkil etməsi də, bilavasitə bu məqsədə xidmət edir.

 

“Paralel”in Araşdırma Qrupu