Paralel. - 2018.- 15 dekabr. - ¹ 216. - S. 10.
Azərbaycanda dinlər və məzhəblərarası münasibətlər ən yüksək səviyyədədir
Ölkəmizdə müxtəlif məzhəblərin birgə ibadət etməsi, beynəlxalq aləmdə böyük maraqla qarşılanıb
Bu gün dünyada müşahidə olunan gərginliklərin böyük əksəriyyətinin dinlə əlaqələndirilməsi, dünya düzənində yaranan siyasi anbisiyalar və gızli niyyətlərdən qaynaqlanır. Özlərini dünyanın qüdrətli dövlətlər hesab edən Qərbin bəzir güc mərkəzləri, bu anbisiyaların gerçəkləşdirilməsi məqsədi ilə həyata keçirdikləri siyasətlərini din pərdəsi altında gizlədərək, hegemonluqlarını qorumağa çalışırlar.
Burada əsas vurğunun islam dininə edilməsi, islamın terror dini kimi təqdimatı da, bu siyasətin, daha açıq desək islamfobiyanın təzahürüdür.
Bəzi Avropa dövlətlərinin multikulturalizmin iflasa uğraması barədə fikirlərinin də əsasında milli və irqi, eləcə də dini dözümsüzlük faktları dayanır. Özlərinin yürütdükləri anti-islam, anti-müsəlman siyasətləri ilə bütün ərəb-islam dünyasını qarışdıran, bu əraziləri münaqişə və müharibə meydanlarına çevirərək, qarşısıalınmaz miqrasiya problemlərini yaradan Qərb dövlətləri, bu gün yaranmış vəziyyətdən çıxış yolu axtarışındadırlar. Bu yolu tapmaqda acizlik çəkdiyi halda isə multikulturalizmin iflasa uğraması iddiasını ortaya atmaqla sudan quru çıxmaq istəyirlər. Daha doğrusu, özlərinin yaratdıqları problemin məngənəsindən çıxmaqda zorlanırlar.
Qərbin, Şərqin və Asiyanın qovuşağında yerləşən Azərbaycanda mövcud olan multikultural mühit, burada yaşayan xalqlar və dinlər arasındakı vəhdət və həmrəylik də bu dövlətlərin bəzilərini əndişələndir, zaman-zaman ölkəmizə qarşı öz məkirli niyyətlərini həyata keçirmək üçün respublikamızda da dini və milli qarşıdurmalar yaratmağa cəhdlər edirlər.
Bütün dünyaya məlum həqiqətdir ki, Azərbaycandakı mövcud dinlərin nümayəndələri həmrəylik və birlik şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə dinlərarası və İslam dininə aid məzhəblərarası birlik, həmrəylik ənənəsi dünya birliyi tərəfindən də yüksək dəyərləndirilir.
Bu da ölkəmizdə həm Azərbaycan xalqının, həm də dövlətimizin milli və dini dəyərlərə yüksək etimadının nəticəsidir. Həmin dəyərlərin qorunması, inkişaf etdirilməsi də, bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Çünki dünyada baş verən siyasi, iqtisadi, dini, milli qarşıdurmalar və anlaşılmazlıqlar fonunda ölkədə siyasi və iqtisadi sabitliyi qorumaq, millətlər və dinlər arasında vəhdətə və həmrəyliy, nail olmaq heç də asan deyil. Bunun üçün Azərbaycan dövləti, və onun təsisatları- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), ölkəmizin ərazisində fəaliyyət göstərən qeyri-hökümət təşkilatları (QHT), çoxsaylı dini icmalar məqsədyönlü işlər görürlər. Görülən işlərin, həyata keçirilən layihələrin əsas qayəsini isə istər ölkəmizdə, istərsə də ölkə xaricində geniş maarifləndirmə işlərini aparılması təşkil edir.
Bu mənada dekabrın 5-də Oğuz rayonunda "Vəhdət-dini təhlükəsizliyin əsas təminatçısı kimi" mövzusunda keçirilən seminar-müşavirə xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məsul şəxsləri, bu qurumların Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarındakı yerli strukturlarının rəhbərləri, rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.
Tədbirin əvvəlində DQİDK-nın sifarişi ilə çəkilən "Vəhdət qanımızdadır" sənədli filminin nümayişi iştirakçıların böyük marağına səbəb olub.
Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətlərinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında göstərdiyi əvəzsiz xidmətlərini xüsusi qeyd ediblər. Bildirilib ki, respublikamızda tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzidir. Ölkəmizin hər yerində olduğu kimi, Oğuz rayonunda da insanlar və dinlər arasında heç bir anlaqılmazlıq yoxdur. Əhali bir ailə kimi yaşayır, ölkəmizdə gedən quruculuq işlərinə, iqtisadi inkişafa dəstək verməyə çalışırlar.
Tədbir iştirakçıları qeyd ediblər ki, dini radikalizmə qarşı mübarizənin səmərəliliyinin artırılmasında belə tədbirlərin əhəmiyyəti çox böyükdür.
Bu da bir faktdır ki, dünyada cərəyan edən ictimai-siyasi proseslərdə gərginlik dinamikasının artdığı müşahidə olunur. Bu münaqişələrin isə əsasən dini zəmində baş verdiyini iddia edirlər. Lakin bu da danılmaz faktdır ki, dünyanın bir sıra güc mərkəzləri tərəfindən geosiyasi, geoiqtisadi maraqların təmin edilməsi məqsədilə dindən vasitə kimi istifadə edilir, ələlxüsus da İslamın nüfuzdan salınması üçün onu terrorla eyniləşdirməyə çalışırlar. Ən maraqlısı odur ki, heç bir əsas olmasa belə, bir çox hallarda islamofobiyaya qarşı zəruri əks tədbirlər vaxtında həyata keçirilmir. Bu gün Yaxın Şərqdə cərəyan edən proseslər də, bir çox Qərb dövlətlərin yanlış siyasətin acı nəticəsidir.
Qeyd edək ki, bütün bunlar dünyada sülhə, multikulturalizmə, tolerintlığa, mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqa ən böyük təhlükədir. Bu baxımdan bu təhlükələrin müasir sivilizasiyanın bir parçası olan Azərbaycanı təhdid etməsidə istisna deyil. Ölkəmizə qarşı da zaman-zaman din pərdəsi altında bir sıra pozuculuq fəaliyyətlərinə cəhdlər olub. Bu, o deməkdir ki, Azərbaycan da bu proseslərdən sığortalanmayıb. Buna görə də, mütəmadi olaraq yad dini ideologiyaların ölkəmizə idxal olunmasının qarşısının alınması, eləcə də gənclərin ekstremizmin təsirindən qorunması üçün müvafiq qurumlar tərəfindən ideoloji və hüquqi müstəvidə sistemli tədbirlər, o cümlədən maarifləndirmə işləri aparılır.
Bunun göstəricisidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dinlərarası və İslam dininə aid məzhəblərarası birlik, həmrəylik ənənəsi beynəlxalq ictimaiyyət tərəfindən də nümunəvi model kimi yüksək dəyərləndirilir. Ölkəmizdə tarixən formalaşan məzhəblərarası birlik və həmrəyliyin yeni mərhələsi kimi müxtəlif məzhəblərin vəhdət halında birgə ibadət etməsi də, beynəlxalq aləmdə böyük maraqla qarşılanıb. Tədbirin əvvəlində nümayiş olunan və DQİDK-nın sifarişi ilə çəkilən "Vəhdət qanımızdadır" sənədli filmi də ölkəmizdə xalqlar və dinlər arasında mövcud olan vəhdət və həmrəyliyin mahiyyətindən bəhs edir. Filmdə əks olunan məzhəblərarası vəhdət prinsipləri böyük əhəmiyyətə malikdir. Bütün bu dəyərləri qorumaq, müasir dövrün tələblərini, çağırışlarını nəzərə alaraq ölkəmizdə dinlərarası, məzhəblərarası birliyin daha da gücləndirilməsi istiqamətində kompleks və sistemli maarifləndirici, hüquqi və s. tədbirlər həyata keçirilir.
Bütün bunlara baxmayaraq, ölkəmizdə din pərdəsi altında bəzi kriminal ünsürlərin öz çirkin əməllərini həyata keçirmək məqsədi ilə zəif iradəli gəlcləri öz təsirləri altına salmaq cəhdləri də, günümüzün reallıqları sırasındadır. Aparılan bütün maarifləndirmə və təbliğat işlərinə baxmayaraq, bu ünsürlər zaman-zaman baş qaldırır və öz ağalarının göstərişlərini həyata keçirməyə cəhdlər edirlər. Son belə hadisələrin Gəncə şəhərində baş verdiyi də, hamımıza məlumdur. Bu kimi hadisələrin qarşısının alınması üçün maarifləndirmə və təbliğat işləri ilə yanaşı, hüquq-mühafizə orqanları da, hüquqi müstəvidə ciddi mübarizə aparırlar.
Bu da məlumdur ki, dini radikalizm və ekstremizmin ictimai təhlükəsizliyə yaratdığı təhdidlərə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin, eləcə də Respublika Prokurorluğunun apardığı mübarizə Azərbaycan xalqı tərəfindən də dəstəklənir və təqdir olunur. Bu da xalqın və dövlətin vəhdətindən irəli gəlir.
Bir daha qeyd etmək istəyirik ki, dünyada baş verən bütün islamafobiya hallarına baxmayaraq, İslamın sülh, birlik və vəhdət dini olduğunu, insanları əmin-amanlığa, qarşılıqlı dözümlüyə, mərhəmətə çağırdığını da hər kəs çox gözəl bilir.
Lakin çox təəssüflər olsun ki, aramızda bu dəyərləri yox etmək istəyənlər də var. Tolerantlıq, dinlər və məzhəblərarası dostluq və qardaşlığın hökm sürdüyü nadir məkanlardan biri olan ölkəmizdə milli özünəməxsusluğumuza, tarixi yaddaşımıza, əsrlərlə formalaşan mədəniyyətimizə tamamilə yad olan məzhəb ayrı-seçkiliyi oyununu qurmaq istəyənlər də onlardır. Onların bu pozucu əməlləri Azərbaycanda heç bir zaman dəstək tapmayacaq, Azərbaycan dövləti və xalqı hər zaman onlara qarşı qəttiyətlə mübarizə aparacaq.
Çünki belə hallar Azərbaycan üçün xarakterik deyil. Onlar Azərbaycan xalqının iradəsi və müdrikliyi, Azərbaycan dövlətinin qüdrəti qarşısında iflasa məhkumdurlar. Azərbaycan xalqı, o cümlədən din xadimlərimiz də heç zaman ölkəmizdə məzhəblər arasında təfriqəyə imkan verməyiblər və verməyəcəklər.
Ölkəmizdə müvafiq dövlət qurumları tərəfindən də din-dövlət münasibətlərinə xələl gətirmək, məzhəblər arasında təfriqə yaratmaq niyyəti ilə edilən hər bir cəhdə qarşı ciddi tədbirlər görürlər.
Bunun nəticəsidir ki, bu gün ölkəmizdə dinlər və məzhəblərarası münasibətlər ən yüksək səviyyədədir. Bir sıra ölkələrdə məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda tam əksinə, dini təriqətlər arasında həmrəylik mövcuddur və Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır.
Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli və dini siyasət nəticəsində mehriban, qarşılıqlı hörmət şəraitində yaşayır. Ona görədə bu gün respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.
“Paralel”in Araşdırma Qrupu